Wednesday, 05 Oktyabr 2022 13:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Sahibə Qafarova: Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir

Sahibə Qafarova: Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir

Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar sessiyasının iclasında parlamentin sədri Sahibə Qafarova Milli Qurtuluş Günü ilə bağlı çıxış edib.

YAZTV-nin məlumatına görə, Milli Məclisin Sədri bildirib ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Gününü qeyd edəcək. Bu, bizim üçün sadəcə təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir.

Spiker qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin, xalqımızın yaşadığı faciələrin bir çoxları canlı şahidi olublar. Həmin dövrdə müşahidə olunan siyasi xaos və anarxiya, dərin iqtisadi tənəzzül, separatizm meyilləri yenicə əldə olunmuş müstəqilliyimizi itirmək təhlükəsi yaratmışdı:

“Belə bir zamanda, xalqımızın dəstəyi, etimadı və tələbi ilə ölkəmizdə hakimiyyətə gələn Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu”.

Parlamentin Sədri vurğulayıb ki, 15 iyunun bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada – Milli Məclisdə yazılmağa başlanmışdır:

“Ulu Öndərin parlamentimizə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi”.

Spiker öz çıxışında dedi ki, xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir. Çox sevindirici haldır ki, Qurtuluşdan başlanan tarixi yol bu gün də uğurla davam etdirilir. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikası inkişaf edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş kimi tanınır. Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir”.

Sonra parlamentin iclas zalında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş olundu.

Daha sonra deputatlar çıxış edərək Milli Qurtuluş Günü ilə əlaqədar öz fikirlərini bölüşdülər, bu günün milli tariximizdəki rolunu və əhəmiyyətini xüsusi vurğulayıblar.

İlk dəfə Milli Məclisdə bu formatda görüş keçirilib

İlk dəfə Milli Məclisdə bu formatda görüş keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilk dəfə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüşüb.

Bu barədə YAZTV-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Videokonfransda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, görüşün məqsədi nümayəndə heyətlərimiz qarşısında qoyulan hədəflər, gözləntilərimiz və beynəlxalq təşkilatlar üzrə heyətlərin iş prinsipləri haqda fikir mübadiləsi aparmaqdır. O bildirib ki, VI çağırış Milli Məclisdə beynəlxalq təşkilatlar üzrə 12 nümayəndə heyəti və bir ikitərəfli komitə fəaliyyət göstərir. “Əminəm ki, işimizi doğru və əlaqələndirilmiş şəkildə quracağımız təqdirdə bütün bu platformalar bizə parlament diplomatiyamızı uğurla həyata keçirmək imkanı verəcəkdir”, - deyə Sahibə Qafarova qeyd edib.

Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində əksini tapan konseptual məsələlərin parlamentin beynəlxalq fəaliyyətinin həyata keçirilməsində də “yol xəritəsi” kimi çıxış etdiyini deyən Milli Məclisin Sədri bildirib: “Parlamentin Sədri olaraq mənim məsuliyyətim dövlətimizin başçısının tövsiyələri əsasında beynəlxalq fəaliyyətimizin daha səmərəli qurulmasını təmin etməkdir”.

Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, beynəlxalq təşkilatlar üzrə nümayəndə heyətlərimizin fəaliyyəti Azərbaycanın milli maraqlarını qorumağa, fərqli gündəlikləri ilə ölkəmizə təzyiq etməyə çalışan qrupların bu cəhdlərinin qarşısının alınmasına yönəlməlidir. O deyib: “Çünki Azərbaycan Prezidentinin də hər zaman dediyi kimi, həqiqət bizim tərəfimizdədir, doğru olan bizik! Hər bir fürsətdən istifadə edib, Dağlıq Qarabağ mövzusunu diqqətdə saxlamalıyıq”.

Videokonfransda çıxış edən nümayəndə heyətlərinin rəhbərləri Milli Məclisdə ilk dəfə belə bir görüşün keçirilməsinə görə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətləri ilə bağlı fikirlərini ifadə ediblər.

Prezident “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

Prezident “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

YAZTV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bəhreyn Krallığının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi, Ali Baş Komandanın müavini, Nazirlər Şurası sədrinin birinci müavini Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

YAZTV xəbər verir ki, təbrikdə deyilir: "Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".

İlham Əliyev Vladimir Putinə məktub yazıb

İlham Əliyev Vladimir Putinə məktub yazıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

YAZTV-nin xəbərinə görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Sizi dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə inkişaf, tərəqqi və dəyişikliklər yolunda inamla irəliləyir. Fəal xarici siyasət kursu Sizin ölkənizin dünya arenasında mövqeyinin gücləndirilməsi üçün etibarlı təməldir.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri çoxşaxəli Azərbaycan-Rusiya əlaqələrinin və strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün möhkəm bünövrədir.

Əminəm ki, ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin bütün spektrinin uğurla reallaşdırılması ölkələrimiz arasında qarşılıqlı faydalı və tammiqyaslı əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.

Fürsətdən istifadə edib koronavirus pandemiyasının nəticələrinin aradan qaldırıldığı dövrdə Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bildirirəm.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, uğurlar, bütün rusiyalılara firavanlıq və əmin-amanlıq diləyirəm".

Prezident 2,85 milyon manat ayırdı

Prezident 2,85 milyon manat ayırdı

Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulmasına 2,85 milyon manat ayrılıb.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, rayonun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,85 milyon manat ayrılıb.

Azərbaycanda bir qəsəbəyə şəhər statusu verildi

Azərbaycanda bir qəsəbəyə şəhər statusu verildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının növbəti iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilir:

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilsin, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.

2. Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilsin, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

3. Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilsin, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamda qeyd edilir ki, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edilib.

YAZTV xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, bunadək karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurdular.

İlham Əliyev: “Mingəçevirdəki İES-in yenidənqurmadan sonra açılışını edəcəyik”

İlham Əliyev: “Mingəçevirdəki İES-in yenidənqurmadan sonra açılışını edəcəyik”

“Son illər Azərbaycanda energetika sahəsində çox böyük işlər görülüb, generasiya gücləri artırılıb, itirilmiş güclər bərpa edilib”.

YAZTV  xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında deyib.

“Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2 400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisidir. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında 2-ci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər””, - o deyib.

“Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”, - dövlət başçısı əlavə edib.

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub

Milli Məclisin Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatası və Senatının Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının rəhbərləri arasında videokonfrans formatında görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-ə bildiriblər ki, Müşfiq Məmmədli həmkarlarını salamlayaraq ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirildi ki, Braziliya dünyanın ən sürətli inkişaf edən ölkələrdən biridir. Ölkəmiz Braziliya ilə münasibətlərin inkişafında maraqlıdır və bunun üçün kifayət qədər böyük potensial var. Deputat bildirib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsində hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Qeyd edildi ki, deputatların qarşılıqlı səfərləri əməkdaşlığı yeni mərhələyə qaldırılmasında mühüm rol oynaya bilər.

Müşfiq Məmmədli videokonfransda hazırda dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verib. Hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir. Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır, dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib.

Sonra Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının birinci vitse-spikeri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Antonio Anastasiya səmimi görüş üçün minnətdarlığını bildirib, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin Braziliya tərəfindən yüksək qarşılandığını diqqətə çatdırıb. O, parlament dostluq qruplarının fəaliyyətindən söz açıb, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacib olduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Videokonfransda Senatın Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kladio Kajado, Braziliya Respublikasının Azərbaycandakı səfiri Manuel Monteneqro, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov əməkdaşlığımızın siyasi, iqtisadi, humanitar əhəmiyyətini yüksək qiymətləndiriblər.

Azərbaycanla Türkmənistan arasında ikitərəfli sənədlər təsdiqlənib

Azərbaycanla Türkmənistan arasında ikitərəfli sənədlər təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

YAZTV xəbər verir ki, saziş 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu da imzalayıb.

Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb.