Saturday, 18 Sentyabr 2021 22:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncədə hərbiçilərin yürüşü təşkil edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncədə hərbiçilərin yürüşü təşkil edilib

Bakının işğaldan azad olunmasından 103 il ötür. Bu münasibətlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncədə hərbiçilərin yürüşü təşkil edilib. Səhər saat 10:00-dan başlayaraq Gəncənin mərkəzi küçə və prospektlərində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrın müşayiəti ilə hərbi qulluqçuların yürüşü baş tutub.

Yürüşü Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti baçısının birinci müavini Səməd Tomuyev və Aparatın məsul işçiləri, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət Vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri və gənclər izləyiblər.

Hərbi qulluqçuların yürüşü alqışlar və şüarlarla müşayət olunub.

Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunda da tədbir baş tutub. Azərbaycan və Türkiyə Respublikalarının dövlət himlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsullu Zeki Öztürk qeyd edib ki, Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə ucalıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev qeyd edib ki, Azərbacan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. Tarix boyu qardaşlığımız davam edib və edəcəkdir. İstər bu gün, istərsə də 103 il bundan öncə Türkiyə həmişə ən ağır günlərimizdə bizdən qardaş dəstəyini əsirgəməyib. 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. O vurğulayıb ki, Azərbaycan xalqı hər zaman, türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları xatırlayır, şəhidləri isə hər zaman böyük ehtiramla yad edir.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

DYP bu şəxslərə xəbərdarlıq etdi

DYP bu şəxslərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə bağlı məlumat yayıb.

BDYPİ-dən YAZTV-yə daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində hazırki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, tətbiq edilən xüsusi karantin rejiminin müddəti uzadılıb, həmçinin həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Lakin müşahidələr göstərir ki, mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar.

Belə ki, həftə içi bir gün ərzində, əsasən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Viano” markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələri ilə təkcə paytaxta yaxın yaşayış məntəqələrindən 1500-dən çox belə daşıma həyata keçirilib. Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün bu kimi nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da xeyli artır, bəzi sürücülər isə görülən tədbirlərin mahiyyətinə varmadan bunu fürsət kimi dəyərləndirirlər.

Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır.

Odur ki, qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alıb qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərdən istifadə etməməli, yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftə sonlarına saxlamamalı, bütün tədbirlərin məhz əhalinin sağlamlığına hesablandığını düşünüb qaydalara hörmətlə yanaşmalıdırlar.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən qanunsuz sərnişindaşıma hallarına qarşı, habelə taksilərdə tələb olunan qaydalara əməl edilməsi ilə bağlı kəsərli tədbirlər görüləcəyini, xüsusi karantin rejimi qaydalarını pozan şəxslərin barəsində inzibati məsuliyyət tədbirlərinin tətbiq ediləcəyini bildirir, bununla yanaşı əlaqədar şəxslərin xəbərdarlığa anlayışla yanaşaraq epidemioloji vəziyyətin müsbətə doğru irəliləməsinə töhvə verəcəklərinə inanır".

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti, o cümlədən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.

YAZTV-e Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar sentaybrın 11-i saat 00:00-dan sentyabrın 13-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

Fövqəladə Hallar Nazirliyi (FHN) mənzillərdə azyaşlılara nəzarətin artırılması ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən YAZTV-yə verilən məlumatda bildirilir ki, mütəmadi olaraq, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə bağlı qapı arxasında, liftdə və s. məkanlarda köməksiz və ya təhlükəli vəziyyətdə qalmaları barədə məlumatlar daxil olur. Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.

Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, balacaların müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

Bakıda dördəm doğulub

Bakıda dördəm doğulub

Bu gün Bakıda dördəmlər dünyaya gəlib.

Körpələrin dünyaya gəldiyi "Leyla Medical Center"dən YAZTV-yə verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.

QHT təmsilçiləri Şuşada aparılan quruculuq işləri ilə tanış olublar

QHT təmsilçiləri Şuşada aparılan quruculuq işləri ilə tanış olublar

Sentyabrın 12-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunan Şuşa şəhərinə səfər ediblər.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil olunan səfərdə 160-dan çox QHT təmsilçisi iştirak edib. QHT təmsilçilərini müşayiət edən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərin əhəmiyyəti, Şuşada aparılan quruculuq işləri barədə nümayəndə heyətinə məlumat verib.

QHT təmsilçilərinin Şuşaya səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başlayıb. Daha sonra Yuxarı Gövhərağa məscidində olan nümayəndə heyəti Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Həmçinin ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binalarına baxış keçirib, aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.

QHT təmsilçisi Samirə Mustafayeva təəssüratlarını AZƏRTAC-la bölüşərkən qeyd edib ki, hər bir vətəndaş doğma Qarabağın dirçəlməsi və inkişaf etməsinə öz töhfəsini verməyə çalışmalıdır. O, Şuşaya ilk səfərin onların yaddaşında silinməz izlər buraxacağını bildirib.

Digər QHT təmsilçisi Kənan Qubadzadə Şuşa səfərinin onlarda xoş təəssüratlar oyatdığını bildirib. Şuşanın xəyallarının şəhəri olduğunu bildirən K.Qubadzadə bu səfərin onlar üçün böyük önəm daşıdığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Şuşaya səfəri sentyabrın 11-də başlayıb.

Beləliklə, iki gün ərzində 300-dək QHT təmsilçisi Şuşaya səfər edib. (AZƏRTAC)

Gəncədə açıq kitabxanalar istifadəyə verilib

Gəncədə açıq kitabxanalar istifadəyə verilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Kapital Bankın korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 15 sentyabr – Bilik günü münasibətilə Gəncədə növbəti sosial aksiya həyata keçirilib.

Aksiya çərçivəsində  Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırılıb. Tədbir “ Nizami ili”nə təsadüf etdiyi üçün Gəncə Dövlət Dram Teatrı tərəfindən  kitabxananın qarşısında  “Xəmsə” ədəbi-bədii kompozisiyası təşkil olunub.

Qeyd edək ki, açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var. 

Bakıda yeni metro stansiyası tikiləcək

Bakıda yeni metro stansiyası tikiləcək

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır.

"YAZTV" xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: "Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı "B4" adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə tədbirlər görülür. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq. Yeni tikiləcək stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq. Yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərin müraciətləri dinlənilib

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərin müraciətləri dinlənilib

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində zərərçəkən sakinlərlə növbəti dəfə görüş keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri podratçı şirkətlərin rəhbərləri ilə birlikdə sakinlərin şikayət və təkliflərini dinləyiblər.

Fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən tək-tək dinləniliblər. Onlayn qaydada baş tutan görüşdə sakinləri narahat edən məsələlərə aydınlıq gətirilib və onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Artıq 6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2021-ci il tarixli, 25s nömrəli Sərəncamı ilə 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaların, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edildiyini və zərərçəkən sakinlərin müraciətlərində yer alan məsələlərin birbaşa sözügedən komitəyə aid olduğunu nəzərə alan Gəncə Şəhər İcra Hakimiyyəti bu cür görüşlərin mütəmadi şəkildə təşkil edilməsi üçün öz təşəbbüslərini davam etdirəcək.

 

Gəncədə sakinlər asudə vaxtlarından səmərəli istifadə edirlər

Gəncədə sakinlər asudə vaxtlarından səmərəli istifadə edirlər

Qədim tarixə malik olan Gəncə hər zaman öz görünüşü ilə insanların rəğbətini qazanıb. Müasirliklə qədimliyin vəhdətini təşkil edən bu şəhərdə son illərdə  yenidənqurma və abadlıq işləri geniş vüsət alıb. Demək olar ki, hər gün şəhərin Heydər Əliyev Park Kompleksində, Xan Bağında, Gəncə Park Bulvar Kompleksində, Heydər Əliyev meydanında və digər istirahət guşələrində iməciliklər və təmir-bərpa işləri aparlır. Görülən işlərin mərkəzində isə sakinlərin rahatlığı, asudə vaxtlarının səmərəli təşkili, istirahətləri dayanır.

Xüsusilə, günün axşam saatlarında parklarda quraşdırılan  fəvvarələrin, uşaq əyləncə meydançalarının, idman qurğularının ətrafında sakinlərimizin istirahətini müşaidə etmək olar. Bununla yanaşı, Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxanalar da quraşdırılıb. Buradan hər bir sakin sərbəst şəkildə yararlana, zövqünə uyğun kitablardan yerində ödənişsiz istifadə edə bilər.

Sakinlərin üz tutduqları parklardan biri də Mirzə Şəfi Vazeh parkıdır. Onların bura axın etmələrinə əsas səbəb Gəncənin məşhur “Üç bulaq” kompleksidir.  Qeyd edək ki,  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə sözügedən bulaq əsaslı şəkildə təmir olunub və davamlı içməli su ilə təmin olunub.  Həmin ərazidə də geniş abadlıq və quruculuq tədbirləri görülüb.

Bildirək ki, Gəncə Şəhər  İcra Hakimiyyətinin müvafiq qurumlar tərəfindən  aparılan işlər  davamlı olaraq həyata keçiriləcəkdir. Sakinlərdən isə bu işlərə dəstək olmaları, şəhərin təmizliyinə riayət etmələri xahiş olunur.

 

200-dən artıq müəllim işə qəbul olundu

200-dən artıq müəllim işə qəbul olundu

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri elan olunub.

Təhsil Nazirliyindən YAZTV-yə verilən məlumata görə, müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə müvafiq məlumat göndərilib.

Müsahibə mərhələsində 219 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.

Namizədlər sentyabrın 16-sı saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərində həyata keçirilib. Müsahibələr onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunub.

Previous Next

Gəncədə COVİD-19 virusuna qarşı mübarizə tədbirləri davam edir

Gəncədə COVİD-19 virusuna qarşı mübarizə tədbirləri davam edir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə Gəncədə həyata keçirilən kompleks tədbirlər davam etdirilir. 

Bu gün Gəncədə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.

Səhər saatlarından başlayaraq şəhərin əsas küçə və prospektləri, mərkəzi yolları MKTİB-in su çiləyici avtomibilləri vasitəsilə xüsusi dezinfeksiyaedici məhlulla yuyublar. Bununla yanaşı park və xiyabanlarda, dayanacaqlarda, ATM və bankların qarşısında, o cümlədən insanların sıx toplaşdığı digər ərazilərdə tibbi-profilaktiki işlər görülüb. Çoxmənzilli yaşayış binalarının həyətləri, giriş qəfəsləri və lift kabinlərini əhatə edən dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb.  

Dezinfeksiya işlərinə paralel olaraq şəhərin bir sıra hissələrində, xüsusilə Gəncəçay çayının məcrasında MKTİB tərəfindən iməclik təşkil olunub, təmizlik işləri aparılıb. Çayın məcrası plastik butulka, sellofan torpa və digər məişət tullantılarından təmizlənib. 

Görülən tibbi-profilaktiki işlərlə yanaşı, əhali arasında aparılan maarifləndirmə tədbirləri də davam etdirilir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qruplarının üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə olub, fərdi qaydada izahetmə işləri həyata keçiriblər. Maarifləndirmə tədbirləri şəhərdə fəaliyyət göstərən ticarət obyektləri, aptek, ərzaq mağazaları və marketləri də əhatə edib.  

Bu zaman sakinlərə bir daha ölkədə tədbiq olunan xüsusi karantin rejiminin qaydalarına riayət etmək, tibbi-gigiyenik vasitələrdən istifadə etmək, habelə sosial məsafə saxlamaq tövsiyə edilib. Sakinlərlə aparılan söhbət zamanı həmçinin, ölkədə davam edən vaksinasiya prosesində aktiv iştirak edərək, yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri xahiş olunub. 

Qeyd edək ki, Gəncədə aparılan reyd və maarifləndirmə tədbirləri, habelə dezinfeksiya işləri tərtib edilmiş qrafikə uyğun olaraq bundan sonra da davam etdiriləcək.