Ulu Öndər Heydər Əliyev irsi xalqa xidmət nümunəsi və milli sərvətimizdir!

Ulu Öndər Heydər Əliyev irsi xalqa xidmət nümunəsi və milli sərvətimizdir!

Azad Bayramov,
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

Milli dövlətə sahib olmaq tarix boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu və əzmini bütün dünyaya nümayiş etdirmək üçün ən yaxşı vasitə olmuşdur. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir.

Tarixdən bizim hər birimizə məlumdur ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, milli-mənəvi dəyərlərinə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin mübariz missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yenidən milli dövlətçilik düşüncəsini əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycandövləti kimi böyük məhfumu reallığa çevirdi. Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Böyük öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.

Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün ulu öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixidir. Bunun real nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızın igid qəhrəman oğulları haqqı, ədaləti bərpa etdilər. Çünki Ulu öndər elə son vəsiyyətini də öz zabitinə, əsgərinə əmanət qoyub getmişdi. Onun : “Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır”fikirləri daim yetişən hər bir gəncin əsas şüarına çevrilmiş və bugün də çevrilməkdədir.

Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Tarixin müəyyən zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Bu, bir tarixi gerçəklikdir ki, Azərbaycan ötən əsrdə iki dəfə dövlət müstəqilliyi qazanan az saylı ölkələrdəndir. Azərbaycanın ən yeni tarixində, cəmi 30 il əvvəl ölkəmizdə baş vermiş ictimai-si­yasi mühitə, qısa şəkildə, xronoloji ardıcıllıqla yaşamış olduğumuz hadisələrə nəzər salmaq və bu gün şahidi olduğumuz nəhəng uğurla­rın hansı çətinliklər hesabına başa gəldiyini bir daha xatırlamaq olduqca qürurvericidir.Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siya­si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.

Bu gün Azərbaycanda real iqtisadiyyatın sahələrinin davamlı inkişaf yolunda olması və reallaşdırılmış müasir innovativ layihələrin sayının dur­madan artması məhz vaxtınd qoyulan uğurlu layihələrin nəticəsidir.Çünki, bəşəriyyətin çətin dönəmində bu uğurların əldə olunmasında zama­nın sınağında cilalanmış Heydər Əliyev siyasi kursuna olan xalqın etimadı və Prezident İlham Əliyevin yüksək nüfuzu və yorulmaz əməyi dayanır. Bu inam məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib.

Dahi rəhbərin anadan olmasının 100-ci ildönümü ərəfəsində bunu qururla bir daha qeyd etmək yerinə düşər ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şü­urunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sar­sılmaz və əbədi olduğunu bir daha təsdiqləyir. Cənab Prezidentimiz İlham Əliyevin sərəncəamına əsasən 2023- cü ilin məhz Heydər Əliyev ili adlandırılması Heydər Əliyev dühasına dərin ehtiram,sayqı ifadəsi və unudulmaqzlıq təcəssümüdür.Nə qədər ki, bu xalq, bu millət var, yaşayır Heydər Əliyev fenomeni xatirələrdən heç zaman silinməyəcəkdir. Çünki onun ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir.