Monday, 30 Yanvar 2023 05:03
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan XİN-dən İranın xarici işlər nazirinə CAVAB

Azərbaycan XİN-dən İranın xarici işlər nazirinə CAVAB

"İlk növbədə vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub".

YAZTV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

L.Abdullayeva müsahibə zamanı səsləndirilən bəzi fikirlərlə bağlı aşağıdakıları qeyd edib:

"Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib.

Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik.

Ümumiyyətlə, Azərbaycan bütün dövlətlərlə münasibətləri məhz bir-birlərinin beynəlxalq sərhədlərinə hörmət əsasında qurulmasının tərəfdarıdır, bu ölkəmizin dəyişilməz mövqeyidir. Məlumdur ki, tərəfimizdən o cümlədən, Ermənistan ilə münasibətləri elə bu fundamental beynəlxalq hüquq prinsipi əsasında normallaşdırmağa və sərhədlərin delimitasiyası üzrə danışıqlara başlamağa hazır olduğumuzu bəyan etmişik. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır.

Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan Respublikası hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib. Qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi xarici siyasətimizin əsas prioritet məsələlərindəndir və tərəfimizdən bu istiqamətdə davamlı addımlar atılmaqdadır.

Onu da bildirmək istərdik ki, Azərbaycan İslam həmrəyliyi məsələsinə böyük həssaslıqla yanaşır və məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal mövqeyi ilə seçilir. Ölkəmiz son onilliklər ərzində Azərbaycan ərazisində İslam tarixinə və mədəniyyətinə məxsus irsin dağıdılması, talan edilməsi və təhqir edilməsi ilə bağlı məsələni diqqət mərkəzində saxlayıb və bu məsələdə bizim haqq mövqeyimizin İƏT üzv ölkələri tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk.

Hesab edirik ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması İran İslam Respublikasının maraqlarına cavab verən şərait olmalıdır".

Cəbrayılda yeni məktəb binası tikiləcək

Cəbrayılda yeni məktəb binası tikiləcək

Prezident İlham Əliyev "Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamla Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb

Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında" Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmanda deyilir:

"Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir.

Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.

İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır".

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Müəyyən edilib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.

Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb..

Nazirlər Kabineti Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etməlidir.

Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət orqanları (qurumları) Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etməlidirlər.

Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Təhsil İdarəsi Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

Təhsil İdarəsi Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.

İdarədən  bildirilib ki, BŞTİ məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edir.

"Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur" - deyə İdarədən qeyd olunub.

Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrılıb

Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrılıb

Prezident İlham Əliyev Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV  xəbər verir ki, sərəncamla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycan Prezidenti Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub

Azərbaycan Prezidenti Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub

Cəbrayıl Memorial Kompleksinin təməli qoyulub.

YAZTV-nin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı Cəbrayıl şəhərinin bərpasının da təməl daşını qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Azərbaycan Prezidenti Cəbrayılda yeni yarımstansiyanın açılışını edib

Azərbaycan Prezidenti Cəbrayılda yeni yarımstansiyanın açılışını edib

Prezident İlham Əliyev Cəbrayılda yeni yarımstansiyanın açılışında iştirak edib.

YAZTV xəbər verir ki, təməlqoyma mərasimi bu gün dövlət başçısının Cəbrayı rayonuna səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, yeni yarımstansiya 110/35/10 kV-luq-dur.

Cəbrayılda yeni sənaye parkının təməli qoyulub

Cəbrayılda yeni sənaye parkının təməli qoyulub

Bu gün Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

YAZTV  xəbər verir ki, yeni sənye parkı Zəngəzur iqtisadi rayonunda yaradılacaq.

Təməlqoyma mərasimi dövlət başçısının Cəbrayı rayonuna səfəri çərçivəsində baş tutub.

Cəbrayılda xəstəxana, məktəb binası və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub

Cəbrayılda xəstəxana, məktəb binası və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

YAZTV xəbər verir ki, dövlət başçısı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

Prezident Cəbrayılda sənaye parkının yaradılmasına vəsait ayırıb

Prezident Cəbrayılda sənaye parkının yaradılmasına vəsait ayırıb

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

YAZTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında" fərmanda öz əksini tapıb.

Cəbrayılda “KamAZ” servis mərkəzinin təməli qoyulub

Cəbrayılda “KamAZ” servis mərkəzinin təməli qoyulub

Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda “KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub.

YAZTV xəbər verir ki, servis mərkəzini Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi birgə yaradır.

Təməlqoyma mərasimi dövlət başçısının rayona səfəri çərçivəsində baş tutub.

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

YAZTV xəbər verir ki, dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Dövlət başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyev Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.