Müstəqil və güclü Azərbaycan Qarabağ məsələsinin həllində ard-arda tarixi uğurlara imza atdı. Müzəffər ordumuz öz doğma torpaqlarını işğaldan azad edərək gələcək nəsillərə örnək, şanlı tarix yazdı.
Müharibə zamanı ermənilər arxa cəbhədə hərbi qulluqçuları qaçmasın deyə postlar qurduğu halda, bizim arxa cəbhədə, ehtiyac olmasa belə, döyüşə can atan minlərlə könüllülər dayanırdı. Ermənilər mülki əhalimizi hədəfə aldıqları halda, biz döyüş meydanında misli ilə intiqam alırdıq. Onlar gündə bir obrazla dünya mediasında saxta məlumat yayaraq özləri özlərini ifşa etdikləri halda, Ali Baş Komandanımız qətiyyətli və tarixi faktlara əsaslanan çıxışları ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Ali Baş Komandanımızın dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələr, xalqın bağrından qopan ifadələri dilə gətirməsi sonsuz sevgi ilə rəhbər-ordu-xalq birliyinə səbəb oldu.
Azərbaycanın mərd oğulları bütün dünyaya sübut etdi ki, bir məmləkətin və ya bir millətin böyüklüyü onun əhalisinin sıxlığından, yaxud hüdudlarının genişliyindən asılı deyil. Bir millətin böyüklüyü onun hüdudlara sığmayan Vətən sevgisindən asılıdır. Elə bu hüdudsuz sevgi ilə bütün cığırlar Qarabağa gedən yola birləşir. O yol ki, öndə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyən Ali Baş Komandan dayanıb.
2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz, müqəddəs şəhidlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından dərhal bir neçə ay sonra azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıbdır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq bu ərazilərə gedir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın bu ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu torpaqlarda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə Novruz bayramı ilə bağlı müraciəti zamanı bildirmişdi ki, birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə Baş planı hazırlanır, indi bunun üzərində iş gedir və yaxın gələcəkdə Baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Bu gün artıq bu reallaşdı və Ağdam şəhərinin Baş Planı məhz 28 May - Respublika Günündə təsdiq olundu.
Prezident cənab İlham Əliyevin mayın 28-də - Respublika Günündə Ağdama səfər etdi. Respublika Günündə işğaldan azad olunmuş Ağdamda tarixi anlar yaşandı, bu torpağın bərpası, ona həyatın qayıtması üçün təməllər atıldı. Cənab Prezidentin iştirakı ilə Ağdam şəhərinin baş planının təqdimatı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir: “Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, Müstəqillik Günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir - Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.
Artıq işğaldan azad edilmiş ərazilərimizdə dövlət başçısının göstərişi ilə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin tətbiqinə başlanmışdır. Söhbət bir kənddən, bir şəhərdən yox, Qarabağın işğaldan azad edilmiş bütün ərazilərindən, şəhər və kəndlərindən gedir. “Ağıllı” kənd və şəhərlərin salınması bilavasitə “ağıllı” aqrar sektorun bünövrəsinin qoyulması deməkdir. Yəni bu anlayışlar bir-birinə sıx bağlıdır, vəhdət təşkil edir, bir çox məqamlarda isə harmonik şəkildə uzlaşaraq fərqləri aradan qaldırır.
“Ağıllı kənd”in Azərbaycan modelinin unikallığı ondan ibarətdir ki, əgər dünyada belə layihələr hər ölkədə bir neçə nümunə ilə başlamışdırsa, bizdə bu proseslərə eyni zamanda start verilmişdir. Biz 30 illik işğal zamanı yerlə-yeksan edilən böyük ərazilərin – yandırılan kəndlərimizin və viran qoyulan şəhərlərimizin “ağıllı” variantını reallaşdırmağı qərara almışıq.
Erməni faşistləri işğal altında olan ərazilərimizi onilliklər boyu talan etmiş, vəhşicəsinə dağıtmış və bununla da aqressiv, vandal və vəhşi mahiyyətlərini ortaya qoymuşlar. Biz isə azad edilən ərazilərimizdə ildırım sürətilə quruculuq işlərinə start vermiş və bu işlərə dost ölkələrin aparıcı şirkətlərini dəvət etmişik.
Gülşən Hüseynova
Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və ekologiya kafedrasının assistenti