Wednesday, 05 Oktyabr 2022 11:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dövlət başçısı: "Bu günə qədər şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb"

Dövlət başçısı: "Bu günə qədər şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb"

Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq.

YAZTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

“Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir”, - deyə Prezident vurğulayıb.

Bu sahədə Azərbaycanın dünya miqyasında nümunəvi ölkə olduğunu bildirən dövlətimizin başçısı deyib: “Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar”.

Rusiya prezidentinin xüsusi nümayəndəsi: "Mehriban Əliyeva nəcib humanitar fəaliyyət həyata keçirir"

Rusiya prezidentinin xüsusi nümayəndəsi: "Mehriban Əliyeva nəcib humanitar fəaliyyət həyata keçirir"

“Hələ Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməmişdən əvvəl Mehriban Əliyeva MDB-nin ali mükafatı olan “Birlik ulduzu”na layiq görülmüşdü. Həqiqətən də, Mehriban xanım təkcə Azərbaycanın və postsovet məkanının ulduzu deyil. Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyəti onu bütün dünyaya tanıdıb”.

Bunu YAZTV-yə Rusiya bürosuna SSRİ və Rusiya sənətşünası, Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Onun sözlərinə görə, Mehriban Əliyeva nahaq yerə UNESCO-nun səfiri deyil. Bu adı o, Azərbaycanın beynəlxalq meydançalarda irəli sürdüyü çoxsaylı mədəni təşəbbüslərə görə alıb.

“Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edildikdən sonra xanım Əliyeva bu nəcib humanitar fəaliyyəti davam etdirir. Bu fəaliyyət təkcə mədəniyyət sahəsini deyil, həm də xeyriyyəçilik, elm və təhsillə bağlı sosial layihələri əhatə edir”, - Şvıdkoy vurğulayıb.

Rusiya prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu fəaliyyət sayəsində Azərbaycan multikultural müxtəliflik, konfessiyalararası və millətlərarası əməkdaşlıqla bağlı beynəlxalq təşəbbüslərin – forumların, konfransların keçirildiyi mərkəzə çevrilib.

“Ad günü qəlbindəki sözləri ifadə etmək üçün əla imkandır. Öz ölkəsi naminə həyata keçirdiyi nəzərəçarpan fəaliyyəti davam etdirməsi üçün xanım Əliyevaya uzun ömür və enerji arzu edirəm”, - M.Şvıdkoy deyib. (report az)

Daha bir erməni hərbçisinin meyiti təhvil verilib

Daha bir erməni hərbçisinin meyiti təhvil verilib

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə YAZTV-yə Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 649-a çatıb. (report az)

İlham Əliyev: "Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir"

İlham Əliyev: "Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir"

Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib.

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən dövlət qayğısından danışarkən bildirib.

Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.

Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. “Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər (FOTO)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvləri mənzillə təmin ediləcək - SƏRƏNCAM

Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvləri mənzillə təmin ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin; bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilir ki, bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamın 1.1-ci bəndində göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident: "Bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq"

Prezident: "Bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq"

Böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur.

YAZTV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib: “Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

Prezident qeyd edib ki, müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərir, sözün əsl mənasında, ölümə gedirdilər. “Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycanda Dairə Seçki komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib

Azərbaycanda Dairə Seçki komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib

Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib.

YAZTV-nin əldə etdiyi məlumata görə, bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib.

Bununla da DSK-ların formalaşması rəsmiləşdirilib.

Qeyd edək ki, DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi.

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1 125 üzv təyin edilib.

 
Dövlət başçısı: "Bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq"

Dövlət başçısı: "Bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq"

"BMT-nin digər təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.

"Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik", - Prezident vurğulayıb.

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Gənclik” parkının açılışında iştirak ediblər

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Gənclik” parkının açılışında iştirak ediblər

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər.

YAZTV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

YAZTV xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondunun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin olunub.

Ailəlidir, iki qızı, bir oğlu var.

Prezident: "UNESCO-nun missiyası yenə gecikir"

Prezident: "UNESCO-nun missiyası yenə gecikir"

"İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.

"Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir", - Prezident vurğulayıb