Saturday, 28 May 2022 11:12
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi

Prezident Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib.

YAZTV-nin məlumatına görə, paylaşımda deyilir:

“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”.

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.

Yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.

Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.

Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib. (APA)

Tovuzda mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyan qiymətləndiriləcək

Tovuzda mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyan qiymətləndiriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, Sərəncamda qeyd edilir ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

Dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə qərara alınır ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Əlillərin avtomobillə təmin edilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Əlillərin avtomobillə təmin edilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 manat ayrılsın.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləyən bəyanat veriblər

Beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləyən bəyanat veriblər

Bəzi ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Azərbaycana dəstək ifadə ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-ə verilən məlumata görə, Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı bir sıra ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və çoxsaylı millət vəkilləri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk, həmçinin Azərbaycanla dostluq qrupu, Pakistan-Azərbaycan dostluq qrupunun həmsədri, Pakistan Senatının Daimi Komitəsinin sədri Muhəmməd Talha Mahmud, İtaliya Senatının üzvləri Vito Petroçelli, Maria Rizotti, Rossana Boldi, Stefano Luçidi, Cianluka Kastaldi, Paolo Qrimoldi, Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası, Meksika-Azərbaycan dostluq qrupunun sədri Aqustin Qarsia Rubio, Braziliya Deputatlar Palatasında dostluq qrupunun rəhbəri Klaudio Kaxado, İran Parlamentinin deputatları, İctimai Komissiya sədrinin müavini Vali İsmaili, İndoneziya Nümayəndələr Palatasının üzvü Anqiya Erma Rini, İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycanı dəstəkləyən bəyanatlar veriblər.

Bəyanatlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir, Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat qəti şəkildə pislənir və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulanır. Eyni zamanda Ermənistan tərəfindən artıq 30 ilə yaxın davam edən işğal faktının beynəlxalq hüququn norma və prinsiplərinə tam zidd oluduğu ifadə edilir.

Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı tapşırıq verdi

Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı tapşırıq verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub.

YAZTV-nin məlumatına görə, ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.

Mehriban Əliyevanın tapşırığına əsasən Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.

ABŞ Konqresində Azərbaycan xeyrinə düzəliş qəbul edilib

ABŞ Konqresində Azərbaycan xeyrinə düzəliş qəbul edilib

Konqresin Nümayəndələr Palatasında qəbul olunmuş çox önəmli bir düzəliş var.

YAZTV-nin məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.

“Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Burada söhbət İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”.

Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikanın Kralı Filipi ölkənin milli bayramı münasibətilə təbrik edib.

YAZTV xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"

Naqif Həmzəyev: Xalqımın Vətənini qorumağa hazır olan mətin gəncləri var

Naqif Həmzəyev: Xalqımın Vətənini qorumağa hazır olan mətin gəncləri var

Azərbaycan Ordusu işğalçı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısını qətiyyətlə aldı, Ordumuzun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Son 5-6 gündə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verən hadisələr Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı milli birliyin, həmrəyliyin, eyni zamanda tarixin bütün dönəmlərində Vətəninə, el-obasına sədaətlə bağlı olan Azərbaycan gənclərinin mübarizliyinin,vətənpərvərliyinin daha bir nümunəsi oldu.

YAZTV xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, biz bu günlərdə gəncimizin işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ordumuza dəstək məqsədilə çoxminli yürüşünün, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarının şahidi olduq. Gənclərimizin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlər başçısının çıxışından sonra düşmənə qarşı döyüşlərə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə müraciət etmələri də onların haqq-ədalət naminə döyüş əzminin bariz ifadəsi oldu.

Ölkənin ictimai həyatın bütün sferalarında fəaliyyəti, yüksək döyüş əzmi ilə seçilən Azərbaycan gəncliyi Vətənin dar günündə də ön sıralarda yer aldı. Qürurverici haldır ki, Azərbaycanın düşmənin məkrli niyyətinə qarşı zəfər yürüşündə gənclərimiz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olduqlarını bir daha nümayiş etdirdilər. Belə ki, milli Ordumuz Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrinin təcavüzkar hücumuna qarşı rəşadətlə döyüşərkən. gənclərimiz sosial şəbəkələrdə dövlətimizə, ordumuza və xalqımıza qarşı çirkin hücuma keçən erməni təbliğat maşınına qarşı mübarizə apardı, Azərbaycan həqiqətlərini geniş beynəlxalq ictimaiyyətə çatdırdılar. Azərbaycan cəmiyyətində hökm sürən vətənpərvərlik ruhunu sarsıtmaq, beynəlxalq ictimaiyyətin rəyini Ermənistanın təcavüzkar mahiyyətindən yayındırmaq məqsədi ilə sosial şəbəkələrdə yalan, məlumatlara, saxta xəbərlərə gənclərimiz tərəfindən sərt mövqe nümayiş etdirildi. Ermənilərin uydurma məlumatlarını dəqiq faktlarla ifşa edən gənclərimizin səyləri nəticəsində bir çox saxta məlumat və çağırışlar internet məkanından çıxarıldı.

Gənclərimizin nümunəvi davranışları işğalçı və təcavüzkar Ermənistan hökumətinə, sapı özümüzdən olan “balta”lara - Milli Məclisin binasında vandallıq törədənlərə, asayiş keşikçilərinə qarşı zor tətbiq edənlərə, gənclərin vətənpərvərlik hissləri ilə oyunbazlıq edənlərə tərs sillə oldu.

Ölkəmizin gəncləri ilə yanaşı YAP Gəncə şəhər təşkilatının gəncləri də daim Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını alan Ordumuzla bir olduqlarını, torpaqlarımızın hər qarışını qorumağa hazır olduqlarını nümayiş etdirdilər. Gənc YAP fəalları sosial şəbəkələrdə, xüsusilə “Facebook” və “Twitter”də həştəqlərindən istifadə etməklə ölkəmizin dövlət sərhədində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyaları dünya ictimiyyətinə çatdırdılar. Gəncə gəncləri də Azərbaycanın minlərlə vətənpərvər övladaları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları kimi həmrəylik nümayiş etdirib, Ali Baş Komandana müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə döyüşlərə qatılmalarını xahiş ediblər.

Qürurverici haldır ki, dövlət, xalq qarşısında vəzifə və məsuliyyətini yaxşı dərk edən gənclərimiz Ali Baş Komandanın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə onlara əmanət olan torpaqlara göz dikənlərə qarşı mübarizə aparmağa bir nəfər kimi hazırdırlar.

Prezident və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində - FOTOLAR

Prezident və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində - FOTOLAR

İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin olunub

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin olunub

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

YAZTV-nin məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini A. Kərimova verilib.

Anar Məmmədov: Siyasi partiyaların həmrəylik nümayiş etdirməsi çox təqdirəlayiq haldır

Anar Məmmədov: Siyasi partiyaların həmrəylik nümayiş etdirməsi çox təqdirəlayiq haldır

“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ölkədə əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı. Qürurverici haldır ki, siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması dediklərimizin bariz nümunəsidir”.

YAZTV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir. Beləliklə biz çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz bir anın şahidi olduq. Azərbaycanda dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər.

“Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq bəyan etdilər. Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa çağırdılar. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanat da siyasi partiyaların vəziyyəti düzgün təhlil etmələrinin ifadəsidir. Əfsuslar olsun ki, bəzi siyasi qüvvələr belə həssas günlərdə sərhəd bölgəsində baş verən döyüşlərdən siyasi divident qazanmaq niyyətində olduqları üçün bu nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar.Lakin buna baxmayaraq, sapı özümüzdən olan baltaların təxribatının qarşısı alındı və bir daha göstərildi ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz”-deyə, deputat qeyd edib.