Friday, 21 Yanvar 2022 03:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
43 nəfər sərnişin “Professor Gül” gəmi-bərəsi ilə Qazaxıstana yola salındı

43 nəfər sərnişin “Professor Gül” gəmi-bərəsi ilə Qazaxıstana yola salındı

Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.

YAZTV xəbər verir ki, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsi ilə 19 may saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.

Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.

Azərbaycan MDB-də Enerji Keçidi İndeksi üzrə birincidir

Azərbaycan MDB-də Enerji Keçidi İndeksi üzrə birincidir

Davos İqtisadi Forumu özünün yeni Enerji Keçidi İndeksi (ETI ) üzrə hesabatını dərc edib. 

Bu barədə YAZTV-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, Azərbaycan indeks cədvəlində 44-cü mövqedə qərarlaşıb ki, bu da MDB məkanında ən yüksək nəticədir. İndeksdə ölkənin mövqeyi ötən hesabatla müqayisədə 13 pillə yaxşılaşıb. Azərbaycanın 2015-ci illə müqayisədə ümumilikdə 2 %lik artıma nail olunduğu göstərilib.

Ölkənin ETI indeksi üzrə ümumi göstəricisi 58,1%-dir və bu il üzrə qlobal ETI göstəricisindən (55,1%) da daha yüksəkdir. Həmçinin, müvafiq göstərici Moldovada 52,4%, Rusiya Federasiyasında 50,5%, Tacikistanda 49,8%, Qazaxıstanda 48,3%, Ukraynada 43,3%, Qırğızıstanda 42,7%-dir. İndeksin nəticələrinə əsasən Azərbaycan bu mövqeyinə görə Qatar, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi bol enerji resurslarına malik ölkələri də geridə qoymağı bacarıb.

Qeyd edək ki, ETİ indeksi 2 əsas sub-indeks əsasında formalaşır: enerji sistemlərinin ümumi performans qiymətləndirilməsi və enerji keçidinə hazırlıq üzrə.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov bildirib ki, müvafiq hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin qurulması üçün əsas meyarları hesablayır və bərpaolunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur: “Davos Forumunun yeni hesabatında ölkələrin enerji sistemləri 40 indikator üzrə 0-100 % aralığında qiymətləndirilib. Hesabatda dünya əhalisinin 90%-dən çoxunu, qlobal enerji təchizatının 93%-i və nominal ümumi daxili məhsulun (ÜDM) 98%-dən çoxunu təşkil edən 115 ölkə əhatə olunub. İndeksin hazırlanmasında 20 beynəlxalq və mötəbər hesab olunan məlumat təchizatçısının informasiyalarına əsaslanılıb”.

Ayaz Museyibov qeyd edir ki, performans qiymətləndirilməsi sub-indeksi üzrə 3 əsas istiqamətdə nailiyyətlər qiymətləndirilib:

- iqtisadi inkişaf və artım,

- enerjiyə çıxış və təhlükəsizlik,

- ətraf mühitin dayanıqlılığı.

“Bu istiqamətlərin hər biri üzrə isə çoxsaylı indikatorlar - enerji sənayesinin rəqabətqabiliyyətliliyi, ÜDM-ə tövhəsi, atmosfer çirklənməsi, adambaşına düşən karbon emissiyası, enerji təchizatının keyfiyyəti, təhlükəsizliyi və enerjiyə çıxış kimi mühüm amillər bərabər xüsusi çəkidə qiymətləndirilib. Enerji sisteminin performansı üzrə Azərbaycan 100 üzərindən 67%-lik göstəriciyə nail olub ki, bu da hesabatda ən yaxşı mövqeyə malik 30 ölkədən biri olaraq qiymətləndirilib”- deyə o bildirib.

ETI indeksinin enerji keçidinə hazırlıq sub-indeksi üzrə qiymətləndirilməsi də 6 əsas istiqamətdə formalaşıb:

- kapital və investisiya,

- tənzimləmə və siyasi loyallıq,

- institutlar və idarəetmə,

- infrastruktur və innovativ biznes mühiti,

- insan kapitalı,

- enerji sisteminin strukturu.

“Bu istiqamətlər isə enerji sektorunda kapital resurslarına çıxış, beynəlxalq öhdəliklərə sadiqlik, şəffaflıq və siyasi sabitlik, qanunların rolu, sabit maliyyələşdirmə, ticarət logistikası, nəqliyyat infrastrukturu, innovativ biznes mühiti, təhsilin keyfiyyəti, bərpaolunan enerji sektorlarında karyera imkanları, yanacaq resurslarından asılılıq və s. kimi çoxsaylı alt-indikatorlardan təşkil olunub və ölkələrin qiymətləndirilməsində bərabər çəkidə istifadə olunub. Bu sub-indeks üzrə Azərbaycanın əldə etdiyi bal 100 üzərindən 49 kimi qiymətləndirilib.

Ümumiyyətlə, hesabatda diqqət çəkən mühüm bir məqam neft idxal edən ölkələrin neft ixrac edən ölkələri bir sıra parametrlər üzrə ötməsidir ki, bu da əsasən ətraf mühitin dayanıqlılığı, yeni enerji infrastrukturuna kapital və investisiya yatırımları və enerji keçidi proseslərinə loyallıq kimi amillərlə bağlıdır. Buna əsas səbəb isə enerji idxalçılarına bərpaolunan enerji resurslarını daha çox prioritetləşdirmək istiqamətində yönələn daxili təzyiqlərlə bağlıdır. Bu baxımdan resurs ixracatçılarının bu sub-indeks üzrə balı ümumilikdə aşağı olsa da, Azərbaycan bu baxımdan Yaxın Şərqin əsas neft ixrac edən ölkələrindən daha üstün mövqeyə malikdir və MDB məkanında da ön mövqedədir” – A.Museyibov vurğulayıb.

Onun sözlərinə görə, enerji sistemlərinə olan tələb son illər qlobal miqyasda xüsusilə artır. Belə ki, 2000-ci illə müqayisədə iqtisadi artım (ÜDM ifadəsində) 60% olubsa, qlobal enerji tələbatı da buna müvafiq olaraq, 40% artıb. Məhz bu səbəbdən hər kəs üçün bərabər şərtlərlə, əlçatan və dayanıqlı enerji sisteminin qurulması xüsusi əhəmiyyətə malikdir. Koronavirus pandemiyasının da təsiri ilə hazırki dövrdə iqtisadi, maliyyə, tənzimləyici və infrastruktur baxımından dayanıqlılıq, sabitlik effektiv enerji sistemlərinə keçid üçün ilkin şərtlərdən hesab olunur.

Günün trendləri də effektiv enerji sistemlərinə keçid və iqtisadi inkişaf arasında birbaşa tətikləyici gücün olduğunu göstərir, yəni enerji keçidi iqtisadi inkişaf üçün faktor olduğu kimi, dayanıqlı iqtisadi inkişaf da enerji keçidi üçün əhəmiyyətli rol oynayır. Yeni enerji sistemlərinə keçidin bir parametri olaraq, enerji təhlükəsizliyi həm də ona görə xüsusilə əhəmiyyətli hesab olunur ki, hazırda təbii qaz neftdən fərqli olaraq, məhdud coğrafi məkanda paylanmışdır və dəyər zənciri də qeyri-adekvat hesab olunur. Bu baxımdan yeni enerji sistemlərinə istiqamətlənmə qlobal səviyyədə əhəmiyyətli hesab olunur. Bərpaolunan enerji növlərinə xərcləmələr artdıqca bu istiqamətdən əldə olunan enerjinin dəyəri də əhəmiyyətli dərcədə artır. Ancaq bununla belə hesabatda dünya ölkələrinə ətraf mühitin dayanıqlı inkişafı, siyasətlərin tənzimlənməsi, texnologiya və maliyyə yatırımlarına istiqamətlənmə də tövsiyə olunur.

Qeyd edək ki, bu il Dünya İqtisadi Forumunda da dünyanın müxtəlif regionlarından olan steykholderlər tərəfindən dayanıqlı iqtisadi inkişafa nail olmanın əhəmiyyəti xüsusi vurğulanıb. Bu baxımdan Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi karbohidrogen resurslarının istismarı ilə bağlı olsa da, 2016-cı ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına dair qlobal təşəbbüsə qoşulub. Ümumilikdə isə bu istiqamətdə atdığı uğurlu addımlarla yeni bərpaolunan enerji sistemlərinin, ətraf mühitin qorunmasının və bu kontekstdə dayanıqlı inkişafa nail olmanın ölkəmiz üçün prioritet olmasını göstərib.

Sürücülərin nəzərinə: Bu yolda təmir işləri yekunlaşır

Sürücülərin nəzərinə: Bu yolda təmir işləri yekunlaşır

20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş hissədə aparılan təmir işləri yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YAZTV-ə verilən məlumata görə, bu gün günorta saatlarından sözügedən ərazidə hərəkət bərpa olunacaq.

Hazırda ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib

Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib

Dünya Bankı koronavirusla mübarizə çərçivəsində inkişaf etməkdə olan 100 ölkəyə təcili maliyyə dəstəyi verib.

Bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, maliyyə dəstəyi bu ilin mart ayından bəri ölkələrin iqtisadi artımını təmin etmək, səhiyyə sistemlərini gücləndirmək, özəl sektorunu qorumaq məqsədi ilə göstərilib.

“Koronavirus təkcə inkişaf etmiş ölkələrdə 60 milyona yaxın insanı həddindən artıq yoxsulluq səviyyəsinə endirə bilər. Dünya Bankı Qrupu və digər donorlar 100 ölkədə maliyyə əməliyyatlarını təmin etmək üçün sürətli və qətiyyətli bir şəkildə hərəkət etdi” - Dünya Bankının prezidenti David Malpass bildirib. (Report)

Birinci rübdə ixrac və idxal olunan məhsulların həcmi açıqlanıb

Birinci rübdə ixrac və idxal olunan məhsulların həcmi açıqlanıb

Yanvar-mart aylarında ixrac və idxal edilən məhsulların həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, bu ilin yanvar-mart aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 9,4 faiz, şəkər 16,3 faiz, bitki yağları 2,8 dəfə, meyvə və tərəvəz konservləri 44,6 faiz, çay 5,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 2,1 dəfə, kartof 37,3 faiz, pambıq lifi 15,9 faiz, polietilen 15,8 faiz, pambıq ipliyi 40,3 faiz, qara metallardan borular 1,8 dəfə artıb. Təzə meyvə ixracı isə 27,5 faiz, meyvə və tərəvəz şirələri 14,5 faiz, tütün 27,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu 69 faiz, emal olunmamış alüminium 9,8 faiz, bentonit gili 34,8 faiz azalıb.

Ötən ilin birinci rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında təzə meyvə idxalı 14,6 faiz, bitki yağları 3 faiz, kərə yağı, digər süd yağları və pastaları 49,4 faiz, çay 25,5 faiz, mal əti 9,8 faiz, təzə tərəvəz 1,7 dəfə, minik avtomobilləri 2 dəfə, dərman vasitələri 1,8 dəfə, polad prokatı 1,7 dəfə, qara metallardan borular 1,3 faiz, qara metallardan çubuqlar 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 1,6 dəfə, rezin şinlər 8,2 faiz, yük avtomobilləri 51,2 faiz, mebellər 6,9 faiz, polietilen 4,1 faiz, paltaryuyan maşınlar 26,8 faiz, avtobuslar 50 faiz, sement və sement klinkerləri 12,1 faiz, məişət soyuducuları 50,2 faiz artıb.

Buğda idxalı isə 59,2 faiz, kartof 3,8 faiz, quş əti və onun əlavə məhsulları 27 faiz, xam şəkər və şəkər 75,2 faiz, siqaret 79,8 faiz, mineral gübrələr 25,3 faiz, qara metallardan künclüklər 11,3 faiz, məişət kondisionerləri 56 faiz azalıb.

Azərbaycanda yüksək maaş olan iş sahələrı açıqlanıb

Azərbaycanda yüksək maaş olan iş sahələrı açıqlanıb

2020-ci il aprelin 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və ya 4,1 faiz artaraq 1 milyon 646,1 min nəfər olub, onlardan 911,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən YAZTV-ə verilən məlumata görə, muzdla işləyənlərin 20,3 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2020-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 744,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Daha bir yol yenidən quruldu - FOTOLAR

Daha bir yol yenidən quruldu - FOTOLAR

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində “20 Yanvar” dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşdırılıb.

YAZTV xəbər verir ki, aparılan yenidənqurma işləri çəçivəsində “20 Yanvar” dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün “20 Yanvar” metrostansiyanın Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək “oval” formaya salınıb.

Layihə çərçivəsində “20 Yanvar” dairəsinə gələn və çıxan yollarda da genişləndirmə və təmir işləri aparılıb. Belə ki, dairədən Moskva prospektinin əsas yoluna doğru və əks istiqamətdə yolun hərəkət hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Bundan başqa aparılan təmir-tikinti işləri zamanı Müzəffər Həsənov küçəsinin “20 Yanvar” dairəsindən Abbas mirzə Şərifzadə küçəsinə qədər olan hissəsi əsası şəkildə təmir edilib. Təmir işləri zamanı asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılb, əks-dolğu işləri görülüb və yeni yol əsası inşa edilib və küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Anoloji təmir-tikinti işləri Həsən bəy Zərdabi küçəsinin “20 Yanvar” dairəsi - Heydər Hüseynov küçəsi arasında yerləşən hissəsində, həmçinin Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən giriş hbissəsində də aparılaraq yekunlaşdırılıb. Artıq sözügedən hissədə aparılan təmir işləri səbəbindən hissə-hissə məhdudlaşdırılan hərəkət tam olaraq bərpa edilib.

Ümumilikdə “20 yanvar” dairəsi və dairə ətrafı yollarda aparılan təmir-tikinti işləri zamanı 4 min kub.metr əks-dolğu işləri görülüb, 19 min kv.m-ə yaxın sahəyə asfalt-beton örtüyünün alt layı, 39 min kv.m-ə yaxın sahəyə isə örtüyün üst layı döşənib, 4 yağış barmaqlığı və 37 kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətində də müəyyən dəyişiklik edilib. Belə ki, Müzəffər Həsənov küçəsindən birbaşa olaraq “20 Yanvar” dairəsinə giriş məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin axını Həsən bəy Zərdabi küçəsinə yönəldilib. Artıq sözügedən küçədə təkmilləşdirilmiş geridönmə hissədən istifadə olunmaqla dairəyə doğru hərəkət etmək mümkündür. Bu addımın atılmasında məqsəd dairədə yaranan və ləngimələrə səbəb olan konflikt nöqtələrin sayını azaltmaqdır.

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Bunun üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunmuşdu.

Gömrükdən "Ermənistan siqareti" açıqlaması

Gömrükdən "Ermənistan siqareti" açıqlaması

Ötən gün bir sıra kütləvi informasiya vasitələri tərəfindən Ermənistanda istehsal olunan siqaretlərin ölkə ərazisində satıldığına dair video yayımlanıb.

YAZTV  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin videonu qeydə alan, kimliyi barədə hər hansı məlumat verilməyən şəxs Sabirabad rayonundakı mağazalardan birindən Ermənistan istehsalı olan siqaret aldığını iddia edir və tütün məmulatının ölkə ərazisinə gətirilməsinə görə gömrük orqanlarını günahlandırır.

"Bir sıra media qurumları DGK-nın rəsmi münasibətini öyrənmədən videonu yayımlayıb, üstəlik müvafiq cavab hazırlanması üçün araşdırma aparılması məqsədilə videonu qeydə alan şəxs barədə gömrük orqanlarına informasiya verməkdən imtina edib. Buna baxmayaraq Komitənin aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində aparılan ciddi araşdırma zamanı Ermənistan istehsalı tütün məhsulllarının satışı aşkar edilməyib.

DGK bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır. Qeyd edək ki, Komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

DGK bir daha bütün media qurumlarını məlumat yayımlayarkən diqqətli olmağa, qarşı tərəfin rəyini öyrənmədən həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır. Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında məsuliyyət daşıyırlar. Gömrük orqanlarını Ermənistanın istehsal etdiyi məhsulları ölkəmizə buraxmaqda günahlandıran şəxslər isə vicdanları qarşısında məsuliyyətli olsunlar. Əgər varsa…", - deyə qurum bəyan edib.

Turizm şirkətləri və hotellər yeni təkliflər hazırlayacaq

Turizm şirkətləri və hotellər yeni təkliflər hazırlayacaq

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ili “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirə keçirilib.

Bu barədə ATAA məlumat yayıb.

Müzakirələrdə karantin dövründən sonra hotellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, hotellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev öz çıxışında karantin dövründən sonra daxili turizmin inkişaf etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu bildirib. O pandemiyadan sonra daxili turizmə marağı artırmaq üçün turizm şirkətlərini və hotelləri yeni təkliflər üzərində işləməyə çağırıb.

Müzakirələrdə çıxış edən hotel şəbəkələrinin rəhbər şəxsləri pandemiyadan sonra vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartların, xüsusi yanaşmaların tətbiq ediləcəyini diqqətə çatdırıblar.

Belə ki, artıq vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Eyni zamanda hotel nömrələrindən istifadə edən müştəri, hoteldən çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək.

Daha bir yenilik isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır.

Artıq bunun üçün hotellər tərəfindən karantin dövründə işçi personalına xüsusi təlimlər də keçirilib.

Yay mövsümündə vətəndaşlara hotellər tərəfindən müxtəlif endirimli paketlərin və kampaniyaların da təklif olunacağı bildirilib .

Müzakirələrdə həmçinin Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun hazırladığı SAHMAN proqramı haqqında da spikerlərə geniş məlumat verilib. Dövlət Turizm Agentliyinin turizm sənayesi və layihələrlə iş sektorunun müdiri Günay Bayramova bununla bağlı artıq onlayn təlimlərin keçirildiyini və bu proqramın yerləşdirmə, xidmət və nəqliyyat vasitələrində tətbiq olunmasının vacib amil olduğunu bildirib. Eyni zamanda qurum rəsmisi hotellərdə COVID-19 virusunun yayılmaması üçün hər bir hoteldə xüsusi izolyasiya otağının olmasını təklif edib.

Hotel rəsmiləri təmsil etdikləri yerləşdirmə mərkəzlərinin yay mövsümündə fəaliyyətlərinin və xidmət göstərmələrini qərargahın verdiyi tapşırıq və tövsiyələrə əsasən tənzimlənəcəyini bildirib. (Repor)

 

Bugünkü valyuta hərracında tələb 55,5 milyon dollar olub

Bugünkü valyuta hərracında tələb 55,5 milyon dollar olub

Mayın 19-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən YAZTV-ə bildirilib ki, hərracda tələb 55,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

Previous Next

Pambıq sahələrində çiyid səpini yekunlaşmaq üzrədir

 

Respublika ərazisində pambıq əkini ilə bağlı çiyid səpini yekunlaşmaq üzrədir. Bu günədək pambıq şirkətləri tərəfindən 20 minə yaxın fermerlə 99693 hektar sahədə pambıq əkininə dair müqavilə imzalanıb. Mayın 18-dək 99180 hektar sahədə şum, 97988 ha sahədə isə çiyid səpini aparılıb. Səpin aparılmış ərazilərin təxminən 85 faizində (84143 ha) çıxış alınıb. Pambıq əkininin yaxın günlərdə tam şəkildə başa çatacağı gözlənilir.

Bu il Azərbaycanın 21 rayonunda pambıq əkini proqnozlaşdırılır. Ən çox əkin ənənəvi pambıqçılıq rayonlarından olan Saatlı (13720 ha), Bərdə (11300 ha), Biləsivar (10553 ha), Ağcabədi (10320 ha) və Sabirabadın (9551 ha) payına düşür.

Qeyd edək ki, ötən il Azərbaycanda 294 min ton pambıq yığılıb və hər hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib.

2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, pambıqçı fermerlərə ilk dəfə olaraq həm əkin, həm məhsul subsidiyası veriləcək. Pambıqçı fermerlər əkin sahəsinin hər hektarına görə 220 manat, məntəqələrə təhvil verdikləri pambığn hər tonuna görə 100 manat subsidiya alacaqlar.

 

Bu il Azərbaycanda yol qəzalarında 181 nəfər ölüb

Bu il Azərbaycanda yol qəzalarında 181 nəfər ölüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən YAZTV-ə verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub.

Onlardan 181-i həlak olub, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub.