Thursday, 06 Oktyabr 2022 07:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Şəhid atası Prezidentə yazır: "Hər gün namazda Sizə dua edirik"

Şəhid atası Prezidentə yazır: "Hər gün namazda Sizə dua edirik"

Ölkə prezidentinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində verdiyi göstərişlər vətəndaşların böyük rəğbətinə səbəb oldu. Belə ki, hər gün respublikanın müxtəlif bölgələrindən dövlət başçısına təşəkkür məktubları gəlir. Növbəti belə məktubu Biləsuvar rayonu Ağayri kəndindən olan şəhid atası Əlifağa Haxverdiyev yazıb.

Onun səmimi sözlərlə qələmə aldığı məktubu YAZTV diqqətinizə çatdırır:

“Hörmətli cənab Prezident!

Xalqımızın bu çətin və ağır günlərində Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin göstərişinizlə aztəminatlı ailələrə yardımın verilməsi çox humanist bir qərardır. Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki, yaşadığım kəndin sakinləri adından Sizə və ailənizə təşəkkürümü çatdırım. Mən və ailəm hər gün namazda Sizə dua edirik. Allah Sizə hər zaman cansağlığı qismət etsin, bəla görməyəsiniz. Cənab Prezident, Ulu Tanrı bütün işlərinizdə Sizə yardımçı olsun. Sizin hər bir uğurlu işinizə ürəkdən sevinirik”.

Sahibə Qafarova daha bir köməkçisini işdən çıxardı

Sahibə Qafarova daha bir köməkçisini işdən çıxardı

Milli Məclisin Sədri Sahibə Qafarovanın daha bir köməkçisi vəzifəsindən azad edilib.
 
Bununla bağlı S.Qafarova müvafiq sərəncam imzalayıb.
 
Sərəncamla Ruslan Şahbaz oğlu İsmayılov Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub. (Report)
Milli Məclisdə dinləmələr olacaq

Milli Məclisdə dinləmələr olacaq

Bu gün Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinləniləcək.

Dinləmələrdən sonra müzakirələr aparılacaq.

Baş prokuror özünə yeni köməkçilər təyin edib

Baş prokuror özünə yeni köməkçilər təyin edib

Baş prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib.

Bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları Emin Nəsibov və Elnur Musayev Baş prokurorun köməkçisi vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, yeni Baş prokuror daha öncə verdiyi əmrlə bütün köməkçilərini vəzifədən azad etmişdi. (Sabah.az)

Azərbaycan və Moldova prezidentləri arasında videokonfrans keçirilib

Azərbaycan və Moldova prezidentləri arasında videokonfrans keçirilib

Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.

YAZTV xəbər verir ki, Moldova Prezidenti İqor Dodon dövlətimizin başçısı İlham Əliyevi salamlayaraq dedi:

-Sabahınız xeyir.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Prezident İqor Dodon: Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim. Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq.

Prezident İlham Əliyev: Bəli. Sizi görməyimə çox şadam, hörmətli cənab Prezident. Mən də Sizi və Sizin şəxsinizdə bütün Moldova xalqını ötən Qələbə bayramı münasibətilə təbrik etmək istərdim. Bizim ölkələrimizdə bu bayram həmişə çox əziz tutulur. Bizim Qələbəmiz uğrunda canlarından keçənlərin xatirəsini əziz tutmağımız fərəhlidir. Hazırda sağ olanlar, - düzdür, onların sayı getdikcə azalır, - ölkələrimizdə böyük hörmətə sahibdirlər. Əlbəttə ki, biz ikitərəfli planda daim aktiv qarşılıqlı fəaliyyətə istiqamətlənmişik. Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda görüşlərimizi xatırlayıram. Buna görə də Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir. Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza və həmçinin bu gün bunu qeyd etdiyinizə görə təşəkkür edirəm. Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə, əminəm ki, bugünkü müzakirəmiz də çox faydalı olacaq və nəticəyə istiqamətlənəcək.

x x x

Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışdılar.

Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.

Söhbət zamanı dövlət başçıları pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildirdilər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var. Prezidentlər bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğuladılar.

Dövlət başçıları, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə etdilər. Moldova Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərlə bağlı dəvətini bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova Prezidenti İqor Dodonu Azərbaycana rəsmi səfərə dəvət etdi.

Bu gündən Azərbaycanda SMS icazə sistemi ləğv olundu

Bu gündən Azərbaycanda SMS icazə sistemi ləğv olundu

 
Bu gündən Azərbaycanda vətəndaşların yaşayış yerini SMS icazə ilə tərk etməsi sistemi bütün ölkə üzrə ləğv edilib.
 
YAZTV  xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 15-də qərar verib.
 
Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
 
Qeyd edək ki, daha əvvəl mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.

"Tezliklə işğal edilmiş ərazilərimiz işğaldan azad ediləcək"

"Tezliklə işğal edilmiş ərazilərimiz işğaldan azad ediləcək"

1992-ci il mayın 18-də Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 80 minə nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır.

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın bu təcavüzkar siyasətinə hüquqi qiymət vermiş, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılmasını öz qətnaməsi ilə təsdiq etmişdir.

Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Laçında daxil olmaqla bütün işğal edilmiş ərazilərimiz işğaldan azad ediləcəkdir.

Vitse Spiker
Adil Əliyev

Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsinin ildönümüdür.

YAZTV  xatırladır ki, Laçının işğalından 28 il ötür.

1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.

Moldova Prezidenti yardıma görə Azərbaycana təşəkkür edib

Moldova Prezidenti yardıma görə Azərbaycana təşəkkür edib

 

"Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim".

YAZTV  xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə arasında videokonfrans formatında görüşündə deyib.

"Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq", - Moldova Prezidenti vurğulayıb.

 

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 3,3 milyon manat ayrıldı

Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveçin Kralı XVI Karl Qustav Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

YAZTV xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".