Saturday, 04 Dekabr 2021 17:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu günə olan məzənnə açıqlandı

Bu günə olan məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

YAZTV xəbər verir ki, 2021-ci ilin oktyabrın 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu isə 0.0239 manat təşkil edib. 1 avro 1.9811 manata, 1 türk lirəsinin məzənnəsi isə 0.1817 manata enib.

Sentyabrda bəzi ərzaq məhsullarının qiyməti dəyişib

Sentyabrda bəzi ərzaq məhsullarının qiyməti dəyişib

Cari ilin sentyabr ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın qiymətində müşahidə edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövrdə südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin və arağın qiymətində bahalaşma, kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində isə ucuzlaşma olub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu çıxarışın verilməsi üçün rüsum tutulmayacaq

Bu çıxarışın verilməsi üçün rüsum tutulmayacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb. 

YAZTV-nin məlumatına görə, layihəyə təklif olunur ki, "Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

Qeyd edək ki, texniki sənədlər dedikdə pasport və plan ölçü nəzərdə tutulur. 

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Bitkoinin qiyməti 62 min dolları ötüb

Bitkoinin qiyməti 62 min dolları ötüb

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 61 min dolları ötüb.

YAZTV bu barədə "Coinmarketcap" portalına istinadən məlumat verir.

Son saatlarda kriptovalyuta 62 430 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb.

Oktyabr ayı ərzində kriptovalyutanın qiyməti 42 faiz artıb.

Bu göstərici bitkoinin bu ilin aprelindən etibarən qeydə alınan ən yüksək göstərici olub. Aprel ayında bitkoinin qiyməti 64 min dolları ötmüşdü. (trend az)

Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır - AZAL

Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır - AZAL

Füzuli hava limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  verilən məlumata görə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək.

Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.

Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.

Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.

Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.

Füzuli hava limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir. Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi - Airbus A340-500 burada eniş icra edib.

Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilmişdir.

Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulmuşdur.

Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatmışdır. Bu, Füzuli hava limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq.

Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.

Füzuli hava limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan hava limanlarından başqa, Azərbaycanda Yevlax hava limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən "ASG Helicopter Services" (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,05 ABŞ dolları, yaxud 0,06 % azalıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 84,90 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Qubada ağır yol qəzası baş verib, ölənlər var

Qubada ağır yol qəzası baş verib, ölənlər var

Quba rayonunun Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bitkoinin qiyməti 60 min dolları keçdi

Bitkoinin qiyməti 60 min dolları keçdi

Bitkoinin məzənnəsi bu ilin aprel ayından bəri ilk dəfə olaraq 60 min ABŞ dollarını keçib.

YAZTV xəbər verir ki, "CoinDesk"in məlumatlarına görə, kriptovalyutanın dəyəri 61 260 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki seansın sonundakı qiymətdən 6,5% çoxdur.

Kriptovalyuta şirkətləri 2013-cü ildən bəri bitkoinin qanuniliyini artırmaq və investorların sərmayə qoymasını asanlaşdıracaq qərarın qəbuluna çalışırlar.

Türkiyə Azərbaycandan əlavə 11 milyard kubmetr qaz alacaq - Nazir

Türkiyə Azərbaycandan əlavə 11 milyard kubmetr qaz alacaq - Nazir

Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.

YAZTV-nin məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcək:

"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Sazişə əsasən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq".

Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.

Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı

Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı

2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvarsentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.

YAZTV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz təşkil edib.

2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 faiz olub.

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib.

Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 107,9 faiz təşkil edib.

Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, mənzillərin icarə haqlarında, ödənişli ali təhsil haqlarında, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi

Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  bildirilib ki, bankın oktyabrın 18-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Azərbaycanda tullantıların təkrar emalından 82 milyon manat dəyərində məhsul istehsal edilib

Azərbaycanda tullantıların təkrar emalından 82 milyon manat dəyərində məhsul istehsal edilib

Azərbaycanda son 10 ildə tullantıların təkrar emalı çərçivəsində 81,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Bu barədə YAZTV-nin sorğusuna cavab olaraq Balaxanı Sənaye Parkından məlumat verilib.

Məlumata görə, Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarus daxil olmaqla, 10,8 milyon manat dəyərində məhsul bir sıra xarici ölkələrə ixrac olunub: "Sənaye parkında 23 rezident rəsmi olaraq qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, yaşıl məhsul istehsalının artırılması istiqamətində fəaliyyətlər genişləndirilib. Parkın fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 44,7 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri açılıb. Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Belə ki, müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur. Buranı fərqləndirən ən vacib xüsusiyyətlərdən biri bir istehsal sahəsinin tullantısının digər istehsal müəssisəsində xammal kimi istifadə olunmasıdır. Təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunmasına ən yaxşı nümunə tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında ehtiyacları ödəmə imkanıdır. Burada emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsi iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət kəsb edir".

 

Qeyd edək ki, təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb.