Wednesday, 27 Oktyabr 2021 00:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Saatlıya yeni icra başçısı təyin olundu

Saatlıya yeni icra başçısı təyin olundu

Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

YAZTV-nin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağı kəşf etməsi münasibətilə təbriklərini çatdırıb, bu önəmli hadisənin dost və qardaş Türkiyə xalqının rifah halının daha da yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə artıq beynəlxalq qaz mərkəzlərindən birinə çevrilib və Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyini vurğulayaraq əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Prezident: Biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik

Prezident: Biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik

Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.

YAZTV dövlətimizin başçısının tədbirdəki çıxışından bəzi məqamları təqdim edir.

“Hesab edirəm ki, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Budur bugünkü Azərbaycan reallıqları”.

“Biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik. Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır”.

“440 meqavat gücündə bərpaolunan enerji növlərinin Azərbaycanda yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat pul qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, Azərbaycanın gələcəyinə, sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür”.

“Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik, onları cəlb etmək istəyirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan elektrik stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər”.

Ermənistandan Azərbaycana qarşı növbəti təxribat

Ermənistandan Azərbaycana qarşı növbəti təxribat

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2020” yarışmalarında Ermənistan Azərbaycana qarşı təxribat törədib.

Təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb.

Azərbaycan Respublikasının milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub.

Azərbaycan nümayəndə heyyəti artıq təşkilatçılara bu barədə öz narazılıqlarını bildirib.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar bu gün başlayıb və sentyabrın 5-nə kimi davam edəcək. (Report)

Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür

Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsinin ildönümüdür.

YAZTV xəbər verir ki, işğaldan 27 il ötür.

Ərazisi 1 050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.

Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.

Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2 000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139 393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125 368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var.

Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1 100-dən artıq şəhid verib, 1 450 rayon sakini əlil olub.

XİN: Azərbaycan terrorun bütün forma və təzahürlərini pisləyir

XİN: Azərbaycan terrorun bütün forma və təzahürlərini pisləyir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Terror Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə terror qurbanlarını anıb.

YAZTV xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində bildirilib.

"Terror Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə terror qurbanlarını ehtiramla anırıq. Erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan terrorizmi hər cür formada və təzahürdə qətiyyətlə pisləyir və onunla mübarizə səylərini dəstəkləyir!", - qeyd olunub.

Siyavuş Novruzov istefa verdi

Siyavuş Novruzov istefa verdi

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

YAZTV xəbər veri ki, bu barədə YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

YAP Siyavuş Novruzova töhmət verdi

YAP Siyavuş Novruzova töhmət verdi

COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Bu barədə YAZTV-ə YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.

İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub

İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı, həmçinin, 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.

Siyavuş Novruzov: " Ramiz Mehdiyev bizə yalan məlumat verib, aldatdı"

Siyavuş Novruzov: " Ramiz Mehdiyev bizə yalan məlumat verib, aldatdı"

"Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır. Belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir".

YAZTV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov özünün "facebook" səhifəsində yayıb.

S.Novruzov təəssüflə qeyd edib ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol veriblər: "Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq.

Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.

Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar".

S.Novruzov qeyd edib ki, Ramiz Mehdiyevlə uzun illər ərzində fəaliyyəti zamanı münasibətləri kifayət qədər soyuq olub: "Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir".

İranın yeni səfiri Bakıya gəlib

İranın yeni səfiri Bakıya gəlib

İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Bakıya gəlib.

YAZTV xəbər verir ki, hava limanında səfiri İran İslam Respublikasının ali liderinin Azərbaycandakı nümayəndələri və rəsmi şəxslər qarşılayıblar.

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb

Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və amerikalar üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

YAZTV  xəbər verir ki, Dövlət Naziri Vendi Morton Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə ediblər.

C.Bayramov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı barədə məlumat verib və bu təxribatın Ermənistan rəhbərliyinin münaqişənin həlli üzrə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü açıq şəkildə nümayiş etdirdiyini bildirib.

V.Morton, öz növbəsində, bölgədə gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.