Wednesday, 30 Noyabr 2022 11:00
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dövlət başçısı: "Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər"

Dövlət başçısı: "Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər"

"Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik, - Prezident vurğulayıb.

İlham Əliyev İraqın neft nazirini qəbul edib

İlham Əliyev İraqın neft nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.

YAZTV-nin xəbərinə görə, İraqın Baş naziri Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını çatdırıb və bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.

Görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edildi, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirilib. Qeyd edilib ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirildi ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.

Söhbət zamanı dövlət başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirilib.

Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.

Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

"Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı".

YAZTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur:

"Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram".

Azərbaycan Prezidenti Şuşada tarixi abidələrin hansı vəsait hesabına bərpa olunacağını açıqlayıb

Azərbaycan Prezidenti Şuşada tarixi abidələrin hansı vəsait hesabına bərpa olunacağını açıqlayıb

"Şuşada “Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır. Bir də, əlbəttə, biz bu işləri dövlət sərmayə qoyuluşları hesabına aparacağıq. Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm", - Prezident vurğulayıb.

17 il nazir olan Əhmədov general rütbəsindən məhrum edildi

17 il nazir olan Əhmədov general rütbəsindən məhrum edildi

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı bəzi detallar məlum olub.

YAZTV-nin məhkəmə materiallarından əldə etdiyi özəl məlumata görə, sabiq nazir Ə.Əhmədov həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib.

Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib. Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub, lakin vəzifədən çıxarıldıqdan sonra Bakıya köçərək Sabunçu rayonunda yaşamağa başlayıb.

 

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

Qeyd edək ki, Ə.Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub. 

Əhməd Əhmədovun qardaşı, polkovnik Əvəz Əhmədov da 2019-da həbs edilmişdi. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərovu girov götürərək pul tələb etməkdə, daha sonra buna görə H.Əsgərovun qohumu Rəşad Tahirovdan 140 min dollar almaqda ittiham edilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Əhmədovun günahsız olduğu qənaətinə gələrək ona bərəat vermişdi. Ə.Əhmədov məhkəmə zalından azadlığa buraxılmışdı. (qafqazinfo az)

Azərbaycan BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib

Azərbaycan BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib

“Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”.

YAZTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.

“Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.

Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik”, - Azərbaycanın dövlət başçısı bildirib.

İlham Əliyev: "Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub"

İlham Əliyev: "Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub"

"İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik. Qonşular arasında münasibətlər heç də həmişə bizim aramızdakı münasibətlər kimi olmur. Əlbəttə, təvazökarlıqdan uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə, iki ölkənin prezidentlərinin, onların komandalarının bütün başqa üzvlərinin və ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim: pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən 1 milyon rusiyalı gəlib. Qısa müddətdə praktiki olaraq iki dəfə artmış bu göstərici komfortluq göstəricisidir. Ona görə ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri yerlərə gedirlər. Bir də ki, Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir", - Prezident vurğulayıb.

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YAZTV-yə bildiriblər ki, görüşdə Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib.

Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.

YAZTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.

Dövlət başçısı bildirib: "Əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin".

İlham Əliyev qeyd edib ki, münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib:

"Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik".

Prezidentin sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər:

"Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir".

Azərbaycan Prezidenti Qarabağdakı rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti Qarabağdakı rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndirib

"Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir", - Prezident vurğulayıb.

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

"Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib".

YAZTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.

Prezident xatırladıb ki, Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib:

"2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi".

Dövlət başçısı qeyd edib ki, Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.

"Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər", - İlham Əliyev bildirib.

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş, 2 000 meqavat külək enerjisi potensialı var"

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş, 2 000 meqavat külək enerjisi potensialı var"

"Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, biz Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını araşdırırıq".

YAZTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.

Dövlət başçısı xatırladıb ki, hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir:

"Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm.

Mən azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru bu yaxınlarda Yaşıl Enerji Zonası elan etmişəm. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var".

"Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün biz dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edirik. Eyni zamanda, əhalimizin artması və iqtisadi inkişaf ilə əlaqədar daxili enerji istehlakı da artmaqdadır. Cari ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesi 18.4 faiz artmışdır", - İlham Əliyev bildirib.