Wednesday, 27 Oktyabr 2021 01:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur

Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur

Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.

YAZTV-nin xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulamışdır. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd etmişdir.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunmuşdur.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik etmişdir.

Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi

Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamda bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının Baş Naziri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri.

Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür

Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür

Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

YAZTV xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

Nazir deyib:

"Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik".

Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik".

“İstintaqa çağırılmamışam” - Nazir müavini

“İstintaqa çağırılmamışam” - Nazir müavini

"Mən istintaqa çağırılmamışam. Ümumiyyətlə, nə bu gün, nə də bundan əvvəl heç bir orqana dəvət edilməmişəm və heç bir ifadə verməmişəm".

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

R.Həsənov bildirib ki, mediada onun DTX-də istintaqa çağırılması və fəaliyyətinin araşdırılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir: "Ümumiyyətlə, mənim fəaliyyət sahəm tamam başqadır. Mətbuat bu cür məlumatları tirajlayarkən dəqiqləşdirmə aparmalıdır. Bu, tamamilə yanlış məlumatdır və mətbuatın dəqiqləşdirmədən belə xəbərləri yazmasına təəssüf edirəm".

Qeyd edək ki, "Musavat.com" Xarici İşlər nazirinin iki müavininin bu gün DTX-də saatlarla istintaq altında olması barədə xəbər yayıb. Xəbərdə qeyd olunub ki, Xarici İşlər nazirinin müavinləri Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-yə çağırılıb və saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində bu il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə əməkdaşı saxlanılıb. Daha sonra saxlanılanlar barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Bu hadisələrdən bir qədər sonra Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad edilib. (APA)

Prezident Bakıya gətirilən yeni taksilərlə tanış oldu - FOTOLAR

Prezident Bakıya gətirilən yeni taksilərlə tanış oldu - FOTOLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Dövlətimizin başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib.

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.

Prezident Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

Prezident Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hakan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

YAZTV xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

Avqustun 12-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAZTV xəbər verir ki, iclasda pamdemiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gördüyü işlər barəsində qısa məlumat verildi. Qeyd edildi ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Yeni Azərbaycan Partiyası da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirmişdir.

İclasda Yeni Azərbaycan Partiyasının Nəsimi, Ağdaş və Ağdam rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənilmişdir.

İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyəti qənaətbəxş hesab edilmiş, onların gələcək fəaliyyətinə dair tövsiyyələr verilmişdir.

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.

Ceyhun Bayramov: "Terrorçuluğu qətiyyətlə pisləyirik"

Ceyhun Bayramov: "Terrorçuluğu qətiyyətlə pisləyirik"

“Türkiyə Xarici İşlər Nazirliyində terror aktları nəticəsində həlak olan, o cümlədən erməni terrorçuluğunun qurbanı olan şəhid diplomatlara həsr edilmiş xatirə lövhəsi ilə tanış oldum. Terrorçuluğu qətiyyətlə pisləyir, şəhidlərə Allahdan rəhmət diləyirik!”.

YAZTV xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter” səhifəsində yazıb.

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

YAZTV-nin məlumatına görə, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1888) aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci maddədə hər iki halda “128 235 400,0” rəqəmləri “151 235 400,0” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddə üzrə:

2.1. 1.1-ci və 1.2-ci bəndlərdə “17 834 800,0” rəqəmləri “17 662 900,0” rəqəmləri ilə əvəz edilsin;

2.2. 1.3-cü bənddə “76 200 000,0” rəqəmləri “76 543 800,0” rəqəmləri ilə əvəz edilsin;

2.3. 3-cü hissədə “16 335 800,0” rəqəmləri “39 335 800,0” rəqəmləri ilə əvəz edilsin.

3. 3-cü maddə üzrə:

3.1. 1-ci hissədə “5 000 000,0” rəqəmləri “10 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “5 000 000,0” rəqəmləri “7 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.3. 5-ci hissədə “2 000 000,0” rəqəmləri “3 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.4. 6-cı hissədə “63 735 400,0” rəqəmləri “78 735 400,0” rəqəmləri ilə əvəz edilsin.

Ceyhun Bayramov ermənilərin təxribatı ilə bağlı “CNN Türk”ə danışdı

Ceyhun Bayramov ermənilərin təxribatı ilə bağlı “CNN Türk”ə danışdı

“Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirməsi öz əhalisinin diqqətini yayındırmaq olub”.

YAZTV xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “CNN Türk”ə müsahibəsində deyib.

“Azərbaycan-Ermənistan arasında olan son gərginlikdə 12 iyul tarixindən başlayaraq Tovuz rayonu istiqamətində Ermənistan qüvvələri təxribata yol veriblər. Bu təxribatla işğalçı ölkə Dağlıq Qarabağdan kənar bölgədə yeni bir alovlanma ocağının yaranmasına, üzvü olduğu təşkilatın ölkələrini gərginliyə qatmağa çalışırdı. Eyni zamanda Ermənistanın gərgin daxili vəziyyəti, koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha da ağırlaşdığı zaman əhalinin diqqətini kənar məsələlərə yayındırmaq, danışıqların mahiyyəti üzrə aparılmasına mane törətmək və o cümlədən biz düşünürük ki, o bölgədən keçən neft-qaz boru kəmərləri, regional məna kəsb edən dəmiryolu layihələri Ermənistanın qarşısında qoyduğu məqsəd idi. Bu həmin Ermənistandır ki, ASALA, həm digər terror təşkilatlarını dəstəkləməklə bir çox aktlarını dünyada həyata keçirib və qardaş Türkiyə də həmin terror aktlarının qurbanı olub”, - nazir bildirib.

Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam

Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam

 
Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
 
2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.
 
Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.
 
Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.
 
YAZTV xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
 
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.