Saturday, 04 Dekabr 2021 17:09
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir.

YAZTV xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Azərbaycan Prezidenti: 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək

Azərbaycan Prezidenti: 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.

YAZTV xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.

“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”, - deyə dövlətimizin başçısı bildirib.

Könül Nurullayeva: Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşır

Könül Nurullayeva: Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşır

“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifini dağıdır. Əlbəttə, bu, ilk növbədə, hərbi üstünlük və qələbə olmaqla yanaşı, həm də ideoloji müstəvidə Ermənistanın məğlubiyyətidir”.

YAZTV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Könül Nurullayeva bildirib ki, İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan uzun illərdir Azərbaycana məxsus əraziləri guya təkbaşına işğal etdiyini iddia edirdi, halbuki onların təkbaşına bunu reallaşdırmaq üçün nə o vaxt, nə də indi fərdi potensialları yoxdur. Ermənistan hər zaman kənardan – havadarlarının dəstəyi ilə hərəkət edib. Bugünkü döyüşlərdə də məğlub vəziyyətə düşdüklərindən kənardan yardım almağa can atırlar. Elə Nikol Paşinyanın Rusiya Prezidentinə məktub göndərərək hərbi yardım xahiş etməsi bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısının da söylədiyi kimi, bu, Ermənistan rəhbərliyinin öz hərbi məğlubiyyətlərini və Azərbaycanın qələbəsini qəbul etməsi deməkdir.

Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşır. Bizim ordumuz məhz öz ərazisində döyüşür, heç bir ölkəyə ərazi iddiamız yoxdur. Azərbaycan öz ordusunun gücü hesabına ərazi bütövlüyünü bərpa edir.

“Prezident İlham Əliyevin “La Repubblica”ya müsahibəsində toxunduğu ən vacib məqamlardan biri də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumlarıdır. Dövlət başçısı bu məsələyə aydınlıq gətirməklə işğalçı ölkənin terrorçu mahiyyətini növbəti dəfə ifşa etmiş oldu. Bir daha bəyan olundu ki, Ermənistan bu davranışlarla əslində Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməyib. Əsas məqsəd əhali arasında panika və xaos yaratmaq idi ki, baş verən terror hadisələrindən sonra bunun əksi baş verdi. Bu hadisələr Azərbaycan xalqının müqavimətini daha da artırdı”, - deyə deputat qeyd edib.

Ali Baş Komandan general Mirzəyevə zəng etdi

Ali Baş Komandan general Mirzəyevə zəng etdi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.

YAZTV xəbər verir ki, bu haqda dövlət başçısının tvitter hesabında məlumat paylaşılıb.

Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

YAZTV  xəbər verir ki, bu tarixi müjdəni Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.

Dövlətimizin başçısı deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Hikmət Hacıyev İranın Azərbaycana dəstəyindən yazdı

Hikmət Hacıyev İranın Azərbaycana dəstəyindən yazdı

"Qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz dostluq münasibətlərinə malikdirlər. Prezident İlham Əliyev əlaqələrimizə böyük önəm verir. İranın ərazi bütövlüyümüzə verdiyi dəstəyi ən yüksək səviyyədə ifadə edildiyi üçün yüksək qiymətləndiririk".

YAZTV xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

YAZTV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib.

“Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfislənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”, - deyə Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulayıb.

Şuşa işğaldan azad edildi

Şuşa işğaldan azad edildi

Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi!

Gözün aydın Azərbaycan!

Yaşa, yaşa Müzəffər Ali Baş Komandan!

Eşq olsun şanlı Azərbaycan Ordusuna!

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

Özbəkistan Respublikasının təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YAZTV-ə bildiriblər ki, MDB hökumət başçıları üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə, xüsusən də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda çıxış edib.

Baş nazir deyib ki, bugünkü iclasın gündəliyi iqtisadi və humanitar əməkdaşlıq da daxil olmaqla bir çox məsələlərin müzakirəsini nəzərdə tutur. Bu gün nəzərdən keçirilən sənədlərdən biri də iqtisadiyyatın və ticari-iqtisadi əməkdaşlığın inkişafına, yeni infrastruktur layihələrinin hazırlanmasına, iqtisadiyyatın rəqəmsallaşdırılmasının inkişafına, elmi, texniki və təhsil potensialının reallaşmasına yönəlmiş 2030-cu ilədək dövr üçün MDB İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsinə dair Fəaliyyət Planıdır. Azərbaycan MDB-yə üzv dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafında maraqlıdır. Ancaq qeyd etmək lazımdır ki, Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutmuş, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərimiz olmuşdur. Beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış ərazilərində əks-hücum əməliyyatına başlamışdır. Əks-hücum əməliyyatı nəticəsində bu günədək 4 şəhər, 3 qəsəbə, habelə 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

İşğal olunmuş ərazilər azad edildikcə, işğal altındakı Azərbaycan torpaqlarına qarşı barbar münasibəti sübut edən getdikcə daha çox yeni faktlar üzə çıxır. Beynəlxalq ekspertləri cəlb etməklə foto və video materiallar, həmçinin digər maddi sübutlar əsasında biz işğal olunan ərazilərdə inventarlaşma və zərərin qiymətləndirilməsi işlərini aparacağıq.

Son hadisələr başlamazdan əvvəl Azərbaycan bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı yeni müharibə başlamaq niyyəti barədə dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir. Müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə, həmçinin BMT tribunasından çıxışı zamanı Azərbaycan Prezidenti təcavüzkar dövlətin dayandırılmasının zəruriliyini bildirmişdir. MDB Hökumət Başçıları Şurasının 29 may tarixində keçirilmiş iclasında mən münaqişənin təxirəsalınmadan həll edilməsi üçün müraciət etmişdim. Ancaq təəssüf ki, bizim çağırış və müraciətlərimiz eşidilmədi.

2018-ci ildən başlayaraq Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi məqsədyönlü hərəkətləri ilə danışıqlar prosesini tamamilə məhv etməyə çalışır. Ermənistan baş nazirinin bəyanatları və hərəkətləri, o cümlədən danışıqlar formatını dəyişdirmək cəhdləri, “Qarabağ Ermənistandır və nöqtə” deməsi, Şuşa şəhərində qeyri-qanuni rejiminin rəhbəri üçün dırnaqarası andiçmə mərasiminin keçirilməsi, qondarma “parlamentin” Şuşaya köçürülməsinə dair təhrikedici qərar, hərbi könüllü dəstələrin yaradılması barədə bəyanat, işğal altındakı ərazilərdə hərbi təlimlərin keçirilməsi, eləcə də Yaxın Şərq bölgəsindən, əsasən də Suriya və Livandan olan etnik ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılması siyasəti buna sübutdur.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının işğal olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına baxmayaraq, Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi status-kvonun saxlanılmasıdır.

Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə xarici işlər nazirlərinin Moskva Bəyannaməsinin qəbul edilməsindən cəmi bir gün sonra – oktyabrın 11-i gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib.

Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları kimi qadağan olunmuş silah-sursat növlərindən istifadə edərək, Azərbaycanın cəbhə bölgələrini davamlı top atəşi altında saxlamağa davam edir. Döyüş bölgəsindən kənarda yerləşən bölgələrə də raket zərbələri endirilmişdir.

Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki infrastruktur obyekti, o cümlədən çox sayda məktəb və uşaq bağçası dağıdılmış və zədələnmişdir. Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalmışdır.

Sentyabrın 27-dən başlayaraq Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən “Tochka-U”, “Elbrus” və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 92 mülki şəxsin həlak olmasına səbəb olmuş, 404 mülki şəxs yaralanmışdır.

Gecə saatlarında Gəncə və Bərdə şəhərlərinin ballistik raketlərlə bombalanması nəticəsində 53 mülki şəxs həlak olmuş, 245 nəfər yaralanmışdır. Ermənistandan fərqli olaraq, Azərbaycanın silahlı qüvvələri mülki əhaliyə və mülki obyektlərə hücum etmir, yalnız legitim hərbi hədəfləri məhv edir.

Biz MDB-yə üzv dövlətləri Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədən Ermənistanın hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq.

Bizə və ümid edirəm ki, iclasda iştirak edən hər kəsə aydındır ki, öz ərazisindən münaqişə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərini atəşə tutmaqla, Ermənistan Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa, bununla da üçüncü dövlətləri, xüsusən də KTMT üzvü olan ölkələri münaqişəyə cəlb etməyə və hərbi əməliyyatlar coğrafiyasını genişləndirməyə çalışır.

Bir daha vurğulamaq istərdim ki, döyüş əməliyyatları Ermənistan ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində aparılır.

Onu da qeyd etmək istərdim ki, mülki aviasiyadan istifadə etməklə Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülmək üçün Ermənistana qaçaqmalçılıq yolu ilə silah təchizatı həyata keçirilir. Bu cür qanunsuz hərəkətlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və prinsiplərinə ziddir. Bundan əlavə Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən muzdlular Ermənistana aparılır.

Əli Əsədov bildirib ki, oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Azərbaycan münaqişə zonasında həlak olmuş 30-a yaxın erməni əsgər və zabitinin cəsədini birtərəfli qaydada Ermənistana ötürmüşdür. Bu, Rusiyanın vasitəçilik səyləri sayəsində mümkün olmuşdur. Bu addım humanizm prinsiplərini rəhbər tutaraq atılmışdır. Baxmayaraq ki, Ermənistan uzun müddət həlak olanların cəsədlərini təhvil almaqdan imtina edirdi.

“Azərbaycan tərəfi ardıcıl olaraq bütün səviyyələrdə gələcəkdə erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ ərazisində dinc yaşamalı olduqlarını bildirmişdir. Necə ki, minlərlə üzvü olan erməni icması Bakı da daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada və MDB-nin, habelə dünyanın digər ölkələrində dinc yaşayırlar.

Biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik. Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq azad edilməsi və bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar edilməsidir. MDB-yə üzv olan dövlətlər tərəfindən bir-birlərinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi 1991-ci il Alma-Ata Bəyannaməsi də daxil olmaqla Birliyin təməl sənədlərində təsbit edilmişdir”, - deyə Əli Əsədov qeyd edib.

Baş nazir vurğulayıb ki, Azərbaycanın heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb. Eləcə də bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik.

Əli Əsədov əminliyini bildirib ki, bugünkü iclasda qəbul olunacaq qərarlar MDB çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlığımızın səmərəsinin artırılmasına xidmət edəcək.

İlham Əliyev: İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq

İlham Əliyev: İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq

Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik.

YAZTV xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə deyib.

“Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”, - deyə dövlətimizin başçısı qeyd edib.

Vüqar Rəhimzadə: Qətnamələr kağız üzərində qalıb saraldıqca…

Vüqar Rəhimzadə: Qətnamələr kağız üzərində qalıb saraldıqca…

«Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətimizin qətiyyəti, xalqımızın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rol oynayır. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Bu faktı hər zaman qeyd etməyimiz səbəbsiz deyil. Çünki həmin sənədlərin qəbulundan ötən 27 ildə hansısa addımın atılmaması sual doğurmaya bilməz və rəsmi Bakı bu suallara daim cavab axtarıb. Təbii ki, əsas məsələ bu qətnamələrin qəbul olunub kağız üzərində qalaraq saralması deyil, onların icrasına maraq göstərilməsi, ən azından buna cəhd edilməsidir. Dövlətimizin başçısı İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində də bu məsələyə bir daha diqqəti yönəldərək belə bir reallığı açıqladı ki, münaqişənin həllində nəticənin olmaması faktı, əlbəttə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bacarmadıqlarından çox istəmədiklərini nümayiş etdirir.»

YAZTV xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, yoxsulluq məngənəsində boğulan, müstəqilliyi formal xarakter daşıyan Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə bu dərəcədə hörmətsiz yanaşmasına, ən əsası təkcə son bir ayda törətdiyi təxribatlara, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə əldə olunan humanitar atəşkəs razılaşmalarını kobud şəkildə pozmasına dünyanın səssiz qalmasının heç bir tutarlı izahı ola bilməz: «Ermənistana bu gün hansı sahədən nəzər salsaq ancaq uğursuz bir ölkə olduğunu görərik. İqtisadi böhran içərisində çapalayan bir ölkənin güclü ordudan, onun maddi-texniki bazasının möhkəm olmasından bəhs etməsi heç bir zaman inandırıcı görünə bilməz. Amma təəssüf doğuran hal budur ki, Ermənistan havadarları tərəfindən humanitar yardım adı altında bu gün də məqsədli şəkildə silahlandırılır, nəticədə müharibənin sülh danışıqları ilə əvəzlənməsi prosesi çətinləşir. Bugünkü reallıqlar, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin «hərbi həlli yoxdur» kimi bəyanatlarının da əsassız olduğunu təsdiqləyir. Ermənistanın baş naziri Nikol Paşinyan bir qayda olaraq ölkəsinin davamlı şəkildə silahlandırılmasına güvənərək problemin diplomatik həllinin mümkünsüzlüyünü bildirir.»

«Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müsahibəsində Minsk qrupunun həmsədrlərinin hazırda masada olan əsas prinsiplərin işlənib hazırlanmasında fəaliyyətini inkar etməyərək, istər bugünkü gündə, istərsə də arxada qalan 27 ildə əsas tələbin Ermənistana sanksiyaların tətbiq edilməsi olduğunu açıqladı» söyləyən V.Rəhimzadə bildirib ki, Rusiya, Fransa, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi də bütün vasitələrdən istifadə etmək imkanındadırlar. Amma unudurlar ki, bir cinayət cəzasız qalanda digər cinayətə zəmin yaranır: «Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar 30 ilə yaxın müddətdə Ermənistana sanksiyalar tətbiq etmək imkanında deyildilərmi? Bəs bu gün niyə susur, Ermənistan hakimiyyətini danışıqlar masasında oturmağa məcbur etmirlər? Nikol Paşinyanın feyk xəbərlərini bəzi hallarda reallıq kimi qəbul edən dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar gözləri ilə gördüklərini niyə inkar yolunu tuturlar? Rəsmi Bakının dünyaya ünvanladığı və cavab gözlədiyi suallar saysız-hesabsızdır. Dövlətimizin başçısının dünyanın aparıcı dövlətlərindən tələbinin əsas məğzi ondan ibarətdir ki, görəsən belə haqsızlıqlar, ədalətsizliklər onların özlərinə edilsə, necə hərəkət edər, ən əsası yenə də səssiz qalarlarmı? Bu suala cavab tapmaq üçün təkcə 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktını yada salmaq kifayətdir. Demək, bu gün dünya üçün qəbul olunan prinsiplər sırasında bu da var ki, bir dövlətin başqa dövlətin üzləşdiyi problemi ədalətli dəyərləndirməsi üçün mütləq həmin hadisəni özü yaşamalı, ədalət meyarının nə olduğunu anlamalıdır. Azərbaycan 30 ilə yaxın müddətdə özünə yalnız ikili standartlar əsasında yanaşmanı gördüyü üçün hazırda ədaləti güclü, qüdrətli ordusunun sayəsində bərpa edir. Azərbaycan Ordusu, eyni zamanda, bütün dünyaya göstərir ki, münaqişənin hərbi yolla həlli variantı var və müzəffər Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad emək gücündədir.»

Daha 16 kənd işğaldan azad edilib

Daha 16 kənd işğaldan azad edilib

Daha 16 kənd işğaldan azad edilib.

YAZTV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter”də bildirib.

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.