Wednesday, 25 May 2022 18:07
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi

Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamda deyilir:

1. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
2.2. həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub

Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub

Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

YAZTV xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.

Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub: "Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib".

Rəsmi Bakı bəyanat yaydı

Rəsmi Bakı bəyanat yaydı

Öncə qeyd etmək istərdik ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb. Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər.

YAZTV xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

"Vurğulamaq istərdik ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.

Əlbəttə, onu da qeyd etməliyik ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi.

Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı", - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.

“Paris qondarma “DQR”i tanımır” - Fransa XİN

“Paris qondarma “DQR”i tanımır” - Fransa XİN

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

YAZTV TASS-a isitnadən xəbər verir ki, bu barədə Fransa XİN-in yaydığı bəyanatda bildirilir.

"Noyabrın 25-də Senat Fransa hökumətini öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl aparılan müzakirələr zamanı Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan məsələ ilə bağlı Fransa hökumətinin mövqeyini xatırladıb - Fransa öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımır", - deyə bəyanatda qeyd olunur.

Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi

Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

YAZTV-nin məlumatına görə, Qanunla Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Ordumuz düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev

Ordumuz düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev

Müharibədə məğlubiyyətə uğrayan Ermənistan uzun illər ödəməli olacağı borca düşməklə yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi. Kapitulyasiyanın şərtlərinə uyğun olaraq, əvvəlcə, Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə - yəni, bu gündən etibarən ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu. Bir məqamı vurğulamaq lazımdır ki, Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, habelə Kəlbəcər rayonunu düşmən döyüşsüz təhvil vermək məcburiyyətində qaldı.

YAZTV bildirir ki, bu sözləri Trend-ə Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Adil Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev dediyi kimi, biz bu əraziləri bir mərmi belə atmadan geri qaytardıq. Təbii ki, bu gün Ermənistanın Ağdam və Kəlbəcər rayonlarını geri qaytarması düşmənin öz istəyi ilə baş vermədi. Belə ki, Ermənistanın işğalçılıq siyasətini tanıyan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcuddur. Ermənistan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altındakı ərazilərimizi qeyd-şərtsiz boşaltmalı idi. Lakin Ermənistan bütün tələblərə zidd olaraq heç bir öhdəliyini yerinə yetirmədi. Əksinə, Ermənistanın baş naziri özünü “fövqəlgüc” hesab edərək, Azərbaycana qarşı 7 şərt irəli sürməkdən çəkinmədi. Ermənistan tərəfinin həyata keçirdiyi təxribatlar, hücumlar təcavüzkara əsl dərs verilməsinin zamanının gəldiyini aşkar şəkildə dünyaya göstərdi.

Təxribatların qarşısını almaq, eyni zamanda, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlubiyyətə uğratdı.

Təbii ki, güclü ordumuzun döyüş meydanında qazandığı zəfər diplomatik səviyyədə mövqeyimizi daha da gücləndirdi. Ermənistanın xarici dövlətlərdən imdad diləməsi heç bir nəticə vermədi. Siyasi təzyiqlərə tabe olmayan qətiyyətli və müdrik Prezident İlham Əliyevin uğurlu diplomatik mövqeyi sayəsində bütün çətinliklər dəf edildi, siyasi üstünlüyümüz daha da möhkəmləndi. Düşmənin imzaladığı kapitulyasiya aktı Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil almağımızı şərtləndirdi.

“Bu gün yalnız əbədi və əzəli torpaqlarımızın geri qaytarılmasında söhbət getmir. Xüsusilə vurğulamaq lazımdır ki, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 nömrəli qətnaməsinin icrası idi. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 nömrəli qətnaməyə əsasən, işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcər də qeyd-şərtsiz azad edilməli idi. Lakin Ermənistan Dağlıq Qarabağla bağlı qəbul olunmuş digər 3 qətnamə kimi, həmin sənədin tələblərini də yerinə yetirməkdən imtina etdi. Beləliklə, bizim dədə-baba torpaqlarımızda erməniləşdirmə siyasəti və qanunsuz məskunlaşdırma prosesi davam etdirildi”, - deyə Milli Məclis sədrinin müavini bildirib.

Adil Əliyev diqqətə çatdırıb ki, qətnamələrin icrasına məsul beynəlxalq qurumlar isə sanki bunu görməzdən gəlirdi. Nəticədə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında bildirdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edir və bununla yanaşı, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ərazimizə ayrı-ayrı ölkələrin vətəndaşlarını, o cümlədən muzdlu döyüşçüləri yerləşdirir. Lakin təəssüf ki, bu gün Ermənistana yardım göstərən və BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa başda olmaqla, digər ölkələr də bu təcavüzün qarşısının alınması, işğalçılıq siyasətinə son qoyulması üçün heç bir səy göstərmədi.

“Göründüyü kimi, BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi. Bunu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ən yüksək, mükəmməl səviyyədə bacardı. Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi. Demək ki, vaxtında kifayət qədər təzyiqlər olsaydı, Ermənistan bu ərazini illər əvvəl tərk edərdi”, - söyləyən A.Əliyev vurğulayıb ki, bu gün məğlub olmuş düşmən nəhayət anladı ki, Azərbaycan Respublikasının Prezidenti həm də dünyanın ən öndə gedən liderlərindən biridir. Dövlətimizin başçısı istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsini qarşısına əsas hədəf olaraq qoymuşdu və hazırda bunu çox böyük müdriklik və qətiyyətlə reallaşdırır.

Eşq olsun Müzəffər Ali Baş Komandana! Yaşasın Azərbaycan Ordusu!

MM yeni medalın təsis olunması barədə layihəni qəbul etdi

MM yeni medalın təsis olunması barədə layihəni qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

YAZTV xəbər verir ki, dəyişikliklə "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunur.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncamla bu vəzifəyə Vəlahəddin Yusif oğlu Yunsurov təyin olunub. O, icra hakimiyyətinin başçısının müavini - Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edəcək.

V. Yunsurov bu vəzifəyə qədər 4 saylı Ərazi Vergilər İdarəsində Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. (Report)

Dağlıq Qarabağın gələcəyi bu cür müəyyənləşdiriləcək - Nazir AÇIQLADI

Dağlıq Qarabağın gələcəyi bu cür müəyyənləşdiriləcək - Nazir AÇIQLADI

“Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir. Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub”.

YAZTV xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.

O qeyd edib ki, Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Nazir vurğulayıb ki, Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Onun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

C.Bayramov söyləyib ki, Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur:

“Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır”.

Nazir Azərbaycan Prezidentinin “işğalçıları iti qovan kimi qovuruq” fikri ilə bağlı jurnalistin ona ünvanladığı sualı da cavablandırıb. Bildirib ki, bu açıqlama erməni xalqına qarşı yönəlməyib:

“Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şubhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər”.

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

YAZTV-nin məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndindən “, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin” sözləri çıxarılır.

Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

YAZTV-nin məlumatına görə, Hikmət Hacıyevin bununla bağlı şərhində deyilir:

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.

İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur".

Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür:

"Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.

Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir".

"Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq.

Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır. Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılmışdır", - deyə H.Hacıyev bildirib.

"Qətnaməni Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsi hesab edirik. Fransada ifrat dünyəvilik və mətbuat azadlığı pərdəsi altında İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkilik və təqiblər bizə vaxti ilə bu ölkədə hökm sürmüş və gün də davam edən anti-semitizmi xatırladır.

Fransa Senatı məqsədyönlü şəkildə döyüşlərin davam etdiyi 44 gün ərzində münaqişə bölgəsinə yaxın və oradan uzaqda olan dinc sakinlər, mülki obyektlər, enerji və nəqliyyat infrastrukturuna qarşı Ermənistan hərbi təxribatlarını qınamaqdan çəkinir, daha çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir.

Ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanmışdır. Təəssüflə qeyd edilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa nə qədər paradoksal olsa da, bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Fransanın son vaxtlar bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı riyakar siyasət aparması Azərbaycan tərəfində ciddi narahatlıq və suallar doğurur.

Fransa Senatı əgər ədalət, beynəlxalq hüquq barədə bu qədər “narahatdır”sa, onda onun BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı.

Bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk. Fransa Hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir", - Hikmət Hacıyev qeyd edib.

Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev

Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev

Azərbaycanın əlverişli coğrafi şəraitdə yerləşməsi, zəngin flora və faunası hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olub. Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Müasir dövrdə də Azərbaycanda həyata keçirilən siyasət dövlətin multikulturalizm və tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir ki, 44 günlük İkinci Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri ölkəmizdə gedən müharibə dövründə vəhdət nümayiş etdirdilər, Vətən uğrunda, ölkə Prezidentinim deyimi ilə bir yumruq kimi birləşdi.

Bunu YAZTV-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, dilindən, dinindən asılı olmayaraq hər kəsin əlində Azərbaycan bayrağı dalğalandı, dilində “Qarabağ Azərbaycandır” şüarı səsləndi. Bu günlər ərzində hər kəs bir amal, bir məqsəd-torpaqlarımızın işğaldan azad edilməsi uğrunda, Vətən Müharibəsində səfərbər oldu. Müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar milli birlik olaraq, qanları, canları bahasına düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdilər, Böyük Zəfəri, Qələbəni xalqımıza bəxş etdilər. Bu da ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşamasının bariz nəticəsidir.

Dünyada mədəniyyətlərarası və sivilizasiyalar arası körpü rolunu oynayan, tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanda bütün milli azlıqların hüquqlarına, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Multikulturalizm və tolerantlıq demək olar ki, ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilib. Ölkəmizdə hər il Bakı Humanitar Forumu keçirilir. Mədəniyyətlərarası Dialoq Forumu, dünya dini liderlərinin Zirvə görüşləri kimi mühüm tədbirlərə Azərbaycan illərdir ev sahibliyi edir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilin, Roma Papası Fransisk Bakıda olarkən Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm sahəsində görülmüş işlərə yüksək qiymət vermələri, yüksək münasibətləri bütün ölkələr üçün nümunə olub.

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı Ağdam məscidinin qarşısında çıxışında da Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibətə toxunub, bir çox məqamlara aydınlıq gətirib: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir”.

Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması, dağıdılıb viran qoyulan məscidə müsəlman qaydalarına tam əməl edərək daxil olması, dövlətimizin başçısının üçrəngli bayrağımıza ehtiramı, dərin məzmunlu nitqindəki mühüm məqamlar Azərbaycandakı multikulturalizm və tolerantlıq prinsiplərinə şübhə ilə yanaşanlara xüsusi mesajlar verdi. Ölkə Prezidentinin özünün də qeyd etdiyi kimi, kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz.

Dini inancların fərqli olduğu, yayıldığı məkanlarda müxtəlif etnosların sülh içində yaşaması ən böyük multikultural ənənədir. Ölkəmizdə Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, rutullar, udilər, assiryalılar və qrızlar bu tarixi ənənəni qoruyur və hər zaman qoruyacaqlaq. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin Vətən müharibəsində vəhdət nümayiş etdirmələri, doğma Azərbaycan naminə birlik olmaları ölkəmizdəki multikulturalizm və tolerantlıq prinsiplərinə görə narahatlıq keçirənlərə açıq-aydın cavabdır.