Wednesday, 05 Oktyabr 2022 13:11
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Əli Əhmədov: Hər bir vətəndaş sosial məsuliyyətini dərk etməli və ona əməl etməlidir

Əli Əhmədov: Hər bir vətəndaş sosial məsuliyyətini dərk etməli və ona əməl etməlidir

“Bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun”.

YAZTV xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında keçirilən tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir.

“Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib

Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Souzaya təbrik məktubu ünvanlayıb.

YAZTV xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim rifah diləyirəm".

XİN DTX-yə rəsmi müraciət etdi

XİN DTX-yə rəsmi müraciət etdi

“XİN-in rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişdim. Lakin, son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib”.

YAZTV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. O qeyd edib ki, vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur:

“Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

 

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik”, - deyə qurum rəsmisi vurğulayıb.

YAP İcra Katibliyində videokonfrans formatında tədbir keçirilib

YAP İcra Katibliyində videokonfrans formatında tədbir keçirilib

İyunun 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

YAZTV xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, dünyada tüğyan edən koronavirus pandemiyası (COVID-19) həm dövlətlərin, həm cəmiyyətlərin, həm də insanların həyatına ciddi şəkildə öz təsirini göstərib. Onun sözlərinə görə, bu gün bütün dövlətlərin gündəliyində ən aktual məsələ pandemiyaya qarşı mübarizə ilə bilavasitə əlaqədardır. Təbii ki, Azərbaycan hökuməti də bu mənada istisna deyil. Azərbaycanda da COVID-19 pandemiyası yayıldığından hökumətin başlıca vəzifələrindən biri pandemiya ilə mübarizənin aparılmasından ibarətdir.

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə özünü biruzə verən ən vacib cəhətlərdən biri böyük humanizmdir və Prezident İlham Əliyevin siyasətində bunu aydın şəkildə görmək mümkündür: “Hazırkı şəraitdə insanların sağlamlığı və pandemiyanın iqtisadiyyata vurduğu zərbə aradan qaldırılır. Prezidentimizin qeyd etdiyi kimi, bizim həyata keçirdiyimiz siyasətlə əlaqədar olaraq insanların sağlamlığının qorunması ilə pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması arasında seçim etmək lazım gələrsə, bizim üçün əsas olan insanların sağlamlığıdır. Məhz bunun nəticəsində Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə daha müsbət nəticələr verib. Bu gün dünyada pandemiyaya yoluxanların sayı 7 milyondan, onun qurbanlarının sayı isə 400 min nəfərdən çoxdur. Dünyada hər 1 milyon nəfərə pandemiya qurbanlarının sayı təxminən 440 nəfərdir. Azərbaycanda isə bu göstərici dünya göstəricisindən 5 dəfədən azdır. Bu müsbət nəticə Prezidentimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi siyasətin ifadəsidir”.

Azərbaycan hökumətinin koronavirusla mübarizə çərçivəsində gördüyü işləri təhlil edən Əli Əhmədov söyləyib ki, burada birinci amil yoluxma hallarının qarşısının alınmasında qabaqlayıcı tədbirlərin əhəmiyyətidir. Belə ki, mart ayından etibarən karantin rejimi, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxmada artım çox olmayıb. Bununla da, ölkədə epidemoloji vəziyyətə nəzarəti həyata keçirmək mümkündür.

Digər istiqamət isə, virusa yoluxmuş insanların müalicəsi ilə bağlıdır. Baş Nazirin müavini deyib ki, ölkə Prezidentinin tapşırığı ilə yaradılmış müasir səhiyyə infrastrukturu virusa yoluxmuş insanların müalicəsi üçün səfərbər edilib.

Əli Əhmədovun sözlərinə görə, pandemiya ilə mübarizədə məhdudlaşdırıcı tədbirlərlə əlaqədar insanların sosial müdafiəsi gücləndirilməsi də vacib amillərdən biridir. Bu istiqamətdə böyük layihələrin həyata keçirildiyini deyən Əli Əhmədovun fikrincə, bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı virusa yoluxmanın qarşısını da alır.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası da sosial layihələrdə fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizə ilə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb. Bunun 230 min manatı partiyanın hesabından, 300 manatı isə YAP-ın strukturlarında çalışanların bir aylıq əmək haqlarından ianə edilib. Eləcə də, YAP-ın könüllüləri 7770 ailə qoruyucu tibbi vasitələrdən çatdırıblar. 13 234 ailəyə isə YAP və onun yerli strukturlarının maddi dəstəyi ilə ərzaq yardımı edilib. Bununla yanaşı ƏƏSMN-lə birgə layihə çərçivəsində 21 234 ailəyə ərzaq yardımı çatdırılıb. Həmçinin, YAP könüllüləri Heydər Əliyev Fondunun 33 355 ailəyə ərzaq yardımlarını paylayıblar.

“Bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun. Koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırımlıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Tədbirdə daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək ölkəmizdə koronavirusla mübarizə ilə bağlı səhiyyə sisteminin gücləndirilmiş iş rejimində çalışdğını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir sıra dövlət xəstəxanalarının sırf bu prosesə cəlb olunması, modul tipli xəstəxanaların açılması, laboratoriyaların yaradılması, qoruyucu vasitələr istehsal edən müəssisələrin açılması və s. tədbirlər bu baxımdan önəmlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə çıxışında pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov koronavirusla mübarizədə Azərbaycan həkimlərinin fədakarlığından bəhs edib, vətəndaşları verilən tövsiyələrə əməl etməyə çağırıb.

Prezidentin iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub (FOTOLAR)

Prezidentin iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub (FOTOLAR)

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

YAZTV xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.

Prezident İlham Əliyevə məlumat verildi ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşdülər.

Bundan sonra videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı oldu.

Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

 

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edildi - SƏRƏNCAM

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycanın unikal təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.

İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilmişdir.

Sərəncamla Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq edəcək;

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Azərbaycan XİN bəyanat yayıb

Azərbaycan XİN bəyanat yayıb

"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır. Ənənəvi əsassız iddialarını səsləndirməklə, Ermənistan beynəlxalq birliyi yanıltmaq və diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından və təcavüz zamanı yüz minlərlə azərbaycanlının insan hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından yayındırmaq məqsədi güdür".

YAZTV-nin məlumatına görə, bu barədə Azərbaycan XİN-nin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Azərbaycana qarşı müharibəni başlatdığına və beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə bir hissəsini zəbt etdiyinə görə tam məsuliyyət daşıyan, işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirən, münaqişə zamanı digər ağır cinayətlər törədən, irqçi ideologiyanı müdafiə edən və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, habelə digər beynəlxalq təşkilatların qərar və sənədlərinə açıq-aşkar laqeydlik göstərən Ermənistan, özünün davamlı şəkildə pozduğu standartlar və dəyərlərlə başqalarını ittiham edə bilməz.

Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları ölkədən qovmaqla monoetnik ölkəyə çevrilmişdir. Ermənistan, etnik cəhətdən homogen ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini, bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq rejimini yaratdığı Azərbaycanın işğal edilmiş ərazilərinə də tətbiq edib.

Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistan siyasətinin əsasını təşkil edir və bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında "etnik uyğunsuzluğa" aşkar inamının sübutudur. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrənc fikirləri açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirmiş və Ermənistanda hökm sürən dözümsüzlük ruhu və bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə etmişdir.

Ermənistan, insan hüquqları standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibətdə riyakarlıq və seçici yanaşmasına son qoymalı və eyni Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı 16 iyun 2015-ci il tarixli qərarının icrasına başlamalıdır. Məlum olduğu kimi, Avropa Məhkəməsinin Böyük Palatası təqdim olunan sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit etmiş, Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirmiş və onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq etmişdir.

Münaqişənin davam etməsinin və bunun nəticəsində bölgədə gərginliyin ara-sıra artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalı və Ermənistanın bu vəziyyəti möhkəmləndirmək cəhdləridir. İlk növbədə Ermənistanın təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, yəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması və yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin insan hüquqları və əsas azadlıqlarının, o cümlədən onların evlərinə və mülklərinə geri qayıtmaq hüququnun təxirə salınmadan təmin edilməsindən sonra sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür".

Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

Milli Məclisin iyunun 12-də keçiriləcək iclasının gündəliyi məlum olub.

YAZTV-nin məlumatına görə, gündəliyə 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

 

1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir

Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir

İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisdən YAZTV-ə verilən məlumata görə, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.

Komitə sədri deyib ki, Ümummilli lideri Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb.

Sonra komitə sədri Babək qəsəbəsi, rayonun Cəhri və Nehrəm kəndləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verib, bu yaşayış yerlərin tarixindən danışıb, Muxtar Respublikanın bu bölgəsində ki, sosial-iqtisadi inkişafdan bəhs etdi. Babək qəsəbəsininə şəhər statusunun, adı çəkilən kəndlərə isə qəsəbə statusunun verilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Babək qəsəbəsi ümummilli lider tərəfindən 1978-ci ildə yaradılıb. Babək qəsəbəsi rayonun inzibati mərkəzi olmaqla yanaşı, həmçinin iqtisadi və mədəni mərkəzdir.

Bildirilib ki, Babək rayonun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşmış, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilib.

Komitə üzvləri Səttar Möhbalıyev, Nizami Cəfərov, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Azərbaycan Yəmənə 25 min dollar məbləğində yardım edib

Azərbaycan Yəmənə 25 min dollar məbləğində yardım edib

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

Xarici İşlər Nazirliyindən YAZTV-ə verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

Məlumat üçün bildirmək istərdik ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. 3,3 milyon məcburi köçkünü olan ölkədə əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır. Cari il ərzində Yəməndə humanitar ehtiyaclarının qarşılanması, o cümlədən COVID-19 pandemiyası ilə mübarizənin aparılması üçün 2 milyard ABŞ dolları həcmində vəsaitə ehtiyac duyulduğunu elan edən BMT müvafiq yardımın göstərilməsi üçün üzv dövlətlərə və beynəlxalq təşkilatlara çağırışlar etmişdir.

Adil Əliyev Yasamaldakı hadisədən yazdı

Adil Əliyev Yasamaldakı hadisədən yazdı

Milli Məclisin sədr müavini Adil Əliyev həftəsonu tətbiq olunan sərt karantin rejimində polislə bağlı yaranan müzakirələrə münasibət bildirib.

YAZTV  həmin açıqlamanı təqdim edir:

"Hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə davam edir. Keçən aylarda bu mübarizədə uğurlarımız var idi, karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölüm hallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Ancaq karantin qaydalarını uzatmaq iqtisadiyyatımızın problemlərini artıra bilərdi, iş yerlərinin açılması və ticarətin başlanması zəruri idi. Ancaq may ayının ortalarından başlanan yumşalma xəstə sayını yenidən artırdı. Vəziyyət o həddə çatdı ki, mart və aprel ayında gündəlik xəstə sayı 40-50 civarında idisə, mayın sonu və iyun ayının başlanğıcında say 3 rəqəmliyə keçdi və hazırda xəstə sayı 250-350 civarında dəyişir. Bu baxımdan yenidən sərt tədbirlər görülməsəydi vəziyyət nəzarətdən çıxa bilərdi. Bu isə o demək olacaqdı ki, mövcud xəstəxanalarımızda boş yer qalmayacaqdı. Nazirlər Kabineti yanında Operativ Qərargah şənbə və bazar günlərində vətəndaşlara evdən çıxmağı qadağan etdi. Başqa alternativimiz yox idi. Qardaş Türkiyə də bir neçə ay bu üsuldan istifadə edib və müsbət nəticələrini görüb. İnanıram ki, şənbə və bazar qadağasının yaxın günlərdə müsbət nəticəsini biz də görəcəyik.

 

Vətəndaşlarımızın mütləq əksəriyyəti şənbə və bazar günü bayıra çıxmaq qadağasına riayət etdi. Çünki hamımız başa düşürük ki, sərtləşən qaydalar özümüzü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızı qorumaq üçündür. Ancaq təəssüf ki, xoşagəlməz hallarla da üzləşdik.

Birincisi, Operativ Qərargah şənbə və bazar günü qadağasını ötən həftənin əvvəlindən elan etmişdi. Yəni iki gün qadağasına riayət etmək üçün ərzaq tədarükü görmək üçün kifayət zaman var idi. Ancaq Cümə günü marketlərdə növbələr yarandı, çörək piştaxtaları boşaldı. Əlbəttə, böyük ailələr var və onlar iki günlük çörək tədarükü görməli idilər. Ancaq internetdə yayılan bir görüntüyə reaksiya verməyə bilmərəm. Taxta səbətdəki çörəklər dükanın qapısından içəri keçməyə macal tapmadan havada uzanan əllər tərəfindən anında boşaldılırdı. Kim əlinə nə qədər çörək yığa bilirdisə, o qədər daşıyırdı. Azərbaycan müharibə şəraitindədir və hər zaman da vurğulayırıq ki, torpaqlarımızı işğaldan azad etmək üçün savaşa hazır olmalıyıq. Müharibə şəraitində isə hər bir çətinliyə və sınağa dözməli olacağıq. 2016-cı ildə 4 günlük savaş günlərində həmin sınaqdan üzüağ çıxdıq. Savaş yenə olarsa növbəti sınaqdan da üzüağ çıxmalıyıq. Odur ki, dükanlarda çörək piştaxtalarının boşaldılması görüntüsü bizə yaraşmadı. İki gün keçib və marketlər yenə açıqdır, kimsə çörəksiz və ya ərzaqsız qaldımı? Bu sual Cümə günü torbalarını yiyə bilməyəcəyi qədər çörək və ərzaqla dolduranlara aiddir. Nəzərə alın ki, bu həftənin sonunda da növbəti dəfə bayıra çıxmaq qadağası tətbiq oluna bilər. Eyni görüntülərin təkrarlanması bizə başucalığı gətirməyəcək. Bununla bərabər düşünürəm ki, eyni səhvin təkrarlanmaması üçün insanlarımız arasında təbliğat işinin gücləndirilməsinə ehtiyac var. Unutmayaq ki, düşmən də bu görüntüləri izləyir və informasiya savaşında bizə qarşı istifadə edə bilər.

İkincisi, şənbə və bazar günü qadağası polisimizin üzərinə böyük məsuliyyət qoyurdu. Çünki polis karantin qaydalarının riayətinə nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz də bu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməyənlər və aranı qarışdırmaq istəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna riayət etməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə müqavimətlə üzləşir, bəziləri eyvandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasız qalacaqlar. Bir neçə gün əvvəl metroda da bənzər olay baş vermişdi. Qərar qəbul olunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar. Polis maskasız vətəndaşı vaqondan çıxartmağa çalışdıqda bir neçə nəfər polisə müqavimət göstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Eləcə də bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdeh daşımayacaqlarını düşünə bilərlər. Fədakar polislərimiz bizlərdən biridirlər, qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdılar. Təsadüfi deyil ki, şənbə və bazar günləri yayılan görüntülərdə polisimizin nümunəvi hərəkətləri ilə yadda qaldı. Polis maşını ilə yoldan keçən yaşlı qadının bacısının dəfninə aparılmasından tutmuş, piştaxtaların boşaldılması səbəbindən çörək almağa macal tapmayan vətəndaşımızın evinə çörək aparan polisimizə qədər müsbət nümunələr gördük. Ancaq kim ki, bu iki gündə qaydalara riayət etməyib, qadağalara məhəm qoymayıb, polisə müqavimət göstərib, onlar məsuliyyətə cəlb olunublar. Biz hüququ dövlətdə yaşayırıqsa, qanunlara tabe olmalıyıq. Polis isə qanun keşikçisidir.

Radikal müxalifət bu məsələdə də öz simasını göstərdi. Dünəndən polisə müqavimət görüntülərini “qəhrəmanlıq nümunəsi” kimi internetdə yayırlar və şərhlərdə nalayiq ifadələr işlədirlər. Metroda məlum hadisə baş verəndə xaricdə kök salmış saytlardan biri görüntünü sevincək halda “polisi vaqondan qovdular” başlığı ilə yaydı. Amerikada kök salmış radikal müxalifətin nümayəndələrindən biri isə Yeni Yasamalda polisə müqavimət görüntüsünü alman faşistlərinin əməlləri ilə “müqayisə” edib. Həmin radikal yaşadığı Amerikada qaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, polis soydaşını ləkələməyə çalışır. Keçməz. Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, bu olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində hərəkət edir, daha amerikalı polis kimi boğulana qədər kimsəsinin boğazını sıxmır.

İstənilən hakimiyyət qanun-qaydanın yaradılmasına və bunu təmin edən güclü polisin olmasında maraqlıdır. Siz necə hakimiyyətə iddialısınız ki, polisə müqaviməti və bununla aşkar qanunsuzluğu dəstəkləyirsiniz? Demək siz qayda-qanunda deyil, anarxiyada maraqlısınız. Həmin anarxiyanı cəmiyyətimiz sizin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğunuz qısa dövrdə gördü və bir daha təkrarlanmasını istəmir. Əgər siz vətəndaşınızı düşünürsünüzsə, insanları polisə müqavimət göstərməyə, xaos yaratmağa deyil, virusun yayıldığı dövrdə insanları maska taxmağa və sosial məsafəni qorumağa dəvət etməliydiniz. Ancaq siz bu adi çağırışı da etmirsiniz, çünki sizin dərdiniz insanlarımızı qorumaq deyil, ölkəni xaosa və anarxiyaya sürükləməkdir. “Dövlətin və xalqın problemləri nə qədər artarsa, bizim üçün bir o qədər yaxşı olar” – bu sizin həyat prinsipinizdir və dəyişməz olaraq qalır. Ancaq nahaq əziyyətdir. Əlbəttə, ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizə aparılır. Sizin siyasətiniz isə bizi keçmişə qaytarmağa köklənib, bunu isə mütləq çoxluq istəmir".

Zaqatala üsyanından 100 il ötür

Zaqatala üsyanından 100 il ötür

Bu gün Azərbaycanın sovet işğalına etiraz olaraq Zaqatalada baş verən xalq üsyanından 100 il ötür.

YAZTV xəbər verir ki, üsyan 1920-ci il iyunun 6-da Zaqatala dairəsində başlayıb.

Bu üsyan 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutundan sonra ən güclü antibolşevik etirazlarından biri sayılır.

Molla Hafiz Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaciyev, Molla Məhəmməd Dibirov və hərbi xadim Əhmədiyevin başçılıq etdiyi üsyançılar Zaqatala və Qax üzərində nəzarəti ələ keçiriblər. Üsyan Şəki bölgəsinin bir hissəsini də bürüyüb.

Üsyanda Azərbaycan Milli Ordusunun qarovul batalyonunun zabitləri fəal iştirak edib. Bu üsyan eyni ildə olan Gəncə və Qarabağ üsyanlarından yerli xarakter daşıması ilə fərqlənir. Belə ki, bu üsyanı başladanlar öncə xalq olub, daha sonra isə bu prosesə cümhuriyyət hərbçiləri də qoşulub.

Zaqatala-Şəki şose yolu, həmçinin digər strateji məntəqələri yenidən ələ keçirən sovet qoşunları iyunun 18-də Zaqatalaya yenidən daxil olmağa müvəffəq olub. Üsyan amansızlıqla yatırılıb.

Üsyanın başçısı Hafiz Əfəndi və sağ qalan digər üsyançılar Gürcüstana sığınıb.