Thursday, 30 Mart 2023 09:03
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.

YazTV paylaşımı təqdim edir:

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.

YAZTV xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Bolqarıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab Prezident. Sizi Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız.

Əvvəlcə bu vacib tədbirdə iştirak etmək üçün səfərinizə görə Sizə təşəkkür edirəm. Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin, Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram - keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük. Bir daha xoş gəlmisiniz.

Bolqarıstan Prezidenti Rumen Radev dedi:

- Çox sağ olun cənab Prezident. Dəvətiniz və səmimi qonaqpərvərliyiniz üçün Sizə təşəkkür edirəm. Bizim münasibətləri dərinləşdirdiyiniz üçün bir daha Sizə təşəkkür edirəm. Çox şadam ki, bu, təkcə enerji sahəsinə şamil edilmir. Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjiidən başlayaq. Bildiyiniz kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın 1-də Prezident Vuçiçlə birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır. Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq.

x x x

Görüşdə enerji, nəqliyyat, təbii qaz təchizatı, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilərək Avropada yeni qaz konnektorunun inşası məsələsinə toxunuldu. Ötən ay Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropaya yaşıl enerji təchiz edən önəmli ölkəyə çevrildiyi bildirildi.

Söhbət zamanı nəqliyyat sahəsində əməkdaşlıqla bağlı Bolqarıstandan Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə tranzit yüklərin həcminin artırılması məsələləri barədə fikir mübadiləsi aparıldı.

Rumen Radev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verdi.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış etdi.

X X X

Sonra Latviya Respublikasının Prezidenti Egils Levits, Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Horta, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima çıxış etdilər.

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənildi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxundu.

Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa çıxış etdi.

X X X

Forum işini panel iclaslarla davam etdirir.

X X X

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Prezident icra başçısını vəzifəsindən azad etdi

Prezident icra başçısını vəzifəsindən azad etdi

Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

YAZTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Xatırladaq ki, E. Məmmədov dövlət başçısının 22 aprel 2013-cü il tarixli sərəncamı ilə Ordubad RİH-nin başçısı təyin olunmuşdu.

Ulu Öndər bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrətdi

Ulu Öndər bizə Azərbaycanı məhz Onun kimi sevməyi öyrətdi

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri

Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu ölkəmizi hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində öz sözünü deyə bilən bir dövlət kimi görmək idi. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ulu Öndərin ən böyük arzusu artıq reallaşıb. Azərbaycanı, xalqımızı bəlalardan xilas edən Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasət kursunu layiqincə davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün dünya dövlətləri içərisində öz layiqli yerini tutmağı bacarıb.

Ulu Öndər Heydər Əliyev bu günkü müstəqil Azərbaycanın dövlətçiliyinin gələcək inkişaf strategiyasını yaradaraq, demokratik, hüquqi dövlətin qurulmasına, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanmasına zəmin yaradıb. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafına sərf edən Ümummilli Liderin misilsiz zəhməti ilə Azərbaycan zamanın ən çətin və mürəkkəb sınaqlarına sinə gərdi, əbədi müstəqilliyi əldə etdi.

Milli qürurumuzu özümüzə qaytaran, soydaşlarımızın birliyini bərpa edən Ulu Öndər Heydər Əliyev hər bir elini-obasını sevən Azərbaycanlıya Vətənini məhz Onun kimi sevməyi öyrətdi. Dahi şəxsiyyətin “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri əbədi olaraq dilimizdə şüarına çevrildi.

Azərbaycan tarixinə ağır, məşəqqətli illər kimi daxil olan XIX əsrin 90-cı illərinin əvvəllərində, ölkəmiz dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı təlatümlü günlər yaşayan Azərbaycanı məhv olmaqdan, beynəlxalq aləmdən təcrid olunmaqdan xilas etdi.

Qürurverici haldır ki, Ümummilli Liderin misilsiz zəhməti sayəsində, qoyduğu bünövrənin üstündə ucalan müstəqil Azərbaycanın adı bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə birgə çəkilir.

Azğın düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qovuşmaları da Ulu Öndərin bizə miras qoyduğu məqsədyönlü, çevik, praqmatik siyasətin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində reallığa çevrildi. 44 günlük Vətən müharibəsində dahi rəhbər Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan böyük Qələbə sevincini yaşadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qəhrəman əsgər və zabitlərimizin canları, qanları bahasına torpaqlarımız düşmən tapdağından birdəfəlik azad edildi. Dünya Azərbaycanın tayı, bərabəri olmayan misilsiz Zəfərinə şahidlik etdi.

Təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənərək bu günün müasir, müstəqil Azərbaycanı yüksək zirvələrə ucaldı. Ulu Öndər həyat yoluna nəzər saldıqda dahi şəxsiyyətin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Xarakterindəki yüksək əzmkarlıq, ilk növbədə özünə və ətrafındakılara qarşı tələbkarlıq, Azərbaycanı canından da artıq sevməsi adını tarixı qızıl hərflərlə yaşdıran Ümummilli Lider Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlərdən idi.

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikada və onun regionlarında əhalinin yaşayış səviyyəsinin qaldırılmasını, iqtisadi dirçəlməsini xüsusi ilə diqqətə saxlayırdı. Ölkədə aqrar sahələrlə yanaşı, yeni maşınqayırma, energetika, kimya və neft-kimya, yüngül və yeyinti sahələrinin inkişafı xalqının yaşayış rifahının qaldırılmasına hesablanırdı.

Respublikanın bütün şəhər, rayon və kəndləri kimi Azərbaycan tarixində öz yeri və mövqeyi ilə seçilən qədim Gəncə, dahi Nizaminin yurdu Ulu Öndər Heydər Əliyevin daim diqqətində olub. Hələ SSRİ dövründə Gəncənin iqtisadi potensialının gücləndirilməsi, zavod və fakriklərin fəaliyyətinin genişləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı idi. Ulu Öndər Heydər Əliyevin dünyaşöhrətli Nizami Gəncəvi yurduna hər işgüzar səfəri bayrama çevrilirdi. Dahi rəhbərin hər səfərindən sonra qədim Gəncənin intibah dövrü başlayırdı.

Böyük Azərbaycanlı Heydər Əliyevin Gəncəyə səfəri bir də 13 il sonra reallaşır. Bu dəfə dahi rəhbər Gəncəyə Müstəqil Azərbaycanın qurtuluşun bünövrəsi qoyulduğu 1993-cü ilin qanlı-qadalı 4 iyundan 6 gün sonra müdrik el ağsaqqalı kimi gəlir. Ulu Öndər Heydər Əliyevin müdrikliyi, nüfuzu yerində olmayan rəhbərlərin xaos və anarxiysı üzündən ölkədə hökm sürən hərc-mərcliyin, qardaş qırğınının qarşısı alınır. Xalqımızın xilaskarı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin şəhər, rayon və kəndləri, o cümlədən Nizami yurdu yeni inkişaf mərhələsinə qədəm qoydu.

Fəxrlə onu da qeyd edək ki, Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra da ilk işgüzar səfəri də Gəncəyə olub.

Qədirbilən gəncəlilər Ulu Öndər Heydər Əliyevi həmişə məhəbbətlə, ehtiramla yad edirlər. Ümummilli Liderin ən möhtəşəm abidəsi hər bir Gəncə sakininin ürəyində yurd salıb. Prezident cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncamını Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları kimi qədim diyarın sakinləri də böyük sevinclə qarşıladılar. Xalqımızı dünyada təklənmək tühlükəsindən xilas edən müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf edən 2023-cü ilin “Heydər Əliyev ili” kimi geniş qeyd edilməsi də Azərbaycan xalqının milli tariximizin ən qüdrətli simasına olan sonsuz məhəbbətdən irəli gəlir.

Xalqına şərəflə xidmət edən müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin bizlərə bəxş etdiyi dövlətçilik irsi ölkəmizi inkişafın, tərəqqinin yeni pillələrinə yüksəldir. Dahi şəxsiyyətin həyat fəlsəfəsi Vətənini, ei-obasını sevən hər bir Azərbaycanlıya örnəkdir. Ulu Öndərin irsini öyrənmək, qorumaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.

Ulu Öndərin inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi ölkə Prezidentimiz cənab İlham Əliyev dahi rəhbərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə başa çatdırdı. Dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Dahi rəhbərin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, müstəqil dövlətimizin gələcəyi etibarlı əllərdədir.

Azərbaycan qadınları milli-mənəvi dəyərlərə sədaqətləri ilə dünyaya nümunədirlər

Azərbaycan qadınları milli-mənəvi dəyərlərə sədaqətləri ilə dünyaya nümunədirlər

Ramil Orucov,

 

YAP Gəncə şəhər təşkilatının sədri

 

Azərbaycan qadınları tarixin bütün dövrlərində istedadı, zəkası, milli-mənəvi dəyərlərə sədaqətləri ilə dünyaya nümunə olublar. Müdrikliyi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında müstəsna rol oynayan Azərbaycan qadınları eyni zamanda, milli dövlət quruculuğu prosesinə, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasına dəyərli töhfələr veriblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib.

 

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Tarix boyu milli dəyərlərə sadiq qalan qadınlarımız müqəddəs ana şərəfini uca tutaraq ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Bu gün dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

 

Vətənini, xalqını hədsiz dərəcədə sevən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında mərdlik, sədaqət, ucalıq mücəssəməsi Azərbaycan qadınının obrazı dünyada ləyaqətlə təmsil edilir. Bəşəri idealların təntənəsinə xidmət edən Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırıb Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

 

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəmizi inkişafına, tərəqqisinə böyük töhfələr verirlər.

 

Bu gün, bu əlamətdar gün Azərbaycan qadınlarının, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, şəhid ana, bacılarının, həyat yoldaşlarının, qız övladlarının, qazilərimizin ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır.

 

8 Mart – Beynəlxalq Qadınlar Günü Münasibəti ilə bütün qadınları təbrik edir, onlara ailə səadəti, sağlamlıq, fəaliyyət göstərdikləri sahələrdə uğurlar, nailiyyətlər arzulayıram.

Prezident İlham Əliyev xalqı təbrik etdi

Prezident İlham Əliyev xalqı təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

YAZTV xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”

Zirvə görüşü Azərbaycanın dünyada güclənən mövqeyinin nümayişi idi

Zirvə görüşü Azərbaycanın dünyada güclənən mövqeyinin nümayişi idi

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri

Son üç il ərzində Azərbaycanın sədrliyi ilə dünyanın ən böyük beynəlxalq təşkilatlarindan biri olan Qoşulmama Hərəkatı ən uğurlu dövrünü yaşayır. 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat ağır pandemiya dövründə Azərbaycanın sədrliyi ilə real təşəbbüsləri, qəbul etdiyi qərarları ilə, yer kürəsinin başının üstünü alan fəlakətlə mübarizədə öz işinin öhdəsindən layiqincə gəldi. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə dünyada baş verən hadisələrin, mövcud çətinliklərin təhlili fonunda təşkilatın bəşəriyyət üçün faydalarını nümayiş etdirdi. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan qlobal həmrəyliyin və əməkdaşlığın vacibliyini önə çəkərək bu istiqamətdə davamlı addımlar atdı. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də Qoşulmama Hərəkatının təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb.

Qlobal məsələlərin müzarirə edildiyi Hərəkata üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın sədrlik müddətinin bir il, 2023-cü ilin sonunadək uzadılması müstəqil ölkəmizin, Prezident cənab İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi sayəsində artan nüfuzdan xəbər verir.

Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin bir ənənə halını aldığı ölkəmiz martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdi. Pandemiyadan sonrakı bərpaya həsr olunmuş Zirvə görüşü mühüm məqamlarla yadda qaldı. 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, yüksək vəzifəli nümayəndələrinin və bir sıra mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin Zirvə görüşündə iştirak etməsi ilk növbədə Azərbaycanın dünyada güclənən mövqeyinin nümayişi olub.

Ölkə Prezidentimiz cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Zirvə görüşündə çıxış edərək bildirib ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Dövlət başçımız Zirvə görüşündə iki qlobal çağırışı bəyan edib: Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir: Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər.

Ölkə Prezidentimiz cənab İlham Əliyev Zirvə görüşündə müasir dövrün reallıqları fonunda qarşıda dayanan vəzifələrdən danışaraq, bildirib ki, Qoşulmama Hərəkatının yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür edən Prezidentimiz cənab İlham Əliyev qəti şəkildə onu da diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaratdı. BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını müstəqil Azərbaycan özü təmin etdi. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə səsləndirilən çağırışlar, təkliflər də gələcəkdə uğurlu nəticələrlə bəşəriyyətə mühüm töhfələr gətirəcək.

Laçın-Xankəndi yolu: Ötən gün 83 avtomobil aksiya ərazisindən maneəsiz keçib

Laçın-Xankəndi yolu: Ötən gün 83 avtomobil aksiya ərazisindən maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

YAZTV xəbər verir ki, martın 6-da Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, tibbi maşın, minik və hərbi təyinatlı avtomobilinin də olduğu 83 nəqliyyat vasitəsi yolun hər iki istiqamətində maneəsiz gedib-gəlib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Qanunvericilik sahəsində atılan addımlar Azərbaycanın tərəqqisin xidmət edir

Qanunvericilik sahəsində atılan addımlar Azərbaycanın tərəqqisin xidmət edir

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri

Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qəraralara imza atan Azərbaycan Parlamenti fəaliyyətini uğurla davam etdirir. Dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələri bu gün Prezident cənab İlham Əliyevin proqram xarakterli tövsiyələri ilə zamanın tələbinə uyğun müstəqil Azərbaycanın tərəqqisinə, inkişafına xidmət edir.

İlk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır.

Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür.

“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”.

Prezident cənab İlham Əliyevin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında tarixi, proqram xarakterli çıxışında səsləndirdiyi bu fikirlər bu gün tam təsdiqini tapıb. Qanunvericilik bazasını yeniləyən, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən Milli Məclis zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir.

Şübhə yoxdur ki, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsiplərini, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrini davam etdirən Azərbaycan Parlamenti qarşıdakı müddətdə də ölkənin hərtərəfli tərəqqi yolunda bütün səy və imkanlarını səfərbər edəcəkdir.

Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi

Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi

“Azərbaycan müasir tarixinin mühüm bir dövrü görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf mərhələsinə qədəm qoymuşdur. İstər sovetlər dönəmində respublikaya rəhbərliyi zamanı, istərsə də 1993-2003-cü illərdə müstəqillik etapında Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyub. Cəmiyyətimizdə haqlı olaraq belə bir mövqe formalaşıb ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilib. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi- ictimai və mədəni həyatında müstəsna xidmətlər göstərib. 1993-cü ildə respublikamızda tuğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı. Ulu Öndər 21 iyun 1994-cü il tarixində Prezident Sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədə vurğulayıb: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”. Ancaq bu müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək olduqca mühüm məsələ idi. Bununla əlaqədar ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü xalqa təbrikində qeyd edib: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin yaradılması, onun yaşaması və qorunmasının hər bir Azərbaycan vətəndaşının vəzifəsi olduğunu bildirərək qeyd etmişdi ki, “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.

Ulu Öndər müstəqil Azərbaycanın quruculuğunda insan hüquqlarının qorunması, hüquqi və demokratik prinsiplər, o cümlədən sosial ədalət amilinə müstəsna önəm vermişdir. Belə ki, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyətin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit etməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Bunun nəticəsində də müstəqil Azərbaycan dövləti daha da inkişaf edib, güclənib, beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etməsi müstəqillik tariximizin ən yüksək zirvəsidir. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik, praqmatik və çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyimiz daha da güclənəcək, qlobal müstəvidə Azərbaycanın rolu və iştirakı bundan sonra davam edəcək. Bir sözlə, ulu öndər Heydər Əliyevin dediyi kimi “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”.

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, Macarıstan Prezidentinin və Baş nazirinin bu səfər zamanı göstərdikləri qonaqpərvərlik və sıx əməkdaşlıq səylərini bir daha yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələr verdiyini vurğulayaraq Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını dedi. Əlaqələrimizin gündəliyinin genişləndiyini bildirən Azərbaycan Prezidenti bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğuladı.

Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad dünən Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğuladı. Qonaq Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını dedi.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.