Thursday, 06 Oktyabr 2022 08:58
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanla Türkiyənin Gənclər və İdman nazirlikləri işçi qrup yaradacaq

Azərbaycanla Türkiyənin Gənclər və İdman nazirlikləri işçi qrup yaradacaq

"Azərbaycan pavilyonu ilə tanış olduq. Bilirsiniz ki, burada 11 startap layihəsi ilə təmsil olunuruq, azərbaycanlı tələbələrin burada iştirakı qürurvericidir. Sevindirici haldır ki, builki "Teknofest" festivalında təşkil olunan Azərbaycan pavilyonu olduqca populyardır".

Bu fikirləri YAZTV-yə Türkiyə bürosuna açıqlamasında Gənclər və İdman naziri Fərid Qayıbov deyib.

Fərid Qayıb qeyd edib ki, Türkiyəyə nazir kimi ilk rəsmi səfəri uğurlu olub: "Burada qardaş ölkənin gənclər və idman naziri ilə görüşlərimiz oldu. Artıq birgə əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalamışıq. Sadəcə birgə işçi qrupu yaratmaq barədə danışıqlar aparmışıq və işçi qrup təşkil edilən zaman açıqlama verəcəyik", - nazir əlavə edib.

Nazirlər Kabinetinin iclası keçirildi

Nazirlər Kabinetinin iclası keçirildi

Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

YAZTV xəbər verir ki, iclası açan Baş nazir Əli Əsədov 2020-ci ilin düşmən üzərində parlaq Qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlamətdar olduğunu bildirib. 44 günlük Vətən Müharibəsinin dövlət başçısının rəhbərliyi, sərkərdəlik məharəti, xalqın Prezidentə birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti nəticəsində təmin edildiyi xüsusi vurğulanıb.

2021-ci ilin ötən dövrünün iqtisadi göstəricilərinə toxunan Baş nazir 8 ayda iqtisadi artımın 3.6% təşkil etdiyini, o cümlədən qeyri-neft sektorunun 5.7% artdığını, qeyri-neft sənayesində 18.4% artımın qeydə alındığını bildirib.

 

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər ən əsas prioritetlər sırasındadır və bu məsələ gələn ilin dövlət büdcəsində öz əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ildə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.

Azərbaycanda COVID-19 xəstəliyinin əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı həyata keçirilən praktiki tədbirlərdən söhbət açılıb. Bildirilib ki, 2022-ci ildə də pandemiya ilə mübarizə məqsədilə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

İqlim dəyişikliklərinin yaratdığı risklərin qarşısının alınması və yarana biləcək mümkün fəsadlara adekvat cavab verilməsi Hökumət qarşısında duran ciddi vəzifələr kimi səciyyələndirilib.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olmaq, məhsuldarlıq və səmərəliliyi artırmaqdır.

Eyni zamanda, vurğulanıb ki, qlobal ərzaq bazarlarında bəzi məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması, idxaldan asılılıq səviyyəsinin azaldılması və ərzaq təhlükəsizliyinin etibarlı təşkil edilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir.

Bu baxımdan, dünya birjalarında buğda kəskin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı subsidiya dəstəyi barədə müvafiq qərarların qəbul olunduğu bildirilib.

Dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyi, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımların atılacağı qeyd edildi.

Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirilib.

Ölkədə tətbiq edilən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bundan sonra da ardıcıl tədbirlərin görüləcəyi qeyd edilib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial islahatlar, ictimai iş yerlərinin yaradılması, məşğulluq məsələləri və aztəminatlı əhalinin sosial-rifahının yaxşılaşdırılması bundan sonra da diqqət mərkəzində olacağı vurğulanıb.

Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısı, onlara maliyyə dəstəyinin göstərilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması məsələsinin bundan sonra da prioritet təşkil edəcəyi vurğulanıb.

Baş nazir bir daha xatırladıb ki, insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması Hökumət üzvlərinin əsas vəzifələrindən biridir və bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Daha sonra gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Azərbaycan lideri: "Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, təklifimizlə razılaşsınlar"

Azərbaycan lideri: "Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, təklifimizlə razılaşsınlar"

"Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər", - Prezident vurğulayıb.

Ceyhun Bayramov Nyu-Yorkda görüş keçirdi

Ceyhun Bayramov Nyu-Yorkda görüş keçirdi

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının nümayəndələri ilə görüşüb.

YAZTV xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə olunub, gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir Ceyhun Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən Müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq ifadə etdilər və bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə edib.

Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

“Putindən gözləntilərim fərqlidir” - Ərdoğan

“Putindən gözləntilərim fərqlidir” - Ərdoğan

“Putindən gözləntilərim fərqlidir”.

YAZTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

 “Suriyadakı rejim təəssüf ki, ölkəmizin cənubunda faktiki olaraq təhlükə doğurur. Mənim cənab Putindən gözləntilərim çox fərqlidir Putindən, daha doğrusu Rusiyadan həmrəyliyimizin tələbi olaraq fərqli yanaşma tərzləri gözləyirəm. Bu mübarizəni də cənubda birlikdə həyata keçirmək lazımdır”, - deyə Ərdoğan qeyd edib.
İlham Əliyev: "Belə vandalizmin miqyası təsvirə gəlmir"

İlham Əliyev: "Belə vandalizmin miqyası təsvirə gəlmir"

"Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

“Bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan sadəcə mat qalır”, – dövlət başçısı qeyd edib.

“Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir”, – Prezident bildirib.

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

YAZTV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əlamətdar ildönümü – qardaş Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, müstəqillik illəri ərzində ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənmiş, qarşılıqlı faydalı əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və yeni məzmun kəsb etmişdir.

İnanıram ki, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, zəngin potensiala malik ikitərəfli və çoxtərəfli əməkdaşlığımız bundan sonra da dinamik və ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim rifah və firavanlıq arzulayıram".

Şənbə gününün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-23° isti, Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-25° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycan lideri şuşalıların doğma şəhərlərinə köçürüləcəyi vaxtı açıqlayıb

Azərbaycan lideri şuşalıların doğma şəhərlərinə köçürüləcəyi vaxtı açıqlayıb

"Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır", - Prezident vurğulayıb.

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü məsələsi müzakirə edilib.

Ali Baş Komandanın müvafiq sərəncamına əsasən “2021-ci ilin oktyabr ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsü elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla tam şəffaf şəkildə icra edilib.

Qeyd edək ki, komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.

Müdafiə Nazirliyi vətəndaş narazılığı ilə bağlı açıqlama yaydı

Müdafiə Nazirliyi vətəndaş narazılığı ilə bağlı açıqlama yaydı

Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bəzi elektron KİV-lərdə vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülər paylaşılıb. Bildiririk ki, vətəndaş R.Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət etmişdir. Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılmış və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilmişdir.

Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.
R.Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən "Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya" diaqnozu ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir.

Dövlət başçısı: "Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər"

Dövlət başçısı: "Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər"

"Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik, - Prezident vurğulayıb.