Wednesday, 30 Noyabr 2022 11:31
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Cəbrayılda yeni məktəb binası tikiləcək

Cəbrayılda yeni məktəb binası tikiləcək

Prezident İlham Əliyev "Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamla Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb

Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında" Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmanda deyilir:

"Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir.

Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.

İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır".

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Müəyyən edilib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.

Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb..

Nazirlər Kabineti Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etməlidir.

Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət orqanları (qurumları) Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etməlidirlər.

Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılan alban-udi kilsəsində olub

Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılan alban-udi kilsəsində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub.

YAZTV xəbər verir ki, dövlət başçısı deyib:

"Bu da qədim alban kilsəsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar.

İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Buranı özləri suvayıblar ki, alban-udi kilsəsi olduğu bilinməsin. Yəni, saxtakarlıq ediblər.

Prezident İlham Əliyev: Ancaq saxtakarlıq. Bütün dünya da görsün ki, ermənilər alban kilsəsini nə günə qoyublar.

Daha sonra kənddəki rus-pravoslav kilsəsində olan Prezident İlham Əliyev dedi: Bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir. Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq.

Bu binalar isə onların hərbi hissəsi olub".

Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrılıb

Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrılıb

Prezident İlham Əliyev Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV  xəbər verir ki, sərəncamla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycan Prezidenti Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub

Azərbaycan Prezidenti Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub

Cəbrayıl Memorial Kompleksinin təməli qoyulub.

YAZTV-nin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı Cəbrayıl şəhərinin bərpasının da təməl daşını qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Ali Baş Komandan: "Biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq"

Ali Baş Komandan: "Biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq"

"Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb".

YAZTV  xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib.

"Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur. Ona ən yaxşı cəzanı da erməni xalqı verib, 2018-ci ildə bir təpiklə onu vəzifədən qovub. 2018-ci ildə seçkilərdə növbəti saxtakarlıq törədərək özünə 50 faizdən çox səs yazdırıb. Bu cinayətin şəriki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Çünki onlar Serjiklə əlbir olaraq, - bilmirəm, sövdələşmə nəyin əsasında olub, amma təxmin edə bilərəm, - onun qələbəsini tanıyıblar. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. O, seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumur, buna razılıq verir. Bax, iki saxtakar - biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, hansı ki, Azərbaycana hər zaman xor baxır, biri də Serjik. Nə oldu, sonra erməni xalqı qalxdı. Erməni xalqı qalxıb bir təpiklə onu vurub atdı çölə. Ondan sonra nə etdi? Ondan sonra məzlumcasına gəlib dedi ki, mən haqlı deyildim, Nikol haqlı idi. Özünə kişi deyən adam belə söz deyər?! Özünə kişi deyən adam bu qədər özünü alçaldar?! Bax, bunu belə heç ediblər. Ondan sonra iki il ərzində ağzına su alıb susmuşdu. Nə qədər onu təhqir etdilər. Nə qədər onun cinayətkar qohumlarını həbs etdilər. Xaricdə gizlənmiş və Kolumbiyanın, ya da Qvatemalanın pasportunu almış bir yaxın qohumu var, adını da dəyişdirmişdi. Necə ki, vaxtilə Serjik özünü “Serj” edib. Qohumu da özünə bir ad verib – “Qonzales”. Qulağından tutub gətiriblər və həbs ediblər. Qorxusundan susub, nə desin? Müharibədən sonra yenə baş qaldırır. Müharibə olmasaydı, bu acı məğlubiyyət olmasaydı, Serjik də indi həbsxanada idi. Onun kimi oğru bizim bölgədə bəlkə də hələ doğulmayıb", - Azərbaycan Prezidenti bildirib.

Cəbrayılda yeni sənaye parkının təməli qoyulub

Cəbrayılda yeni sənaye parkının təməli qoyulub

Bu gün Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

YAZTV  xəbər verir ki, yeni sənye parkı Zəngəzur iqtisadi rayonunda yaradılacaq.

Təməlqoyma mərasimi dövlət başçısının Cəbrayı rayonuna səfəri çərçivəsində baş tutub.

Cəbrayılda xəstəxana, məktəb binası və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub

Cəbrayılda xəstəxana, məktəb binası və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

YAZTV xəbər verir ki, dövlət başçısı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

Prezident: "Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir"

Prezident: "Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir"

"Talış kəndi düz bir il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində və Azərbaycan bayrağını Talış kəndində ucaltmışam".

YAZTV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldan zaman deyib.

"Bir il bundan əvvəl burada şiddətli döyüşlər gedib, şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir. Çünki burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizi buradan gözləyirdi. Bir çox əməliyyatlarda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı kifayət qədər ensizdir, kifayət qədər məhduddur, ona görə, təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusunun qabağında Ermənistan ordusu acizdir, dayana bilməz və Qələbə uzaqda deyil. Bu gün Azərbaycanın suverenliyi bu bölgədə tam təmin edilib, bir il ərzində böyük infrastruktur işləri görülüb. Əsas odur ki, burada Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Əlbəttə ki, biz Talış kəndini bərpa edəcəyik, buraya həyat qayıdacaqdır", - dövlət başçısı bildirib.

Cəbrayılda “KamAZ” servis mərkəzinin təməli qoyulub

Cəbrayılda “KamAZ” servis mərkəzinin təməli qoyulub

Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda “KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub.

YAZTV xəbər verir ki, servis mərkəzini Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi birgə yaradır.

Təməlqoyma mərasimi dövlət başçısının rayona səfəri çərçivəsində baş tutub.

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

YAZTV xəbər verir ki, dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Dövlət başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyev Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Prezident: "Ermənistan ordusunda on mindən çox fərari olub"

Prezident: "Ermənistan ordusunda on mindən çox fərari olub"

"Əlbəttə ki, Ermənistan ordusu, şəxsi heyət dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir. Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi".

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib.

"Bundan sonrakı dövrdə Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin şanlı Zəfər yürüşü davam etmişdir. Düzdür, bəzi yerlərdə Ermənistan tərəfi dirəniş göstərirdi, müqavimət göstərirdi, bəzi yerlərdə bizə çətinliklər yaradırdı. Amma bu, müharibədir. Özü də otuz il ərzində böyük istehkamlar qurmuş tərəf, - bu dağlara baxın, bunlar hamısı təbii istehkamlardır, - əlbəttə ki, onların özlərini müdafiə etmək üçün imkanları var idi. Ancaq artıq bilirdilər ki, bizim qabağımızda dura bilməzlər. On min fərari artıq hər şeyi göstərir", - dövlət başçısı bildirib.