Tuesday, 27 İyul 2021 16:24
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bir əsrlik tarixə malik olan qədim teatr - Gəncə Dövlət Dram Teatrı

Bir əsrlik tarixə malik olan qədim teatr - Gəncə Dövlət Dram Teatrı

Bu gün 18 may 2021-ci ildə 126 illik tarixi yol keçmiş sənət ocağının Dövlət Statuslu Teatr kimi fəaliyyətə başlamağınıň 100 ili tamam olur.

1895-ci ildə Gəncədə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilmişdir. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılmışdır. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstərmişlər.

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə Bakıda yaranmışdır. Elə həmin ilin may ayının 18-də Bakı Xalq Komissarlar sovetinin qərarı ilə dövlət statusu almışdır. Əvvəlcə "Tənqid-təbliğ" teatrı adı ilə, daha sonra isə "Bakı-işçi-kəndli" adı altında fəaliyyətə başlayan teatr, 1932-ci ilin dekabr ayında Gəncəyə, alman sahibkarı Xristofor Förer tərəfindən inşa edilən binaya köçürülmüşdür.

Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.

1990-cı ildən teatr Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyətə başlamışdır. Sonradan Gəncə Dövlət Nizami Poeziya Teatrı ilə birləşdirilmişdir.

Qeyd edək ki, 24 iyul 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə başlanıb. Yeni bina üçün Gəncə çayının sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb. Hazırda binanın inşası yekunlaşmaq üzrədir.

Bildirək ki, qədim teatrın fəaliyyəti bu gündə göz önündədir. Mövcud pandemiya şəraitində belə teatr bir gün də olsun tamaşaçılarını tək buraxmamışdır. Gəncə Dövlət Dram Teatrı hər həftə repertuarına uyğun olaraq onlayn tamaşalar nümayiş etdirir, hətta festivallara belə qatılmışdır. Bu isə ölkəmizdə qədim sənət ocağına olan sonsuz məhəbbətin bariz nümunəsidir.

YAZTV  adından 1 əsrlik tarixə malik olan doğma teatrın rəhbərliyini və kollektvini səmimi qəlbdən təbrik edir və bol-bol tamaşaçı alqışı arzulayırıq.

“Azərbaycanım” uşaq rəsm festivalı müsabiqəsinin iştirakçıları müəyyənləşib

“Azərbaycanım” uşaq rəsm festivalı müsabiqəsinin iştirakçıları müəyyənləşib

“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə seçimlər başa çatıb və festival iştirakçıları müəyyənləşib.

YAZTV xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

“Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan müsabiqə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilib.

Müsabiqədə 150-dən çox yaradıcılıq mərkəzi iştirak edib.

Qeyd edək ki, sərgilənmək üçün seçilən 500-ə yaxın əsər ölkəmizin müxtəlif bölgələrindən qatılan 1500-ə yaxın yeniyetmə və gəncin təqdim etdiyi 2000-dən çox əsərin arasından seçilib.

Əsəri sərgilənən müəlliflər sertifikatla və müsabiqənin iştirakçıları olan fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Həmçinin, 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festivala dəvət olunacaq, festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Sərginin kataloquna Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media hesablarından, həmçinin aşağıdakı linkə keçid etməklə baxmaq olar.

https://www.yumpu.com/xx/document/read/65626616/azerbaycanm-4-cu-usaq-rsm-festivali-cercivesinde-onlayn-resm-sergisi-2021

Tədbirin mətbuat dəstəkçiləri AZƏRTAC, Lider TV, Olaylar və Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az portalları və “Tanışolaq” jurnalıdır. (AZƏRTAC)

Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq

Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq


Xalq artisti Ağadadaş Ağayev ikinci dəfə əməliyyat olunacaq.

YAZTV xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumar verib. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah bıçaq altına yatacaq.

Hacı Nuran Ağayevin budəfəki əməliyyatının daha ağır olduğunu vurğulayıb:

“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi”.(axşam az)

“Eurovision-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb

“Eurovision-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.

İTV-nin mətbuat katibi Aynurə Asimqızı  bildirib ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Eurovision”u Azərbaycana gətirən Eldar Qasımov  Nigar Camal elan edəcək:

"Eldar və Nigar yarışmanın qaydalarına əsasən, mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq".

Qeyd edək ki, yarımfinal mərhələləri bu gün və may ayının 20-də keçiriləcək mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Efendi “Mata Hari” adlı mahnı ilə birinci yarımfinalda çıxış edəcək.

Şüarı “Open up!” olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlancaq.

 
Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə

Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə

Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində təqdim edilib.

“Əbədi imzalar” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nəşr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə olaraq təqdim edilib.

Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu olaraq nəşr edilib. Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərləri yer alıb.

 

İcrasına 2019-cu ildə başlanılan layihə çərçivəsində 6 bəstəkarın əsərlərinin yer aldığı 71 məcmuə dərc olunub. Bununla yanaşı, topluya 12 not qovluq da əlavə edilib. Həmin qovluqlar bəzi simfonik və kamera-instrumental əsərlərinin müxtəlif alətlər üçün solo partiyalarının notlarıdır.

Topluda nəşr olunan əsərlərin sırasında ilk dəfə işıq üzü görən nümunələr də var. Bəzi əsərlərin notları isə sovet dövründə dərc olunsa da, həmin nəşrlərin əksəriyyətində ciddi çap səhvləri aşkarlanmışdı. Heydər Əliyev Fondunun layihəyə cəlb etdiyi peşəkar heyətin iştirakı ilə həmin əsərlər redaktə prosesindən keçib. Azərbaycan və digər ölkələrin arxivlərində əsərlərin notları araşdırılaraq tapılıb, həmçinin bəstəkarların varislərinin iştirakı ilə müəlliflərin əlyazmaları üzrə müqayisələr aparılaraq seçilib və yenidən nəşr olunub. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyət daşıyır.

“Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarlarımızın da əsərlərinin notlarının təqdimatı nəzərdə tutulur.

 

Baba Vəziroğlu evdə müalicə alır

Baba Vəziroğlu evdə müalicə alır

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu koronavirusa yoluxub.

YAZTV xəbər verir ki, şair "News24.az"a açıqlamasında özünü yaxşı hiss etdiyini bildirib:

 “Artıq on gündür koronavirusa yoluxmuşam. Müalicəmi evdə aparıram, indi çox şükür ki, vəziyyətim yaxşıdır”. (axşam az)
Firuz Səxavətə ağır itki üz verdi

Firuz Səxavətə ağır itki üz verdi

Tanınmış xanəndə, muğam ustası Firuz Səxavətə ağır itki üz verib.

 YAZTV xəbər verir ki, ailə üzvləri sənətçinin qardaşı İbadət Məmmədovun səhhətində yaranan problemlərə görə 65 yaşında vəfat etdiyini bildirib.

Mərhum bu gün Binəqədi kənd qəbiristanlığında, 2014-cü ildə vəfat edən atası Əmirxan Məmmədovun məzarı yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Firuz Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qardaşıdır. (axşam az)

Bundan sonra “Xarıbülbül” festivalı hər il keçiriləcək

Bundan sonra “Xarıbülbül” festivalı hər il keçiriləcək

“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir”. 

YAZTV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada festivalda iştirakı zamanı deyib. 

 Dövlət başçısı bildirib ki, bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır”.
Rusiyalı Xalq artisti koronavirusdan öldü

Rusiyalı Xalq artisti koronavirusdan öldü

Rusiyanın Xalq artisti Vladimir Kaçan 74 yaşında dünyasını dəyişib.

YAZTV "RİA Novosti"yə istinadən xəbər verir ki, aktyor-yazıçı koronavirusdan dünyasını dəyişib. Bu barədə "Müasir pyeslər məktəbi" teatrının bədii rəhbəri İosif Rayhelhauz bildirib.

 Onun sözlərinə görə, aktyorla vida mərasimi teatrda təşkil ediləcək. (qafqazinfo az)
Putindən Brilliant Dadaşovanın həyat yoldaşına mükafat

Putindən Brilliant Dadaşovanın həyat yoldaşına mükafat

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

YAZTV xəbər verir ki, Rusiya Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi töhfələrə görə mükafatlandırılıb.

Qeyd edək ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın əridir.(axşam az)

Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır

Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı başlayır.

YAZTV xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək .(qafqazinfo az)

Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi

Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

YAZTV  xəbər verir ki, Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:

- Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Mahmudov Abduləhəd Əlisa oğlu

Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

Nurzadə Əli Qayıb oğlu

Seyidov Uran Seyid Musa oğlu

Şarovskaya Natalya Yuryevna.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.