Saturday, 24 İyul 2021 18:20
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı

Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı

Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Lüksemburqla keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.

YAZTV-nin məlumatına görə, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Kris Kavanaqa yan xətt hakimləri qismində Daniel Riçard Kuk və Sian Massey yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.

Qeyd edək ki, Kris Kavanaq 2019-cu il yanvarın 1-də FIFA referisi adını alıb. 35 yaşlı ədalət təmsilçisi indiyədək nə Azərbaycan, nə də Lüksemburq komandalarının oyunlarına təyinat alıb. Bu, Kavanaqın 6-cı beynəlxalq matçı olacaq.

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq.

Azərbaycan İdman Könüllülərinin 1-ci Forumu keçirildi

Azərbaycan İdman Könüllülərinin 1-ci Forumu keçirildi

Bu gün “Azərbaycan İdman Könüllüləri”nin 1-ci Forumu keçirilib.

YAZTV xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd gənclərin idman və bədən tərbiyəsinə marağını daha da artırmaq, onların fərdi inkişafı və vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.

Forumun I hissəsinin əvvəlində “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə təşkilatın fəaliyyəti ilə bağlı təqdimatı iştirakçıların diqqətinə çatdırdı. Daha sonra Forumun açılışı üçün söz Gənclər və İdman naziri Azad Rəhimova verildi.
Forumun açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov iştirakçıları salamlayaraq, Azərbaycanda idmanın və bədən tərbiyəsinin əhəmiyyəti və bu sahədə aparılan dövlət siyasəti barəsində məlumat verdi. Nazir, ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsinin önəmini tədbir iştirakçıların diqqətinə çatdırmışdır.
Daha sonra, çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, millət vəkilləri Könül Nurullayeva, Müşfiq Cəfərov və Vüqar İskəndərov çıxış edərək Forumun işinə uğurlar arzulamışdır.

Onlayn formatda davam edən Forumun II hissəsində “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin baş katibi Əkbər Mikayılovun moderatorluğu ilə 76 rayon və şəhər nümayəndəsi və idman təşkilatlarının əməkdaşları proqram mövzuları üzrə müzakirələri davam etdirmişlər.

Forum proqramı aşağıdakı mövzuları əhatə etmişdir:

• Azərbaycanda idman könüllülüyünün tarixi, inkişafı və hüquqi əsasları.
• İdman könüllülüyünün fundamental əsaslarının innovativ texnologiyalar vasitəsi ilə təlimləri.
• İdman növləri üzrə könüllülüyün təşkili və idarə olunması.
• İdmanın məşqçilik, hakimlik, tibb, menecment və digər sahələrində könüllülüyün tətbiqi yolları.
• İdman könüllülüyü sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq.
• İdman könüllülüyünün inkişaf perspektivləri.
Sonda Forum iştirakçıları tərəfindən birgə bəyanat qəbul edilmişdir.

 

Fərid Mansurov: "İdman zalları təhlükəlidir"

Fərid Mansurov: "İdman zalları təhlükəlidir"

"Nazirlik olaraq Operativ Qərargaha bir neçə dəfə yarışların keçirilməsi ilə bağlı təkliflər göndərmişik. Hələ ki, açıq havada yarışların və məşqlərin keçirilməsinə icazə verilib".

YAZTV-nin məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin "Facebook" səhifəsinə idman zallarının açıqlaması ilə bağlı suala cavab verərkən deyib.

O bildirib ki, hər bir bağlı məkanı hansısa qaydalarla açmaq mümkündür. Mansurovun fikrincə, bu zaman hər bir idman növündə pandemiya qaydalarını qorumaq lazımdır: "Əsas məsələ ondan ibarətdir ki, kütləvi yığışmalar olmasın. Pandemiyanın yayılması çox sürətlidir. Bu səbəbdən, fikirləşirik ki, hər kəs bir ailədən və evdən gəlir. Ola bilər ki, evdə risk qrupuna aid yaşlı insanlar olsun. İdmançılar həmişə sağlam və gümrah, güclü imunitetə malik olurlar. Məşq edəndə imunitet düşür. Həmin xəstəliyə yoluxub, öz doğmalarını xəstələndirə bilərlər. Bu baxımdan, zallar təhlükəlir. Müəyyən pandemiya qaylarını gözləməklə, məşqləri davam etdirmək olar".

Los-Ancelesdə Olimpiya oyunlarının loqotipi təqdim edilib

Los-Ancelesdə Olimpiya oyunlarının loqotipi təqdim edilib

ABŞ-ın Los-Anceles şəhərində 2028-ci ilin Yay Olimpiya oyunlarının loqotipi təqdim olunub.

Bu barədə YAZTV  yarışların Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir.

Loqotipin emblemində LA hərfləri və 28 rəqəmi təsvir edilib.

Loqonun yaradılması üçün Adam Rippon, futbolçu Aleks Morqan, müğənni Billi Ayliş, aktrisa Riz Uizerspun öz hekayələrini paylaşıblar.

Los-Anceles öz tarixində üçüncü dəfə Olimpiadanı qəbul edəcək. Daha əvvəl burada oyunlar 1932 və 1984-cü illərdə keçirilib.

“Qəbələ” idman klubunun fəaliyyətə başlamasından 15 il ötür

“Qəbələ” idman klubunun fəaliyyətə başlamasından 15 il ötür

Bu gün “Qəbələ” idman klubunun fəaliyyətə başlamasından 15 il ötür.

YAZTV klubun saytına istinadla xəbər verir ki, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib.

Klub 2005-ci il sentyabrın 5-də AFFA-da qeydiyyatdan keçib. 2005-2006-cı illər mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edən klubun adı 2006-cı ilin əvvəlində dəyişdirilərək “Gilan” qoyulub. Birinci mövsümdə Xanları təmsil edən klub I Dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya vəsiqə qazanıb.

2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” adını “Qəbələ” ilə əvəzləyib.

Premyer Liqada 15-ci mövsümünü keçirən klub bu müddətdə dəfələrlə mükafatçılar sırasında yer alıb. Komanda2013-2014-cü, 2014-2015-ci, 2015-2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən “Qəbələ” 2016-2017-ci və 2017-2018-ci illər mövsümlərində gümüş medal qazanıb. “Qəbələ”nin futbolçuları da Azərbaycan çempionatının bombardiri adına yiyələnib. 2016-2017-ci mövsümündə Filip Ozobiç 11, 2017-2018 mövsümündə isə Baqali Dabo 13 topla mükafata sahib çıxıb. Komandanın uğurları ölkə kubokunda da əksini tapıb. 2018-2019-cu illər mövsümünün Naxçıvanda təşkil olunan final matçında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ilk tituluna yiyələnib. “Qırmızı-qaralar” 2013-2014-cü, 2016-2017-ci, 2017-2018-ci illər mövsümlərində kubokun finalına qədər irəliləyib.

2014-cü ilin yayında avrokuboklarda debüt edən komandamız ardıcıl 6 dəfə qitəmiqyaslı turnirdə qüvvəsini sınayıb. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup həyəcanı yaşayıb. Komandamız növbəti mövsümdə də eyni uğura imza ataraq turnirin tarixində ardıcıl iki dəfə 4 mərhələ adlayan ilk iştirakçı olub. 2017-ci ilin yayında isə “Qəbələ” bu turnirdə III təsnifat mərhələsinədək irəliləyib.

“Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Əsasən aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klubumuz ölkənin əsas millisində də təmsil olunub. Həmçinin futbolçularımız Avropa və Afrikanın müxtəlif ölkələrinin yığmalarında da çıxış ediblər. Üç futbolçumuz - Rəşad Sadiqov, Tellur Mütəllimov, Elvin Camalov U-21 millisinin heyətində İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Azərbaycanın əsas yığmasında “Qəbələ”ni 26 oyunçu təmsil edib. Cavid Hüseynov daha çox – 16 matça çıxıb. Mahir Şükürov “qırmızı-qara” forma geyindiyi dövrdə yığmada daha çox – 3 top vurub.

Akademiyanın müxtəlif yaş qrupları üzrə komandaları AFFA-nın təşkil etdiyi liqalarda uğur qazanıb. Otuz iki dəfə Azərbaycan çempionu olan təmsilçilərimiz 21 gümüş və 11 bürünc medal da əldə edib. Ötən mövsüm U-19, U-16 və U-15 qızıl medallara sahib olub. U-19 komandamız ölkə çempionu kimi 2016-cı ildə UEFA Gənclər Liqasında debüt edib. İki ildən sonra “Qəbələ” bu turnirdə mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Bu il komandamız tarixində 4-cü dəfə bu yarışa qatılacaq. Bundan başqa, əvəzedicilərdən ibarət komandamız da ölkə birinciliyində uğurla çıxış edib. 2015-2016-cı illər mövsümünün çempionu olan “qırmızı-qaralar” 4 gümüş və 2 bürünc medal da qazanıb.

Qəbələ şəhər stadionu iki dəfə Azərbaycan kubokunun final oyununa ev sahibliyi edib. Bu, 2014-2015-ci və 2017-2018-ci illər mövsümlərinə təsadüf edib. Avrokubokların təsnifat görüşlərini qəbul edən arenada əsas komandanın iştirakı ilə beynəlxalq “Jalə” kuboku, 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib. Burada Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının, həmçinin Premyer Liqa klublarının təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib.

2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. İdmançılarımız bu müddətdə Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Komandamızı “Bakı-2015” birinci Avropa Oyunlarında təmsil edən idmançılarımız ikisi qızıl olmaqla 5 medala sahib çıxıb. Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunlarında boksçulardan Lorenso Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medal qazanıbsa, taekvondoçu Milad Beiqi Harçeqani də üçüncü yeri tutub. 2017-ci ildə Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında 19 medal qazanan “Qəbələ” idmançıları 8 çempionluq sevinci yaşayıblar. Qəbələ Atıcılıq Klubu da bir sıra beynəlxalq yarışlara, o cümlədən Dünya Kubokunun final mərhələsi, Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələlərə ev sahibliyi edib.

Qeyd edək ki, “Qəbələ”nin prezidenti Fariz Nəcəfovdur. 2008-ci ildən vitse-prezident kimi fəaliyyət göstərən F.Nəcəfov ötən ilin aprelindən klubun rəhbəridir. Buna qədər isə kluba Tale Heydərov rəhbərlik edib. Klubun inkişafında, Azərbaycan futboluna verdiyi töhfədə bu iki şəxsin müstəsna xidmətləri olub.

"Neftçi" "Qalatasaray"a rəqib oldu

"Neftçi" "Qalatasaray"a rəqib oldu

"Neftçi" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

YAZTV-nin məlumatına görə, flaqman bu raundda Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 16-da Bakıda keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.

Millimizin rəqibi Bakıya heç-heçə ilə gəlir

Millimizin rəqibi Bakıya heç-heçə ilə gəlir

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq seçməsi yoxlama oyunu keçirib.

YAZTV xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın III Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşıb.

"Jozi Bartel" stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Komandalar meydanı qolsuz bərabərliklə tərk ediblər.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.

Reqbinin Sumqayıtda inkişaf etdirilməsi müzakirə olunub

Reqbinin Sumqayıtda inkişaf etdirilməsi müzakirə olunub

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və Baş İdarənin sektor müdiri Rüfət Mahmudzadə ilə Reqbi idman növünün Sumqayıt şəhərində inkişaf etdirilmə prespektivləri ilə bağlı görüş keçirilib.

YAZTV xəbər verir ki, görüş zamanı Sumqayıt idmançılarının aktiv bu idman növündə iştirakının təmin edilməsi ilə bağlı müzakirələr aparılmışdır. Yeni tədris ilindən yeni dərnəklərin açılması ilə bağlı razılığa gəlinmişdir.

Baş İdarənin rəisi Elgün Hümbətov Olimpiya idman növü olan Reqbinin Sumqayıtda inkişafı ilə bağlı Federasiya ilə koordinasiyalı olaraq fəaliyyətə tam hazır olduqlarını vurğulamışdır. 

 

 

Gəncə İdman Klubu İctimai Birliyinin yeni loqosu və İdman geyimi

Gəncə İdman Klubu İctimai Birliyinin yeni loqosu və İdman geyimi

Qədim və şərəfli tarixini özündə yaşadan, Gəncəmizin adını daşayan Gəncə İdman Klubu İctimai Birliyinin yeni loqosu və İdman geymini təqdim edib.

YAZTV xəbər verir ki, təqdim olunan loqoda Gəncənin tarixi və milli ruhumuzu əks etdirən elementlər cəmləşmişdir. İnanırıq ki, Nizami yurdunun ruhunu özündə yaşadan və milli dəyərlər üzərində formalaşan yeni gənc idmançılarımız bizi dünya arenasında  çox sevindirəcəkdir!

"Qarabağ"ın pley-offdakı potensial rəqibi müəyyənləşdi

"Qarabağ"ın pley-offdakı potensial rəqibi müəyyənləşdi

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

YAZTV xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç "Molde"sini mübarizədən kənarlaşdırsa, “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək. Ölkə çempionu ilk oyununu evdə keçirəcək.

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

FIDE reytinqində şahmatçılarımızın yeni mövqeyi bilindi

FIDE reytinqində şahmatçılarımızın yeni mövqeyi bilindi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

YAZTV FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb. Qədir Hüseynov bir pillə irəliləyərək 2665 xalla 71-ci olub. Nicat Abbasov da bir pillə irəliləyib və 73-cü sırada qərarlaşıb. 2 654 xalı olan Rauf Məmmədov isə 90 - 93-cü yerləri bölüşür.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 75-ci yerdə qalıb. 2 376 xalı olan Xanım Balacayeva isə yenə 85-cidir.

İngiltərə Super Kubokunun qalibi bəlli oldu

İngiltərə Super Kubokunun qalibi bəlli oldu

Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.

YAZTV xəbər verir ki, bu titula tarixində 16-cı dəfə "Arsenal" layiq görülüb. “Uembli” stadionunda keçirilmiş matçda ölkə kubokunun son sahibi çempion “Liverpul”la üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. 12-ci dəqiqədə "topçular"dan Pyer-Emerik Obameyanqın qoluna 73-cü dəqiqədə "qırmızılar"dan Takumi Minamino cavab verib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu bölümdə isə "Arsenal" daha üstün olub - 5:4.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.