Saturday, 18 Sentyabr 2021 23:30
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirirlər

Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb. Görüşdə digər məsul vəzifəli şəxslər də iştirak edib.

Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş ölkəyə gəldiyini vurğulayan E.Mirzəyev yanğınsöndürənlərimizin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb.

Görüşdə iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildiriblər.

Görüşdə, həmçinin yanğınlarla daha effektli mübarizə məqsədilə atılacaq addımlar geniş müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup yaxın saatlarda yanğınların söndürülməsi əməliyyatlarına qoşulacaq. Dünən axşam saatlarında təyyarə ilə yola salınmış dördüncü qrup isə artıq əməliyyatlara başlayıb.

Xatırladaq ki, FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə ötən ay 630 mina aşkarlanıb - ANAMA

İşğaldan azad edilmiş ərazilərdə ötən ay 630 mina aşkarlanıb - ANAMA

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan  bildirilib ki, iyulun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 545 piyada əleyhinə mina, 85 tank əleyhinə mina və 625 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

677 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Vətəndaşların NƏZƏRİNƏ: gələn həftədən başlayır

Vətəndaşların NƏZƏRİNƏ: gələn həftədən başlayır

Avqust ayının 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  verilən birgə məlumata görə, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

Azərbaycan dili üzrə növbəti test imtahanın tarixi məlum oldu

Azərbaycan dili üzrə növbəti test imtahanın tarixi məlum oldu

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə növbəti test imtahanı keçiriləcək.

DİM-dən  verilən məlumata görə, imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunlarıBu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.

2. Ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul qiymət alan və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri;

3. Daha əvvəl keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri;

2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/brxv) çap etməlidirlər.

İştirakçılar buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

İsmayıllıda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

İsmayıllıda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

Bu gün İsmayıllı rayonunda xüsusi karantin qaydalarına riayət olunmaqla Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Füzulinin azad olunmasına görə” medalının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi və əməkdaşları, RİH-nin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdən öncə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarına gül dəstələri düzülüb. Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova tədbirdə çıxış edərək Ali baş komandan İlham Əliyevin orduya, şəhid ailələrinə, müharibə iştirakçılarına olan diqqət və qayğısını vurğulayıb, medalla təltif edilən iştirakçıları təbrik edib. Şəhid Vüsal Dəmirovun anası Nüşabə Dəmirova və Vətən müharibəsi qazisi Kənan Kərimli də çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla şəhid olanların ailə üzvlərinə, müharibə iştirakçılarına, hərbi qulluqçulara, qazilərə, “Füzulinin azad olunmasına görə” medalı təqdim olunub.

Qeyd edək ki, tədbirdə şəhid Ramil Musayevin öz adını daşıyan körpəsinə onun “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları təqdim edilib. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.

 

Tarix müəllimi olmaq istəyən üç mindən çox namizəd imtahan verir

Tarix müəllimi olmaq istəyən üç mindən çox namizəd imtahan verir

Avqustun 2-də müəllimlərin işə qəbulu üzrə növbəti test imtahanı keçirilir.

Təhsil Nazirliyindən  verilən məlumata görə, imtahanlarda tarix fənni üzrə müəllim olmaq istəyən namizədlər iştirak edirlər.

İmtahanlarda 3236 namizədin iştirakı gözlənilir.

Gədəbəy rayonu Çalburun kəndində “Yaşayan Əfsanələr” adlı tədbir təşkil olundu

Gədəbəy rayonu Çalburun kəndində “Yaşayan Əfsanələr” adlı tədbir təşkil olundu

44 günlük II Qarabağ müharibəsi zamanı Gədəbəy rayonu 39 şəhid vermişdir. Gədəbəy rayon Gənclər və İdman İdarəsi, Gədəbəy rayon Təhsil Şöbəsi və Gədəbəy rayon Gənclər və İdman İdarəsinin idman könüllüləri tərəfindən Gədəbəy şəhidlərini xatirəsini anmaq məqsədi ilə “Yaşayan Əfsanələr” adlı silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. “Yaşayan Əfsanələr” adlı ilk tədbir 3 avqust 2021-ci il tarixində Gədəbəy rayon Çalburun kənd şəhidləri – 12 dekabr 1988-ci il təyyarə qəzasında şəhid olmuş Söhrab Pirverdiyev, 44 günlük II Qarabağ müharibəsinin şəhidləri Elvin Mustafayev və Kənan Müzəffərliyə həsr edildi.


Tədbir Gədəbəy rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Gədəbəy rayon Təhsil Şöbəsinin əməkdaşları və Gədəbəy rayon Gənclər və İdman İdarəsinin idman könünlüləri, Çalburun kəndinin şəhid yaxınları, qazilər, müharibə iştirakçıları, kəndin ziyalıları və gənclərinin birgə iştirakı ilə gerçəkləşmişdir.
Tədbir şəhidlərimizin məzarına ziyarətlə başlamış, müqəddəs ruhlarına dualar oxunmuşdur. Daha sonra tədbir iştirakçıları Çalburun kənd tam orta məktəbində kənd sakinləri tərəfindən hazırlanmış “Şəhidlər” otağı ilə tanış olublar.


Kənd Klubunda davam edən tədbir Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməsi ilə başladı, Gədəbəy rayon 1 saylı orta məktəbin şagirdi Fatimə Alahverdiyevanın vətənpərvərlik və qəhrəmanlıq haqqındakı şeiri dinlənildi. Tədbirdə şəhid Elvin Mustafayev və şəhid Kənan Müzəffərliyə həsr edilmiş video-çarx izlənildikdən sonra açılış üçün söz Gədəbəy rayon Gənclər və İdman İdarəsi üzrə Azərbaycan İdman Könüllüləri təşkilatının sədri Aliq Bağırova verildi. Aliq Bağırov çıxışında şəhid qəhrəmanlarımız, onların göstərdiyi qəhrəmanlıqlar barədə danışdı, Azərbaycanın igid və qəhrəman övladlarının keçdiyi döyüş yoluna nəzər salaraq gələcək nəsillərin vətənpərvər ruhda böyüməsinə, vətəninə, millətinə və xalqına bağlı olmasını və Cənab Prezidentimiz, Ali baş komandan İlham Əliyevin dəmir yumuruğu ətrafında birləşərək düşmənə hər zaman vətənimizin azadlığı və işğaldan azad olması uğurunda müharibəyə hazır olmağının gərəkdiyini söylədi.

Daha 20 ölkədən Azərbaycana gediş-gəlişə icazə veriləcək (SİYAHI)

Daha 20 ölkədən Azərbaycana gediş-gəlişə icazə veriləcək (SİYAHI)

2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

YAZTV-nin məlumatına görə, bu barədə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.

İcazə verilən ölkələr aşağıdakılardır:

Almaniya Federativ Respublikası;

Avstriya Respublikası;

Belçika Krallığı;

Çexiya Respublikası;

Danimarka Krallığı;

İrlandiya Respublikası;

İspaniya Krallığı;

İsveç Krallığı;

İsveçrə Konfederasiyası;

Kanada;

 

Lüksemburq Böyük Hersoqluğu;

Malta Respublikası;

Niderland Krallığı;

Polşa Respublikası;

Portuqaliya Respublikası;

Serbiya Respublikası;

Sinqapur Respublikası;

Sloveniya Respublikası;

Slovakiya Respublikası;

Yunanıstan Respublikası.

Sabahdan paytaxtın uşaq bağçaları elektron qəbula keçir

Sabahdan paytaxtın uşaq bağçaları elektron qəbula keçir

Sabah saat 9:00 dan etibarən “bakibagcayaqebul.edu.az” saytı aktivləşdiriləcək və ilkin olaraq sayt vasitəsilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.

YAZTV” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda  şəffaflığın  təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların  qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdırılıb.

 

Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib.

Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı  yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan  keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib.

Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və avqust ayının 2-dən saat 9:00-dan etibarən sayt fəaliyyətə başlayacaq.

Valideynlər sayta daxil olaraq müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa  əraziyə yaxın beş bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.

İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması  ilə bağlı iş günləri saat 09-00-dan 18-00-a kimi “*22-24” nömrəli qaynar xətt  fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.

Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlardada elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək. 

Niyazi Bayramov növbəti dəfə vətəndaşları qəbul edib

Niyazi Bayramov növbəti dəfə vətəndaşları qəbul edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşları pandemiya qaydalarına uyğun olaraq onlayn formatda qəbul edib. Qəbulda Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, habelə digər məsul şəxslər iştirak ediblər.

Qazi və şəhid ailələri üzvlərinin də qatıldığı qəbulda vətəndaşlar tək-tək çıxış edərək, öz şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, fərdi yaşayış evi üçün torpaq sahəsənin ayrılması, şəhərin müxtəlif ərazilərində ticarət köşklərinin yerləşdirilməsinə icazənin verilməsi və maddi yardımın edilməsi kimi məsələlər üstünlük təşkil edib.

Dinlənilən bu və digər məzmunlu müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata görütülüb. Sakinlər göstərilən diqqətə görə dövlətimizə öz təşəkkürlərini bildiriblər.

Azərbaycanlı əsirlərə işgəncə vermiş ermənilər 20 il azadlıqdan məhrum ediliblər

Azərbaycanlı əsirlərə işgəncə vermiş ermənilər 20 il azadlıqdan məhrum ediliblər

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

YAZTV-nin məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarının ilk 10 ilini həbsxanada, digər hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza istəmişdi.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 633 yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 926 nəfər müalicə olunaraq sağalıb, 5 min 23 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 min 900 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 386, bu günə qədər isə ümumilikdə 4 milyon 34 min 340 test icra olunub.