“Bölgələrdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində Gəncədə görüş keçirildi

“Bölgələrdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində Gəncədə görüş keçirildi
Gəncədə “Bölgələrdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir baş tutub. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə reallaşan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AFFA-nın 1-ci vitse-prezidenti, deputat Rauf Əliyev, Milli məclisin deputatları Musa Quliyev və Sabir Hacıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və başqaları iştirak ediblər.
 
“Bölgələrdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində Gəncədə keçirilən görüş ənənəvi olaraq futbol stadionunda yox, Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalan Qələbə parkında baş tutub. Əvvəlcə tədbir iştirakçıları endirilən raket zərbələri nəticəsində şəhid olan mülki şəxlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılan əraziləri ziyarət edərək, tər qərənfillər düzüblər.
 
Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək belə tədbirlərin keçirilməsinin uşaq futboluna olan marağın artırılmasına və bölgələrdə futbolun inkişafına çox böyük töhvələr verdiyini qeyd etmişdir.
Ardınca kiçik yaşlı futbolçularla görüş keçirilib. Şəhid, qazi və aztəminatlı ailələrin uşaqları da daxil olmaqla ümumilikdə 100-ə yaxın yeniyetməyə idman geyimləri və futbol topları hədiyyə olunub.
 
Qeyd edək ki, “Bölgələrdə idmanı inkişaf etdirək” layihəsi Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılan addımdır. Görüşlər uşaq və yeniyetmələrdə futbola olan marağı artırmaq məqsədi daşıyır.