Monday, 29 May 2023 08:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
FİFA VAR-dan imtinaya icazə verib

FİFA VAR-dan imtinaya icazə verib

FİFA milli çempionatlarda mövsümün davam edəcəyi təqdirdə videotəkrar sistemindən (VAR) yararlanmamağa icazə verib.

YAZTV-nin məlumatına görə, ali futbol qurumu bununla bağlı liqaların rəhbərlərini məlumatlandırıb.

VAR-ın tətbiq olunduğu ölkələrdə çempionatlar bərpa olunarsa, yerli federasiyalar bunun istifadəsinə ehtiyac duymaya bilər. Bundan yararlanmaq istəyən liqalarda VAR protokolu qüvvədə qalacaq.

 

Qeyd edək ki, bu gün daxili birinciliklərdə ilin sonuna qədər 5 əvəzetmədən istifadə ilə bağlı rəsmən icazə verilib.

V İslam Həmrəyliyi Oyunları təxirə salınıb

V İslam Həmrəyliyi Oyunları təxirə salınıb

V İslam Həmrəyliyi Oyunları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

Bu barədə İslam Həmrəyliyi İdman Federasiyasının Direktorlar Şurası bildirib.

2021-ci ilin avqust ayında Türkiyənin Konya şəhərində baş tutmalı olan yarış bir il sonraya keçirilib. Qurum beynəlxalq öhdəlikləri nəzərə alaraq bu qərara gəlib. Buna Tokio 2020 Yay Olimpiya Oyunlarının bir il sonraya təxirə salınması da səbəb olub.

İslam Həmrəyliyi İdman Federasiyasının rəhbəri şahzadə Əbdüləziz bin Turki əl-Faysalın İdarə Heyətinin üzvləri ilə keçirdiyi videogörüş zamanı turnirin 2022-ci ildə keçirilməsi qərara alınıb. Yarışın dəqiq tarixi isə gələn ilin idman təqviminə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçirilib. (APA)

İlk dördlükdə qərarlaşan şahmatçılar vaxtından əvvəl yarımfinala vəsiqəni təmin ediblər

İlk dördlükdə qərarlaşan şahmatçılar vaxtından əvvəl yarımfinala vəsiqəni təmin ediblər

Bakı, 30 aprel, YAZTV

Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində altıncı tura yekun vurulub.

YAZTV xəbər verir ki, ABŞ şahmatçısı Hikaru Nakamura çinli Liren Dinq qarşılaşmasında rəqibinə “armagedon”la qalib gələn Amerika təmsilçisi 2 xal əldə edərək M.Karlsenin liderliyinə şərik çıxıb. L.Dinq isə 1 xal qazanıb. ABŞ-ın daha bir təmsilçisi Fabiano Karuana da liderlər qrupuna daxil olub. Belə ki, fransalı Maksim Vaşe-Laqrava 2,5:1,5 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdıran amerikalı şahmatçı xallarının sayını 13-ə çatdırıb.

Hazırda turnir cədvəlinə 13 xalla M.Karlsen, H.Nakamura və F.Karuana başçılıq edirlər. L.Dinqin 12, FIDE təmsilçisi Əlirza Firuzca və rusiyalı Yan Nepomnyaşinin 6, M.Vaşe-Laqravın 5, niderlandlı Aniş Girinin 4 xalı var.

İlk dördlükdə qərarlaşan şahmatçılar vaxtından əvvəl yarımfinala vəsiqəni təmin ediblər.

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan öldü

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan öldü

Madridin "Real" klubunun keçmiş vitse-prezidenti Amador Suares koronavirusdan ölüb.

Bu barədə futbol klubunun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı sabiq vitse-prezident 40 gün koronavirusla mübarizə apara bilib.

Suares 2007-2009-cu illərdə "Real"da vitse-prezident kimi çalışıb.

UEFA prezidenti: "Futbol dəyişəcək"

UEFA prezidenti: "Futbol dəyişəcək"

"Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər".

YAZTV-nin məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin "Nova.rs" nəşrinə açıqlamasında deyib.

Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: "Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Bizim bildiyimiz idman növünə qayıdacağını da görəcəksiniz. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək, azarkeşlərsiz meydana geri dönəcəklər".

MOK Tokio Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza tövsiyələr verib

MOK Tokio Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza tövsiyələr verib

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə iclas keçirilib.

MOK-dan YAZTV-ə verilən məlumata görə, iclasda karantin dövründə Komitənin həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zaman bildirilib ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokio Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatan idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələrədə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi üzərində işlər aparılıb.

Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib. Komitənin mətbuat xidmətinin məlumatına görə, post-karantin dovründə MOK-un fəaliyyəti, xüsusilə Tokio 2020 Oyunlarına hazırlıqla əlaqadar ümumi müzakirə aparılıb.

Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin ve post-karantin dövrü üçün tövsiyə və təlimatları ətrafında danışılaraq qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verilib.

Almaniya çempionatı bu tarixdə bərpa olunacaq

Almaniya çempionatı bu tarixdə bərpa olunacaq

Almaniyada koronavirusa görə tətbiq edilən karantin qaydaları tədricən yumşalmağa doğru gedir.

“Reuters” məlumat verir ki, Almaniya futbol çempionatı da bərpa ola bilər.

Bundesliqanın mayın 15-də bəpa olunacağı gözlənilir. Lakin burada bəzi məhdudiyyətlər olacaq. Belə ki, tribunalara azarkeşlər buraxılmayacaq.

Bundan başqa, hökumət uşaqlara və həvəskar idmançılara açıq havada idmanla məşğul olmaq icazəsi verəcək.

Ronaldinyonun daha bir kriminal əməli ortaya çıxdı

Ronaldinyonun daha bir kriminal əməli ortaya çıxdı

Braziliyalı sabiq futbolçu Ronaldinyonun Paraqvayda saxlanılma səbəbinə dair daha bir iddia ortaya atılıb.

Bu, keçmiş hücumçunun digər kriminal əməli ilə əlaqədardır. Onun Braziliyanın Portu-Alleqridəki şəxsi mənzillərindən birini qeyri-qanuni azart oyunları üçün ayırdığı müəyyənləşib. Ronaldinyonun öz vətənində gizli geyminqə çevrildiyi üzə çıxıb.

Nəşrin ələ keçirdiyi sənədlərdə Portu-Alleqridə gizlicə qeyri-qanuni oyunlar təşkil edən "Winpoker" təşkilatının "sambaçı"nın evinə qeydiyyata alındığı göstərilib. Bu səbəbdən, Paraqvaydakı həbsin qeyri-qanuni fəaliyyətlə bağlı olduğu güman edilir. Saxta pasport versiyasının Braziliya hökumətinin xahişi ilə açıqlandığı və bu yolla böyük qalmaqalın çıxmasının istənilmədiyi bildirilir.

Hazırda Ronaldinyo Paraqvayda ev dustaqlığındadır. O və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasport təqdim etdikləri üçün həbs olunublar. Aprelin 7-də Ronaldinyo girov qarşılığında həbsxanadan çıxıb. Beləliklə, eks-futbolçu "içəri"də bir ay keçirib. (Report)

Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcək

Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcək

 

Mayın 1-2-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı və ölkədəki gənclər təşkilatlarının iştirakı ilə onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən YazTV-ə bildiriblər ki, konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVID-19 pandemiyasına qarşı mübarizədə bir araya gətirmək, idarəetmənin səmərəli mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatının potensialını gücləndirməkdir. Bununla yanaşı, konqres zamanı gənclər təşkilatları üçün prioritet istiqamət və vəzifələrlə bağlı qərarların qəbul edilməsi də diqqət mərkəzindədir.

Konqresdə gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatları, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və biznes qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək. Eyni zamanda, “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları ətrafında rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası, gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatları tərəfindən gənclər üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili istiqamətləri üzrə panellərdə müzakirələr aparılacaq.

Xatırladaq ki, konqresin keçirilmə təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabrında Gənclər Təşkilatlarının IV Respublika sərgisində Prezident İlham Əliyevin sərgini ziyarət etməsi zamanı irəli sürülüb. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015-ci və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Gənclər Təşkilatlarının IV Milli Konqresinin birinci günü mayın 1-də saat 12:00-14:00-da, ikinci günün birinci hissəsi mayın 2-də saat 12:00-13:30, ikinci hissə isə 17:00-18:45-da olacaq.

Tədbirdə iştirak üçün müraciətlər onlayn qeydiyyat vasitəsilə qəbul olunur. Qeydiyyat üçün son tarix: aprelin 29-u saat 18:00-dır. Qeydiyyat üçün link: https://bit.ly/2VGec5r.

Konqres “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.2.19-ci (Gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq) yarımbəndinin icrası məqsədilə keçirilir.

FIFA AFFA-nın müraciətini müsbət cavablandıracaq

FIFA AFFA-nın müraciətini müsbət cavablandıracaq

FIFA matçlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub.

Müvafiq sənəd artıq hazırlanıb və gələn həftə ictimaiyyətə açıqlanacaq. Təklifin məsləhət xarakteri daşıyacağı bildirilir. FIFA-dan sonra bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, FIFA aprelin sonunda oyunçuları zədələrdən qorumaq üçün qarşılaşmalardakı əvəzetmə sayının üçdən beşə artırılmasını təklif edib.

Daha öncə AFFA Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib. Dünyanın əksər ölkələrindəki çempionatlar koronavirus pandemiyasına görə dayandırılıb. (Report)

On yeddi yaşadək şahmatçılar “Biz birlikdə güclüyük” onlayn turnirdə mübarizə aparacaqlar

On yeddi yaşadək şahmatçılar “Biz birlikdə güclüyük” onlayn turnirdə mübarizə aparacaqlar

Bakı, 30 aprel,YAZTV

Mayın 1-də şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə “Biz birlikdə güclüyük” adlı onlayn turnir keçiriləcək.

YAZTV xəbər verir ki, 17 yaşadək şahmatçıların qatılacağı yarış İsveçrə sistemi üzrə təşkil ediləcək və 11 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız).

Qeyd edək ki, R.Məmmədov tərəfindən ayrılan 500 manat mükafat fondu ümumi turnirdə ilk 10 yeri tutan və eyni zamanda, qızlar və 12 yaşadək uşaqlar arasında ilk pillədə qərarlaşan şahmatçılar arasında bölüşdürüləcək.

Oyunlar Rauf Məmmədov tərəfindən canlı olaraq şərh olunacaq.

Turnir chess.com saytının “Biz birlikde gucluyuk” virtual klubu üzərindən keçiriləcək.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi aztəminatlı ailələrə yardım edib (FOTOLAR)

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi aztəminatlı ailələrə yardım edib (FOTOLAR)

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejimi ilə əlaqədar bəzi vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq başladılan yardım aksiyası zamanı aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar.

YazTV-nin bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimovun tövsiyyəsinə uyğun olaraq və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi bayramovun təşəbbüsünə qoşularaq 25 aprel 2020-ci il tarixdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən veteran idmançılara və digər aztəminatlı ailələrə ərzaq sovqatı yardımı edilmişdir.

Sanitariya və təhlükəsizlik qaydalarına əməl edilərək yardım aksiyasında Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və əməkdaşları iştirak etmiş və 10 aztəminatlı ailənin yaşadıqları ünvanlarda başçəkmə həyata keçirmişlər.

Gəncə
Sənubər Qocayeva