Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu

İyunun 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisdən YAZTV-ə verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili gündəliyə daxil edilən 4 məsələnin hər biri haqqında iclas iştirakçılarına məlumat verib.

Onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” (ücüncü oxunuş) qanun layihəsi müzakirə edilib.

Komitə sədri “Dövlət rüsumu haqqında” qanuna (ikinci oxunuş) təklif olunan dəyişikliklərlə əlaqədar məlumatında bildirdi ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib.

Sonra “Telekommunikasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirildi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Sənədə “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qeydiyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi ilə bağlı maddə əlavə edilib.

Onlayn iclasda “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlandığı vurğulanıb.

Komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Ağalar Vəliyev, Rüfət Quliyev və Anar Məmmədov müzakirə edilən sənədlərlə əlaqədar fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.

Ətraflı müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.