Prezident İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olub

Prezident İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olub

Bildiyimiz kimi, son illərdə Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfərin məqsədi, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsidir.

Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səviyyə qazanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq əlbəttə ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq, indiki şəraitdə bu əhəmiyyət daha da artmaqdadır. Azərbaycan qazı artıq Bolqarıstandadır və bu ölkəyə ixrac ediləcək Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulub. Dövlət başçımız bildidrib ki, Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycan Prezidentinin Bolqarıstana bu son rəsmi səfəri gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək: “Sözsüz ki, Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən ölkələrin yüksək təmsilçiləri ilə keçirilən mühüm görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha möhkəmlənməsinə xidmət edir. Qeyd edim ki, bu səfərin proqramı çərçivəsində Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi də təşkil edilmişdi. Açılış mərasimində iştirak edən Dövlətimizin Başçısı həm də bu tədbirdə yüksək səviyyədə çıxış edib. Qeyd etmək istərdim ki, açılış mərasimi dünyada , eləcə də Avrasiya məkanında baş verən çox ciddi geosiyasi prosesler, xüsusən də, Rusiya - Ukrayna müharibəsi fonunda həyata keçirilirdi. Yəni bu gün Avropa ölkələrinin enerji təminatı, xüsusilə də qaz təchizatında ciddi böhranla üzləşdiyi bir dövrə təsadüf edirdi. Cənab İlham Əliyev Bolqarıstan Prezidenti və Bolqarıstanın digər yüksək səviyyəli dövlət nümayəndələri ilə görüşlər keçirməklə yanaşı Qaz İnterkonnektorunun açılış tədbirinə gəlmiş bir sıra ölkələrin hökumət və dövlət başçıları ilə də çox faydalı görüşlər keçirib.

İlham Əliyevin bu tədbirdəki çıxışını əslində bugün dünyada baş verən geosiyasi proseslərin təhlili hesab etmək olar: - “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur”.

İlham Əliyev çıxışında Azərbaycanın Cənub Qaz Dəhlizini başlayan tərəf olduğundan qürur hissi duyduğunu vurğulayaraq, onun Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihə olduğunu və Cənub Qaz Dəhlizi qazının istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql ediləcəyini qeyd etdi. Belə ki, bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı idi. Lakin yaxın vaxtlarda Azərbaycanın bir neçə digər qaz yatağından hasilatın başlayacağı və təchizatın həcminin artırılması gözlənilir”.

Prezident açılış mərasimindəki çıxışında qeyd edib ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir” fikirlərini səsləndirərək bir daha Azərbaycanın Avropa məkanı, eləcə də avroatlantik məkanın enerji təminatında əvəzedilməz tərəfdaş olduğunu vurğulayıb. Prezident açılış mərasimindəki çıxışında bərpaolunan enerji haqqında səsləndirdiyi fikirlərinə də toxunaraq bu enerji növünün Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun tərkib hissəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev bir daha Azərbaycanın ən yaxın zamanlarda Avropanın etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəyini əminliklə bildirdi.

Ümumiyyətlə fəxrlə deməliyik ki, bu səfər hədsiz dərəcədə önəmli olmaqla, mərasimdə iştirak edən ölkələrin rəhbərlərinin ölkəmizə və liderimizə qarşı çox yüksək münasibətlərinin və mühüm strateji mövqelərinin şahidi olduq. 

 

dos. Rövşən Hacıyev

“Avtomatika, Telekommunikasiya və İnformatika”

fakültəsinin dekanı