Saturday, 18 Sentyabr 2021 23:48
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Vüsal Dəmirovun  doğum günü Şəhidlər xiyabanında, məzarı önündə mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin və RGİİ-nin əməkdaşları, döyüş yoldaşları, həmçinin şəhid ailələri tərəfindən onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Rayon rəhbəri 44 günlük Zəfər yürüşündə qazanılan qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını vurğulayıb. Bildirib ki, 30 illik Vətən həsrətinə son qoyan qəhrəmanlarımız gələcək nəsillərə örnək olacaq.

Çıxış edənlər Vüsal Dəmirovun keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin dəfn olunduqları yerlərin and yerimizə, ziyarət məkanımıza çevrəcəklərini  bildiriblər.

Daha sonra tədbir İsmayıllı Olimpiya Kompleksində davam edib. Belə ki, şəhid Vüsal Dəmirovun xatirəsinə həsr olunmuş yeniyetmə və azyaşlılar arasında cüdo üzrə açıq rayon birinciliyində qalib gələn idmançıların təqdimat mərasimi keçirilib. Öncə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər  V.Dəmirovun uzun illər cüdo idman növü üzrə məşğul olduğunu və onun uğurlarını qeyd ediblər. Sonda qaliblərə diplom  və medallar təqdim edilib.

Mərasim şəhidin doğulduğu evdə davam edib. Rayonun rəhbəri şəhidin xatirəsinə həsr olunmuş guşə ilə yaxından tanış olub. Sonra  İ.Həsənov  adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər. Sonda şəhidin valideyni şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
    
Qeyd edək ki, Vüsal döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Gəncədə şəhidlərin  məktəbli övladlarına dərs  ləvazimatları hədiyyə olunub

Gəncədə şəhidlərin məktəbli övladlarına dərs ləvazimatları hədiyyə olunub

YAŞAT Fondu şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihəyə start verib.


Layihə çərçivəsində Gəncəyə səfər edən fond nümayəndələri şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə bərabər 50-ə yaxın şəhid övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.


Hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız kley, flomaster, rəngli karandaş, plastilin və plastilin qabı, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə hədiyyə olaraq ibtidai siniflər üçün “Lego” oyun qutusu, 5-8-ci siniflər üçün “Puzzle”, 9-11-ci siniflər üçün şahmat dəsti daxil edilib.
Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.
Qeyd edək ki, ölkə ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılır. 870 məktəblinin 494-ü oğlan, 376-sı isə qızdır.

Gəncədə şəhidlərin doğum günündə ailələri ziyarət olunub

Gəncədə şəhidlərin doğum günündə ailələri ziyarət olunub

Ölkəmizin hər bir bölgəsində olduğu kimi  Gəncədə də Vətən müharibəsi zamanı canlarından keçən şəhid ailələri daim diqqət mərkəzindədirlər.

Bu günlərdə Rəşad Ələkbərov, İsmayıl Mustafayev, İlkin Əsgərov, Murad İbrahimov, Xuduş Kazımov, Rəşad Məmmədov, Aydın Rüstəmov, Cavid Əliyev, Qəzənfər Məmmədov, Turxan Məmmədov və Anar Məmmədov kimi igidlərin doğum günləri qeyd olunub. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin,  Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun və yerli dini icmaların əməkdaşları sözügedən şəhidlərin ailələrini ziyarət ediblər.  

Görüşdə hər bir şəhidin qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb. Bildirilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibə zamanı  şəhid olan igidlərimiz heç vaxt unudulmayacaq.  Çünki onlar öz qanları ilə adlarını əbədi olaraq tariximizə həkk ediblər. Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi daim uca tutulacağı qeyd olunub.

Şəhid ailələri isə öz növbəsində övladları ilə daim qürur duyduqlarını dilə gətiriblər. Eyni zamanda, göstərilən  diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, birinici vitse-prezident Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.

Ziyarət zamanı şəhid ailələrinə məişət avadanlıqları və digər hədiyyələr təqdim olunub.

Qeyd edək ki, görüş Gəncə Şəhər İcra Hakimiyyətinin, DQİDK-nin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və yerli dini icmalarının təşkilatçılığı ilə baş tutub.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin müraciəti

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin müraciəti

Bəzi sosial şəbəkələrdə şərti adı Məmməd Məmmədov olan şəxsin əxlaqsız görüntüləri yayılıb. Həmin xəbərdə qeyd olunub ki, guya sözügedən şəxs Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşıdır. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən YAZTV-yə bildirilib ki, ümumiyyətlə idarədə, yaxud idarənin tabeçiliyində  fəaliyyət göstərən qurumlarda belə bir şəxs işləməyib və hazırda da görüntüsü yayılan şəxslə heç bir əlaqəsi olmayıb.
 
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi bu cür əsassız və həqiqəti əks etdirməyən məlumatlar yayanda Baş İdarə ilə əlaqə saxlanılaraq məlumatın dəqiqləşdirilməsini xahiş edir.
 
 
Şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməz

Şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməz

“Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir. Artıq bir neçə ildir ki, Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub. Bu gün biz elə bir mərhələyə qədəm qoymuşuq ki, hər bir dövlət qurumu, hər bir vətəndaş öz fəaliyyəti ilə Prezidentin həyata keçirdiyi islahatlara dəstək verməli, həmin islahatları öz fəaliyyətində tətbiq etməlidir. Təbii ki 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəni şərtləndirən başlıca amil də məhz ilk növbədə xalq-hakimiyyət birliyi oldu.”

Bu fikirləri  Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, ilin əvvəlindən bəri yeni yaranmış reallıqlar ölkəmiz qarşısında yeni perspektivlər açılmasını təmin edib: “Amma sosial şəbəkənin Azərbaycan seqmentinə nəzər salanda diqqəti bu reallıqlardan yayındırmaq istəyən marginal şəxslərin zərərli və dezinformasiya xarakterli təbliğat aparmasının şahidi oluruq. Əlbəttə, “azərbaycanlı” milli kimliyi daşıyanların əqidəsi buna qətiyyən yol verməməlidir. Xüsusən də şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməz. Lakin təəssüflər olsun ki, son zamanlar bütün hallarda siyasi fəaliyyəti ilə sərsəm iddialar ortaya qoyan, Azərbaycan hakimiyyətinin apardığı düzgün, məqsədyönlü siyasəti ilə ölkəmizin dünyada yerinin və rolunun möhkəmləndiyini dərk etməyən Əli Əliyev kimi müxalifət nümayəndələri göz görə-görə faktları təhrif edir, avantürist və təxribatçı çıxışlar edərək ucuz siyasi divident əldə etməyə çalışır. Lakin unudurlar ki, onlar yalnız bir ovuc insanı aldada bilər, amma bütöv bir cəmiyyəti əsla aldada bilməz.”

Deputat bildirib ki, partiya sədri kimi buradakı siyasətbazlar, istərsə də onların xarici ölkədəki havadarları bu cür “fəallaşmaqla” Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq-aşkar düşmənçilik mövqeyi sərgilədiklərini nümayiş etdirirlər: “Ölkədə adını siyasətçi qoyan hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. O cümlədən də, müxalifətin də missiyasi ondan ibarətdir ki, öz nizamnamələri və ölkədə mövcud olan qanunlar çərçivəsində fəaliyyət göstərsinlər. Əli Əliyev isə həm bugünkü reallıqları təhrif edir, həm də xarici siyasət strategiyamıza ləkə salmağa çalışır. Sağlam düşüncəli ictimai rəy isə bu qaragüruhçunun sözlərinə, fikirlərinə ümumiyyətlə əhəmiyyət vermir, çünki onun kimilərin məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə, xalqın maraqlarına yönəlməyib.”

Milli Məclisin deputatı vurğulayıb ki, cəmiyyətimizdə isə VİP sədri kimi dağıdıcı, eləcə də öz ambisiyalarına müxtəlif don geyindirənlərə yer yoxdur və olmayacaq: “Çünki xalq qanuni yolla seçdiyi iqtidarına sadiqdir və onun siyasətini dəstəkləyir. Bir sözlə, artıq xalq kimin kim olduğunu yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifət nümayəndələrinin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz və narazılıqla qarşılayır. Sadə insanlar da etiraf edirlər ki, dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi islahatlar, xüsusən 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbə həm ölkə əhalisinin, həm də Azərbaycanın mühüm xarici siyasət tərəfdaşlarının açıq şəkildə dəstəklədikləri genişmiqyaslı kadr islahatları radikalların cəhdlərini heçə endirib. Xalq problemlərinin həllini marginalların bir-biri ilə əlaqəsi olmayan şüarlarında deyil, mütərəqqi islahatlarda görür.”   (Yeni Gündəm)

Azərbaycanda vaksinasiya yaşı 16-ya endirildi

Azərbaycanda vaksinasiya yaşı 16-ya endirildi

Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi aşağıdakı qərarları qəbul edib.

YAZTV xəbər verir ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

- 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

- 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə  Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti dəfə Vətən müharibəsi zamanı raket zərbəsindən zərər görmüş evlərdə aparılan bərpa və təmir-tikinti işlərinin gedişatı müzakirə olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, aparatın məsul işçilərinin, podrat işlərinin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqovun, podratçı şirkətlərin rəhbərlərinin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Müzadil Həsənovun iştirakı ilə keçirilən iclada bir sıra məsələlər müzakirəyə çıxarılıb.

İclasda şəhər rəhbəri tərəfindən zərərçəkmiş sakinlərin qaldırdıqları və onları narahat edən problemlərin həlli  istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb.Cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin tapşırığına əsasən dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Artıq 6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində bərpa və təmir-tikinti işləri davam etdirilir.

 

Gəncə bölgəsində müsəlman və qeyri-müsəlman dini icma sədrlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Gəncə bölgəsində müsəlman və qeyri-müsəlman dini icma sədrlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Mənəvi dəyərlərimiz: sülh və hümanizmə baxış” mövzusunda onlayn formatda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları, yerli icra hakimiyyətlərinin əməkdaşları, bölgəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icma sədrləri, eyni zamanda din xadimləri iştirak ediblər.

DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsin müdiri Həsən Məmmədov,  şöbənin müdir müavini Elmar Fətəliyev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini və dini qurumların təşkilatçısı Babək Rəsulov və başqaları çıxış edərək mövzunun əhəmiyyətindən danışıblar.

Çıxışlarda vurğulanıb ki, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir. Bildirilib ki, yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh və əmin-amanlıq hər kəsin istəyidir.

 

Gəncədə yəhudilərin Yeni il bayramı olan “Roş-Ha-Şana” qeyd edilib

Gəncədə yəhudilərin Yeni il bayramı olan “Roş-Ha-Şana” qeyd edilib

Gəncədə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib. Bayram tədbirində Yəhudi Dini İcmasının üzvləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov Yəhudi Dini İcmasının üzvlərini DQİDK-nin sədri Mübariz Qurbanlı və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından təbrik edib. O qeyd edib ki, hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən “Roş-Ha-Şana” bayramı yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir.

Azərbaycanda yaşayan bütün xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğunu bildirən Həsən Məmmədov, yəhudi icması üzvlərinin də burada daimi əmin-amanlıq şəraitində yaşadığını, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxladıqlarını qeyd edib.

Yəhudi Dini İcmasının sədri Arif Babayev onlara göstərilən diqqətə görə DQİDK-nin sədri Mübariz Qurbanlıya və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova öz təşəkkürünü bildirib. O, həmçinin vurğulayıb ki, Azərbaycan tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilir. Yəhudi icmasının ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı özünəməxsusluğu, Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirməsi də məhz bundan xəbər verir.

Ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəraitdə təşkil olunan tədbir, bayram süfrəsi ətrafında davam edib.
Qeyd edək ki, “Roş-Ha-Şana” yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı hesab edilir. Bayram günündə dualar oxunur, ehtiyacı olanlara əl tutulur, Tanrıdan günahların bağışlanması dilənir. Bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

Nizaməddin Quliyevə görə bu şəxslər karantinə alındı

Nizaməddin Quliyevə görə bu şəxslər karantinə alındı

Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanasında kontaktda olan bütün şəxslər karantinə götürülüb.

Bunu YAZTV-yə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir.

Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub. Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.

Azərbaycan Reqbi Federasiyası Fərid Qayıbovu yeni təyinatı münasibətilə təbrik edir

Azərbaycan Reqbi Federasiyası Fərid Qayıbovu yeni təyinatı münasibətilə təbrik edir

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin edilib.


Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib. Hazırda bu qurumda baş katib vəzifəsini icra edir. Qayıbov 2006-cı ildən AGF-nın baş katibidir.


Fərid Qayıbov Avropa Gimnastika İttifaqının iştirakçısı, Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və dünya çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa çempionatlarında Apelyasiya Hakimlər Briqadasının prezidenti olub. 42 yaşlı nazir 2017-ci ildən Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsini icra edir.
Qayıbov Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak edib. Belə ki, o, gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
Azərbaycan Reqbi Federasiyasının İdarə heyətinin adından Fərid Qayıbovu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya təşkil olunub

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya təşkil olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya  səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

Heydər Əliyev adına Park-Kompeksində gerçəkləşən tədbirdə  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin , “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəsinin rəhbəri İrek Zinnurov, Azərbaycandakı “Rus Dili Müəllimləri” Assosiasiyasının sədri Lyubov Yakunina, millət vəkili Naqif Həmzəyev,  struktur rəhbərləri, şagird və müəllimlər iştirak ediblər.

 Niyazi Bayramov çıxışında aksiya təşkilatçılarına öz dərin təşəkürünü bildirib. O qeyd edib ki, Azərbaycanla Rusiya  arasında münasibətlər, ikitərəfli əlaqələr bu gün də uğurla davam edir. Şəhər rəhbəri vurğulayıb ki, bu gün keçirilən aksiya iki ölkə arasında olan səmimi münasibətin bariz nümunəsidir. Eyni zamanda Niyazi Bayramov ilk dəfə məktəbə qədəm qoyan şagirdləri də təbrik edib, yeni tədris ilində hər birinə müvəffəqiyyətlər arzulayıb.  

Mixayil Zabelin öz növbəsində şagirdləri təbrik edib, Zəfər tarixi yaşayan hər iki ölkənin övladlarına  bir daha müharibə acısı yaşamamağı arzulayıb. Millət vəkili onların Vətənə və cəmiyyətə layiqli övlad kimi böyüyəcəyinə əmin olduğunu bildirərək sözügedən aksiya çərçivəsində Gəncəyə səfərindən çox məmnun olduğunu qeyd edib. 

Çıxışlardan sonra, Gəncə  Uşaq-Gənclər və İnkişaf Mərkəzinin üzvləri, habelə təhsil müəssisələrinin istedadlı şagirdlərinin təqdimatında  şeirlər səsləndirilib,  rəqslər nümayiş etdirilib.

 Sonda birinci sinif şagirdlərinə təşkilatçılar tərəfindən məktəb ləvazimatları hədiyyə olunub. 

Qeyd edək ki, aksiyası cari ilin 13 sentyabr tarixinədək ölkənin digər bölgələrində davam edəcəkdir.