Pərvin Kərimzadə: 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ölkəmizin qüdrətinin göstəricisi oldu

Pərvin Kərimzadə: 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ölkəmizin qüdrətinin göstəricisi oldu

44 günlük Vətən müharibəsindəki parlaq Qələbə müstəqil ölkəmizin gücünün və qüdrətinin göstəricisi oldu. Torpaqlarımızın yağı düşmənin işğalından azad edilməsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrildi, tariximizin qəhrəmanlıq salnaməsini yazdı. Bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyinə, siyasi müdrikliyinə, xalqın yumruq kimi bir olmasına, Vətən torpaqlarının azadlığı uğrunda ayağa qalxmasına şahidlik etdi.
Bu fikirləri açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.Millət vəkili qeyd edib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşada təşkil olunmuş tədbirdə çıxışı zamanı xalqımızı şanlı Qələbəyə böyük Zəfərə gedən yola, şərəflə yerinə yetirilən tarixi missiyaya bir daha nəzər salıb: “Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər”.
Bu gün 44 günlük haqq savaşından böyük Zəfərlə çıxan müstəqil Azərbaycan işğaldan azad olan torpaqlarımızda həyata keçirdiyi bərpa-quruculuq tədbirləri ilə ölkə iqtisadiyyatının nə qədər möhkəm, dayanıqlı olduğunu nümayiş etdirir. Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz büdcə vəsaitləri hesabına Qarabağda, Şərqi Zəngəzurda doğma torpaqlarından köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün “ağıllı kənd”, “ağıllı şəhər” reallaşdırılır. Qarabağın və Şərqi Zəngəzurun ən ucqar əraziləri əvvəlkindən daha gözəl vəziyyətə gətirilməsi, bərpası və yenidən qurulması üçün ölkəmizin zəngin potensial imkanları səfərbər edilib. İşğaldan azad olunmuş bütün ərazilərimizdə doğma yurdlarına qayıdacaq insanlarımız üçün ən müasir həyat standartları yaradılır. Bu da öz növbəsində Azərbaycan dövlətinin öz vətəndaşları üçün ən yüksək standartları tətbiq etməsindən xəbər verir.
Millət vəkili onu da vurğulayıb ki, parlaq zəfərimizin ikinci ildönümündə – noyabrın 8-də Şuşada təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib.
Bu bir həqiqətdir ki, ölkəmiz regionda formalaşdırdığı yeni reallıqlarla, qlobal layihələrlə bölgənin inkişafında xüsusi rol oynayır. Avropa qitəsinin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunda çıxış edən ölkəmizin təşəbbüsü ilə icra edilən layihələrin verdiyi böyük faydalar isə dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəldir.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunun son iki ildə daha da gücləndiyini Şuşadan bir daha hər kəsə bəyan etdi: “İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!”. Ölkə Prezidentimiz İlham Əliyev xüsusi vurğuladı ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi.
Azərbaycanın ədalətli ölkə kimi bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşıb, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Eyni zamanda, 44 günlük Vətən müharubəsində ərazi bütövlüyümüz uğrunda apardığımız haqq savaşı, milli birlik son onilliklərdə cəmiyyətimizdə yüksələn vətənpərvərlik ruhunun, Vətənini, torpağını canından artıq sevən gənc nəslin sayəsində şüar deyil, reallığa çevrildi.
Bəli, Azərbaycanın igid oğullarının qanı-canı bahasına azad edilən torpaqlarımızın yenidən qurulması, keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qaytarılması, ordu quruculuğu, ölkə Prezidenti cənab İlham Əliyevin Şuşada – böyük zəfərimizin ikinci ildönümündə səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin gündəliyində duran əsas prioritetdir – deyə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.