Zeki Öztürk: " Bu qələbə bir daha Türk xalqının qorxmaz şücayətini bütün dünyaya nümayiş etdi"

Zeki Öztürk: " Bu qələbə bir daha Türk xalqının qorxmaz şücayətini bütün dünyaya nümayiş etdi"

Bu gün Mustafa Kamal Atatürkün baş komandanlığı ilə  böyük Türk müllətinin qalibiyyəti kimi qeyd olunan Zəfər Gününün 99-cu ildönümüdür. Zəfər Bayramı Türkiyənin milli bayramıdır.  Bu  bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır.

Bu sözləri YAZTV-yə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib. Konsul qeyd edib ki, o zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər. Torpaqlarımız uğrunda gözünü qırpmadan canından keçən qəhrəmanlarımızın sayəsində qazanılan bu şanlı qələbə ilə millətimiz bir daha Türk xalqının qorxmaz şücayətini bütün dünyaya nümayiş etdi. 30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi.

"Bu gün də, 99 il bundan öncə olduğu kimi xalqımız Vətənimizin azadlığını hər şeydən üstün tutur. Türkiyə Silahlı Qüvvələrinin sərhədlərimizin daxilində və xaricində həyata keçirdiyi tədbirlər isə Vətənə olan bağlılığın bariz nümunəsidir. Onu da qeyd edim ki, qardaş Azərbaycan hər zaman olduğu kimi sevincimizə və kədərimizə şərik çıxıb. Bu gün bizimlə bərabər sevincimizi paylaşdığınız üçün hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Bir daha bütün Türk millətini bu bayram münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm"- deyə Zeki öztürk əlavə edib.