Wednesday, 10 Avqust 2022 21:06
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir - Mehriban Əliyeva

Bu, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir - Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

YAZTV-nin məlumatına görə, paylaşımda deyilir:

"Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Nazirlik fermerlərə SMS göndərir

Nazirlik fermerlərə SMS göndərir

Azərbaycanda iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar ilk pilot layihə uğurla həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, pilot layihə ilk dəfə Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında tətbiq olunub.

Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən beş stansiya fəaliyyətə başlayıb. İlkin mərhələdə hədəf bitkilər olaraq alma, gilas, nektarin, şaftalı və üzüm bitkiləri müəyyən olunub.

Mart ayında iqlim stansiyalarının əhatə dairəsində olan kəndlərdə alma, gilas, nektarin və şaftalı sahələri üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında qeydiyyatda olan 5 800-dən atıq fermerə baş verə biləcək risklər barədə SMS bildirişlər göndərilib.

Eyni zamanda, risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı “Telegram” kanalı yaradılıb və fermerlərin bu kanala cəlb edilməsi üçün mütəmadi işlər aparılır.

İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Bu sistemin köməkliyi ilə fermerlərə meyvə bağlarında üzləşə biləcəkləri risklərlə bağlı SMS bildirişlər göndərilir.

“Azərbaycan Hava Yolları”nın Müşahidə Şurasının tərkibi təsdiq edilib

“Azərbaycan Hava Yolları”nın Müşahidə Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

"Ermənistanın cəzasızlığına son qoyulmalıdır" - Ceyhun Bayramov

"Ermənistanın cəzasızlığına son qoyulmalıdır" - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib.

YAZTV xəbər verir ki, XİN başçısı tvitter səhifəsində yazıb:

“Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistanın tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.

Cəmil Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Cəmil Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Cəmil Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Terrorizm və separatizmə qarşı birgə səylərin davam etdirilməsi son dərəcə vacibdir - Nazir

Terrorizm və separatizmə qarşı birgə səylərin davam etdirilməsi son dərəcə vacibdir - Nazir

Terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanda "Asiyanın Qəlbi - İstanbul Prosesi"nin 9-cu Nazirlər Konfransında çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, bu Nazirlər Konfransı, İstanbul Prosesi çərçivəsində görülən mühüm işləri qiymətləndirmək və Əfqanıstanın və bütün Asiyanın qəlbi bölgəsinin üzləşdiyi ciddi problemlərin həlli istiqamətində ortaq səylərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından yaxşı fürsət təqdim edir:

“Buna görə də, hazırkı konfransı qonşuları ilə sülh şəraitində olan Əfqanıstanın təhlükəsizliyinin və çiçəklənməsinin təmin edilməsi ortaq məqsədimizə çatmaq üçün bütün iştirakçı ölkələrin, eləcə də dəstək verən dövlətlərin və beynəlxalq təşkilatların güclü öhdəlikləri əlaməti olaraq qiymətləndiririk.

Biz Əfqanıstanın sabitləşməsini, dinc yolla yenidən qurulmasını və inkişafını ikitərəfli səylər və çoxtərəfli platformalarda fəal iştirak yolu ilə dəstəkləməyə sadiq qalırıq.

Bu anlayışa əsaslanaraq, biz Əfqanıstan daxili sülh danışıqlarını yaxından izləyirik və ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq”.

Nazir vurğulayıb ki, Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh, barışıq, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır:

“Azərbaycan mövcud problemlərin öhdəsindən gəlmək səylərində Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir. 2012-ci ildə bu Prosesə qoşulduqdan bəri biz bu çoxtərəfli platformada fəal iştirak edirik. Azərbaycan iki Etimad Quruculuğu Tədbirində, yəni Regional İnfrastrukturlar və Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirlərində müvafiq olaraq Türkmənistan və Rusiya Federasiyası ilə birlikdə aparıcı ölkə qismində çıxış edərək İstanbul Prosesini daha da irəli aparmağa sadiq qalır.

Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclara əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Biz o fikirdə qalırıq ki, Əfqanıstanın rifahı və tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır. Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir.

Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Azərbaycan təhsil və təlim, infrastrukturun inkişafı, investisiya və maliyyə yardımı sahələrində praktiki töhfələri artıraraq, Əfqanıstanı özünə güvənmə yolunda dəstəkləməyə sadiq qalır”.

DİN-də yeni TƏYİNAT

DİN-də yeni TƏYİNAT

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

YAZTV-nin məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Hüseynov İbrahim Gəncə şəhər Baş Polis İdarəsinin Təşkilati İnspektor şöbəsinin rəis müavini təyin edilib.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin təhqiqat bölməsində təhqiqatçı işləyib.

Məzahir Pənahov “Şərəf” ordeni ilə təltif edilib

Məzahir Pənahov “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Məzahir Pənahovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məzahir Məhəmməd oğlu Pənahov “Şərəf” ordeni ilə təltif edilsin.

XİN Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərlə bağlı vətəndaşlara müraciət edib

XİN Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərlə bağlı vətəndaşlara müraciət edib

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının aprelin 1-dən etibarən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahəti barədə məlumat yayıb.

YAZTV-nin məlumatına görə, açıqlamada deyilir: "10 dekabr 2020-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilmiş və protokol 1 aprel 2021-ci il tarixində qüvvəyə minir.

Beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqdır.

​Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə Respublikasının ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə Respublikasının ərazisinə daxil olmaq üçün Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir.

Bu mənada, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan Respublikasının ərazisindən Türkiyə Respublikasına birbaşa səyahətlər üçün istifadə ediləcəkdir.

Həmçinin, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

​Eyni zamanda, Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.

Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə Respublikası ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür".

Ermənistan ATƏT büdcəsinin qəbul edilməsini əngəlləyir

Ermənistan ATƏT büdcəsinin qəbul edilməsini əngəlləyir

Ermənistan ATƏT-in büdcəsinin, habelə ATƏT-in Ukraynadakı Xüsusi Nəzarət Missiyasının qəbulu prosesini əngəlləyib.

YAZTV xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib. Qeyd olunur ki, bu cür hərəkətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına ciddi zərbə vurur.

Məlum olduğu kimi, Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib bir “uğur hekayəsi”dir. Büdcəsi 100 milyon avrodan çox olan missiyanın fəaliyyətində 1000-dən çox əməkdaş iştirak edir. Lakin missiyanın səlahiyyət müddəti 31 martda başa çatır və bu tarixə qədər onun uzadılması barədə qərar qəbul edilməzsə, missiyanın fəaliyyəti avtomatik olaraq sona çatacaq.

Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Məntiqi olaraq Ermənistanın bu addımı Qərbin də ciddi narazılığına səbəb olur.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin son dövrlərdəki fəaliyyəti və Azərbaycana qarşı getdikcə aqressiv açıqlamaları Ermənistanın baş naziri Nikol Paşinyanın XİN-ə nəzarət etmədiyi düşüncəsini yaradır.

Ermənistan Xarici İşlər Nazirliyinin bu cür destruktiv fəaliyyəti müstəqil, yoxsa xarici təsir altında aparması isə açıq sual olaraq qalır. (trend az)

“Azərbaycan Dəmir Yolları”nın fəaliyyətinə Müşahidə Şurası nəzarət edəcək - SƏRƏNCAM

“Azərbaycan Dəmir Yolları”nın fəaliyyətinə Müşahidə Şurası nəzarət edəcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

YAZTV xəbər verir ki, Sərəncamla “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alınır:

1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563; 2015, № 9, maddə 1009; 2016, № 2 (II kitab), maddə 336; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “Cəmiyyəti” sözündən sonra “(bundan sonra ‒ Cəmiyyət)” sözləri əlavə edilsin;

1.2. 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

3.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

3.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

3.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Prezident İlham Əliyev Bakıda 4 saylı DOST mərkəzinin açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev Bakıda 4 saylı DOST mərkəzinin açılışında iştirak edib (FOTO)

Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonunda yerləşən 4 saylı DOST mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış oldu.