"Artıq ölkəmizdə könüllülük hərəkatı gənclərin fəaliyyət sahəsi deyil, birbaşa həyat tərzidir"

"Artıq ölkəmizdə könüllülük hərəkatı gənclərin fəaliyyət sahəsi deyil, birbaşa həyat tərzidir"

Deyə bilərəm ki, pandemiyadan tək Azərbaycan yox, bütün dünya gəncləri zərər çəkdi. Bu yaxınlarda Beynəlxalq Əmək Təşkilatı pandemiya dövründə gənclərin məşğulluğu ilə bağlı geniş araşdırmanın nəticəsini təqdim etdi. Qurumdan bildirilib ki, hazırda dünyada 5 gəncdən biri işsizdir. Ümumiyyətlə əmək qabiliyyəti olan gənc təbəqənin 20-30 faizi fəaliyyətsizdir. BƏT gənclərin təhsil və məşğulluğu üçün dəstək layihələrinin hazıırlanmasını zəruri hesab edir. 

Təbii ki, pandemiya Azərbaycan gəncliyinə də təsir göstərdi. Artıq son dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas hərəkatverici qüvvəsi gənc nəsildən ibarətdir. Pandemiya iqtisadiyyata zərbə vurduğu kimi, gənclərin fəaliyyətinə təsirsiz ötüşmədi. COVİD-19 koronavirus infeksiyasının yaratdığı çətinliklərə məruz qalan cəmiyyətin ən çox hissəsi gənclərdir. Buna baxmayaraq gənclər sosial izolyasiya dövründə dövlətin gördüyü bütün tədbirləri dəstəkləyib və həyata keçirilməsində fəal iştirak edirlər. Xüsusilə əhalinin xəstəliklə bağlı maarifləndirilməsində, qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin yerinə yetirilməsində fəaldırlar. 

Pandemiya dövründə könüllülər hərəkatı daha geniş vüsət almağa başladı. Könüllülük prinsipi altında birləşən gənclər dövlət tərəfindən hazırlanmış sosial yardım paketlərinin aztəminatlı ailələrə çatdırılmasında, “Böyüklərimizi qoruyaq” şüarı ilə 65 yaşdan yuxarı tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərir, vətəndaşlara tibbi ləvazimatların və metodiki vasitələrin paylanmasında yaxından iştirak etmişdilər. 

Könüllülər “Biz birlikdə güclüyük” devizi altında regionlarda da fəaliyyət göstəriblər. Onlar Heydər Əliyev Fondu tərəfindən 200 mindən artıqyardıma ehtiyacı olan ailələrə ərzaq yardımları çatdırıblar. “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayondan olan könüllülər tərəfindən küçələrdə və binaların giriş hissəsində təbliğat xarakterli elanlar yerləşdirilib. 

Bütün bunlara əsasən deyə bilərək ki, könüllü gənclər artıq nəinki beynəlxalq əhəmiyyətli tədbirlərdə, eləcə də bir sıra vacib ölkədaxili prosesərlərdə də ön sıralarda yer alırlar, dövlət qurumlarına dəstək verirlər. Ölkəmizdə artıq könüllülük hərəkatı gənclərin fəaliyyət sahəsi deyil, birbaşa həyat tərzidir.

Karatin rejimi tətbiq olunan vaxtdan etibarən ölkəmizdə bir çox fəaliyyət sahələri işlərini onlayn şəkildə qurmağa başladı. Bununla da müasir texnoloji biliklərə yiyələnən gənclər öz məşğulluğunu davam etdirə bildi. Gənclərin iştirakı ilə bir sıra videokonfranslar keçirildi. Buna nümunə olaraq Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının təşəbbüsü ilə pandemiya dövründə “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn tədbir təşkil edildi. YAP-ın Gəncə şəhər təşkilatının keçirdiyi və gənclərin də iştirak etdiyi daha bir onlayn videokonfransda isə postpandemiya dövründə ekologiya, turizm, təhsil və media ilə bağlı müzakirələr aparıldı. Bu cür fəaliyyətlərlə virtual gənclik deyimi formalaşmağa başladı, onlayn şəkildə virtual gəncliyin forumlarına start verildi.

Bu forumlar aktiv könüllülər, ictimai birliklərin fəal üzvləri, Azərbaycan idman könüllüləri və digər təşkilatların gənc üzvlərinin iştirakı ilə reallaşır. Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi, dövlət siyasətinin əsasını gənclər təşkil edir. Son zamanlar idarəetmədə olan dəyişikliklər də bu şüarın sözdə qalmadığını, əməldə yerinə yetirildiyini göstərir. Necə ki, pandemiya dövründə gənclərin fəaliyyətini təmin edən dövlət proqramları qəbul olundu, eləcə də postpandemiya dövründə gənclərin məşğulluğunun artırılması, təhsilinin yaxşılaşdırılması üçün dövlət layihələri nəzərdə tutulur. Bakıda Dost mərkəzlərinin açılması da gənclərin məşğulluğu sahəsində görülən tədbirlərdəndir. Bunu deməyə əsas verən arqument prezident İlham Əliyevin açılış zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsidir. Regionlarda da Dost mərkəzlərinin açılması planlaşdırılır. Bu da bölgələrdəki gənclərin məşğulluğuna dair müsbət addım olacağına işarədir.


Millət vəkili
Müşfiq Cəfərov