Wednesday, 27 Yanvar 2021 13:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
3.33°C

Bakı

Rütubətlilik: 82%
Külək: NW3.73 KM/S
“Sabah” doğma meydanda “Kəpəz”ə məğlub olub

“Sabah” doğma meydanda “Kəpəz”ə məğlub olub

Yanvarın 25-də futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edib.

YAZTV xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşmaya meydan sahibləri fəal başlayıblar. Görüşdə hesabı birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Bakı təmsilçinin müdafiəçisi Filip İvanoviç açıb. Matçın 68-ci dəqiqəsində isə Gəncə klubu hesabı bərabərləşdirməyə nail olub. Samir Qurbanov “Kəpəz”in birinci qolunu vurub. Görüşün 84-cü dəqiqəsində isə Gəncə təmsilçisi hesabda önə keçib. Əli Səmədov vurduğu qolla komandasına qələbə qazandırıb.

Ölkə kubokunun səkkizdəbir final mərhələsinin digər oyunlarında “Səbail” öz meydanında “Zaqatala”nı (3:2), “Qəbələ” səfərdə “Turan Tovuz”u (2:0), “Zirə” isə “Qaradağ Lökbatan”ı (4:0) məğlub edib.

Azərbaycan kubokunun dörddəbir final mərhələsində isə “Sumqayıt” – “Səbail”, “Qarabağ” – “Qəbələ”, “Neftçi” – “Zirə” və “Keşlə” - “Kəpəz” klubları üz-üzə gələcəklər. Dörddəbir final mərhələsinin birinci matçları fevralın 1-2-də, cavab görüşləri isə ayın 6-7-də keçiriləcək.

Yaponiyanın Azərbaycandakı səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara dair bəyanat yayıb

Yaponiyanın Azərbaycandakı səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara dair bəyanat yayıb

Yaponiyanın Azərbaycandakı səfirliyi “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının guya ləğv edilməsinin qərarlaşdırılması ilə bağlı məlumatlarla əlaqədar bəyanat yayıb.

Səfirlikdən YAZTV-ə daxil olan bəyanatda qeyd edilib ki, Yaponiya hökumətinin “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunmasını qərarlaşdırması haqqında yayılan məlumatlar doğru deyil. Ötən ilin iyulunda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında bu il iyulun 23-də keçiriləcək açılış mərasimindən başlayaraq, Oyunların cədvəli və məkanların siyahısı qərarlaşdırılıb. Hazırda əlaqədar şəxslər bu yay Oyunların uğurlu şəkildə baş tutması üçün birgə çalışaraq hazırlıqlar görməkdədirlər.

“Yaponiya Hökuməti olaraq, yeni növ koronavirusa (COVID-19) qarşı bütün lazımi tədbirləri həyata keçirərək, Beynəlxalq Olimpiya Komitəsi, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi və Tokio meriyası ilə birgə təhlükəsiz və uğurlu Oyunlar üçün hazırlıqlara davam edəcəyik”, - deyə bəyanatda bildirilib.

Tokio Olimpiadasının açılış mərasimində təxminən altı min idmançının iştirak edəcəyi gözlənilir

Tokio Olimpiadasının açılış mərasimində təxminən altı min idmançının iştirak edəcəyi gözlənilir

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimində təxminən altı min idmançının iştirak edəcəyini gözləyir.

YAZTV xəbər verir ki, “Yomiuri” qəzeti bu barədə məlumat yayıb.

Qeyd edilib ki, əvvəlcə açılış mərasimində təxminən 200 ölkədən 11 minə yaxın idmançının iştirakı planlaşdırılırdı. Ancaq koronavirusun yayılması səbəbindən mərasimi qısaltmaq qərara alınıb. Təşkilatçıların əsas vəzifəsi mərasim zamanı gözləmə zonasında sıxlığın qarşısını almaqdır.

Tokio Olimpiadası ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Eyni zamanda, “Tokio-2020” Oyunlarının adı da qorunub saxlanılıb.

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

YAZTV xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının yanvarın 25-də təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü seçiliblər.

Badminton III Avropa Oyunlarının proqramına daxil edilib

Badminton III Avropa Oyunlarının proqramına daxil edilib

Avropa Olimpiya Komitələri (AOK) 2023-cü ilin yayında keçiriləcək III Avropa Oyunlarının proqramını genişləndirməyə davam edir.

YAZTV xəbər verir ki, iyunun 9-dan 25-dək Polşanın Krakov və Malopolye şəhərlərində təşkil olunacaq yarışların proqramına badminton da daxil edilib. Badminton son vaxtlar Oyunların proqramına daxil edilən sayca altıncı idman növüdür. Belə ki, dekabrda müasir beşnövçülük, taekvondo, avarçəkmə slalomu, karate və çimərlik həndbolunun da yarışların proqramına salınacağı açıqlanıb. Badminton bundan əvvəlki Oyunlarda – “Bakı-2015” və “Minsk-2019”da da proqramda yer alıb.

III Avropa Oyunlarının proqramında qeyd etdiyimiz idman növləri ilə yanaşı, kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma da yer alıb.

Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb

Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb

Karyeralarında göstərdikləri nəticələrə görə bədii gimnastikanın dörd nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Abbasova “Fəxri idman ustası” adına layiq görülüblər.

YAZTV Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, S.Vasileva və A.Paşayeva qrup hərəkətləri komandasının tərkibində Avropa çempionatlarının gümüş və bürünc mükafatçıları olublar. A.Paşayeva, həmçinin 2019-cu ildə Bakıda keçirilmiş dünya çempionatında çoxnövçülük üzrə nəticələrə əsasən “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının heyətindədir.

Gənclər arasında Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medala sahib olan S.Abbasova 2014-cü ildə Bakıda keçirilmiş Avropa çempionatında böyüklər proqramında da (3 top və 2 lent) gümüş medalını təsdiqləyib.

A.Prasolova Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə olaraq ölkəmizi Olimpiya Oyunlarında (Pekin-2008) təmsil edib və çoxnövçülük yarışının finalında yeddinci yerdə qərarlaşmış qrup hərəkətləri komandasının üzvü olub.

İdmançı kimi göstərdikləri nailiyyətlərə görə “Fəxri idman ustası” adına layiq görülmüş hazırkı məşqçilər artıq yetirmələrinə sərf etdikləri əməyin bəhrəsini görməkdədirlər. Belə ki, A.Prasolovanın yetirməsi “Bakı-2015” ilk Avropa Oyunlarında gümüş və 2015-ci ilin Avropa çempionatında bürünc medal əldə edib. Ötən il Kiyevdə keçirilmiş Avropa çempionatında isə gümüş və bürünc mükafata layiq görülmüş qrup hərəkətləri komandasının məşqçilərindən biri S.Vasileva olub. A.Paşayeva Bakı Gimnastika Məktəbində, S.Hacıyeva isə Milli Gimnastika Arenasında yığma komandaya hazırlıq qrupunda olan gənc gimnastların yetişdirilməsində xidmət edirlər.

Tokio Olimpiadasının tamaşaçılarsız təşkil olunması 23,4 milyard dollar zərər vura bilər

Tokio Olimpiadasının tamaşaçılarsız təşkil olunması 23,4 milyard dollar zərər vura bilər

Cari ildə Tokio Olimpiadasının tamaşaçılar olmadan təşkili 2,41 trilyon yen (təqribən 23,4 milyard dollar) zərər vura bilər.

YAZTV Kyodo agentliyinə istinadla xəbər verir ki, bunu Kansay Universitetinin professoru Miyamoto Katsuhiro bildirib.

Hazırda koronavirus pandemiyasının qarşısının alınmayacağı təqdirdə yayda keçiriləcək yarışlar zamanı stadionlara yalnız 50 faiz yaponiyalı tamaşaçının buraxılması ehtiyat variant kimi nəzərdən keçirilir. Professorun hesablaması yarışlar zamanı ən radikal variantı nəzərdə tutur. Qeyd edilir ki, Oyunların daha bir il müddətinə təxirə salınması 640 milyard yen (6,2 milyard dollar), yarışların tamamilə ləğv edilməsi isə 4,515 trilyon yen (43,8 milyard dollar) zərər vura bilər.

Beynəlxalq Olimpiya Komitəsi (BOK), Yaponiya hökuməti və Tokio administrasiyası Oyunların təxirə salınması və ya vaxtının dəyişdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edirlər.

Xatırladaq ki, BOK və Tokio Olimpiadasının təşkilat komitəsi 2020-ci il martın sonlarında Yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına görə 2021-ci ilə keçirilməsi barədə qərar qəbul ediblər. Hazırda yarışların iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. Bu Olimpiada idman növlərinin (33 idman növü) və oynanılacaq medalların sayına (339 medal) görə ən böyük idman yarışı olacaq. İlkin variantda yarışlarda 10-12 min idmançının iştirakı nəzərdə tutulurdu, lakin hazırda onların sayının iki dəfə azaldılacağı bildirilir. (AZƏRTAC)

Gəncə gəncləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Gəncə gəncləri Şəhidlər Xiyabanını ziyarət ediblər

19 yanvar 2021-ci il tarixində "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Gənclər Evinin əməkdaşları və şəhərin tələbə gənclər təşkilatlarının nümayəndələri Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

YAZTV xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gənclər Evinin dəstəyi ilə birgə həyata keçirdiyi bu tədbirdə 30-a yaxın fəal gənclər və könüllülər iştirak ediblər. 

Ziyarət çərçivəsində onlar "20 yanvar abidə"si önünə və Şəhidlərin məzarlarının üstünə tər çiçəklər qoyublar.

20 yanvar faciəsi haqqında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sifarişi ilə hazırlanmış əyani vəsaitləri paylayıblar.

 

Azərbaycanın 9 yunan-Roma güləşçisi Qran-Pridə iştirak edəcək

Azərbaycanın 9 yunan-Roma güləşçisi Qran-Pridə iştirak edəcək

Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığmasının Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-Pri turniri üçün heyəti bəlli olub.

YAZTV xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında 9 idmançı təmsil edəcək.

Turnirin sonuncu günündə - yanvarın 17-də Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.

Yeniyetmə qız Şahmatçı Səadət Bəşirli təltif edilib

Yeniyetmə qız Şahmatçı Səadət Bəşirli təltif edilib

Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi Həmid Nəsirov Şahmat  idman növü üzrə Dünya çempionatında yer tutmuş Səadət Bəşirlini təltif etmişdir.

YAZTV xəbər verir ki, 22 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi Həmid Nəsirov  sürətli Şahmat üzrə FIDE-nin təşkil etdiyi Yeniyetmələrin onlayn  Dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsində 46 ölkədən 10 yaşa qədər 53 qız Şahmatçı arasında ən yaxşı nəticə göstərərək Gəncənin Şahmat idman növü üzrə yeniyetmə qız idmançısı Səadət Bəşirli 1-ci yerə çıxması münasibətilə ona Baş idarə tərəfindən Fəxri diplom və qiyməti hədiyyə ilə təbrik edilmiş və gələcək fəaliyyətində uğurlar diləmişdir. 

Qeyd edək ki, Sürətli Şahmat üzrə Dünya çempionatının final mərhələsində play-off sistemi ilə 1/8 mərhələlərini uğurla keçib və Səadət Bəşirli yarım finalda 4 -cü yerə çıxıb.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və kollektivi gənc futbolçu, Vətən müharibəsi iştirakçısını ziyarət ediblər.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və kollektivi gənc futbolçu, Vətən müharibəsi iştirakçısını ziyarət ediblər.

18.01.2020-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi Baş İdarə nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, gənc futbolçu, Vətən müharibəsi iştirakçısı Qəhrəmanov Sərxan Mahmud oğlunu ziyarət ediblər.
 
İdarədən YAZTV-ə verilən məlumata görə Başçəkmə zamanı rəis H.Nəsirov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordsunun şücayəti nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın Azərbaycan xalqı üçün ən böyük sevinc və qürur hissi olduğunu qeyd etmiş və şəhid olmuş hərbi qulluqçuların qəhrəmanlığı barədə ətraflı məlumat vermişdir. Qazi S.Qəhrəmanov yoldaşları ilə birlikdə keçdiyi döyüş yolundan fəxrlə danışaraq, igid Azərbaycan oğullarının vətənpərvərliyini xüsusilə vurğulamışdır. UGİM-nin futbol bölməsi üzrə baş məqçi-müəllimi, Respublikanın əməkdar məşqçisi Məhəmməd Məmmədov Sərxan və Ələddin qardaşlarının yeniyetmə vaxtlarından futbolda böyük uğurlu nəticələr əldə etmələri haqqında söz açmışdır.
 
Xatırladaq ki, Sərxan Qəhrəmanovun qardaşı, hal-hazırda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu, Vətən müharibəsi iştirakçısı Ələddin Qəhrəmanov da Baş İdarə nəzdində Uşaq Gənclər İdman Məktəbinin futbol üzrə bölməsinin məzunudur və döyüşlərdə Topçu kimi qəhrəmanlıq nümunəsi göstərdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunması görə” və “Xocavəndin azad olunması görə” medalları ilə təltif edilib.
 
 
 
 
Millimizin oyunlarının vaxtı müəyyənləşib

Millimizin oyunlarının vaxtı müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı və məkanları müəyyənləşib.

YAZTV Azərtac-a istinadla xəbər verir ki, yanvarın 29-da millimiz Slovakiya yığmasını Bakı İdman Sarayında qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək.

Fevralın 2-də futzalçılarımız Yunanıstan seçməsinin qonağı olacaqlar. Matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.