Wednesday, 27 Oktyabr 2021 01:41
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident iki ölkənin səfirinin etimadnaməsini qəbul edib

Prezident iki ölkənin səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.

YAZTV xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun da etimadnaməsini qəbul edib.

Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 22 milyon manat ayrılıb

Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 22 milyon manat ayrılıb

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamda qeyd edilir ki, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

Əlaqələrimizin hərtərəfli inkişafı və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm".

İcra hakimiyyətlərinin fəaliyyəti araşdırılacaq

İcra hakimiyyətlərinin fəaliyyəti araşdırılacaq

“İcra hakimiyyətləri ilə bağlı məsələ cəmiyyətin diqqət mərkəzindədir”.

YAZTV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc sentyabrın 2-də keçirdiyi mətbuat konfransında deyib.

“Biz qarşıdakı dövrdə bütün icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı sorğular təşkil etmək istəyirik”, - o əlavə edib.

Milli Məclisin payız sessiyasında hansı məsələlər müzakirə ediləcək?

Milli Məclisin payız sessiyasında hansı məsələlər müzakirə ediləcək?

Milli Məclisin (MM) deputatları dünən - avqustun 31-də tətildən qayıdıblar. Parlamentin payız sessiyasında komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. Milli Məclisin payız sessiyasının ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək. Payız sessiyası dekabrın 30-dək davam edəcək.

Maraqlıdır, payız sessiyasında Milii Məclisdə hansı qanun layihələri müzakirə olunacaq? Hansı məsələlər ətrafında ictimai dinləmələr keçiriləcək?

YAZTV xəbər verir ki, “Report”un əməkdaşı bu sualla parlamentin bir neçə komitə sədrinə müraciət edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Report”a açıqlamasında deyib ki, iki yeni qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq:

“Payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük. İndiki şəraitdə hesab edirəm ki, bu, çox vacib bir qanun layihəsidir. Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik. Sessiya çərçivəsində həmçinin yarımçıq qalan “Turizm haqqında” qanun layihəsinin üzərində də müvafiq icra hakimiyyəti ilə birgə işlər aparılacaq”.

Komitə sədri bildirib ki, payız sessiyasında bir neçə məsələ üzrə dinləmələr keçiriləcək:

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı dinləmə keçirəcəyik. Sosial sığorta ilə bağlı da dinləmə keçirməyi planlaşdırırıq. Həmin dinləmə zamanı xüsusilə kənd yerində yaşayan və pay torpağı olan insanların da sosial sığortaya cəlb olunması şərtlərinin yumşaldılması ilə bağlı məsələlər müzakirə ediləcək. Digər dinləmə isə məşğulluq məsələsi ilə bağlı keçiriləcək. Burada qeyri-leqal məşğulluğun aradan qaldırılması yolları araşdırılacaq. Leqal məşğulluğun təmin edilməsi, gənclərin əsasən məşğulluq istiqamətində peşə təlimlərinə cəlb edilməsi məsələsi əsas müzakirə mövzusu olacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bildirib ki, payız sessiyasında bir neçə məsələ müzakirəyə çıxarılacaq:

“Belə ki, keçən sessiyadan qalan “Lombardlar haqqında” qanun layihəsini müzakirəyə çıxarmağı planlaşdırırıq. Bundan əlavə, kabel və internet televiziyasının tənzimlənməsi ilə bağlı qanun layihəsini qəbul etməyi də nəzərdə tuturuq. Eyni zamanda qarşıdakı dövr ərzində 2021-ci ilin dövlət büdcəsi layihəsinin qəbul olunması da gözlənilir. Bu, yaxın aylarda olacaq.

Komitə sədri bir neçə məsələ ilə bağlı ictimai dinləmələrin də keçiriləcəyini diqqətə çatdırıb:

“Belə ki, innovativ sahibkarlığın dəstəklənməsi, sosial sahibkarlıqla bağlı qanun layihəsinin araşdırılması, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsinin hazırlanması üçün araşdırmalar aparılacaq. Hesab edirəm ki, bu məsələlərin effekt verməsi üçün daha çox araşdırmalar aparılmalıdır. Çünki qanun qəbul etməklə yanaşı, onun icrasını da təmin etmək lazımdır. Eyni zamanda bu gün iqtisadi cəhətdən insanları narahat edən məsələlərlə bağlı məsləhətləşmələri, ictimai dinləmələri aparmağı düşünürük”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq ötən sessiya ərzində bir neçə sənədin müzakirəsi təxirə salınmışdı:

”Ötən sessiyada qanunverici işlər planına daxil edilən “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarılmayıb. Həmin sənədə payız sessiyasında müzakirə edəcəyik. Bundan əlavə, aqrar sektor, kənd təsərrüfatı ilə əlaqədar məsələlərə baxacağıq”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, rəhbərlik etdiyi komitəyə deputatlardan bir neçə təkliflər daxil olub:

“Sentyabrın 15-dən sonra komitə iclasının keçirilməsini nəzərdə tuturuq. Həmin iclasda bir sıra təkliflərə baxılacaq, komitənin hesabatı dinləniləcək. Deputatların təkliflərini nəzərə alındıqdan sonra hansı məsələlərin komitənin gündəliyinə salınması ilə bağlı qərar qəbul ediləcək”.

Prezident İlham Əliyev Vahid Ələkbərovu ordenlə təltif edib

Prezident İlham Əliyev Vahid Ələkbərovu ordenlə təltif edib

Prezident İlham Əliyev Vahid Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin.

Azərbaycanda respondentlərin 90,8%-i Prezident İlham Əliyevə tam etibar edir

Azərbaycanda respondentlərin 90,8%-i Prezident İlham Əliyevə tam etibar edir

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.

YAZTV  xəbər verir ki, hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir.

Vətəndaşların Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədi ilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.

Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8%) təşkil edib.

Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və Silahlı Qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yükəsk qiymətləndirilib.

Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.

Respondentlərin 95,2%-i Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin nəzərə alındığı fikrindədir. Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir.

Azərbaycan Prezidenti: Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz

Azərbaycan Prezidenti: Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

YAZTV dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

“Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

“Görülmüş bütün işlər bir məqsədi güdür ki, bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, məhz bu tədbirlər nəticəsində biz minlərlə insanın həyatını qoruduq”.

“Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.

Prezident: Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq

Prezident: Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

YAZTV dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

“Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri aparılandan, beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik. Ondan sonra ümid edirəm demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.

“Hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur. Əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün gündəlik monitorinq aparılır və aparılacaqdır. Eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və burada biz əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq”.

XİN: Zöhrab Mnatsakanyanın fikirləri cəfəngiyyatdır

XİN: Zöhrab Mnatsakanyanın fikirləri cəfəngiyyatdır

"Maraqlıdır, beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq qonşu ölkənin beynəlxalq tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa maneə törədən, üstəlik öz əməlləri və bəyanatları ilə bölgədə gərginliyin artmasına xidmət edən bir ölkənin Xarici İşlər naziri bölgədə sülh şəraitinin yaradılmasından bəhs edir".

YAZTV xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan “İnterfaks” Agentliyinə müsahibəsində münaqişənin həlli prosesi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"Ermənistanın hərbi-siyasi rəhbərliyinin danışıqların mahiyyətini heçə endirən addımları bu ölkənin Xarici İşlər nazirinin bəhs etdiyi “sülh şəraitinin” yaradılmasına əsas əngəldir. Yalnız son bir ay yarım vaxt ərzində Ermənistan tərəfinin törətdiyi əməllərə nəzərə salaraq bu ölkənin təhrikçi və təxribatçı mahiyyətini aşkar şəkildə müşahidə etmək olar. Cari ilin 12-16 iyul tarixlərində Ermənistan iki dövlətin sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatını həyata keçirərək, Azərbaycan mövqelərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi etdi. Ermənistanın gücdən istifadə etməklə yeni təcavüz aktının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı.

Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə etmək istəyən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi. Bu yolla işğalçı Ermənistan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmədi. Ermənistanın hərbi siyasi rəhbərliyi Tovuz təxribatında iflasa uğradıqdan sonra bu hərbi avantürasının uğursuzluğunu kompensasiya etmək üçün digər təxribatlara əl atdı. Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat cəhdinin qarşısı alındı, qrupun rəhbəri zərərsizləşdirildi.

Son olaraq, Ermənistan Baş naziri N.Paşinyanın 29 avqust tarixində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin “nümayəndələri” ilə görüşü, Azərbaycanın hazırda hərbi işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkməsi Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişi oldu. Bütün bu sadalananlardan sonra, görəsən Z.Mnatsakanyan hansı sülhdən, bölgədə gərginliyin azaldılması üçün hansı təkliflərdən və təşəbbüslərdən danışır?

Gənc nəsli “Njdeizm” irqçi ideologiyası və faşizm dəyərləri əsasında tərbiyə edilən, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin nümayəndələrinin dünyanın müxtəlif ölkələrində Azərbaycanlılara qarşı nümayiş etdirdikləri vandalizm və nifrətə əsaslanan cinayət əməllərinin səbəbləri hamıya yaxşı bəllidir. Odur ki, xarici ölkələrdəki etnik qarşıdurmanın qarşısının alınmasını münaqişənin həllində siyasi iradə nümayiş etdirilməsi ilə əlaqələndirən erməni nazirinin bu fikirləri cəfəngiyyatdır. Çünki Ermənistan illərdir ki, bu siyasi iradəni nümayiş etdirə bilməyib. Bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpa olunması zəruridir. Ermənistan, nəhayət siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır", - o bildirib.

İlham Əliyev: "Faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik və edirik"

İlham Əliyev: "Faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik və edirik"

"Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək".

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində bildirib.

“Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, - dövlət başçısı qeyd edib.

Milli Məclisin deputatları tətildən qayıtdı

Milli Məclisin deputatları tətildən qayıtdı

Milli Məclisin (MM) deputatları bu gün - avqustun 31-də tətildən qayıdıblar.

YAZTV  xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Avqustun 30-u istirahət gününə düşdüyündən deputatlar bu gün, yəni avqustun 31-dən işə başlayırlar. Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. MM-in payız sessiyası sentyabrın 30-da başlanacaq və dekabrın 30-dək davam edəcək.