Thursday, 06 Oktyabr 2022 08:09
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə YAZTV Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Dövlət Agentliyinin işçilərinin say həddi artırıldı - FƏRMAN

Dövlət Agentliyinin işçilərinin say həddi artırıldı - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidindən 995 ştat vahidinə qaldırılıb.

Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz olurdu – İlham Əliyev

Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz olurdu – İlham Əliyev

Azərbaycan hər zaman müharibəyə hazır idi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Lakin məsuliyyətli ölkə olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız bizi dayandırırdı.

Bununla belə Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirmək və lazımi nəticələr çıxarmaq üçün Ermənistanın bir neçə fürsəti olmuşdur. 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində Ordumuz imkanlarını çox məhdud şəkildə nümayiş etdirdi. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad olundu, erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verildi. 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində aparılan əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu növbəti dəfə nümayiş etdiri. Təəssüf ki, Ermənistan onlara verilən fürsətləri düzgün dəyərləndirə bilmədi.

Prezident İlham Əliyev hər zaman bildirir ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Belə də oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlayan əks-hücum əməliyyatı uğurla nəticələndi.

Vətən müharibəsinin davam etdiyi 44 gün müddətində qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz olurdu.
Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdır. Düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gün önəmli mərhələlərdən biri idi. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlardan biri də Hadrut əməliyyatı idi. Ordumuzu orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində Hadrutun önəmindən danışarkən bunları bildirib: “Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfin daha yalanlar uydurması üçün əsası qalmadı”.

Ali Baş Komandan öz müsahibəsində zəfəri təmin edən bir sıra uğurlu hərbi əməliyyatlardan da danışıb.“Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır.

Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu” – deyə, İlham Əliyev bildirib.

Əslində Azərbaycan dəfələrlə elan etmişdir ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi müharibə dayanacaq. Dövlətimizin bu mövqeyi haqqında hər kəs, o cümlədən Rusiya, məlumatlı idi, amma Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri azad edildikdən sonra gəldi.

Istənilən halda 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyatan Ermənistanın kapitulyasi aktı olaraq qiymətləndirilir.

Bəli, əvvəldən də deyildiyi kimi, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmadı. 2020-ci ilin 27 sentyabrında 44 günlük bir yola çıxdı. 30 ilə yaxındır duasını etdiyi, gözünü, könlünü dikdiyi bir yola və bu yol bizi Qarabağa apardı!

Səməd Seyidova YENİ VƏZİFƏ verildi

Səməd Seyidova YENİ VƏZİFƏ verildi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın “Avropada ultrasağçı ideologiyanın demokratiyaya çağırışları və insan haqları” mövzusu üzrə məruzəçi seçilib.

YAZTV xəbər verir ki, seçki Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsində keçirilib.

 

S.Seyidovun namizədliyini Avropa mühafizəkarlar və demokratik alyans qrupu irəli sürüb.

Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsinin bütün üzvləri Azərbaycan nümayəndəsinin məruzəçi seçilməsini dəstəkləyib. (publika az)

Müdafiə Nazirliyindən müharibə ilə bağlı daha bir - Video

Müdafiə Nazirliyindən müharibə ilə bağlı daha bir - Video

Müdafiə Nazirliyi Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan növbəti videosüjet hazırlayıb.

YAZTV “Qarabağ – 44” adlı videosüjeti təqdim edir.

https://www.youtube.com/watch?v=TA9l4EH5jC4

Türkiyə Milli Müdafiə Nazirliyindən Anım Günü paylaşımı

Türkiyə Milli Müdafiə Nazirliyindən Anım Günü paylaşımı

Türkiyə Milli Müdafiə Nazirliyi Anım Günü ilə bağlı rəsmi Tvitter səhifəsində paylaşım edib.

YAZTV” xəbər verir ki, paylaşımda deyilir:

 “Azərbaycanlı qardaşlarımızın Ermənistanın hücumlarına “Dur!” demək və işğal altındakı torpaqlarını azad etmək üçün ötən ilin bu günü başlatdıqları “Vahid Vətən Hərəkatı”nın ildönümü mübarək olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlam və xoşbəxt bir həyat arzulayırıq”.

İqtisadi Şuranın səlahiyyətləri artırılıb

İqtisadi Şuranın səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının İqtisadi Şurasının səlahiyyətləri artırılıb.

Belə ki, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamının 6-cı hissəsində “Maliyyə Sabitliyi” sözləri “İqtisadi” sözü ilə əvəz edilir.

Bununla İqisadi Şura aqrar sahədə sığortanın inkişaf etdirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsini təmin edəcək.

Bundan öncə bu səlahiyyət Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında idi.

***

Həmçinin, dövlət başçısının müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.17-ci və 4.19-cu bəndlərində “Maliyyə Sabitliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadi” sözləri ilə əvəz edilib.

Eyni zamanda, “Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 513 nömrəli Fərmanının 1-ci və 2-ci hissələrində “Maliyyə Sabitliyi” sözləri “İqtisadi” sözü ilə əvəz edilib.

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti Heydər Əliyev Fondu nəzarətə götürüb.

"YAZTV" xəbər verir ki, Fond hazırda Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün dəstək göstərir. 

Qeyd edək ki, koma vəziyyətində olan Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. 

Rusiyalı ekspert: “Rusiyanın Ermənistan tərəfinə qarşı daha sərt fəaliyyət göstərməsini istərdim”

Rusiyalı ekspert: “Rusiyanın Ermənistan tərəfinə qarşı daha sərt fəaliyyət göstərməsini istərdim”

“Möhkəm və sabit siyasi sistem, dayanıqlı iqtisadiyyat, güclü ordu yaradan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi qələbə qazandı”.

Bunu YAZTV-yə Rusiya bürosuna rusiyalı politoloq Sergey Markov bildirib.

“Ötən ilin üçtərəfli bəyanatı da Azərbaycanın müharibədəki qələbəsinin nəticəsidir. Bundan əvvəlki 20 il ərzində rəsmi Bakı böyük işlər görüb. Birincisi, güclü, sabit siyasi sistem yaradıldı. İkincisi, bu siyasi sistemə əsaslanan güclü iqtisadiyyat quruldu. Güclü iqtisadiyyat bünövrəsi üzərində isə güclü ordu ərsəyə gətirildi və həmin ordu İkinci Qarabağ müharibəsində qısa müddət ərzində tarixi qələbə qazandı”, - deyə ekspert qeyd edib.

 

Rusiyalı politoloqun fikrincə, Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh sazişi Ermənistan cəmiyyətinin mənfi əhval-ruhiyyəsinə görə imzalanmır:

“Erməni cəmiyyəti bu məğlubiyyətlə barışmaq istəmir, Paşinyanı da üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirməyə qoymayan məhz bu amildir. Nəqliyyat yolları açılmayıb, minalanmış ərazilərin xəritələri təhvil verilməyib. Azərbaycan Prezidenti də həmin xəritələrin cəmi 25 faiz səviyyəsində düzgün olduqlarını, yalnız kiçik qisminin təhvil verildiyini bildirib”.

Ekspertin iddiasına görə, Rusiya Qarabağdakı vəziyyəti yoluna qoymaq üçün bütün lazımi addımları atır, bu səylərin davam edəcəyinə ümidvar olduğunu bildirib:

“Rusiyanın bu istiqamətdə eyni tərzdə, amma Ermənistan tərəfinə qarşı daha sərt fəaliyyət göstərməsini istərdim”. (report az)

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil - MN

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil - MN

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən  bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ində guya Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açdığı və atəş nəticəsində bir erməni hərbçisinin yaralanması barədə məlumatlar yayılmışdı.

Ərdoğan sabah Putinlə bunları müzakirə edəcək

Ərdoğan sabah Putinlə bunları müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Soçidə baş tutacaq danışıqlarda bir çox məsələləri, xüsusi halda, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər.

YAZTV xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Daha əvvəl Ərdoğan bildirib ki, həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək.

Qeyd edək ki, iki prezidentin son birbaşa görüşü 2020-ci ilin martında Kremldə olub. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib.

Ermənistan müharibədəki itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı

Ermənistan müharibədəki itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı

Ermənistan İkinci Qarabağ müharibəsində 3781 canlı qüvvə itki verdiyini açıqlayıb.

YAZTV xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

 Bildirilir ki, 2021-ci il sentyabrın 27-nə olan məlumata görə, 231 hərbçi itkin düşmüş hesab olunur. Bununla yanaşı qeyd olunur ki,  Azərbaycan Ermənistana 108 hərbi əsiri geri qaytarıb.

Qeyd edək ki, bu rəqəmlər Ermənistanın 44 günlük müharibədə üzləşdiyi itkiləri dəqiq olaraq əks etdirmir. Ekspertlərin fikrincə, bu ölkənin itkiləri təqdim edilən rəqəmlərdən qat-qat artıqdır. Belə ki, Ermənistan əhalinin məğlubiyyətlə bağlı narazılığını qabartmamaq üçün itkilərini hələ də gizlədir.