Saturday, 24 İyul 2021 17:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Tovuz döyüşlərindən 1 il ötür

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür.

YAZTV xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür.

Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.

Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.

Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə də davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Amma düşmən öz itkilərini gizlətməyə cəhd göstərib. Həmin günü Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşüb. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub.

Tovuz döyüşləri iyulun 14-də də davam edib. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.

Həmin gün axşam saatlarında döyüşlər səngiyib və cəbhədə nisbi sakitlik yaranıb. İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatlarında döyüşlər yenidən başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi qullquçusu şəhid olub. Düşmənin isə xeyli sayda hərbçisi və texnikası məhv edilib.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

Tovuz döyüşləri zamanı böyük insan izdihamı ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü baş tutub. Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildiriblər.

Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açıb. Avqust ayında isə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəman adı verilib.

Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb. Düşmənin Tovuzda dağıtdığı evlər və digər obyektlər bərpa edilib.

 

 

Azərbaycandakı xarici diplomatlar Cıdır düzündə olublar

Azərbaycandakı xarici diplomatlar Cıdır düzündə olublar

Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

YAZTV-nin məlumatına görə, bu gün diplomatik korpusun ümumilikdə 100-dən çox nümayəndəsi Şuşada Cıdır düzündə olub.

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün diplomatlar Füzulidə beynəlxalq hava limanının tikintisi və “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar. Daha sonra Şuşada bir sıra mədəni və tarixi-dini abidələrə baş çəkiblər.

Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədlərinin qalıqları qarşı tərəfə təhvil verilib.

YAZTV xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

 Meyitlər, Cəbrayıl və Füzuli rayonları ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 598-ə çatıb. (qafqazinfo az)

Cəbrayıl rayonunun Dağ Tumas kəndindən videogörüntülər

Cəbrayıl rayonunun Dağ Tumas kəndindən videogörüntülər

Cəbrayıl rayonunun Dağ Tumas kəndindən videogörüntülər -

https://www.youtube.com/watch?v=VfC6pPrBpms

Ölkəyə narkotik maddələr gətirməyə cəhdlər çoxalıb - Nazir

Ölkəyə narkotik maddələr gətirməyə cəhdlər çoxalıb - Nazir

Ölkəyə narkotik maddələr gətirməyə cəhdlər çoxalıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən YAZTV-yə verilən məlumata görə, bunu iyulun 9-da DİN-də 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi etibarlı təmin etdiyini vurğulayıb. Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14.058 cinayətin qeydə alındığını, açılmasının isə xeyli yaxşılaşdığını qeyd edib.

Nazir cənab Prezidentin sərəncamları ilə polisin və Daxili Qoşunların peşə bayramları ərəfəsində də 26 əməkdaşın və 12 hərbi qulluqçunun dövlət mükafatlarına layiq görüldüyünü, rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verildiyini, həmçinin Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1690 hərbi qulluqçunun dövlət təltiflərinə, o cümlədən 4 nəfərə “Vətən müharibəsi qəhrəmanı” adının verildiyini, habelə xidmətdə fərqlənmiş yüzlərlə əməkdaşın və hərbi qulluqçunun mükafatlandırıldığını bildirib.

General-polkovnik V.Eyvazov bütün bunlarla bərabər, fəaliyyətdə nöqsan və çatışmazlıqların mövcudluğunu, onların ətraflı müzakirə edilib əlavə təşkilati tədbirlər müəyyən edilməklə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 1,3, adam öldürməyə cəhdlərin 11, oğurluqların 31, soyğunçuluqların 34, quldurluqların 8, avtonəqliyyat vasitələrinin qaçırılmasının 9,6, xuliqanlıqların 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlərin 32, yol-nəqliyyat hadisələrinin 0,5, qəzalarda ölənlərin sayının 11, xəsarət alanların sayının 0,5 faiz azaldığını, habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açıldığını, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxsin tutulduğunu vurğulayıb.

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Məruzəətrafı çıxışlarda Nazirliyin aparatının sturuktur qurumlarının və ərazi polis orqanlarının rəisləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan konkret tədbirlər barədə məlumat veriblər.

İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə yönəldib, tapşırıq və tövsiyələrini verib. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.
Ayrıca olaraq narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.

Eyni zamanda, vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.

Problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilidiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

Yeniyetmələr və gənclər arasında aparılan izahat işlərinə də toxunan Nazir bu işin konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olduğunu, bütün hallarda əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməsinin əhəmiyyətini nəzərə çatdırıb. Eləcə də COVID-19 pandemiyasından əvvəl respublikanın bütün təhsil müəssisələrində antinarkotik mövzuda davamlı tədbirlərin keçirildiyini, həmin tədbirlərdə gənclər təşkilatlarının fəallığını, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar antinarkotik təbliğat sahəsində vətəndaşların köməyinə həmişəkindən çox ehtiyac duyulduğunu bildirib. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu, “Narkotiklərə yox!” devizinin hamılıqla dəstəklənəcəyinə inandığını qeyd edib.

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Prezident İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcək.

Leyla Abdullayevaya da diplomatik rütbə verilib

Leyla Abdullayevaya da diplomatik rütbə verilib

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, diplomatik rütbə verilənlər arasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da var.

 Ona İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Azərbaycan XİN Tacikistana başsağlığı verdi

Azərbaycan XİN Tacikistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

YAZTV” xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, bu gün Tacikistanın şimalında 5.9 bal gücündə zəlzələ baş verib. Nəticədə, 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Azərbaycan və Belarus arasında müqavilə təsdiqləndi

Azərbaycan və Belarus arasında müqavilə təsdiqləndi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi barədə sənəd müzakirəyə çıxarılıb.

YAZTV xəbər verir ki, sənəddə tərəflər məxfi informasiyanın mühafizəsi üzrə öhdəliklər götürüblər.

Sənəddə məxfi informasiyanın istifadəsi və işlənilməsi şərtləri və s. məqamlar öz əksini tapıb.

Sənəd ətrafında deputatlardan Siyavuş Novruzov, Fəzail Ağamalı, Zahid Oruc və digər şəxslər fikirlərini bildiriblər, müqavilənin təsdiq edilməsinin vacibliyinə diqqət çəkiblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə 4-8 oktyabr 2021 tarixləri arasında keçiriləcək “Eternity-2021 təlimi"nin ilk planlaşdırma iclası keçirilib.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İclas Quru Qüvvələri Təlim İdarəetmə Mərkəzi Komandanlığında videokonfrans şəklində keçirilib. (trend az)

Ermənistan silahlı qüvvələri Gədəbəy rayonu istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri Gədəbəy rayonu istiqamətində mövqelərimizi atəşə tutub

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Deputatlar bu gün növbədənkənar iclasda 13 məsələni müzakirə edəcək

Deputatlar bu gün növbədənkənar iclasda 13 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

9. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

10. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

12. “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

13. Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında.

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib - SƏRƏNCAM

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilir:

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Abdullayeva Leyla Yaşar qızı

Həbibzadə Elcan İbrahim oğlu

Rəfiyev Yalçın İlqar oğlu.