MÜSTƏQİLLİK UĞRUNDA AZADLIQ MÜBARİZƏSİNİN ZİRVƏSİ

MÜSTƏQİLLİK UĞRUNDA AZADLIQ MÜBARİZƏSİNİN ZİRVƏSİ

MÜSTƏQİLLİK UĞRUNDA AZADLIQ MÜBARİZƏSİNİN ZİRVƏSİ

 

Qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan qəhrəmanlıq tariximizdir. Bu tarix Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 

Xüsusi qəddarlıqla törədilən kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı yalnız qanlı cinayət hadisəsi törədildikdən sonra elan edilmişdi 

20 Yanvar faciəsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir.

O günlər kimin üzünə baxsaydın, qan görərdin. Küçələrimiz, evlərimiz, gözümüz, ürəyimiz qan idi o gecə... İnsan insanı gəmirirdi o gecə...Elə bil, dünyanın axırı idi. Toylu-düyünlü qapılara qara qıfıllar vurulan gecə...

Qanlı Yanvar hadisənin şahidi Akif Səfərəliyev həmin günü belə ifadə edirdi: “Ordunun hücumu gözlənilməz idi. Əsgərlər hətta qocaları da gülləbaran edirdilər. Meydanda olanlar atəş səsləri səngiyəndən sonra yaralıları xəstəxanalara daşımağa başladılar, eyni zamanda meyitlərin axtarılıb tapılmasında, sahiblərinə çatdırılmasında iştirak edirdilər. Meyitlər arasında kəsilmiş uşaq ayağı da vardı. Həmin səhnələri xatırlamaq çox ağırdır. Çünki bu qəddarlıq silahlı insanlara deyil, mülki əhaliyə, dinc insanlara qarşı törədilmişdi. Sovet imperiyası Azərbaycana qarşı elan olunmamış müharibə aparmışdı.”

20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan məhz ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələn xalqımızın dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. 

Ulu öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar hadisələrinin əsil səbəblərini açıqladı, günahkarları aşkar etdi.

 Ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisəsinin əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir. 31 yanvar 1997-ci il tarixində Ulu Öndər Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bildirmişdir: “...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır”. Ümummilli Lider hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir.

20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz tarixinin daha bir qəhrəmanlıq səhifəsini yazdı. Bakıda baş verən faciə Azərbaycanın oğul və qızlarının öz Vətənlərini necə böyük məhəbbətlə sevdiklərini, azadlığı öz həyatlarından belə yüksəkdə tutduqlarını bütün dünyaya göstərdi. Qanlı Yanvar hadisəsindən 32 il ötsə də, həmin tarix bizə qətiyyən uzaq görünmür, əksinə, xalqımız şəhidlərimizin xatirəsini həmişə böyük minnətdarlıq hissi ilə yad edir.

 

Prof.A.M.Bayramov

ADAU-nun İctimai elmlər və multikulturalizm

kafedrasının müdiri