Saturday, 18 Sentyabr 2021 23:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gənclər Böyük Qafqaz dağlarının ən uca zirvələrini fəth ediblər

Gənclər Böyük Qafqaz dağlarının ən uca zirvələrini fəth ediblər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və Qartal Dağçılıq Klubunun üzvlərinin iştirakı ilə Böyük Qafqaz dağlarının ən uca zirvələri fəth olunub.

Ölkəmizdə ilk dəfə olaraq Qartal Dağçılıq Klubunun üzvləri 4000 metrlik 15 zirvəni 3 günə fəth eediblər. Fəth olunan zirvələr, Böyük Qafqaz dağlarının və ümumilikdə Azərbaycan Respublikasının ən uca zirvəsi Bazardüzü 4466m, Zəfər 4301m, Bazaryurd 4156m, Çarun 4075m, və 4020 m hündürlükdə yerləşən Raqdan zirvəsi olub.

Qeyd edək ki, bu yürüşdə ümumilikdə 17 nəfərlik heyət iştirak edib.

Azərbaycanda bütün kanallar "Full HD" yayıma keçə bilər - Nazirlik

Azərbaycanda bütün kanallar "Full HD" yayıma keçə bilər - Nazirlik

"Full HD yayım üçün bütün avadanlıqlarımız var. Kanallar istəsə, biz bu yayımı təşkil edə bilərik".

Bu barədə YAZTV-nin sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, hazırda ölkədə yayımlanan bütün televiziya kanallarının HD yayım çıxışı var:

""Xəzər", "ARB", "ARB 24", "CBC sport", "Space TV", "İctimai TV", "Azad Azərbaycan", "AzTV", "Mədəniyyət TV", "İdman TV" və "Real TV" HD formatda yayımlanır. 10 proqram isə həm də SD formatda da verilir. Çünki əhalidə HD çıxışı olmayan televizorlar da var. Qeyd edək ki, HD proqramlar həm keyfiyyətinə, həm də informasiyanın ötürülmə sürətinə görə SD formatdan daha üstündür. Bizim hər cür avadanlığımız var. Kanalların istəyindən asılı olaraq biz onların proqramlarını istənilən formatda yayımlaya bilərik".

“YAŞAT” Fonduna daxil olan vəsait açıqlandı

“YAŞAT” Fonduna daxil olan vəsait açıqlandı

“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Fonddan YAZTV-yə verilən məlumata görə, bu günə qədər fondda 61 917 157,45 manat vəsait yığılıb.

Həmin vəsaitdən 17 184 503,95 manatı fiziki şəxslər, 44 732 653,5 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 35 296 814,22 manatı xərclənib. Vəsaitin qalığı isə 26 620 343,23 manatdır

Niyazi Bayramov Gəncədə küçədə tapılmış körpəyə baş çəkib

Niyazi Bayramov Gəncədə küçədə tapılmış körpəyə baş çəkib

Avqustun 31-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl küçədə tapılmış körpəyə baş çəkib, onun vəziyyəti ilə yaxından tanış olub. Bildirilib ki, xəstəxanaya yerləşdirilən zaman körpənin vəziyyəti kafi olaraq qiymətləndirilib. İlkin müayinədən sonra laborator analizlər aparılıb və  pataloji xəstəliyin olmadığı müəyyən edilib. Hazırda uşağın vəziyyəti yaxşıdır.

Niyazi Bayramov körpənin sağlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün “Gəncə Şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsə müvafiq tapşıqlar verib. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən uşağın valideynlərinin ən qısa zamanda tapılması istiqamətində tədbir görülməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, azyaşlının zəruri ehtiyaclarının qarşılanması  üçün lazımi ləvazimatlar şəhər rəhbərliyi tərəfindən təmin edilib.

Xatırladaq ki, 5-6 aylıq qız uşağı şəhərin A.Ziyadxanov küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin qarşısında çantanın içində aşkarlanıb. Hüquq mühafizə orqanlarının əməkdaşları körpəni Gəncə Şəhər Uşaq  Xəstəxanasına yerləşdiriblər. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində körpənin valideynləri barəsində araşdırmalar davam etdirilir.

 

Könüllü gənclər Şamaxıya ekskursiya ediblər

Könüllü gənclər Şamaxıya ekskursiya ediblər

Avqustun 27-si Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə könüllülərin yay tətilində asudə vaxtlarını səmərəli keçirmələri üçün Şamaxıya ekskursiya təşkil edilib.

Ekskursiya çərçivəsində ilk öncə könüllülər Acıdərə Türk Şəhidliyi abidə-kompleksini ziyarət ediblər,  baş verən döyüşlər haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra könüllülər Şamaxının meşə və dağ massivlərində vaxt keçiriblər. Müxtəlif maraqlı idman oyunları oynamaqla yanaşı könüllülər ətraf mühitdə təmizlik işləri aparıblar.  Könüllülər Bakıya xoş təəssüratlarla geri dönüblər.

Gəncədə növbəti dezinfeksiya işləri aparılıb

Gəncədə növbəti dezinfeksiya işləri aparılıb

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncə şəhərində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər davam edir.

Son günlər ölkə ərazisində xəstəliyə yoluxanların sayında artım nəzərə alaraq, bu gün səhər saatlarından başlayaraq təsdiq olunmuş qrafikə əsasən, Gəncədə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.

Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Kommunal Təssərüfatı İstehsalat Birliyinin xeyli sayda texnikası və xüsusi təlim keçmiş əməkdaşları cəlb olunub. Mərkəzi küçələrlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrdə də xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

Eyni zamanda, MKTİB-nin əməkdaşları yaşayış binalarında, lift kabinələrində, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında və dayanacaqlarda da tibbi-profilaktik tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd şəhər sakinlərini “COVID-19” virusundan qorumaqdır. Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərdən bir daha xahiş edir ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün vaksin olunsunlar, o cümlədən tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.

Bu gündən bir sıra məhdudiyyətlər qüvvəyə minir - SİYAHI

Bu gündən bir sıra məhdudiyyətlər qüvvəyə minir - SİYAHI

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən bu gündən bəzi məhdudiyyətlərin tətbiqinə başlanılır.

YAZTV-nin məlumatına görə, qərara əsasən, bu gündən etibarən:

- dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

1. Kommunal sahə üzrə:
1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;
1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və
təmizlənməsi;
1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.
2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və
sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
2.2. liman xidmətləri;
2.3. logistika xidmətləri;
2.4. telekommunikasiya və rabitə xidmətləri;
2.5. poçt və kuryer fəaliyyəti.
3. Sosial sahə üzrə:
3.1. sosial xidmətlərin göstərilməsi;
3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün
baxıcılıq xidməti.
4. Ticarət və ictimai iaşə sahəsi üzrə:
4.1. topdan və pərakəndə ticarət;
4.2. ictimai iaşə;
4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.
5. Turizm sahəsi üzrə:
5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri
göstərən müəssisələr;
5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti.
6. Maliyyə xidmətləri üzrə:
6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit
təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).
7. Digər sahələr üzrə:
7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə
əşyalarının, məişət mallarının təmiri;
7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi,
onların təmiri və yuyulması;
7.5. kirayə və lizinq fəaliyyəti;
7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;
7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər
verilməsi sahəsində fəaliyyət;
7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;
7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;
7.10. tədris və repetitor xidmətləri;
7.11. tərcümə üzrə xidmətlər;
7.12. dizayn fəaliyyəti;
7.13. fotoqrafiya sahəsində fəaliyyət;
7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq,
kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət
(konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim
edilən bu kimi digər iş və xidmətlər);
7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və
yığışdırılması;
7.16. dezinfeksiya xidmətləri;
7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi
təmizlənməsi;
7.18. dərzi xidmətləri;
7.19. bərbərxana və gözəllik salonları;
7.20. baytarlıq fəaliyyəti;
7.21. heyvan sığınacaqları;

Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;

 

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Şəhid ailələri, müharibə əlilləri və vətən müharibəsi qəhrəmanları dövlətin diqqət mərkəzindədir

Şəhid ailələri, müharibə əlilləri və vətən müharibəsi qəhrəmanları dövlətin diqqət mərkəzindədir

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Qeyd edək ki, müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılmsı istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyaata keçirilir. 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.

1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.

Dövlət siyasətinin sosial yönümlülüyünü təsdiq edən rəqəmlərə nəzər salsaq görərik ki, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.

Mülkü əhaliyə də dövlət tərəfindən yardımlar göstərilir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar və uşaqlar həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib.

Biz uzun illər ərzində deyirdik ki, nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qısasını aldı.

Söz yox ki, ikinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Ağdam, Kəlbəcər, Laçın rayonlarının bizə qaytarılması tarixi müəyyən olundu.

Azərbaycan yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad edib. Biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı və beləliklə də tarixi ədalət bərpa edildi.

Məlum məsələdir ki, hər bir şəhidin həyatı təkrarolunmazdır. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Azərbaycan Ordusu əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünülmüşdür və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki vermişdir.

XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar.

Gənc nəsil münaqişə ilə bağlı bütün tarixi həqiqətləri bilməlidir. 1940-1950-ci illərdə Ermənistan ərazisindən – qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Ulu Öndər Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O vaxt ki,  Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi.

Məlum olduğu kimi, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul olunub. Bu proqram bir neçə ili əhatə edir və birinci il – 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq.

Qeyd edək ki, Azərbaycan humanist və məsuliyyətli ölkədir. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan humanistlik göstərir. Biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük.

Uzun illər ərzində Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir.

Özbəkistan səfiri Gəncəyə səfər edib

Özbəkistan səfiri Gəncəyə səfər edib

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Gəncəyə səfər edib. Səfir  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Görüşdə hər iki tərəf, Azərbaycan və Özbəkistan Respublikası Prezidentlərinin arasındakı mehriban dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirərək, bunun ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə müsbət təsirini vurğulayıblar.

Niyazi Bayramov Ulu Nizami yurdu haqqında qonağa ətraflı məlumat verib.  O bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə Beynəlxalq Hava Limanı, “Gəncə Avtomobil Zavodu”, “AzərAlüminium” ASC, Süni Mərmər və Qranit İstehsalı Zavodu, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Gəncənin sənaye şəhəri olmaqla yanaşı elm və mədəniyyət mərkəzi hesab edildiyini vurğulayan Niyazi Bayramov burada müasir standartlara cavab verən təhsil və mədəniyyət ocaqlarının olduğunu qeyd edib. Şəhər rəhbəri qonağın nəzərinə onu da çatdırıb ki, Gəncədə fəaliyyət göstərən 3 ali təhsil müəssisəsindən biri olan ADAU sadəcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz üzrə yeganə aqrar universitetdir.

Bahrom Aşrafxanov səmimi qəbula görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, Gəncə özünün mədəni, elmi və iqtisadi potensialına görə Özbəkistanın arasında qurulan çoxsahəli əlaqələrdə önəmli rol oynaya bilər.

“Gəlişimin əsas səbəblərindən biri şəhərin infrastrukturu, iqtisadi potensialı ilə yaxından tanış olmaqdır. Eyni zamanda çox istərdik ki, Özbəkistanın tarixi şəhərləri  ilə Gəncənin qardaşlaşması istiqamətində işlər aparılsın. Onu da qeyd edim ki, Ulu Nizami yurduna avqust ayında gəlməyim  heç də təsadüfi deyil. Belə ki, bir sıra tarixi mənbələrdə dahi mütəffəkkir Nizami Gəncəvinin məhz bu ayda anadan olması qeyd edilir. Buna görə də, Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəyik.  Onun xatirəsini yad etmək bizim üçün böyük şərəfdir  ” -deyə o əlavə edib.

Diplomat ölkəsində kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayırdığını bildirərək, Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə də yaxından tanış olub.

Səfir ADAU barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün burada böyük imkanların olduğunu qeyd edib. Görüşdən sonra qonaq Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkib.

Daha sonra Bahrom Aşrafxanov Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə ziyarət edib. Səfir həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq buraya gül dəstələri düzüb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Gəncədə əhalinin sıx yaşadığı müxtəlif əraziləri “Toçka-U”, “Smerç”, “Scud” və digər raketlərlə gecə saatlarında atəşə tutublar. Hücum nəticəsində  çoxlu sayda dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Xatırladaq ki, Özbəkistanlı diplomat səfər çərçivəsində Gəncə Avtomobil Zavoduna və Nizami Gəncəvi məqbərəsinə də baş çəkəcək.

 

 

 

 

DİN sabahdan etibarən keçiriləcək toylarla bağlı qaydaları açıqladı

DİN sabahdan etibarən keçiriləcək toylarla bağlı qaydaları açıqladı

Daxili İşlər Nazirliyi ölkədə toy-nişan mərasimlərinin keçirilməsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən  verilən məlumatda bildirilir ki, sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən olunub.

Təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər.

Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır.

Şənlik mərasimlərinə gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

 

"icaze.e-gov.az" portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir.

Bu gün Elşən Abbasovun doğum günüdür

Bu gün Elşən Abbasovun doğum günüdür

Bu gün Gəncə İdman Klubunun vitse-prezidenti, Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasovun doğum günüdür. 

Elşən Abbasov 1978-ci il 29 avqust tarixində Bakının Nəsimi rayonunda ziyalı ailəsində anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 1 nömrəli mərkəzi uşaq baxçasında tərbiyə alıb. 1984-1995-ci illərdə Nəsimi rayonu 159 saylı beynəlmiləl tam orta məktəbin rus bölməsində oxuyub. Elşən müəllim oxuduğu müddətdə dərslərinə səylə yanaşmaqla bərabər, məktəbin ictimai işlərində də fəal iştirak edib.

Orta məktəbi bitirdikdən sonra, 1995-ci ildə Naxçıvan Universitetinin "Avtonəqliyyat" fakultəsinə daxil olub. 2000-ci ildə Azərbaycanın ordu sıralarında hərbi xidmətə çağrılıb. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin nəzdində olan Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmət edib.

Hərbi xidməti başa vurduqdan sonra, 2011-ci ildə ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qiyabi şöbəsinə qəbul olub və 2014-cü ildə akademiyanın Politologiya fakultəsini bitirib. Elə həmin ildə Dövlət İdarəçilik Akademiyasının xətti ilə Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti və Xalq Təsərrüfatı Akadademiyasının Beynəlxalq Hüquq fakultəsinin magistraturasının qiyabi şöbəsinə qəbul olub və 2017-ci ildə magistr pilləsinə yüksəlib.

Elşən Abbasov ali təhsili ilə paralel olaraq əmək fəaliyyətinə də başlayıb. Belə ki, 1998-ci ildə Türkiyənin İxlas Xəbər Agentliyi və TGRT televiziya kanalının Azərbaycan nümayəndəliyində xüsusi ictimai-siyasi bölmə üzrə baş operator və 1999-cu ildə isə nümayəndəliyin sədr müavini vəzifəsində çalışıb. İxlas Xəbər Agentliyi və TGRT-nin Azərbaycanda nümayəndəliyində fəaliyyətini davam etdirən Elşən müəllim, 2006-cı ildən başlayaraq kiçik sahibkarlıq işləri ilə də məşğul olub.

Elşən Abbasov ictimai işlərlə yanaşı idman sahəsində də fəaliyyəti ilə seçilir. O, idmanın kikboksinq növü ilə məşğul olduğu dövrdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışların qalib və mükafatçısı olub.

5 noyabr 2019-cu ildən Gəncə İdman Klubunun vitse-prezidenti, 2020-ci ildən Azərbaycan Reqbi Federasiyasının prezidentidir. Eyni zamanda, 2020-ci il Azərbaycanda parlament seçkilərində 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd olub. Hazırda kiçik sahibkarlıq fəaliyəti ilə məşğuldur.

Ailəlidir, iki övladı var.

YAZTV kollektivi adından Elşən Abbasovu təbrik edir, ona işlərində müvəffəqiyyətlə arzulayırıq!

XİN İşlər İdarəsinin sabiq müdiri dəymiş ziyanın 2 milyon 300 min manatını ödəyib

XİN İşlər İdarəsinin sabiq müdiri dəymiş ziyanın 2 milyon 300 min manatını ödəyib

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

YAZTV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Prosesdə şahid qismində ifadə verən Alim Babayev "Yaşıl bazar"da işlədiyini deyib.

Şahid bildirib ki, Şəmsi adlı dostu tərəfindən şirkət açılıb, o isə “Günaybank”dan müəyyən məbləğlərdə pul götürərək “Əmrahbank”a verib: "Pulu etibarnamə əsasında çıxarırdım. Həmin puldan mənə heç nə çatmayıb. Bu işə Şəmsi dostum idi deyə, getdim. Pul marağımda deyildi".

Məhkəmədə hal şahidi qismində ifadə verən Rəhman Aslanov isə Fərhad Mollazadəni tanıdığını bildirib: "Məni hal şahidi kimi Xarici İşlər Nazirliyinə çağırdılar. Fərhad Mollazadənin kabinetində onun cibindən və seyfdən çıxan pulları gördüm. Axtarış zamanı Fərhad Mollazadənin cibindən təxminən 2 min dollar pul çıxdı. Həmin pula qızına telefon alacağını dedi. Bundan başqa, kabinetdəki seyfdən isə 10 min manata yaxın pul çıxdı".

Daha sonra cinayət işində zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edib. Nümayəndə məhkəməyə bildirib ki, təqsirləndirilən şəxs Fərhad Mollazadə tərəfindən 2 milyon 300 min manat ziyan ödənilib. XİN nümayəndəsi ziyanın ödənilməyən hissəsinin - 228 min 432 manatının da tam ödənilməsini istəyib.

Hakim Əfqan Hacıyev isə ziyanın ödənilməyən hissəsinin digər təqsirləndirilən Səlim Əlizadə tərəfindən ödənilməsini təklif edib.

Proses avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.