Sunday, 19 Sentyabr 2021 00:47
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dini Komitə ABŞ-ın Dini Azadlıq üzrə Komissiyasının Azərbaycanla bağlı arayışına münasibət bildirib

Dini Komitə ABŞ-ın Dini Azadlıq üzrə Komissiyasının Azərbaycanla bağlı arayışına münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının 2021-ci il 1 sentyabr tarixli “Məzarlıqların dağıdılması” adlı arayışının Azərbaycanla bağlı hissəsinə dair bəyanat yayıb.

Dövlət Komitəsindən YAZTV-yə daxil olan bəyanatda deyilir:

"Bu günlərdə ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası (U.S. Commission on International Religious Freedom – USCIRF) “məzarlıqların dağıdılması” (“Destruction of Cemetries”) adlı arayış yaymışdır. Təəssüf ki, çox vaxt olduğu kimi, arayışda da real vəziyyəti əks etdirməyən, ermənilərin yaydıqları yalan məlumatlara istinad olunan, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda saxta iddialar irəli sürülmüşdür. Arayışın 2018-ci ildən sonranı əhatə etməsinə baxmayaraq, Azərbaycan üzrə bölməsində 2000-ci illərin əvvəllərinə aid edilən “Naxçıvan və Bakı üzrə iddialar” təkrarlanmış, azərbaycanlıların məzarlıqlarına qarşı ermənilərin vandal münasibətinin üzərindən ötəri keçilmiş, sənəddə “Yəhudi məzarlıqları” adlı ayrıca yarımbaşlıq olsa da, Ermənistanda 2020 və 2021-ci illərdə Holokost memorial abidəsinə və yəhudi məzarlığına qarşı vandallıq aktları əks olunmamışdır.

Bildiririk ki, ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixində heç bir məzarlığın və ya qəbiristanlığın dağıdılması qeydə alınmamışdır. 44 günlük Vətən müharibəsi müddətində belə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməmişdir. Bu faktı xarici jurnalistlər də dəfələrlə təsdiqləmişlər.

Arayışda azərbaycanlılara məxsus məzarların və digər yerlərin dağıdılması, son müharibə dövründə erməni hərbi qüvvələrinin Tərtər rayonu ərazisində dəfn mərasimi zamanı qəsdən qəbiristanlığa atəş açması, 4 nəfərin həlak olması, 4 nəfərin yaralanması faktının "Human Rights Watch" təşkilatı tərəfindən təsdiq edildiyi vurğulansa da, qəribədir ki, həmin məlumatlar “Azərbaycan” adlı yarımbaşlıq altında qeyd edilmişdir. Bütün bu deyilənlər və arayışda “Ermənistan” yarımbaşlığının, ümumiyyətlə, olmaması sözügedən materialın nə dərəcədə ermənipərəst və qərəzli mahiyyət daşıdığının göstəricisidir.

Təəssüf ki, arayışda Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması qeyd olunan sənəddə öz əksini tapmamışdır.

Heç kimə sirr deyil ki, işğal dövründə Azərbaycan vətəndaşları öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilmiş, ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilmiş, ya da cəsədlər çıxarılmış, təhqir olunmuş, qəbirüstü abidələr talan edilmişdir.

Bütün bu cinayətkar əməlləri ilə qarşı tərəf “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozmuşdur.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə yanaşı, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq təşkilatlar, eləcə də xarici jurnalistlər azad edilmiş zonalarda missiyalarını həyata keçirərkən, qəbiristanlıqlara qarşı mənfur düşmənin törətdiyi vandalizm aktlarının nümunəsi olan Cəbrayıl rayonundakı məzarlığa da baş çəkərək bilavasitə şahidi olduqları erməni vəhşiliyinin dünya ictimaiyyəti tərəfindən pislənilməsi istiqamətində çağırışlar etmişlər.

Təəssüflər olsun ki, 30 illik işğal dövründə bəzi aidiyyəti beynəlxalq qurumlar məsələyə laqeyd münasibət bəsləmiş, Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərilməmişdir.

Qeyd etmək lazımdır ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdəki Ermənistan Silahlı Qüvvələrinin dağıtdıqları bütün dini abidələrin bərpa ediləcəyi bəyan edilmiş, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün ölkə başçısının tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başladılmışdır. Dövlət strukturları ilə yanaşı, bərpa prosesində Heydər Əliyev Fondu da yaxından iştirak edir və hazırda bərpa layihələri uğurla icra olunur.

Sonda, qərəzli və obyektiv olmayan məlumatlardan dərin təəssüf hissi keçirdiyimizi bildirərək, bir daha qeyd edirik ki, dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək kimi məsuliyyəti üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası sözügedən arayışa bəzi məsələləri araşdırmadan daxil etmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və dürüst tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasını və digər müvafiq qurumlarını bir daha əməkdaşlığa dəvət edir".

Daha 13 ölkənin vətəndaşlarının Azərbaycana uçuşuna icazə verildi - RƏSMİ

Daha 13 ölkənin vətəndaşlarının Azərbaycana uçuşuna icazə verildi - RƏSMİ

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarda dəyişiklik edilib.

YAZTV-nin məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Sənədə əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

Çin Xalq Respublikası;

Estoniya Respublikası;

Finlandiya Respublikası;

Fransa Respublikası;

Honq-Konq (ÇXR);

Xorvatiya Respublikası;

İslandiya Respublikası;

İtaliya Respublikası;

Latviya Respublikası;

Litva Respublikası;

Malayziya;

Səudiyyə Ərəbistanı Krallığı;

Yaponiya.

Əcnəbilər COVID-19 pasportu tələb edilən obyektlərə daxil ola bilərlər - Rəsmi

Əcnəbilər COVID-19 pasportu tələb edilən obyektlərə daxil ola bilərlər - Rəsmi

Məlum olduğu kimi, Nazirlər Kabinetinin Qərarına əsasən, bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bildirilib ki, bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.

Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.

Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək

Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək

Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin polkovnik-leytnantı Rəşad Məşədiyev məlumat verib.

R.Məşədiyev bildirib ki, Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq olduqca qürur vericidir:

"Burada digər xidmətlərlə yanaşı DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcəkdir. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür"

Qeyd edək ki, bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Azərbaycanda məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq

Azərbaycanda məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq

“Artıq bütün dairələr sədr və katibləri seçiblər. Bununla da DSK-ların formalaşdırılması prosesi başa çatıb. Növbəti addım isə məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır və bu proses gedir”.

YAZTV-nin xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, MSK tərəfindən buraxılmış məntəqələrin komissiyaları və onların üzvləri məntəqə seçki komissiyaları formalaşdırılan zaman yenidən üzv seçilə bilməzlər: “MSK bunu diqqətdə saxlamalıdır”.

Bu halda birinci doza vaksin sertifikatından silinir - Nazirlik

Bu halda birinci doza vaksin sertifikatından silinir - Nazirlik

Vaksinin birinci dozasından sonra koronavirusa yoluxan şəxsin adı sistemə düşübsə, sistem onun birinci dozasını avtomatik olaraq silir.

Bu barədə YAZTV-nin sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, birinci dozadan sonra virusa yoluxanlar səhiyyə kartında göstərilən müddətdə ikinci dozanı qəbul edib, COVID pasportu ala bilməzlər:

"Həmin şəxslərin 6 ay müddətinə immunitet sertifikatı olur. Xəstələnib sağaldıqdan 3 ay sonra növbə götürüb yenidən vaksinin hər iki dozasını qəbul etmək olar".

Tarixi hadisə: AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi

Tarixi hadisə: AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi

Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etmişdir.

"Azərbaycan Hava Yolları"nın Mətbuat xidmətindən  verilən məlumata görə, simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılmışdır).

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılmışdır.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil etmişdir.

“Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irələ sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilmişdir ” - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdir.

Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilmişdir. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunmuşdur. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatmışdır. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatmışdır.

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilmişdir. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.

“Telegram”da yeni funksiyalar istifadəyə verilib

“Telegram”da yeni funksiyalar istifadəyə verilib

“Telegram” messencerində yeni funksiyalar istifadəyə verilib.

YAZTV xəbər verir ki, artıq tətbiqin yeni versiyasında qrup və kanallar daxilində qeyri-məhdud auditoriyaya malik videoyayımlar etmək mümkündür. Bu zaman tamaşaçılar da əllərini qaldırıb, yayımda iştirak edə biləcəklər.

Həmçinin, bundan sonra mesajların təkrar göndərilməsi zamanı ilk mənbənin adını və fotolar üzərindəki imzaları silmək mümkün olacaq.

Qrip mövsümünün yaxınlaşması epidemioloji vəziyyətə təsir edə bilər - Hande Harmancı

Qrip mövsümünün yaxınlaşması epidemioloji vəziyyətə təsir edə bilər - Hande Harmancı

Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxt keçirilməsi epidemioloji vəziyyətə təsir göstərə bilər.

Bunu YAZTV-nin sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, növbəti qrip mövsümü sürətlə yaxınlaşır:

"İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir. Bu il keçən ildəkindən fərqli olaraq COVID-19-dan ağır xəstələnmələrin və ölümlərin qarşısını almağa imkan verən peyvəndlərimiz var. Peyvənd olunmaqla yanaşı, maska taxaq, əllərimizi təmiz saxlayaq, qapalı məkanları havalandıraq və fiziki məsafə saxlayaq. Bu yolla biz yoluxmaların qarşısını ala, özümüzü və sevdiklərimizi qoruya bilərik".

Gəncədə dezinfeksiya işləri mütəmadi olaraq davam edir

Gəncədə dezinfeksiya işləri mütəmadi olaraq davam edir

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə yeni növ koronavirus infeksiyasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Şəhərdə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Bu gün də səhər saatlarından başlayaraq genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib.

Gəncə şəhər Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş əməkdaşları texniki vasitələrlə mərkəzi küçə və prospektlərlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrində xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparıblar. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə xəbərdarlıq ediliblər.

Eyni zamanda, MKTİB-nin əməkdaşları təsdiq olunmuş qrafikə uyğun olaraq yaşayış binalarında, lift kabinalarında, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, dayanacaqlarda, o cümlədən park xiyabanlarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bununla yanaşı, şəhərin müxətlif ərazilərində MKTİB-nin təmizlik şöbəsinin və Mənzil İstismar Sahələrinin əməkdaşları tərəfindən iməcilik işləri təşkil olunub.

Qeyd edək ki, şəhər sakinlərinin sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə görülən işlər davamlı olaraq həyata keçirləcəkdir.

"Zəfər Yolu"nun inşası tamamlanmaq üzrədir (FOTO)

"Zəfər Yolu"nun inşası tamamlanmaq üzrədir (FOTO)

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən, dövlət başçısı tərəfindən “Zəfər Yolu” adlandırılan avtomobil yolunun inşası tamamlanmaq üzrədir.

YAZTV-nin məlumatına görə, tikintisinə 10 ay bundan öncə başlanılmış “Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.

Dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yol boyu son tamamlanma işləri icra edilir.

Belə ki, “Zəfər Yolu” boyu layihəyə uyğun olaraq artıq qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla və bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilərək yekunlaşdırılıb.

Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır ki, artıq 31 km-lik hissədə 2 lay, 61 km-lik hissədə isə 1 lay olmaqla ümumilikdə 92 km-lik hissə asfaltlanıb. Digər hissələrdə bu çərçivədə işlər davam etdirilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü kilometrlik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.

Bundan başqa layihə çərçivəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli 166 dairəvi boru və 11 düzbucaqlı su keçidi, həmçinin 120 km-ə yaxın beton küvetlər tikilib, 82 drenaj quyusu qazılıb, 5.6 km uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3.2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “7 N-li Magistral Yolların İstismarı” MMC, “23 N-li Yol İstismarı” MMC və “43 N-li Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti, həmçinin “Azvirt” MMC və “Körpü Bina Tikinti” MMC birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Vaqif Dərgahlı yeni vəzifəyə təyin olundu

Vaqif Dərgahlı yeni vəzifəyə təyin olundu

Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən YAZTV-yə bildirilib ki, Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Mətbuat Xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.