Wednesday, 05 Oktyabr 2022 12:28
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Milli Məclisin Sədri Sahibə Qafarova vətəndaşlara çağırış edib

Milli Məclisin Sədri Sahibə Qafarova vətəndaşlara çağırış edib

 

Milli Məclisin Sədri Sahibə Qafarova həftə sonu sərt karantin rejiminin tətbiq olunması ilə bağlı vətəndaşlara müraciət edib.

YAZTV-nin məlumatına görə, müraciətdə deyilir:

“Əziz və hörmətli həmvətənlərim!

Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır. 2020-ci fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlətin bütün gərəkli qurumları səfərbər olmuşdur. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər vermişdir.

Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnmişdir. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə alaraq, hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın”.

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

Sabah - iyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

YAZTV xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında

- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş)

- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi

- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş)

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

YAZTV xəbər verir ki, dövlət başçısına kompleksdə yaradılan şəraitlə tanış olub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.

Vyetnam Milli Assambleyası Azərbaycana 20 min tibbi maska göndərib

Vyetnam Milli Assambleyası Azərbaycana 20 min tibbi maska göndərib

Bu gün Milli Məclisdə Vyetnam Milli Assambleyasının Sədri xanım Nquyen Txi Kim Nqan tərəfindən göndərilmiş tibbi maskaların təqdimat mərasimi olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-yə verilən məlumata görə, mərasimdə Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Eldar Səlimov bildirib ki, Azərbaycanla Vyetnam arasında zəngin tarixi köklərə əsaslanan dostluq əlaqələri mövcuddur, müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

XİN təmsilçisi qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Azərbaycanda olduğu kimi, Vyetnamda da mübarizə aparılır, gərəkli addımlar atılır:  “Vyetnam Milli Assambleyası tərəfindən Azərbaycan Milli Məclisinə tibbi maskaların təqdim edilməsi tərəfimizdən yüksək qiymətləndirilir”.

Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli deyib ki, bu infeksiyaya qarşı mübarizədə bütün ölkələrin səylərini birləşdirməsini səmərəli nəticələr verib. Qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına və bir sıra ölkələrə pandemiya ilə mübarizədə öz töhfəsini verib.

“İşçi qrupun rəhbəri dedi ki, qarşılıqlı əməkdaşlıq kontekstində Vyetnamla Azərbaycan arasında olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ekstremal şəraitdə Vyetnam parlamentinin Azərbaycan parlamentinə 20 min tibbi maska göndərməsi bunun bariz nümunəsidir”, - deputat əlavə edib.

Deputat qeyd edib ki, hələ sovet dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın ali məktəblərində təhsil alıb. Onlardan bir çoxu hazırda Vyetnamda yüksək postları, məsul vəzifələri tuturlar, Milli Assambleyanın deputatı olanlar var: “Həmin şəxslər Azərbaycanın məzunu kimi ölkəmizlə daim səmimi dostluq əlaqələri saxlayırlar. Azərbaycan parlamentinin 100 illik yubileyində də Vyetnam parlamenti böyük nümayəndə heyəti ilə iştirak etdi”.

Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov Milli Məclisin Sədri Sahibə Qafarovanın imzaladığı təşəkkür məktubunu Vyetnam Sosialist Respublikası Milli Assambleyasına çatdırılması üçün XİN nümayəndələrinə təqdim edib. 

İlkin Məmmədov bildirib ki, Milli Məclisin Sədri bu dəstək addımını COVID-19 pandemiyası ilə qlobal miqyasda mübarizə aparıldığı dövrdə Azərbaycan və Vyetnam xalqları arasında olan dostluğun və həmrəyliyin nümayişi kimi qiymətləndirib və vyetnamlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Baş Nazir həftəsonu məhdudiyyətlərinin detallarını açıqlayacaq

Baş Nazir həftəsonu məhdudiyyətlərinin detallarını açıqlayacaq

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) başda olmaqla ekspertlər, infeksionistlər mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər”.

YAZTV xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Ola bilsin ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”, - o bildirib.

Dövlət başçısı Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Dövlət başçısı Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

YAZTV xəbər verir ki, dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Azərbaycanda sərt karantin rejimi tətbiq olunub

Azərbaycanda sərt karantin rejimi tətbiq olunub

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.

YAZTV müraciəti təqdim edir.

“Hörmətli həmvətənlər!

Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan etmişdir, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.

Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.

Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.

Prezident Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib

Prezident Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Tərtərdə 6 kəndi birləşdirən yol istifadəyə verildi

Tərtərdə 6 kəndi birləşdirən yol istifadəyə verildi

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq

Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq

Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı “Heydər Əliyevin tarixdə rolunu təhrif etmək istəyənlərə” sərlövhəli məqaləsinin aktuallığını nəzərə alaraq, onu oxucularımızın diqqətinə təqdim edirik:

- Azərbaycanın son 102 illik tarixi müxalifətin təşəbbüsü ilə ekspert qrupları səviyyəsində yenidən müzakirə mövzusuna çevrilib. Belə bir müzakirənin açılmasını adi elmi diskussiya saymaq olardı. Lakin diskussiyaların xalis siyasi və ideoloji yönümü ona adi elmi müzakirə kontekstindən yanaşılmasını qeyri-mümkün edir. Müxalifətin məlum kəsimi yenə də ənənəsinə uyğun olaraq müstəqillik tarixini öz inhisarına almaq və buradan çıxış edərək mövcud hakimiyyətin və onun qurucusu Heydər Əliyevin tarixdəki rolunu təhrif etmək yolunu seçməklə diqqəti özünə cəlb etməyə çalışır.

Əvvəla, onu qeyd edim ki, müxalifətin Azərbaycan hakimiyyətinin Xalq Cümhuriyyətinə münasibətinə verdiyi qiymət əsassız və əsassız olduğu qədər də qeyri-obyektivdir. Azərbaycan Respublikasının özünü Xalq Cümhuriyyətinin varisi sayması, Cümhuriyyətin elan olunduğu 28 mayın dövlət bayramı kimi qeyd edilməsi müxalifətin ittihamlarının qərəzli və siyasi cəhətdən motivləndiyini sübuta yetirən ən adi həqiqətlərdir. Hakimiyyətin həyata keçirdiyi siyasətdə Cümhuriyyət qurucularının amalı olan dövlət müstəqilliyi ideyasının başlıca və həlledici komponent kimi iştirak etməsi onların xatirəsinə və irsinə sönməz hörmət və ehtiramın bariz ifadəsi sayılmalıdır. Bu mənada mən bəzi müxalifətçilərin Azərbaycan hakimiyyətini Cümhuriyyətin qurucularına və onların ideyalarına yetərincə hörmət göstərməməkdə suçlamasını qeyri-obyektivliyin və qərəzliyin yüksək ifadəsi kimi qiymətləndirirəm.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu məsələsinə müxalifətin yenidən diqqət ayırması və ənənəsinə uyğun olaraq onu təhrif etməyə çalışması ayrıca təhlil mövzusudur. Müxalifətin Heydər Əliyevin şəxsiyyətinə münasibətində xüsusi bir qısqanclığın olması heç kimə sirr deyil. Liderləri də daxil olmaqla onların edə bilmədiklərini Heydər Əliyevin həyata keçirməsi və nəticə etibarilə Azərbaycanın müasir tarixinin hamılıqla qəbul edilən müəllifinə çevrilməsi onları rahat buraxmır. Mən buna uğursuzluq sindromunun yaratdığı qısqanclıq kimi baxıram. Ancaq etiraf olunmalıdır ki, bu xüsusda günahkar axtarılacaqsa, onu uğursuzların arasında tapmaq mümkündür.

Heydər Əliyevin tarixdəki rolunu saxtalaşdırmaq cəhdlərində indi tarixçi Cəmil Həsənli xüsusi canfəşanlıq göstərir. Mən onun vaxtilə yazdığı kitablarda Heydər Əliyev haqqında çox yüksək fikirlərin əks olunduğunu bir kənara qoyuram. Bu, necə deyərlər, mənəviyyat məsələsi, şəxsiyyətin özü-özünü inkar etməsidir. Buna baxmayaraq, ciddi tarix tədqiqatçısı olduğunu şübhə altına almadığım birisinin Heydər Əliyevin az qala, obrazlı şəkildə desək, SSRİ-də doğulduğunu və yaşamasını onun günahı kimi təqdim etməyə çalışması tarixin siyasətə qurban verilməsinin nə qədər arzuolunmaz nəticələrə gətirib çıxardığına acı nümunədir.

Azərbaycan iki illik fasilə ilə 1813-cü ildən 1991-ci ilə qədər Rusiyanın və SSRİ-nin tərkibində olub. Təxminən 170 il ərzində Azərbaycanın indiki əhalisinin əhəmiyyətli bir hissəsi də daxil olmaqla 6 nəsli həmin dövlətlərdə yaşayıb. Onların içərisində ziyalılar da yetişib, az sayda olsa da dövlət xadimləri də. Nə həmin dövrdə yaşamaq, nə də müxtəlif sahələrdə, o cümlədən dövlət idarəçiliyində xidmətlər göstərmək onları milli köklərdən və ruhdan məhrum etməyib və edə bilməzdi. Haqqında söhbət açdığımız tarixi şəraitdə, daha dəqiq ifadə etsək SSRİ dövründə yetişmiş ən böyük şəxsiyyət və dövlət xadimi məhz Heydər Əliyev olmuşdur.

Müxalifətin məntiqinə görə, SSRİ dövründə müxtəlif sahələrdə çalışanlar sovet ideologiyasına xidmət etdiklərindən milli ruhlu insanlar ola bilməzlər. Bu məntiqlə yanaşsaq, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər korifeylər də həmin kateqoriyaya aid edilməlidir. Deməli sovet dönəmində heç kim idarəçilikdə çalışmamalı, elm, mədəniyyət, incəsənətlə məşğul olmamalı idi ki, indiki müxalifət onları qeyri-milli olmaqda suçlaya bilməsin. Bəs alternativ nə olmalı idi? Bu cür yanaşmanın nə qədər bəsit təfəkkürün məhsulu olduğunu sübut etməyə ehtiyac duymuram.

Qeyd edildiyi kimi, sovet hakimiyyəti illərində yetişmiş ən parlaq azərbaycanlı dövlət xadimi və siyasi xadim Heydər Əliyev olub. Lakin bu ona dərin milli ruha malik olmasına, o dövrün imkanları daxilində öz xalqına ləyaqətlə və böyük fayda ilə xidmət göstərməsinə mane ola bilməzdi və bilmədi. Sovet dövründə yüksək dövlət vəzifələrində çalışmasına görə onun Azərbaycan tarixində rolunu təhrif etməyə çalışan müxalifətin bütün cəhdlərinə baxmayaraq, xalqın tarixində elə o dövrdə buraxdığı dərin izlər indidə xatırlanır və qiymətləndirilir. Sovet dövründə Azərbaycanda iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin sürətli inkişafı Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Bakının, Gəncənin, Sumqayıtın, digər şəhər və kəndlərin simasının kökündən dəyişməsi, əhalinin əksəriyyətini təşkil edən kənd yerlərində yaşayanların məişətinin və həyat tərzinin bütünlüklə yeniləşməsi və müasirləşməsi Heydər Əliyevin adı ilə bağlı idi. Onun şəxsi təşəbbüsü ilə Azərbaycanda o dövr üçün ən müasir onlarla zavod, sənaye müəssisəsi, universitet, səhiyyə və mədəniyyət mərkəzi, hərbi məktəb yaradıldı, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən qabaqcıl ali təhsil ocaqlarında təhsil almağa göndərilirdi. Sadalananların hər biri Azərbaycana, Azərbaycan xalqına xidmətin ayrı-ayrı nümunələri kimi xatirələrdə yaşayır. Azərbaycanın elm, mədəniyyət və incəsənət xadimlərinə o dövr üçün şöhrətin və yaradıcılıq uğurlarının etirafının ən yüksək pilləsi hesab edilən adların və mükafatların verilməsi xalqın və onun tarixinin, mədəniyyətinin ən yaxşı təbliği sayılırdı. Heydər Əliyevin sovet dövrü fəaliyyətində yetərincə sırf milli komponentin (əlbəttə, mövcud şərtlər daxilində) özünü biruzə verdiyinə aid nümunələr də kifayət qədərdir. Azərbaycanın dövlət idarəçiliyi sahəsində milli kadrların kəmiyyət baxımından kəskin şəkildə artması onun dövründən etibarən müşaiyət olunmağa başladı. Yaxud, bir sıra inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi, Gəncə adının qaytarılması istiqamətində ilk addımın atılması (o zamankı Kirovabad şəhərində iki rayon yaradılaraq birinin Gəncə adlandırılması), Bakıda inşa edilən möhtəşəm saraya “Gülüstan” adının verilməsi və s. Heydər Əliyevin milli ruhlu dövlət xadimi olmasını sübuta yetirən digər faktlardır. Stalin represiyasının qurbanı olmuş Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi, başqa bir repressiya qurbanı Mikayıl Müşfiqə Bakıda abidə ucaldılması və digər çoxsaylı milli ruhlu qərarların qəbul edilməsini də nəzərə alsaq, müxalifətin Heydər Əliyevin tarixi xidmətlərinin milli köklərdən qoparmaq cəhdlərinin nə dərəcədə saxta iddialara əsaslandığını və ziyanlı xarakter daşıdığını dərk etmək çətin deyil.

Heydər Əliyev böyük dövlət xadimi və dahi siyasətçi idi. Sovet rejiminin məlum qaydaları və şərtləri daxilində mənsub olduğu xalqa ləyaqətlə xidmət etməyin və fayda verməyin yollarını aydın dərk edirdi. Onu sovet idarəçiliyinə xas olan ideoloji qaydalara əməl etdiyinə görə tənqid etmək cəhdləri qədər tarixdə şəxsiyyətin roluna mənasız, hər cür məntiqdən və rasionallıqdan məhrum yanaşma təsəvvür etmirəm. Düşünürəm ki, bu məntiqdən məhrum olan tənqidlərin müəllifi Cəmil Həsənli Bakı Dövlət Universitetində çalışarkən özünün buraxdığı ciddi səhvlər nəticəsində yaranmış problemlə üzləşəndə Leninin mavzoleyinə şikayət məktubları göndərdiyini, Əli Kərimli isə hərbi xidmətdən qayıdıb BDU-da təhsil alarkən, qrupda ən yaşlı tələbə kimi tələbə komsomol komitəsinin katibi seçildiyini unutmayıb. Bu onlara özlərini milli ruhlu insanlar kimi təqdim etməyə mane olmursa, onda niyə sovet cəmiyyətində yaşamış və işləmiş digər insanlara başqa münasibət sərgilənməlidir. Əvvəldə qeyd etdim, haqqında söhbət açdığımız müxalifət nümayəndələrində onların liderlərinin və özlərinin edə bilmədiyini böyük məharətlə etmək qabiliyyətinə görə Heydər Əliyevə dərin qısqanclıq kompleksi yaranıb. 1992-ci ildə tale AXCP-Müsavat təmsilçilərinə hakimiyyət bəxş edərək onlara müstəqilliyi qorumaq, müstəqil dövləti qurmaq şansı verdi. Lakin onlar bu şansdan istifadə edə bilmədilər. Çünki onlarda Heydər Əliyevdə olan zəka, iradə, qətiyyət, dövlətçilik təcrübəsi, bir də ki, hər bir dövlət xadiminə çox lazım olan millət sevgisi çatmırdı. Cəmi bir ilin içərsində iflasa uğradılar, dövləti bankrot etdilər, ölkəni parçalanmaq həddinə gətirdilər. Nəticəsi məlumdur: xalq yarıtmaz hakimiyyət kimi onları devirdi və acınacaqlı hala düşmüş Azərbaycanı xilas etmək naminə Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

İndi Heydər Əliyevin tarixi rolunu böhtanlar və yalanlarla təhrif edənlərdən soruşmaq lazımdır: xalq niyə taleyinin ən ağır günündə məhz Heydər Əliyevə üz tutdu, hakimiyyətə dəvət etdi?! Bu sualın yeganə cavabı var. Azərbaycan xalqı Heydər Əliyevi o dərəcədə milli ruhlu, vətənsevər dövlət xadimi kimi tanıyır və qəbul edirdi ki, ən ağır günlərdə taleyini yalnız ona etibar edə bilərdi. Çünki bilirdi ki, Heydər Əliyev həyatı bahasına olsa da Azərbaycanı dardan xilas edəcək. Və yanılmadı. Uğursuz siyasətçilər bunu Heydər Əliyevə bağışlaya bilmirlər. Onun şəxsiyyətinin əzəməti və tarixi xidmətlərinin böyüklüyü qarşısında cılız və əlacsız olduqları daha qabarıq görünür.

Başqa bir həqiqət də var ki, onu da xatırlamaq yerinə düşər. Əgər Heydər Əliyev haqqında indiki azsaylı böhtançıların söylədikləri doğru idisə, niyə onların da vəzifələr tutduğu hökumət 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi, arxasınca prezident təyyarəsini göndərdi?! Kimə və nəyə inanaq – 1993-cü ildə indiki müxalifətçilərin vəzifə tutduğu hökumətin rəhbərlərinin Heydər Əliyevin zəkasını, gücünü, əzəmətini və təbii ki, milli ruhunu qiymətləndirərək dağılmaqda olan Azərbaycanı və əlbəttə ki, özlərini xilas etmək üçün paytaxta dəvət etməsi kimi tarixi fakta, yoxsa illər keçəndən sonra Heydər Əliyev ruhunun əzəməti qarşısında acizlik kompleksi yaşayan bir neçə müxalifət nümayəndəsinin məntiqdən və rasionallıqdan məhrum böhtanlarına?

Faktları inkar etmək heç kimə müyəssər olmayıb. Deyilənlər kontekstində iki tarixi faktı yada salmaq istəyirəm: birincisi, qalıqları bu gün Heydər Əliyevlə əlaqədar böhtan uyduran AXCP-Müsavat hakimiyyətinin cəmi bir il iqtidarda olmasıdır. İkinci fakt isə Heydər Əliyevin 10 il davam edən Prezidentliyidir. Birincilərin 13 aylıq hakimiyyəti xaos, anarxiya, total böhran və vətəndaş müharibəsi ilə, Heydər Əliyevin hakimiyyəti isə birincilərin qoyub getdiyi ağır mirasın aradan qaldırılması, sabitlik və əmin-amanlığın bərqərar olması, siyasi və iqtisadi islahatların həyata keçirilməsi və müstəqil Azərbaycan dövlətinin qurulması, “Əsrin müqaviləsi” adını almış neft sazişinin imzalanması və s. möhtəşəm inkişaf və dəyişikliklərlə tarixə düşüb. Bu inkişaf indi də davam edir, Heydər Əliyev ideyaları yaşayır və Azərbaycan xalqına xidmət edir. Müasir, qüdrətli, güclü Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsi və təcəssümüdür. Qeyd edilən həmin faktların əks etdirdiyi tarixi həqiqətləri təhrif etmək üçün kimlərsə cəhdlər edə bilər, lakin nəticəsiz qalacaq. Müqayisə edilən tarixi dövrlər və dövrün liderləri bir-birindən o dərəcədə fərqlənir ki, istənilən təhrif və ya saxtakarlıq nəyisə dəyişdirmək gücündə deyil.

Ayrı-ayrı vaxtlarda Heydər Əliyevə qarşı çox haqsızlıqlar edilib. Lakin zaman hər şeyi öz yerinə qoyub. Heydər Əliyev isə həmişə haqqın və ədalətin yanında olub. Ona görə də, Heydər Əliyev elə möhtəşəm tarixdir ki, onu dəyişdirmək imkan xaricindədir. 1993-cü ilin fevral ayında Heydər Əliyev Naxçıvandan Bakıya gəlmişdi. Yeni Azərbaycan Partiyasının üzvləri ilə görüşdə iştirakçılardan biri çıxışında o zamankı Prezident Əbülfəz Elçibəyin şəxsiyyəti haqqında kəskin ifadələr işlətdi. Heydər Əliyev dərhal onu dayandırıb, “Əbülfəz Elçibəy Azərbaycanın prezidentidir. Sənə də, digərlərinə də dövlətimizin başçısının şəxsiyyəti haqqında kəskin ifadələr işlətməyi məsləhət görmürəm. Biz onun yeritdiyi siyasəti tənqid edirik, lakin şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır” dedi. Bu epizod Heydər Əliyevin həm insan, həm siyasətçi, həm də dövlət xadimi kimi böyüklüyünü təsdiq edən yüzlərlə faktlardan yalnız biridir. Ona görə Heydər Əliyev unudulmur və unudulmayacaq.

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

YAZTV-nin xəbərinə görə, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Dövlət başçısı mərkəzin açılışını edib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

Prezident İlham Əliyev Tərtər rayonundadır

Prezident İlham Əliyev Tərtər rayonundadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

YAZTV xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.