Wednesday, 10 Avqust 2022 21:21
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
MN: Erməni hərbçilərin mühasirəyə alınması barədə məlumatlar əsassızdır

MN: Erməni hərbçilərin mühasirəyə alınması barədə məlumatlar əsassızdır

"Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərinin Azərbaycanın Laçın rayonu ilə sərhəd ərazisindəki Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən guya mühasirəyə alınması və istənilən an ermənilərin postlarını itirə biləcəyi barədə bu ölkənin yaydığı məlumatın əsası yoxdur".

Bu barədə YAZTV Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu, şişirdilmiş və təhrif olunmuş xəbərdir: "Bildiririk ki, Ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasındakı mövqelərdə dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur.

Ermənistanda bu kimi xəbərləri yayan dairələri əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırmamağı və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları işğaldan azad olunduqdan sonra həmin rayonlar boyunca iki ölkənin dövlət sərhədində Azərbaycan hərbi qulluqçularının sivil qaydada xidməti fəaliyyətini həyata keçirmə rejiminə artıq öyrəşməyi və həmişəlik adət etməyi tövsiyə edirik", - nazirlikdən bildirilib.

Prezident Türk Şurasının dövlət başçılarına II Qarabağ müharibəsi haqqında məlumat verdi

Prezident Türk Şurasının dövlət başçılarına II Qarabağ müharibəsi haqqında məlumat verdi

"Bu gün isə fürsətdən istifadə edərək, II Qarabağ müharibəsi haqqında məlumat vermək istərdim. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir".

YAZTV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.

"Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir.

 

 Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu, özlüyündə göstərir ki, Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi. Ondan başqa, Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, hərbi məğlubiyyətdən sonra vəzifədən azad edildi, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüş əsnasında bəyan etmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Bu, faktiki olaraq, Azərbaycana qarşı çox ciddi, təxribat xarakterli bir addım idi. Bizi hədələyən keçmiş müdafiə naziri hərbi məğlubiyyətə görə vəzifədən uzaqlaşdırıldı", - dövlət başçısı bildirib.

Türk Şurası ölkələri liderlərinin Zirvə görüşü başlayıb

Türk Şurası ölkələri liderlərinin Zirvə görüşü başlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşü başlayıb.

YAZTV xəbər verir ki, videokonfrans formatında keçirilən Zirvə Görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatılıb.

Zirvə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq.

Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.

"Türk Şurası ilə bağlı sənəd qəbul etməliyik" - Nazarbayev

"Türk Şurası ilə bağlı sənəd qəbul etməliyik" - Nazarbayev

Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik.

YAZTV xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev Türk Şurası liderlərinin qeyri-rəsmi zirvəsində deyib.

O bildirib ki, humanitar və mədəni inkişafla yanaşı, dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər:

“Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməyimiz vacibdir”.

N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üçün çalışmalıdırlar. (unikal org)

Azad edilmiş torpaqlarda hər şey dağıdılıb - İlham Əliyev

Azad edilmiş torpaqlarda hər şey dağıdılıb - İlham Əliyev

"Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar".

YAZTV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.

"Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir", - dövlət başçısı bildirib.

Ramazan bayramından sonra Şuşanı ziyarət edəcəyik - Ərdoğan

Ramazan bayramından sonra Şuşanı ziyarət edəcəyik - Ərdoğan

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün davam edən müharibə ilə 30 illik işğala son qoydu. Qarabağ ana vətənlə təkrar qucaqlaşdı.

YAZTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağılıb. Eyni zamanda, kilsələr də tar-mar edilib.

Ərdoğan xatırladıb ki, bu gün həm də azərbaycanlı qardaşlarımızın ermənilər tərəfindən soyqırımına məruz qaldığı bir gündür: "Qətl edilən on minlərlə qardaşımızı rahmətlə yad edirik. Qarabağdakı türk mirasının qorunması üçün Azərbaycanın yanında olmağa davam etməyimiz çox önəmlidir. Bütün məcburi köçkünlərin tezliklə qayıtmasını diləyirəm".

R.T.Ərdoğan, həmçinin qeyd edib ki, Ramazan bayramı sonrası Prezident İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək niyyətindədir.

31 mart vəhşəti illər keçsə də, unudulmayacaq - Spiker

31 mart vəhşəti illər keçsə də, unudulmayacaq - Spiker

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi feysbuk səhifəsində paylaşım edib.

YAZTV-nin xəbərinə görə, paylaşımda deyilir:

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə erməni dəstələri tərəfindən Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu vəhşətin acısı illər keçsə də, unudulmayacaq. Soyqırımına məruz qalmış bütün sakinlərimizi və şəhidlərimizi dərin hüznlə yad edirik!”.

İlham Əliyev: Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək

İlham Əliyev: Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək

"İlk növbədə, Zirvə görüşünün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Nursultan Abışoviç Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. Nursultan Abışoviç Nazarbayev Türk Şurasının fəxri sədri kimi çox fəal iş aparır və bu Sammitin keçirilməsi bunun bariz təsdiqidir".

YAZTV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.

"Bugünkü Zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, Zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, üzv ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır.

Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəkdir", - dövlət başçısı bildirib.

Şoyqunun müavini Xankəndiyə gəldi: Aprelin 5-dən gec olmayaraq...

Şoyqunun müavini Xankəndiyə gəldi: Aprelin 5-dən gec olmayaraq...

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndiyə gəlib.

YAZTV xəbər verir ki, Xankəndidə o, sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib.

Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib:

“Hazırda Dağlıq Qarabağda (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir. Aprelin 5-dən gec olmayaraq, onların hamısı istifadəyə veriləcək”. (publika az)

Prezident İlham Əliyev Ərdoğana xüsusi təşəkkür edib

Prezident İlham Əliyev Ərdoğana xüsusi təşəkkür edib

Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm.

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışında II Qarabağ müharibəsi haqqında məlumat verərkən deyib.

Dövlət başçısı bildirib:

"Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər".

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə çıxış edib

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə çıxış edib

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir.

YAZTV xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq iştirakçıları salamlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Tədbirdə, həmçinin Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak edirlər.

XİN 31 mart Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

XİN 31 mart Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

YAZTV-nin məlumatına görə, bəyanatda deyilir: "31 mart, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.

103 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.

Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.[1]

Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirdi. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməsini həyata keçirdi.

Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırım aktları, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi.

Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı.

Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdi".