Saturday, 24 İyul 2021 17:02
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İranın yeni Prezidenti Qarabağa görə İlham Əliyevi təbrik etdi

İranın yeni Prezidenti Qarabağa görə İlham Əliyevi təbrik etdi

İran İslam Respublikasının yeni Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

YAZTV xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi tvitter hesabında məlumat yayıb.

Seyid İbrahim Rəisi Prezident İlham Əliyevdən səmimi təbrik məktubu almasından məmnunluq ifadə edərək bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

Rəisi sonra işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Prezident Əliyevi təbrik edib.

İranın yeni seçilmiş prezidenti bildirib ki, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradılır - FƏRMAN

Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında fərman imzalayıb.

YAZTV xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci hissəsinin 5.4-cü bəndinə uyğun olaraq qərara alınır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Müəyyən edilsin ki:

2.1. Təhsilin İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir;

2.2. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:

2.1.1.2.2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar;

2.1.2.2.2.2. ianələr, qrantlar və cəlb edilən investisiyalar;

2.1.3.2.2.3. Fondun fəaliyyətindən əldə olunmuş gəlir;

2.1.4.2.2.4. qanunla qadağan olunmayan digər mənbələr.

3. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

3.1.2. Fondun idarəetmə orqanlarının yaradılması;

3.1.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun yenidən təşkili və ləğv edilməsi;

3.1.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsini iki ay müddətində təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Nazirlik:

5.1. tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək məqsədilə onların büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən Fonda ayırmaların məbləğini iki ay müddətində müəyyən etsin;

5.2. Fondun büdcəsini və xərclər smetasını təsdiq edərkən bu Fərmanın 5.1-ci bəndinə əsasən Fonda ayrılacaq vəsaitdən Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə ayırmalar nəzərdə tutsun;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Previous Next

Prezident İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib (FOTO)

İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İlham Əliyevdən aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair FƏRMAN

İlham Əliyevdən aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair FƏRMAN

Prezident İlham Əliyev Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında fərman imzalayıb

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakı sahələrdə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələri hazırlayıb beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi;

 

- torpaqların idarə edilməsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması;

- aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası;

- aqroparkların fəaliyyətinin tənzimlənməsi.

Bundan başqa, Nazirlər Kabineti aşağıdakı məsələlərlə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası təcrübəsinin tətbiqi;

- ixrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi;

- aqrotexniki xidmət göstərilməsi və mülkiyyət hüququnun saxlanılması şərtilə kənd təsərrüfatı texnikasının lizinqə (icarəyə) verilməsinin əlavə dəyər vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı tətbiq edilən əlavə dəyər vergisinin ticarət əlavəsinə görə hesablanması;

- idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi;

-. aqrar istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin, habelə aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi;

- aqrar istehsal və emalla məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi verilməsi, o cümlədən kredit-zəmanət üzrə yeni maliyyələşdirmə alətlərinin tətbiqi.

Eyni zamanda, Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə dair tədbirlər görməli və nəticəsi barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə beş ay müddətində:

- torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə beş ay müddətində aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala tələbatını, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portalın yaradılması ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Kəmaləddin Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Kəmaləddin Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev K.F.Heydərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTVxəbər verir ki, sərənamda deyilir:

Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Ermənistanın bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq - XİN

Ermənistanın bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq - XİN

14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Xarici İşlər Nazirliyindən (XİN)  bildirilib ki, son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.

Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.

Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir.

Əliyevdən Ərdoğana məktub

Əliyevdən Ərdoğana məktub

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

YAZTV” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi səmimiyyətlə salamlayıram.

Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır.

Şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxmışdır. Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün “Demokratiya və Milli Birlik Günü”nün əhəmiyyətini bir daha vurğulayır.

Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur. Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

Dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir.

Əminəm ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət iki dövlət” şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Azərbaycan Prezidenti: Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində ikinci Qarabağ müharibəsi öyrənilir

Azərbaycan Prezidenti: Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində ikinci Qarabağ müharibəsi öyrənilir

Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir. Biz bunu həm mətbuatda izləyirik, eyni zamanda, bizə bir çox yerlərdən müraciətlər daxil olur, bizim təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi - bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Onu da bildirməliyəm ki, müharibə dövründə bir dənə də fərari olmamışdır. Amma Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Onların yarısı ölkədən qaçmışdır, yarısına qarşı da cinayət işi açılmışdır. Amma sonra Ermənistan rəhbərliyi götür-qoy elədi, dedi ki, bu on min nəfəri burada necə həbs edə bilərlər. Ona görə onları əfv etdi. On mindən çox fərari olmuşdur. O məşhur kadrların hamısı həqiqətdir ki, səngərlərdə Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax, budur bizim nailiyyətimiz. Amma bizdə bir nəfər də olsun, döyüş meydanından qaçmadı, əksinə, hospitallarda yaralı vəziyyətdə olanlar da həkimlərinə deyirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdırıq. Bəli, bir çoxları da qayıdıb və həlak olub".

Azərbaycan Prezidenti: Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq

Azərbaycan Prezidenti: Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq

Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.

YAZTV  xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “İndi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bax, bunu biz edirik. Əlbəttə, bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.

Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi”.

Prezident İlham Əliyev şəhid ailəsi üzvü və qazilərlə söhbət edib

Prezident İlham Əliyev şəhid ailəsi üzvü və qazilərlə söhbət edib

Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində şəhid ailəsi üzvü və qazilərlə söhbət edib.

YAZTV həmin dialoqu təqdim edir:

Şəhid ailəsinin üzvü Süsən Kərimova: Mən 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş zabit Toğrul Kərimovun həyat yoldaşıyam. Mən də bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Siz Müzəffər Ali Baş Komandan olaraq Azərbaycan xalqının 30 illik həsrətinə son qoydunuz. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu elə böyük bir Qələbəyə, elə böyük bir Zəfərə imza atdı ki, bundan sonra gələcək neçə-neçə nəsillərimiz bu Qələbədən böyük iftixar hissi ilə danışacaqlar. Mən düşünürəm ki, bizim şəhidlərimizin də ruhu şaddır. Çünki qisasları alınıb, uğrunda qan tökdükləri torpaqda indi Azərbaycan milli Ordusu xidmət edir.

Cənab Prezident, Siz hər dəfə efirdə yeni-yeni qələbə xəbərlərini çatdıranda xalqımızın sevincinin həddi-hüdudu yox idi. Biz də sevinirdik. Bu gün isə qürurluyuq. Şəhid ailələri olaraq bu Qələbəyə öz şəhid payımızı verdiyimiz üçün qürur duyuruq və bu qürurumuz davam edəcək. Cənab Prezident, Azərbaycan xalqına bu böyük qələbəni yaşatdığınıza, şəhid ailələri olaraq bizi qayğı ilə əhatə etdiyinizə və bu gün bu bayramın nəticəsində bizə mənzil hədiyyə etdiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Müharibə əlili Ədalət Aydınov: Cənab Prezident, Müzəffər Ali Baş Komandan. Allahımıza şükürlər olsun ki, bu gün Sizinlə birlikdəyik. Qəlbimizdən keçən minnətdarlığımızı Sizə bildirmək fürsəti əldə etmişəm. Ölkəmizin azadlığı, suverenliyi uğrunda gedən döyüşlərdə yaralanıb qazi olmuşam və bir qazi kimi, Sizə öz minnətdarlığımı bildirirəm. Çünki Siz Qalib Ordunun Qalib Komandanı kimi, şanlı qəhrəmanlıq tarixi yazmısınız. Alınmış torpaqlarımızın heç biri geri qaytarılmamışdı. Məhz Sizin qurub-yaratdığınız güclü ordunun sayəsində, 44 günlük müharibədə “dəmir yumruq” əməliyyatı nəticəsində bu Qələbə Zəfərini bizə yaşatdınız. Bu gün Ulu Öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin ruhu şaddır. Çünki torpaqlarımız azaddır, Şuşamız azaddır. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki uğrunda canlarını qurban verdikləri torpaqlar artıq azaddır.

Cənab Prezident, Sizin göstərişinizlə, respublikanın bütün yerlərində şəhid ailələrinə və qazilərinə çox böyük diqqət və qayğı var. Bu gün Siz bizə mənzil hədiyyə edirsiniz. Bu, diqqət və qayğınızın isbatıdır. Yaralı əsgər və zabitlərimizin öz sağlamlıqlarına qovuşması üçün Sizin nəzarətinizlə respublikada çox böyük işlər görülür və görülməkdədir. Bir çox reabilitasiya mərkəzləri yaradılıb və bunlardan geniş istifadə olunur. Müasir protezlərlə təmin olunmuşuq və buna görə də Sizə öz minnətdarlığımı bildirirəm.

Əziz Prezidentim, Sizə çox sağ olun deyirəm. Ümidvaram ki, bundan sonra da Sizin rəhbərliyinizlə çiçəklənən Azərbaycanımız daha böyük qələbələrə imza atacaqdır. Allahdan xalqımıza və onun müdrik rəhbərinə cansağlığı və xoşbəxtlik arzulayıram. Allah yar və yardımçınız olsun.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Vətən müharibəsi qazisi Qurbanəli İslamov: Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, mən möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin qazisiyəm. İlk növbədə bildirmək istəyirəm ki, mən ulu öndərimiz Heydər Əliyevin yaratdığı, Azərbaycanda milli zabitlər ordusunun formalaşmasının təməli hesab olunan Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsiyəm. Sizin komandanlığınız altında uğurlu hərbi əməliyyatlarda iştirak edərək babalarımızdan bizə miras qalmış doğma torpaqlarımızın yağı düşmənin işğalından azad edilməsinə, bu tarixi qələbəmizə töhfə verdiyim üçün sonsuz iftixar hissi keçirirəm. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, bizim tarixi qələbəmiz qürur mənbəyimizdir. Azərbaycan tarixində belə parlaq qələbə olmayıb. Azərbaycan xalqı bundan sonra əsrlərboyu bu tarixi qələbəni öz qəlbində yaşadacaq, daim qürur hissi keçirəcək.

Cənab Ali Baş Komandanımız, xalqımızın bu müqəddəs, böyük arzusunu reallığa çevirən dövlət başçısı kimi, Sizin şəhid ailələrinə, qazilərə göstərdiyiniz yüksək diqqət və qayğının da şahidi oluruq. Bugünkü tədbir də bunu təsdiq edir. Mən müharibə əlili kimi, Sizin hədiyyəniz olaraq Ramanı qəsəbəsində yeni mənzillə təmin olunmuşam. Həmçinin Sizin sərəncamlarınızla 5 medalla təltif edilmişəm, müasir tipli protezlə təmin olunmuşam. Bu gün isə mənə minik avtomobili verilib.

Cənab Ali Baş Komandan, Sizin Sərəncamınıza əsasən icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb. Mən də Suraxanı Rayon İcra Hakimiyyətində həmin şöbədə işlə təmin olunmuşam. Şəhid ailələrinə, biz qazilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının daim müstəqil olması üçün Sizin əmrinizə hazırıq. Sağ olun əziz Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Təşəkkür edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı qazilərlə söhbət etdi.

Prezident İlham Əliyev: Səndə də protezdir?

Qazi: Bəli:

Prezident İlham Əliyev: Harada yaralanmısan?

Qazi: Talış kəndi uğrunda gedən döyüşlərdə. Mühəndis istehkam bölüyündə xidmət edirdim.

Prezident İlham Əliyev: İndi özünü necə hiss edirsən? Normal həyata qayıtdın?

Qazi: Bəli, normal həyata qayıtmışam.

Digər qazi: Füzuli uğrunda döyüşlərdə, Qaraxanbəylidə, Aran deyilən istiqamətdə yaralanmışam. Özüm də zabit olmuşam.

Prezident İlham Əliyev: Füzulidə çox şiddətli döyüşlər gedirdi.

Qazi: Bəli. Sentyabrın 27-si günü.

Prezident İlham Əliyev: Sağ ol.

Qazilər: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sən harada vuruşmusan?

Qazi: Suqovuşanın azad olunmasında, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində.

Prezident İlham Əliyev: Suqovuşanda.

Qazi: Mən sizə minnətdaram, cənab Prezident. Allah Sizə cansağlığı versin, Ulu Öndərimizin vəsiyyətinə əməl etdiniz.

Prezident İlham Əliyev: Bəli, elədir.

Qazi: Mən həmişə demişəm, Şuşada biz ermənilərin əlini qaldırdığını görəndə, bilirdim ki, biz orada əsil Azərbaycan oğlunun əlini qaldıracağıq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Elə də oldu. Bizim igidlərimiz Şuşanı əliyalın götürdülər. Ermənilər görəndə ki, biz artıq Şuşaya yaxınlaşmışıq, panikaya düşdülər. Biz bilirdik ki, onlar nə fikirdədirlər. İnana bilmirdilər. Bir-birinə xəbər ötürürdülər, bir-birinin xəbərlərini yalanlayırdılar ki, ola bilməz. Necə keçdilər? İndi Zəfər yolunu biz çəkmişik. Demək olar ki, indi bir-iki aya asfalt da döşənəcək.

Qazi: İnşallah

Prezident İlham Əliyev: Mən adını da Zəfər yolu qoydum. Çünki əvvəllər ona xidməti yol demək istəyirdilər, çünki əsas böyük yol trasdan keçəcəkdi. Dedim, bu, Zəfər yoludur, çünki biz bu yoldan keçərək Şuşanı azad etdik. İndi oraya gedən, o yolla gedən hər kəs məəttəl qalır ki, necə oradan keçmək olar? Keçmək, özü də silahla, pulemyotla, bütün geyimlə keçmək. Özü də bir gün yox, iki gün yox, neçə gündür biz bilirik. Sonra o sıldırım qayaları dırmaşmaq... Orada ermənilərin tankları da, topları da var idi. Cəmi iki günə, iki gün yarıma Şuşanı əliyalın azad etdik. Budur, Vətən sevgisi, qəhrəmanlıq budur. Fəxr edirik sizinlə.

Qazi: Biz Sizinlə fəxr edirik, o ruhu bizə bağışladığınıza görə.

Prezident İlham Əliyev: Sağ olun.

Prezident İlham Əliyev Tbilisi şəhərinin merini qəbul edib

Prezident İlham Əliyev Tbilisi şəhərinin merini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.

Rüfət Yaqubov “Şöhrət” ordeni ilə təltif edildi

Rüfət Yaqubov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev R.S.Yaqubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.

YAZTV xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüfət Səttar oğlu Yaqubov “Şöhrət” ordeni ilə təltif edilir.