Friday, 28 Yanvar 2022 19:48
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İlham Əliyev: "Faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik və edirik"

İlham Əliyev: "Faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik və edirik"

"Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək".

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində bildirib.

“Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, - dövlət başçısı qeyd edib.

Milli Məclisin deputatları tətildən qayıtdı

Milli Məclisin deputatları tətildən qayıtdı

Milli Məclisin (MM) deputatları bu gün - avqustun 31-də tətildən qayıdıblar.

YAZTV  xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Avqustun 30-u istirahət gününə düşdüyündən deputatlar bu gün, yəni avqustun 31-dən işə başlayırlar. Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. MM-in payız sessiyası sentyabrın 30-da başlanacaq və dekabrın 30-dək davam edəcək.

Deputatlar tətildən qayıdır

Deputatlar tətildən qayıdır

Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.

YAZTV xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.

MM-in payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

Əlaqələrimizin hərtərəfli inkişafı və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm".

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

YAZTV xəbər verir ki, bəyanatda deyilir:

“1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 nəfər Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100 nəfərdən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib. Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpaqlarımız olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu da daxil olmaqla ətraf 7 rayonu işğal etməsi, münaqişənin məhz Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə ilhaq etmək niyyətindən qaynaqlandığını sübut edir. Son illərdə Ermənistan tərəfindən Qubadlı da daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin daha da gücləndirilməsi onu göstərir ki, Ermənistan ərazilərimizi işğal altında saxlamaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər”.

Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurdu

Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurdu

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətini dondurub.

Avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür heç bir məlumat yoxdur.

Belə ki, Ombudsmanın rəsmi internet resursu olan //www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olub. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Baxmayaraq ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumatların yayıldığı günədək, demək olar ki, S.Əliyevanın keçirdiyi görüşlər, tədbirlər, qəbullar və bütövlükdə təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Həmçinin, avqustun 20-dək Ombudsmanın Regional mərkəzləri də, demək olar ki, hər gün müxtəlif mövzuda onlayn görüşlər keçirib. Amma görünən odur ki, hazırda Ombudsmanın və onun regional nümayəndələri fəaliyyətini dondurub. Böyük ehtimalla hazırda Ombudsmanın şəxsən özünün və Milli Preventiv Qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr dayandırılıb, yaxud baş çəkmələr həyata keçirilsə də bu barədə ictimaiyyətə məlumat verilmir.

Mətbuat nümayəndələri dəfələrlə S.Əliyeva ilə əlaqə saxlamağa çalışsalar da, onun telefon zənglərinə cavab vermədiyi və yaxud da həmin nömrələri “blok” siyahısına əlavə etdiyi müşahidə olunub.

Bununla da, karantin qaydalarını kobud şəkildə pozan Müvəkkil özünü ictimaiyyətdən tam təcrid edib.

Bundan əlavə, məlum toyda rəqs görüntüləri də yayılan S.Əliyevanın bu dəfə özü ilə yanaşı geyindiyi libası və zinət əşyaları da müzakirə mövzusuna çevrilib. Sosial mediada onun məşhur “Valentino” brendindən olan libasının qiymətinin 2 860 dollardan (4 862 manat) başladığı bildirilib. Eyni zamanda, Ombudsman məşhur İtaliya brendi “DAMIANİ”yə məxsus bahalı sırğalarına görə də tənqid olunub. Qeyd olunub ki, çəhrayı rəngli yaqut və brilyant daşlarla bəzədilən sırğanın qiyməti 20 705 dollardır (35 200 manat).

Maraqlıdır ki, Müvəkkil sosial mediada və mətbuatda onun haqqında yayılan tənqidlərə heç bir münasibət bildirməyib. Sosial şəbəkə istifadəçiləri isə karantin qaydalarını kobud şəkildə pozan S.Əliyevanın istefasını tələb edir. Bundan əlavə, onun ən azından etdiyi səhvə görə Azərbaycan xalqından üzr istəməsi tələb edilib. Baxmayaraq ki, S.Əliyeva ilə birlikdə məlum toy mərasimində iştirak edən həyat yoldaşı deputat Siyavuş Novruzov 3 dəfə cəzalandırılıb. Ona birinci dəfə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən töhmət elan edilib. Daha sonra İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimələnib. Bununla yanaşı, YAP rəhbərliyi Siyavuş Novruzovu partiyanın İcra katibinin müavini postundan göndərib. (Report)

Prezident İlham Əliyev Vahid Ələkbərovu ordenlə təltif edib

Prezident İlham Əliyev Vahid Ələkbərovu ordenlə təltif edib

Prezident İlham Əliyev Vahid Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin.

Ermənilərin Qubadlını işğal etməsindən 27 il ötür

Ermənilərin Qubadlını işğal etməsindən 27 il ötür

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.

YAZTV  xəbər verir ki, Qubadlının işğalından 27 il ötür.

Ermənilər 1993-cü ilin avqustun 31-də rayonu işğal ediblər.

Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər olub. Hazırda rayonun əhalisi 40 min nəfərə yaxındır (01.10.2019-cu ilə оlan мəlumata görə 38 289 nəfər idi). Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra hakimiyyəti, digər icra strukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6 247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

XİN bəyanat yayıb

XİN bəyanat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

YAZTV-nin xəbərinə görə, bəyanatda deyilir:

Bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyidləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xatırladırıq ki, Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışığa nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası bu istiqamətdə milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcəkdir.

Xarici İşlər Nazirliyi Ballıqaya kəndində törədilmiş insanlıq əleyhinə cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edir.

Prezident: Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq

Prezident: Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

YAZTV dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

“Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri aparılandan, beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik. Ondan sonra ümid edirəm demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.

“Hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur. Əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün gündəlik monitorinq aparılır və aparılacaqdır. Eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və burada biz əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq”.

Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri ilə görüşüb

Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri ilə görüşüb

Xarici İşlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud Əbdüləziz Əlrumini qəbul edib.

YAZTV-nin məlumatına görə, nazir Azərbaycan ilə Küveyt arasında dərin tarixi köklərə dayanan və dostluq prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib.

C.Bayramov bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir naziri Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və bu xüsusda Küveyt xarici işlər nazirinin səmimi təbriklərini çatdırıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələsinə dair fikir mübadiləsi aparıblar.

C.Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt səfirinə məlumat verərək bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin Küveyt tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikasının haqlı mövqeyinin hər zaman dəstəkləndiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır

Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Ordumuzun operativ cavab tədbirləri nəticəsində düşmən böyük itki verərək geri oturdulub.

YAZTV xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

Regionda böyük qüvvələrin maraqlarının toqquşmasının, habelə Ermənistan rəhbərliyinin öz xalqına xəyanətinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olunmasına maneə törətdiyini deyən deputat bildirib: “Azərbaycan rəhbərliyi uğurlu daxili və xarici siyasətini davam etdirməklə bir daha bölgədə sülhün qorunması, insan itkisinin olmaması, işğal altındakı ərazilərin qeyd-şərtsiz azad edilməsi istiqamətində səylə çalışır.

Xüsusilə də COVID-19 pandemiyasının vurduğu zərərin aradan qaldırılması, Azərbaycan vətəndaşının sağlamlığının qorunması, eləcə də təcavüz nəticəsində sərhəd bölgələrdə yerləşən rayon və kəndlərimizə dəymiş ziyanın operativ qaydada aradan qaldırılması diqqət mərkəzindədir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 20 iyul tarixli Sərəncamı ilə İşçi Qrupu formalaşdırılıb, rayon və kəndlərdə əhaliyə, infrastruktura dəymiş ziyanın dövlət tərəfindən kompensasiya olunması qərara alınıb. Xüsusilə də Tovuz rayonunun altı kəndində normal həyata qayıdışı bərpa etmək üçün təxirəsalınmaz işlərin görülməsi, əhalinin bir-birinə yaxından kömək göstərməsi xalqımızın əzmkarlığını və Vətənə sevgisini bir daha ifadə edir.

Avqustun 25-də Azərbaycanın Tovuz rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 450 min manat vəsaitin ayrılması hökumətin əhalinin həyat şəraitinin təmin olunmasına dəstəyini nümayiş etdirir.

“İstər canını fəda edərək şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ailələrinin, istərsə də öz ata-baba yurdundan didərgin düşən vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün dövlət bütün imkanlarını səfərbər edərək ardıcıl işlər aparır. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır”, - deyə M.Əfəndiyev qeyd edib.