Thursday, 06 Oktyabr 2022 08:52
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan ilə ÜST arasında Donor Sazişi imzalandı

Azərbaycan ilə ÜST arasında Donor Sazişi imzalandı

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun təşəbbüsü ilə cari ilin mayın 4-də keçirilmiş Hərəkatın COVID-19 virusu ilə mübarizəyə həsr olunmuş Zirvə görüşündə bu sahədə Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv dövlətləri üçün Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ianənin ayrılmasını bəyan edib.

YAZTV-nin məlumatına görə, bununla bağlı cari ilin mayın 11-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-ün Baş direktoru Tedros Qebreyesus tərəfindən imzalanmış Donor Sazişi Azərbaycan tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı ÜST-ün Baş direktoru Azərbaycan tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəldiyi diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirib. Tedros Qebreyesus Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, verilmiş qərara görə Azərbaycan Respublikası Prezidentinə ÜST adından dərin minnətdarlığını ifadə edib.

Daimi nümayəndə V.Sadıqov, öz növbəsində, Azərbaycanın ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini vurğulayıb və ölkəsi tərəfindən Təşkilatın qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, pandemiya ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən tətbiq edildiyini nəzərə çatdırıb.

Qeyd edək ki, BMT-nin ixtisaslaşmış qurumu kimi qlobal miqyasda beynəlxalq sağlamlığa cavabdeh olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq tərəfdaşıdır. Azərbaycanın ÜST ilə əməkdaşlığı Təşkilatın Cenevrədəki baş qərargahı və Kopenhagendəki ÜST-ün Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.

Prezidentlə xanımı Suraxanıda ağac əkdi  - FOTOLAR

Prezidentlə xanımı Suraxanıda ağac əkdi - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.

YAZTV xəbər verir ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Ölkəmizdə bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən də Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Hazırda ölkəmizdə həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, ekoloji mühitin dayanıqlı mühafizəsinə nail olmaq məqsədilə mühüm layihələr reallaşdırılır.

Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır. İndiyədək bu istiqamətdə çox uğurlu layihələr reallaşdırılıb. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu idi. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlmirdi. Görülən işlər nəticəsində hazırda ərazinin ekoloji durumu normalara tam uyğunlaşdırılıb.

Burada icra olunan layihənin birinci mərhələsində - 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda həmin ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. 2020-ci il ərzində təmizlənmiş ərazilərdə Abşeronun iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, Həmişəyaşıl sərv, Arizona sərvi və digər həmişəyaşıl ağac kol növlərinə aid, ümumilikdə, 82 min tingin əkilməsi planlaşdırılır. Layihənin icrası Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şosesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq.

Prezident İlham Əliyev və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər

Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.

Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.

Prezident və birinci xanım görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.

"Ən ali səviyyədə islahatlar uğurla davam etdirilməkdədir"

"Ən ali səviyyədə islahatlar uğurla davam etdirilməkdədir"

"Hüquqi, institusional və kadr islahatları başda olmaqla bütün sahələrdə ölkə ərazisində ən ali səviyyədə islahatlar uğurla davam etdirilməkdədir. 2018-ci ildə başlanılmış bu islahatlar bütün 2019-cu ili əhatə edərək bu çətin günlərdə də davam etdirilməkdədir. 2020-ci ili ölkədə şəffaflıq ili olaraq da adlandırmaq olar. Buna səbəb olaraq isə aparılan islahatlarla paralel olaraq bütün dövlət strukturlarının online rejimdə çalışmasını və məmurların öz seçiciləri qarşısında online hesabatlarını göstərmək olar".

YAZTV xəbər verir ki, bu fikirləri millət vəkili Jalə Əhmədova deyib.

O bildirib ki, islahatlara gəldikdə isə, son zamanlar gündəmdə olan bir neçə əməliyyatlara nəzər yetirmək lazımdır. Dövlət başçısının qanunsuzluğa və vicdansızlığa qarşı olan çox saylı bəyanatları islahatların nə qədər ciddi olduğunu birdaha nümayiş etdirir. Cari ilin 8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat bir vətəndaş olaraq məni çox üzdü. Zəngin mədəniyyətimizi dünyada və ölkədaxilində təmsil edən bir qurumda çalışan məmurlar necə öz xalqına xəyanət edə bilər?

"Təəssüf ki, xoşagəlməz hallar bununlada yekunlaşmır. Bu çətin günlərdə əlindən gəldiyi qədər öz vətəndaşlarına yardım edən hökümətin yardımlarını mənimsəyən, bu yardımlara həqiqətən də ehtiyacı olan şəxslərə deyildə öz tanışlarına paylayan məmurlar haqlı olaraq tutulmuş və ən ciddi cəzalar almışlar. Bunlarla yanaşı korrupsiyaya qarşı mübarizə çox sərt və intensiv şəkildə davam etdirilməkdədir. Yeni təyin olunmuş, öz sahəsinin peşakarı Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevi qəbul edən cənab Prezident video görüşdə qeyd etdiyi kimi, korrupsiyaya qarşı prinsipial mövqe qorunub saxlanılmaqdadır və tətbiq edilən məsuliyyət tədbirləri təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəkdir.

Sonda əminlikdə qeyd edə bilərəm ki, çoxşahəli uğurlu islahatlar sayəsində xoşagəlməz hallar minimum dərcəyə endirilərək və vətəndaş məmnunluğu tam şəkildə təmin ediləcəkdir. Uğurlu islahatların keçirilməsi üçün güclü siyasi iradə lazımdır, bu isə ölkə başçımız başda olmaqla mövcud hökümətdə çox yüksək dərəcə də vardır", deyə millət vəkili əlavə edib.

Həmid Nəsirov: "Ulu öndər siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi"

Həmid Nəsirov: "Ulu öndər siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi"

"Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi".

Bu fikirləri Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov YAZTV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.

Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi. Bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Biz gənclər Ulu Öndərimizin bizə miras qoyduğu ölkəmizi qorumağa və Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək var gücümüzlə çalışacağımıza söz veririk.

Elvar Osmanov: Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir

Elvar Osmanov: Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir

"Ümummilli lider Heydər Əliyev  müstəqil  Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusudur. Ümummilli Lider  özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır.  Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir".

Bu fikirləri YazTV-ə açıqlamasında Gəncə İdman Klubunun prezidenti, idman ustası Elvar Osmanov deyib.

O bildirib ki, Azərbaycan bu gün Heydər Əliyev yolu ilə inamla irəliləyir, cənab İlham Əliyevin rəhbərliyi altında biri-birindən əhəmiyyətli uğurlara imza atır. Son illərdə Heydər Əliyev siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın davamlı uğurlarını, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini və onlara çatmaq imkanlarını təmin edir. Bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

"Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsilə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fondu ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond Azərbaycan mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyasının formalaşdırılmasında, mədəniyyətlərarası dialoqun təşkili və inkişafında, mühüm sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. Biz həmişə Ulu Öndərin əziz xatirəsini yad edirik və bundan sonra da edəcəyik", deyə Elvar Osmanov qeyd edib.

Oqtаy Əsədov Milli Məclisin iclaslarına niyə gəlmir?

Oqtаy Əsədov Milli Məclisin iclaslarına niyə gəlmir?

“Deputat Oqtаy Əsədov Milli Məclisin plenar iclaslarında üzrlü səbəbdən iştirak etmir”.

Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarı var:

“Karantin rejimi olduğundan, Oqtаy Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir. Ona görə də hazırda Oqtаy Əsədovun iclaslarda iştirak etməməsi üzrlü səbəblərdəndir”.

Eldar İbrahimov həmçinin əlavə edib ki, 65 yaşlı O.Əsədovun səhhətində heç bir problem yoxdur.

Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin sədri olub. O, VI çağırış Milli Məclisə seçkilərdə də deputat seçilib. (Report)

"Heydər Əliyev xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb"

"Heydər Əliyev xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb"

"Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb. Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam etdirilir".

Bu fikirləri YazTV-ə açıqlamasında Gəncə İdman Klubunun Vitse-prezidenti Elşən Abbasov deyib.

O bildirib ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Ulu öndər Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

"Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir", deyə Elşən Abbasov əlavə edib.

Mehriban Əliyeva: Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaq

Mehriban Əliyeva: Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaq

Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

YAZTV xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.

“Milli Şuranı “ağa”larından alacaqları qrantlar maraqlandırır”

“Milli Şuranı “ağa”larından alacaqları qrantlar maraqlandırır”

“Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan çox inkişaf edib, dünya miqyasında güclü və qüdrətli bir ölkə kimi yeni imicini formalaşdırıb. Çoxşaxəli iqtisadi, sosial islahatlarla yanaşı və siyasi islahatların paralel surətdə davam etdirilməsi Azərbaycanın dinamik inkişafına, dünya miqyasında tanınmasıma, nüfuzunun artması mühüm töhfələr verən strateji amillərdəndir”.

YAZTV xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dövlət başçısının iradəsi və təşəbbüsü nəticəsində idarəetmədə çeviklik və funksionallığın artırılmasına xidmət edən islahatlar yeni bir mərhələnin – yeni siyasi konfiqurasiyanın formalaşmasına, yeni bir siyasi dövrün başlanmasına zəmin yaradır:

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, Azərbaycan Prezidentinin siyasi iradəsi olan dialoq çağırışlarını siyasi partiya və təşkilatlanmaların diqqətinə çatdırılması, altıncı çağırış Milli Məclisin çoxpartiyalı parlament kimi formalaşması, ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin əksəriyyətinin Milli Məclisdə yer alan digər partiyalarının təmsilçiləri arasından seçilməsi Azərbaycan iqtidarının siyasi dialoqa, milli birliyə, həmrəyliyə olan münasibətinin bariz nümunəsidir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəllifi olduğu ümummilli və qlobal çağrışlar, siyasi dialoq məfkurəsi bu günkü mərhələdə Azərbaycan tarixinin yeni səhifəsini yazır: “Siyasi dialoq mühiti müxalif partiyalar üçün milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir. Doğrudur, bir çox siyasi partiyalar hakimiyyət tərəfindən irəli sürülən siyasi dialoqu layiqincə dəyərləndirir, qlobal çağrışlar kontekstində Azərbaycan növbəti tarixi mərləhədə daha güclü və nüfuzlu ölkəyə çevriləcəyini görürlər. Təəssüflər olsun ki, vaxtilə hakimiyyətdə olarkən ölkəni dərin böhrana və xaosa sürükləyən, bu gün xalq tərəfindən boykot edilən qüvvələr, onların tör-töküntüləri siyasi dialoqdan imtina edirlər. “Müxalifət” sözünü özlərinin inhisarına çevirənlər hələ də öz çirkin və xəbis əməllərindən əl çəkmirlər. Koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda xarici havadarlarının arxasında gizlənən “beşinci kolon” adlanan qüvvələr, müxalifətin marginallaşan hissəsi reallığı və atılan mütərəqqi addımları görməkdə çətinlik çəkirlər.

BMT-nin Baş Katibinin, ÜST-ün icraçı direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronavirusla mübarizəişində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda, xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər. Gözlərini yalan, iftira, böhtan örtən müxalif qüvvələr hakimiyyətin mütəmadi olaraq dialoqa, birgə müzakirələr aparmağı dəvətindən imtina etmələri onların əsl niyyətlərindən - insanlar arasına çaşqınlıq yaratmağa, ölkədə hərc-mərclik salmağa kökləndiklərindən xəbər verir. Belə qüvvələr, əslində, işi yalnız tənqid etmək, dünyaya, beynəlxalq təşkilatlara yalan, böhtan, iftiralarla dolu məlumatlar ötürməkdir. Çünki onlar müstəqil deyillər, anti Azərbaycan dairələr tərəfindən idarə olunur, təlimatlandırılırlar. Millilikdən uzaq Milli Şuranın buyruq qulları böyüyüb, boya-başa çatdıqları ölkəyə, doğma Vətənlərinə qarşı ən rəzil addımlar atmaqdan çəkinmirlər”.

Deputat qeyd edib ki, dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz: “Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir”. Bu gün hakimiyyətin təklif etdiyi siyasi dialoqdan imtina milli maraqlardan imtina deməkdir. Ümummilli lider Heydər Əliyev deyirdi: Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Xarici havadarlarının köləsinə çevrilən Milli Şuranın ideoloqlarını, marginal qruplaşmanı xalq, Vətən, müstəqillik deyil, “ağa”larından alacaqları qrantlar maraqlandırır. Ona görə də belələrinə yeni siyasi konfiqurasiyada yer almaq, xalqla həmrəy olmaq sərf etmir”.

"Heydər Əliyev ölkədə gedən bütün proseslərdə gəncləri irəli çəkib"

"Heydər Əliyev ölkədə gedən bütün proseslərdə gəncləri irəli çəkib"

"Bu gün ölkəmizdə həm idmanın inkişafı, həm də gənclərlə bağlı çoxsaylı layihələrin icrası vaxtilə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclərlə iş sahəsindəki siyasətin nəticəsidir. Məhz Ulu Öndər hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq, bu sahədə həyata keçirilmiş islahatlar, qəbul edilmiş qərarlar, eləcə də çoxsaylı fərman və sərəncamlar sonrakı illərdə Azərbaycanı bütün dünyada tanınan idman ölkəsinə, gənclər siyasətini isə geniş hərəkata çevirib".

YAZTV-nin məlumatına görə, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərinin əvəzsiz olduğunu deyən deputat bildirib ki, məhz bu istiqamətdə görülmüş işlər çərçivəsində 1994-cü ildə respublikanın idman və gənclər həyatında dönüş ili adlandırılacaq hadisə baş verib. Həmin il Azərbaycanda Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb.

M.Cəfərovun sözlərinə görə, Ulu Öndərin idmanın inkişafı üçün uzaqgörənliklə söylədiyi bütün fikirlər, xüsusən də Azərbaycanda idmanın, bədən tərbiyəsinin getdikcə kütləvi xarakter alacağına və gələcəkdə hər bir vətəndaşın yaşından asılı olmayaraq, idmanla məşğul olacağına olan inamı sonrakı illərdə gənclər siyasəti sahəsində öz əksini tapmağa başlayıb: "Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə idmançılarımız iki dəfə – 1996-cı ildə Atlanta və 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında iştirak edərək vətənə müxtəlif əyarlı medallarla qayıtdılar. Heydər Əliyevin təşəbbüsü ilə idman sahəsində infrastrukturun qurulması və maddi-texniki bazanın müasirləşdirilməsi üçün 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı".

Deputat bildirib ki, idmanın inkişafı ilə yanaşı, gənclər sahəsinə də xüsusi diqqət edən ümummilli lider Heydər Əliyev ölkədə gedən bütün proseslərdə gəncləri irəli çəkib: "O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin etmişdi. Təsadüfi deyil ki, Ümummilli Liderin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” sözləri bu gün devizə çevrilib. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Onun göstərişi ilə 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülüb. Bir il sonra - 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan Gənclərinin I Forumu təşkil edilib".

M.Cəfərov qeyd edib ki, Ümummilli Liderin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncam gənclərlə bağlı ən mühüm və yaddaqalan addım olub. Məhz bu fərmanla “Azərbaycan gəncləri günü” təsis edilib və hər il 2 fevral tarixini müxtəlif qurumlar, xüsusən də ölkə gəncləri əlamətdar gün kimi qeyd edirlər: "Ümumiyyətlə Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas priotetlərindən hesab edib. Məhz Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə gənclər mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələnib".

Deputat vurğulayıb ki, Heydər Əliyevin istiqamət verdiyi siyasət bu gün ölkədə gənclər işinin çox düzgün formada həyata keçirilməsinə imkan yaradıb: "Bu gün Prezident İlham Əliyevin bu sahədə həmin siyasətin davamı olaraq, lakin müasir dövrün çağırışlarına uyğunlaşdırmaqla gerçəkləşdirdiyi çoxsaylı təşəbbüslər, ölkəmizin son illərdə ev sahibliyi etdiyi idman tədbirləri, eləcə də idmançılarımızın nüfuzlu yarışlarda qazandıqları nailiyyətlər Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıdıb".

"Azərbaycan xarici siyasət sahəsində geniş imkanlara malikdir”

"Azərbaycan xarici siyasət sahəsində geniş imkanlara malikdir”

"Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, demokratik, hüquqi, sivil, dünyəvi, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində fəal diplomatik əlaqələrə və geniş imkanlara malikdir”.

Bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz dünya iqtisadi və siyasi birliyinə uğurla inteqrasiya edib, qlobal layihələrin mərkəzinə, dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların hörmət və diqqətlə yanaşdığı nüfuzlu dövlətə çevrilib:

“Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünya birliyinə üzv olan bütün dövlətlərlə qarşılıqlı hörmət və etimada söykənən səmərəli münasibətlər qurub, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaradıb. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-1013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Ölkəmiz BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatının da fəal üzvlərindən biridir və hazırda bu təşkilata uğurla sədrlik etməkdədir. Eyni zamanda digər mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan verib”.

Milli Məclis Sədri deyib ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı mühüm beynəlxalq təşəbbüslər irəli sürüb, sülh və əməkdaşlıq məkanı kimi özünü təsdiq edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, respublikamızın müəllifi olduğu layihələr dünyanın enerji xəritəsini dəyişdirilib, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb”. (Report)