Sunday, 19 Sentyabr 2021 00:06
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gün Aşuradır

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşura günüdür.

YAZTV xəbər verir ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə avqust ayının 10-da başladığından, Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 19-na təsadüf edir.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində bildirilib ki, Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub.

Qeyd olunub ki, Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçirilir: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edir ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir".

Bildirilib ki, son illər Məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir: "Ümidvarıq ki, inşAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər”, - deyə müraciətdə bildirilir.

Aşura günü ilə əlaqədar qanvermə aksiyaları paytaxt Bakı ilə yanaşı, bölgələrdə də keçiriləcək.

Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı

Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"YAZTV" xəbər verir ki, proses hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

İclasda çıxış edən dövlət ittihamçısı Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə, Mətanət Nəsibova barəsində isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.

 

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Vəkillər müdafiə etdiyi şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər. Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib. Onlar özlərini təqsirli bilmədiklərini və bəraət hökmü verilməsini xahiş ediblər.

Niyaz Niftiyev son sözündə bələdiyyə sədri işləyərkən rüşvət almadığını və heç kəsə qanunsuz arayış vermədiyini bildirib. Müşavirəyə yollanan məhkəmə müşavirədən qayıtdıqdan sonra hökm elan edib.

Hökmə əsasən, Niyaz Niftiyev 2 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və ona 2 il sınaq müddəti tətbiq edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız N.Niftiyev həbsdə idi. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Gürcüstandakı soydaşlarımıza 2300-dən çox “Qurani-Kərim” göndərilib

Gürcüstandakı soydaşlarımıza 2300-dən çox “Qurani-Kərim” göndərilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstan Müsəlmanları İdarəsinin müraciəti əsasında nəşr etdirdiyi 2300-dən çox “Qurani-Kərim” kitabını (Azərbaycan dilində) soydaşlarımızın istifadəsi üçün Gürcüstana göndərib.

Fonddan  bildirilib ki, kitabların göndərilməsində əsas məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın dini maariflənməsinə dəstək olmaqdır.

Müqəddəs kitabları qəbul edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov belə gözəl təşəbbüsə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və Mənəvi Dəyərlərin Təbliği Fonduna ölkə müsəlmanları və soydaşlarımız adından təşəkkürünü bildirib. Dini sahədə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayan R.İgidov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. (AZƏRTAC)

Gəncədə şəhidin doğum günü münasibətilə ailəsi ziyarət olunub

Gəncədə şəhidin doğum günü münasibətilə ailəsi ziyarət olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin və dini icma əməkdaşları şəhid Məmmədov Elmar Saleh oğlunun doğum günü münasibətilə ailəsinə baş çəkiblər.  

Görüşdə şəhidin qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb. Bildirilib ki, Vətən müharibəsi zamanı Elmar Məmmədov Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərində iştirak edib. O,  Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Elmar Məmmədov  ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Ziyarət zamanı o da vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə həm də şəhidlərimizin döyüşlərə atıldıqları ilk gündən daşıdıqları amalın, Vətən sevgisinin nəticəsi idi. İllər ötəcək, lakin şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.

Şəhid Elmarın valideynləri övladı ilə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün dövlət başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.

Daha sonra şəhidin ailəsinə məişət avadanlığı təqdim olunub.

Qeyd edək ki, görüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, DQİDK-nin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maddi dəstəyi və yerli dini icmaların təşkilatçılığı ilə baş tutub.

Meşələrdə avqustun sonuna qədər oduncaq tədarükü aparılacaq

Meşələrdə avqustun sonuna qədər oduncaq tədarükü aparılacaq

Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov  bildirib ki, 16 avqust -1 sentyabr tarixlərində oduncaq tədarükü ölkə üzrə aşağıdakı meşə ərazilərində həyata keçiriləcək:

• Zaqatala rayonu, Muğanlı, Danaçı, Car, Tala, Muxax və Əliabad meşəbəylikləri;

• Balakən rayonu, Kortala və Qabaqçöl meşəbəylikləri;

• Qax rayonu, Qax, Qıpçaq, Qum və İlisu meşəbəylikləri;

• Şəki rayonu, Kiş və Şin meşəbəylikləri;

• Qəbələ rayonu, Yenikənd, Vəndam və Bum meşəbəylikləri;

• İsmayıllı rayonu, Talıstan, Girdiman və Qalınçaq meşəbəylikləri;

• Şamaxı rayonu, Dədəgünəş və Şamaxı meşəbəylikləri;

• Ağsu rayonu, Ağsu meşəbəyliyi;

• Quba rayonu, Vəlvələ, Quba, Rustov və Alpan meşəbəylikləri;

• Qusar rayonu, Qusar meşəbəyliyi;

• Xaçmaz rayonu, Xudat və Xaçmaz meşəbəylikləri;

• Şabran rayonu, Dəvəçi, Pirəbədil, Dənizkənarı və Çuxurəzəmi meşəbəylikləri;

• Xızı rayonu, Qarabulaq meşəbəyliyi;

• Tovuz rayonu, Cırdaxan, Yanıxlı, Şamlıq və Qovlar meşəbəylikləri;

• Ağstafa rayonu, Poylu və Soyuqbulaq meşəbəylikləri;

• Qazax rayonu, Qazax meşəbəyliyi;

• Goranboy rayonu, Yeni Ağcakənd və Goranboy meşəbəylikləri;

• Göygöl rayonu, Hacıkənd və Zurnabad meşəbəylikləri;

• Zərdab rayonu, Bıçaqçı meşəbəyliyi;

• Bərdə rayonu, Soltanbud 1 və Soltanbud 2 meşəbəylikləri;

• Ağdaş rayonu, Ağdaş meşəbəyliyi;

 

• Ağcabədi rayonu, 1, 2, 3 saylı meşəbəylikləri;

• Beyləqan rayonu, Mil meşəbəyliyi;

• İmişli rayonu, Məmmədli meşəbəyliyi;

• Daşkəsən rayonu, Əmirvar, Bayan və Dəstəfur meşəbəylikləri;

• Samux rayonu, Samux meşəbəyliyi;

• Gədəbəy rayonu, Qalakənd, Saratovka, Şınıx və Qızılca meşəbəylikləri;

• Şəmkir rayonu, Şəmkir meşəbəyliyi;

• Hacıqabul rayonu, Sabirabad və Şirvan meşəbəylikləri;

• Saatlı rayonu, Saatlı meşəbəyliyi;

• Sabirabad rayonu, Şirvan və Sabirabad meşəbəylikləri;

• Şirvan şəhəri, Şirvan meşəbəyliyi;

• Cəlilabad rayonu, Göytəpə və Cəlilabad meşəbəylikləri;

• Masallı rayonu, Yeyənkənd meşəbəyliyi;

• Yardımlı rayonu, 1, 3, 4 saylı meşəbəylikləri;

• Lerik rayonu, Razvandoband, Gürdəsər və Lerik meşəbəylikləri;

• Astara rayonu, Əsxənəkəran və Təngərüd meşəbəylikləri;

• Lənkəran rayonu, Haftoni meşəbəyliyi.

V.Kərimovun sözlərinə görə, tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilməklə verilir.

“Oduncaq tədarükü həyata keçiriləcək meşə sahələri barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

Nazir müavini oduncağa ehtiyacı olan qurumlara və əhaliyə çağırış edərək onlardan xahiş edib ki, odun yanacağına olan təlabatlarını ödəmək üçün meşələrə üz tutmasınlar, müvafiq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etsinlər.

Bu il 156 müəllif və hüquqi şəxsin 423 əsəri qeydiyyatdan keçirilib

Bu il 156 müəllif və hüquqi şəxsin 423 əsəri qeydiyyatdan keçirilib

2021-ci ilin ilk 6 ayı ərzində Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 100 iddia sənədi daxil olub. Beynəlxalq PCT proseduru üzrə göndərilməsi üçün milli iddia sənədlərinin sayı 2, Avrasiya Patent təşkilatına göndərilməsi üçün milli iddia sənədlərinin sayı isə 16 olub.

Bu barədə  Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 48 pa­tent (44-ü milli, 4-ü xarici hüquqi şəxslərə məxsus), faydalı modellərə dair 9 pa­tent (6-sı milli, 3-ü xarici hüquqi şəxslərə məxsus), sənaye nümunələrinə dair 9 pa­tent (3-ü milli, 6-sı xarici hüquqi şəxslərə məxsus) qeydiyyata alınıb.

Həmçinin müvafiq Dövlət reyestrində 1125 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 621 ədədi milli, 504 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Cari ilin birinci yarımili ərzində Agentlikdə 156 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 423 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 431 şəhadətnamə verilib. O cümlədən, “Elektron xidmət” bölməsi vasitəsilə 103 müəllifin 164 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 164 şəhadətnamə verilib. Hesabat dövründə 4 müəllif müqaviləsi qeydiyyata alınıb.

2021-ci ilin ilk altı ayı ərzində pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən 7 yazılı müraciət daxil olub, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi Agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları aidiyyəti qurumlara göndərilib.

Agentliyin nümayəndələri müxtəlif məhkəmə instansiyalarında əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı keçirilmiş 20-dən artıq iş üzrə (onlardan 15-i sənaye mülkiyyəti obyektləri, 5-i isə müəllif hüquqları ilə bağlı) 50-dək məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanıb.

Hacı Tahir Abbasov Aşura günü ilə bağlı sakinlərə müraciət edib

Hacı Tahir Abbasov Aşura günü ilə bağlı sakinlərə müraciət edib

Bu gün İslam dünyasında Tasua günü qeyd edilir. Sabah isə Məhərrəm ayının 10-cu günü, yəni Aşuradır. Bununla əlaqədar olaraq Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov sakinlərə müraciət edib. Müraciətdə deyilir:

“Əziz Gəncə camaatımız, Azərbaycan xalqımız, qəhrəman millətimiz. Hər il Məhərrəm ayının 9-cu və 10-cu günü “İmamzadə” ziyarətgahındakı İmam Hüseyn meydanında və şəhərimizin məscidlərində təziələr keçirmişik. Ötən il bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrini nəzərə alaraq bu yığıncaq və təziələri keçirməmək qərarına gəldik. Şəhərimizin insaları da sağ olsunlar ki, bu qərarımızı anlayışla qarşıladılar.

Məlumunuzdur ki, COVİD-19 pandemiyası hələ də davam etməkdədir. Şəhər camaatımıza, İmam Hüseyn sevərlərə çatdırmaq istəyirik ki, insanların sağlamlığını qorumaq üçün bu gün və sabah kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmur.

Xalqımız uzun illərdir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin əziz xatirəsini yad edir. Anım günlərində insanlarımız necə sıra ilə, aramla şəhidlərimizin məzarlarını ziyarət edirlərsə, eyni təmkini Aşura günündə də göstərməlini xahiş edirik.

Bilirik ki, niyyət etmiş, “İmamzadə” ziyarətgahına gəlmək, burada tədbir keçirmək istəyən insanlarımız var. Nəzərinizə çatdırım ki, “İmamzadə” ziyarətgahının qapısı hər kəsin üzünə açıqdır. Ziyarətə gələcək şəxslərdən xahişimiz budur ki, qoyulan tələbləri anlayışla qarşılayıb, əməl etsinlər. Gəncə sakinləri və şəhərimizin qonaqları mərkəzi girişdən keçərək, tək sıra şəklində Şahzadə İbrahimin məzarını ziyarət edə bilərlər. Lakin bir yerə toplaşmaq, dəstələr yaradaraq təziələr demək məqsədəuyğun hesab edilmir. Həmçinin bu gün və sabah xüsusi risk qrupuna aid olan yaşlı insanların və uşaqların ziyarətə gəlməsi tövsiyyə olunmur.

Hər anadan, hər bacıdan, hər qardaşdan xahiş edirəm – özünüzü qoruyun. Evlərinizə səadət, dövlətimizə qüdrət, ordumuza rəşadət, qazilərimizə şəfaət, şəhidlərimizə rəhmət diləyirəm”.

Gəncədə ümumşəhər iməcliyi keçirilib, küçə və prospektlərdə dezinfeksiya işləri aparılıb

Gəncədə ümumşəhər iməcliyi keçirilib, küçə və prospektlərdə dezinfeksiya işləri aparılıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq Gəncədə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri davam etdirilir.

Şəhərdə tərtib edilmiş qrafikə uyğun olaraq növbəti dəfə dezinfeksiya işləri aparılıb. Səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xusisi dezinfeksiyaedici məhlulla yuyulublar. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə dezinfeksiya işləri görülüb. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcəkdir.

Bu gün eyni zamanda Gəncədə ümumşəhər iməcliyi keçirilib. İməclik şəhərin giriş-çıxışlarındakı, mərkəzi küçə və prospektlərindəki yaşıllıq zolaqlarında, habelə park və xiyabanlarında təşkil edilib.

Səhər saatlarında baş tutan iməclik zamanı sözügedən ərazilərdəki qurumuş otlar biçilib, ağacların dibləri bellənərək, suvarılıblar. Bundan başqa ərazi xəzəllərdən, kağız, sellofan torba və plastik butulka kimi məişət tullantılarından təmizlənib.

Qeyd edək ki, ümumşəhər iməcliyində Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, habelə tələbə və gənclər aktiv iştirak ediblər.

 

12 avqust Beynəlxalq Gənclər Günüdür

12 avqust Beynəlxalq Gənclər Günüdür

12 avqust Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır.


Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir.


Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.


O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülmüşdür. Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi.
Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir.


Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir.


Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.


Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Bütün bunlar bir daha sübut edir ki, dövlət gənclərə diqqət və qayğısını əsirgəməyəcək, həm onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, həm də cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.


Bu, böyük xoşbəxtlik, böyük səadətdir ki, indiki gənclər müstəqillik dövründə formalaşırlar. Bəzi hallarda indiki gənclərin ağlına da gələ bilməz ki, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər var idi, azadlıqlar yox idi. Sərbəst fikir söyləmək, ayrı fikirdə olmaq, dünyanı görmək kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bizim böyük xoşbəxtliyimiz ondadır ki, bu gün müstəqil ölkə kimi yaşayırıq. Azərbaycan xalqı müstəqilliyə qovuşmuşdur. Eyni zamanda, müstəqil, açıq dövlətə xas olan bütün amillər Azərbaycanda mövcuddur. Bu gün Azərbaycan öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur.


Azərbaycan Gəncləri torpaqlarımız işğaldan azad etmək üçün Ali Baş komandanın əmrini dərhal yeürinə yetirmək üçün vətənin müdafiəsinə qoşuldu və bu Zəfərin əldə olunmasında Azərbaycan Gəncinin də xüsusi rolu vardır. Bu arada fürsətdən istifadə edib canından qanından keçən bütün şəhidlərimizi böyük qürurla yad edir və onlara Allahdan rəhmət diləyir.


Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

Nadir Quliyev
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə YAZTV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 20063 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10139196 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Gəncədə “LED” lampaların istehsalına başlanılacaq

Gəncədə “LED” lampaların istehsalına başlanılacaq

Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək. “Zaferoğlu Eklektrik” MMC olaraq fəaliyyət göstərəcək yeni müəssisədə “LED” lampalar istehsal ediləcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müəssisədə yaradılan şəraitlə tanış olub.


Sahibkar Zəfər Məmmədov zavod və burada gölürən işlər barədə şəhər rəhbərinə məlumat verib. O bildirib ki, binada aparılan təmir işlərinin 80 faizə yaxını artıq yekunlaşıb və yarım ay ərzində dəzgahların quraşdırılmasına başlanılacaq. Burada istehsal olucanaq “LED” lampalar standart lampalarla müqaisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək.


Zəfər Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyindən də danışıb. O bildirib ki, zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq. “Bununla yanaşı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təstiqedici sənədi əsasında zavodda istehsal olunacaq “LED” lampalar gömrük rüsumundan azad ediləcək. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək investisiya təşviq sənədi ilə xaricdən gətirəcəyimiz dəzgahlar üçün də gömrük rüsumu tələb edilməyəcək” – deyə, o qeyd edib.


Göstərilən dəstəyə görə dövlət başçısı və şəhər rəhbərliyinə təşəkkür edən Zəfər Məmmədov, sahibkarlara da çağırış edib: “Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Gəncə şəhərinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. “Gəncə İş Adamları” İctimai Birliyinin təsisçisi və sədri olaraq, bütün sahibkarları Gəncə şəhərində yaradılan şəraitdən faydalanmağa və bura investisiya yatırmağa çağırıram”.


Qeyd edək ki, “Zaferoğlu Eklektrik” MMC-in cari ilin oktyabr ayının sonlarına istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olucanaq ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.

Məcburi köçkünlər üçün evlər yalnız azad edilmiş ərazilərdə inşa olunacaq - Komitə

Məcburi köçkünlər üçün evlər yalnız azad edilmiş ərazilərdə inşa olunacaq - Komitə

Məcburi köçkünlər üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

YAZTV-nin məlumatına görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqlamasında deyilir:

Qeyd edilir ki, avqustun 11-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eldar Zeynalov Ağdam rayonundan məcburi köçkün, Bakı şəhərinin Suraxanı rayonunda müvəqqəti qediyyatda olan Əliyeva Mahirə Firidun qızını onlayn qayada qəbul edib. Vətəndaş M.F.Əliyevanın müraciəti Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış oğlu Quliyev İlkin Mətləb oğlunun çoxuşaqlı ailəsinin mənzillə təmin edilməsi barədə olub. Quliyev İlkin Mətləb oğlunun ailə vəziyyəti nəzərər alınaraq, onların Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilmiş yeni binada üçotaqlı mənzilə köçürülməsi təklif olunub. Lakin ailə Dövlət Komitəsinin təklifini qəbul etməyib:

"Onlayn qəbuldan sonra, saat 13-14 radələrində gənc bir qadın beş azyaşlı uşaqla Dövlət Komitəsinin inzibati binasındakı “Qəbul otağı”na gələrək, özü haqqında heç bir məlumat vermədən “bu uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin” deyərək, komitə əməkdaşlarının çağırışlarına məhəl qoymadan binanı tərk edib. Uşaqlarla söhbət zamanı ailənin faktiki yaşayış ünvanı müəyyənləşdirilib və bu zaman aydın olub ki, onlar vətəndaş M.F.Əliyevanın oğlu İlkin Quliyevin övladlarıdır. Valideynləri müəyyənləşdirildikdən sonra uşaqlar öz ailəsinə təhvil verilib.

Qeyd edilməlidir ki, uşaqları komitənin binasında qoyub gedən ana - Quliyeva Səbinə Arif qızı özü Ağdam rayonunun işğal altına düşməyən Paşabəyli kəndində daimi qeydiyyatdadır və məcburi köçkün deyildir.

Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlər üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaqdır. Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış 191 məcburi köçkün ailəsi də, qanunvericilikdə nəzərdə tutulan qaydada, həmin ərazilərdə yeni yaşayış sahəsi ilə təmin ediləcəkdir".