
Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.
YAZTV-nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.
YAZTV-nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacağını bildirib.
Tahir Mirkişili öz çıxışında söyləyib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi Azərbaycanla Türkiyə arasında imzalanmış ən mühüm sənədlərdən biridir. 2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində Azərbaycan ilə Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4.5 milyard dollara çatıb. Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq 2.9 milyard dollar təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1.2 milyard dollara çatmışdır. Azərbaycan Türkiyə iqtisadiyyatına 8.5 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb.
Qeyd olunub ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.
Sonra İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.
Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək. Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.
Deputatlar Əli Məsimli, Vüqar Bayramov Preferensial Saziş barədə öz fikirlərini açıqladılar, sənədin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətindən danışıblar.
Növbəti məsələ ilə bağlı bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb. Bu Protokol Sazişin ayrılmaz hissəsidir və tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Protokol Sazişlə eyni vaxtda qüvvədən düşür.
Sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, sənəd “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
Həmin qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” qanunun 18.62.2-ci və 18.62.3-cü maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında” qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcəkdir.
Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Layihələrin müzakirəsindən sonra komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi apardılar. Komitə sədri Tahir Mirkişili, deputatlar Rüfət Quliyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev ölkədəki ictimai-siyasi durum, iqtisadi inkişaf, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mülahizələrini bölüşüblər.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
YAZTV xəbər verir ki, təbrikdə deyilir: “Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən xahiş edirəm. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
YAZTV-nin xəbərinə görə, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamı tərəfindən qəbul edilir. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə duran məsələlərin həllində əhəmiyyətli rol oynayır.
Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli strateji tərəfdaşlığın, konstruktiv əməkdaşlığın bütün istiqamətlərdə bundan sonra da inkişafını təmin edəcəyik. Bu proses, şübhəsiz, bizim dost xalqlarımızın köklü maraqlarına cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına rifah və tərəqqi arzulayıram".
Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
YAZTV-nin məlumatına görə, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov iştirak edib.
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
YAZTV-nin xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.
Əziz bacı və qardaşlarım!
Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.
Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!"
Azərbaycan Prezidenti İlham Əliyev Göygöl Rayon İcra Hakimiyyəti ilə bağlı sərəncam imzalayıb.
YAZTV xəbər verir ki, sərəncama əsasən, Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Arif Seyidov bu vəzifəyə 2006-cı ildə təyin edilmişdi.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz “seçkilər”in keçirilməsinə və pandemiya dövründə Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasına etiraz olaraq bəyanat yayıb.
YAZTV xəbər verir ki, bəyanatda deyilir:
"Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Respublikasının adsız yüksəkliklərində yerləşən mövqelərini, eləcə də dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutaraq atəşkəs rejimini pozması halları bizi dərindən narahat edir.
Pandemiya ilə əlaqədar BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən edilən müraciətlərə məhəl qoymayan Ermənistan hökuməti işğalçı və təcavüzkar siyasətinin fonunda təxribatçı hərəkətlərini davam etdirərək regionda daha da təhlükəli vəziyyət yaratmaqdadır. Hər şeydən əvvəl, pandemiya dövründə belə Ermənistan ordusunun atəşkəs rejimini pozmağa davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırır.
Bir müddət öncə BMT-nin Baş katibi Antonio Quterreş qlobal atəşkəs çağırışı ilə çıxış etmiş, bu kontekstdə olduqca mühüm məqamları diqqətə çatdırmışdı. Baş katibin bəyanatında qeyd edilmişdir ki, zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər. “Bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram. Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır. Döyüşən tərəflərə üz tutub deyirəm: Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin”,-deyə bəyanatda vurğulanmışdı. Heç şübhəsiz, beynəlxalq təhlükəsizlik məsələsi və qlobal problem olan pandemiya şəraitində Ermənistanın təxribatçı əməllərini davam etdirərək atəşkəsi dəfələrlə pozması beynəlxalq hüquq normalarının, humanizm prinsiplərinin heçə sayılması ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreşin məlum bəyanatına sayğısız və etinasız münasibətin əyani göstəricisidir.
BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Sesilia Jimenez-Damari COVID-19-la bağlı 1 Aprel 2020-ci il tarixdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi internet səhifəsində yayımlanmış xüsusi bəyanatında pandemiya dövründə qaçqınların tibbi müayinə, su, sanitariya, qida və lazımi yaşayış şəraiti ilə təmin olunmaq baxımından məhdudiyyətlərlə üzləşmə və ayrı-seçkiliyə məruz qalmaq riskinin olduğunu vurğulamışdır. Bu məqam diqqətə alınaraq xüsusilə qeyd olunmalıdır ki, hazırda münaqişə zonasına yaxın yaşayış məntəqələrində pandemiya səbəbindən həyat şərtləri daha da ağırlaşıb. Belə ki, həmin ərazilərdə yaşayan insanların təmiz su ilə təmin olunması, dolayısıyla, onların gigiyena və sanitar xidmətlərə əlçatanlığı risk altındadır. Avropa Şurasının Parlament Assambleyasının 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamədə işğal olunmuş ərazilərdə və bu ərazilərə qonşu rayonlarda yaşayan əhalini təmiz su ilə təmin edən işğal olunmuş ərazidə yerləşən Sərsəng Su anbarının baxımsız vəziyyətdə olmasının insan həyatı üçün təhlükə yaratdığı və ciddi fəlakətlərə yol açacağı vuğulanır. Təəssüflə qeyd olunmalıdır ki, işğal faktının fonunda Sərsəng Su anbarının baxımsız vəziyyətdə olması həmin ərazilərdə yaşayan soydaşlarımızın həyat və sağlamlığını pandemiya dövründə daha böyük risk altına salmışdır.
Xatırlatmaq vacibdir ki, Ermənistan hökümətinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hələ də işğal altındadır. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Təcavüz nəticəsində, həmçinin 20 mindən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalmışlar.
Qeyd etmək istərdik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vəziyyəti məhz “hərbi işğal” kimi müəyyən etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi isə “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə verdiyi qərarda işğal edilmiş ərazilərimizə effektiv nəzarətin məhz Ermənistan Respublikası tərəfindən həyata keçirildiyini təsbit etmişdir. Eyni zamanda, Avropa İttifaqı və Avropa Şurası tərəfindən qəbul olunmuş qətnamə, qərar və tövsiyələrdə Azərbaycan torpaqlarının işğal olunması və həmin ərazilərə separatçı qüvvələrin nəzarət etməsi faktları təsbit olunmuşdur.
Bunlarla yanaşı, dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən qeyri-qanuni “seçkilər”in və qondarma “andiçmə” şousunun təşkili də bu ölkənin işğalçı siyasətinin və separatizmə dəstək xarakterli destruktiv mövqeyinin növbəti bariz nümunəsi, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması faktıdır. Qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir, hər hansı bir hüquqi qüvvəsi yoxdur və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və birmənalı olaraq rədd edilib.
Dünya ictimaiyyətini, xüsusilə də nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə - zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırıram".
Ombudsman Aparatından bildirilib ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
YAZTV xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər.
3-cü dərəcəli “Əmək” ordeni ilə
Bayramov Muqabil Tofiq oğlu
Tağıyeva Umayra Rauf qızı
“Tərəqqi” medalı ilə
Babaşova Zeynəb Saleh qızı
Cavadov Vaqif Məhəmməd oğlu
Cəfərov Qurban Qafar oğlu
Cəfərov Oqtay Cəfər oğlu
Əkbərov Dünyamalı Fərrux oğlu
Əliyev Mayis Abazər oğlu
Əşrəfov Ramik Yunis oğlu
Həmidova Elmira İsa qızı
İbadov Eldəniz İsmayıl oğlu
Qafarov Rəhim Qafar oğlu
Qaralov Əziz Məmiş oğlu
Məmmədov Vaqif Yaqub oğlu
Məmmədova Sədaqət Zeynal qızı
Mustafayeva Raya Gülbala qızı
Rəhmanov Zəfər Vaqif oğlu
Sadıqova Valentina Viktorovna
Sultan-zadə Firuzə Vəhdət qızı.
98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.
Milli Məclisdən YAZTV-ə verilən məlumata görə, videoqəbulda millət vəkili seçicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat" kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.
Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək, Şəmkir rayonunda da sosial infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlətimizin başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir, bununla bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir.
Videoqəbulda millət vəkili S.Qafarovanın seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olduğu, onun istər Milli Məclisin plenar iclaslarında çıxışları zamanı, istərsə də müvafiq dövlət qurumlarına müraciətlərində seçicilərin qaldırdıqları məsələlərin əks olunduğu vurğulanıb.
S.Qafarova videoqəbulda iştirak edən bütün seçiciləri ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyə, mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.
Millət vəkili qarşıdan gələn Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, videokonfrans vasitəsilə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
“İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı ilk növbədə qeyri-neft sektorunun hesabına təmin ediləcək. Əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır”.
YAZTV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.
“Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb, ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər: Hansısa layihəni icra etmək istəyəndə, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizələr aparılır və ölkələr öz təkliflərini irəli sürür ki, investorları cəlb etsinlər. Ona görə də ilk növbədə yerli sahibkarları inandırmalısınız ki, məhz sizin rayonlarınıza onlar gəlib sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cürə əziyyət verilir – buna yol vermək olmaz”, - dövlət başçısı vurğulayıb.