Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanıldı

Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanıldı

Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan YAZTV-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayon sakini Mübariz Şirinov olduğu müəyyən edilib.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq Mübariz Şirinov qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə M.Şirinov yaşadığı ünvana geri qaytarılıb.

Oxşar faktlar Siyəzən, Xaçmaz və Xızı rayonlarında da qeydə alınıb.

Belə ki, Siyəzən Rayon sakini Yusif Vəliyevə, Xaçmaz rayon sakini Sərdar Sərdarova və Xızı rayon sakini Səfaqət Abasovaya COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxslər təyin edilən qaydalara baxmayaraq, yaşayış yerlərini tərk ediblər.

Polis əməkdaşları tərəfindən qaydaları pozan hər üç şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslərlə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Rayon Polis Şöbələrində araşdırmalar aparılır.