Saturday, 18 Sentyabr 2021 23:09
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ötən gün 29 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün 29 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən YAZTV-ə verilən məlumata görə, mayın 10-da törədilən 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

DYP karantini pozan 1 263 nəfəri cərimələyib

DYP karantini pozan 1 263 nəfəri cərimələyib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ötən gün DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən YAZTV-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.05.2020-ci il saat 00:00-dan 11.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1263 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 51437 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 25 nəfər sağalıb

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 25 nəfər sağalıb

Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181 530 test aparılıb.

Buraxılış imtahanları ilk olaraq bu bölgələrdə keçiriləcək

Buraxılış imtahanları ilk olaraq bu bölgələrdə keçiriləcək

Buraxılış imtahanlarının keçirilməsinə pandemiya ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq.

YAZTV-nin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Onun sözlərinə görə, buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək.

Bu il 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının ötən illərdə olduğu kimi bir mərhələdə keçiriləcəyini deyən N.Hüseynovanın sözlərinə görə, buraxılış imtahanının iyundan keçirilməyə başlanılması planlaşdırılır:

“İmtahanların dəqiq tarixlərini indidən söyləmək mümkün olmayacaq. Çünki bu tarixlərin müəyyən edilməsi sırf Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından asılıdır. Pandemiya ilə bağlı vəziyyət hansı bölgədə daha stabil, yaxşı olsa, imtahanların həmin bölgələrdən keçirilməsinə başlanılacaq. Məsələn, hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də həmin bölgələrdə imtahanlar yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək. Bakı şəhəri də 11-ci sinif buraxılış imtahanının keçirilməsinə görə ərazilər üzrə bölünəcək. Yasamal rayonunda koronavirusla bağlı vəziyyət bir o qədər ürəkaçan deyil. Ona görə də Yasamal rayonunda buraxılış imtahanlarının iyunun sonunda keçirilməsi planlaşdırlılır”.

TƏBİB sədri: “İdman zalları və parklar açıla bilər”

TƏBİB sədri: “İdman zalları və parklar açıla bilər”

“Hazırda çimərliklərin açılması gündəmdə deyil”.

YAZTV xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, Bulvar və digər parkların açılması məsələsi qarşıdakı həftələrdə müzakirə oluna bilər:

"Növbəti həftədə koronavirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zallarının və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz prosesləri mərhələli şəkildə aparacağıq”- deyə TƏBİB sədri əlavə edib.

Tanınmış tədris mərkəzinin rəhbərinə cinayət işi açıldı

Tanınmış tədris mərkəzinin rəhbərinə cinayət işi açıldı

“Jalal-İ” tədris mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət yoxlanılıb.

Baş Prokurorluqdan YAZTV-ə verilən məlumata görə, araşdırmalarla tədris mərkəzinin vergi orqanlarında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamasına, mərkəzin direktoru Cəlal Məhərrəmovun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında dövlət qeydiyyatından keçməklə həmin tədris mərkəzinin fəaliyyətini təşkil etməsinə, 12 repetitor müəllimlə hər birinə 250 manat məbləğində aylıq əməkhaqqı müəyyən edilməklə əmək müqaviləsi bağlamasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin, mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən mərkəzə məxsus baş ofisdə və filiallarda, habelə C. Məhərrəmovun avtomobilində və yaşayış yerində axtarış aparılıb, mərkəzin fəaliyyəti ilə əlaqədar sənədlər, pul vəsaitlərinin qəbul edilməsi və verilməsi haqqında jurnallar, mühasibatlıq sənədləri və texniki vasitələr aşkar edilərək götürülüb.

Toplanmış materiallarda C.Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə qəbul etdiyi müəllimlər və digər işçilərlə əmək müqaviləsi bağlamamasına, tələbələr tərəfindən ödənilən təhsil haqlarını bank vasitəsilə deyil nağd qaydada qəbul edərək vergi və sosial sığorta ödənişlərindən yayındırılmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən ediməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Mayın 12-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-ə verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 18-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

Heydər Əliyev Fondu hər il olduğu kimi bu dəfə də 9 May - Qələbə Günündə Böyük Vətən Müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib.

YAZTV-nin  məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.

9 May - Qələbə Günü münasibətilə təbrik edilən müharibə iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib.

Bununla yanaşı, respublika üzrə 256 veteranın evində bayram süfrəsi qurulub, həmçinin onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlarımızın qayğılarını daim diqqətində saxladığı qeyd olunub və böyük qələbənin əldə olunmasında hünər göstərən həmvətənlərimiz bir daha bayram münasibəti ilə təbrik edilib.

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında mayın 9-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-ə verilən məlumata görə, mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

İradə İbrahimova: Ağac kəsənlər ifşa olunmalıdır

İradə İbrahimova: Ağac kəsənlər ifşa olunmalıdır

Ağac kəsənlər ifşa olunmalıdır.

YAZTV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, nazirliyə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Nazirliyin sözçüsü bildirib ki, təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub.

İ.İbrahimova onu da qeyd edib ki, gecə saatlarında, gizli şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verilir: "Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var".

DSMF-nin strukturunda növbəti dəyişiklik edildi

DSMF-nin strukturunda növbəti dəyişiklik edildi

Əhaliyə xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən YAZTV-ə verilən məlumata görə, bununla əlaqədar Xəzər və Pirallahı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiya ödənişinin daha tez həyata keçirilməsi, yəni onların pensiyalarının 2020-ci ilin may ayından etibarən hər ayın 14-16 aralığında ödənilməsi təmin olunacaqdır.

Eyni zamanda, Xəzər və Pirallahı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərdən) pensiya məsələləri ilə bağlı bundan sonra Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

İdarənin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti – 43; əlaqə nömrələri: (012) 563-55-46, (012) 563-55-47.

Vətəndaşlara tibbi maskalar paylanıb

Vətəndaşlara tibbi maskalar paylanıb

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.

YAZTV xəbər verir ki, növbəti belə tədbirlərdən biri də paytaxtın Xəzər rayonunda baş tutub. Belə ki, maddi yardımların verilməsi ilə bağlı Binə qəsəbəsindəki poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara mindən çox tibbi maska paylayıblar.