Wednesday, 05 Oktyabr 2022 12:26
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

"YAZTV" xəbər verir ki, aktyor noyabrın 16-da 86 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qubanın İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında Quba rayonun İkinci Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Allah rəhmət eləsin!

4+4: rəqəmsal namə

4+4: rəqəmsal namə

Çağdaş tibbə inansaq, insan təqribən 6 dəqiqə oksigensiz, 1 həftə susuz, 11 gün yuxusuz, 40 gün ac yaşaya bilər. 1 millət 44 gün ayaqüstə yaşadı – ayaqüstə və yuxusuz; 27 sentyabr səhər saat 6-dan ta 10 noyabr gecəyarısına kimi...

Bu fikirlər “Ulduz” jurnalının baş redaktoru, yazıçı Qulu Ağsəsin Zəfər Günü ərəfəsində  təqdim etdiyi “4+4: rəqəmsal namə” adlı essesində yer alıb. Yazını təqdim edirik.

Adamsan, Adam Mitskeviç: “Təbiət zəhəri sürünənlərə verib. Güclülərin buna ehtiyacı yoxdur!”

Düşmən səngərləri ilan yuvasına oxşayırdı, onları torpağın altından çıxarıb... təzədən torpağın altına gömdük. Hər günü zəfər olan müharibə! – bu, ancaq haqq savaşı ola bilərdi.

Kafir üstünə güllədən, mərmidən, PUA-dan tez şığıyan əsgər eşitmişdiniz? O, bizim əsgərdir! Aldığı ilk yüksəklik – Ruh yüksəkliyi oldu!

Atdığı silah ancaq hədəfə dəyirdi:

torpağı yaralamasın deyə,

quşa toxunmasın deyə,

ağacı qırmasın deyə.

Deyə-deyə aldılar Qarabağı: deyə-gülə, deyə-oxuya, deyə-oynaya...

Şuşa ətrafında gedən döyüşü rus bloger çəkmişdi, ermənilər üzü Xankəndiyə tərəf qaçırlar, bloger soruşur, niyə gedirsiniz, axı, Azərbaycan ordusu görünmür, terrorçuların komandiri cavabında:

- Onlar hər yerdədir, görünmədən bizi qırırlar, sanki yerin altından çıxırlar, - deyir...

Qarabağda təkcə ordumuz döyüşmədi, həm də orda uyuyan şəhidlərimiz silaha sarıldılar:

Silah çəksə elimizə,

Kimsə həddin aşsa əgər,

Şəhidlər o dünyanın da

Altın üstünə çevirər!..

Çevirdilər də: təkcə işğal altındakı torpaqlarımızda uyuyan şəhidlərimiz deyil, onlarla Şəhidlər xiyabanındakılar da haqq savaşına qatıldılar.

Sizə bir sirr açım:

Şuşaya necə dırmandı igidlərimiz - deyimmi?

Onlara Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şuşalı Ramiz Qəmbərov əlini uzatdı! Qalxın, dedi, neçə ildir sizi gözləyirdik...

Ali Baş Komandan 44 gündə hər dildə müsahibə verdi, az qala:

hərbin dilində,

siyasətin dilində,

dünyanın aparıcı dillərində...

Həm də hər dildə dillərini kəsdi bədxahların. Hələ dava vaxtı yazmışdım: düşmənlər də ən dəqiq məlumatı Prezidentimizin tvitter səhifəsindən alırlar.

Bir vaxtlar: “Durnası da uçmazdı qürbətə bu diyarın”. 1993-cü ildən sonra Qarabağdan quşlar, vəhşi heyvanlar bir yana, ağaclar, daşlar da perik düşübmüş. Biz qayıdıb nələr gördük orda, nələr?! Prezident “Sanki burdan vəhşi qəbilə keçib” deməkdə nə qədər haqlıdır! Ucsuz-bucaqsız bir xarablıq! 2020-ci ilin payızında Qarabağın şəklinə bundan “yumşaq” ad qoymaq olmazdı. Zəfərdən 1 il ötüb, vur-tut 1 il. Qarabağın indiki şəklinə baxın: bərpa, tikinti, aeroport, festivallar, musiqi, quş səsləri...

Bu payız durnalar da geri qayıdır – bütün qarabağlılar kimi...

44 günlük savaş, 8 noyabr 2020-ci il

– Zəfər tariximiz,

4+4= 8,

8 həm də sonsuzluq işarəsidir. Mən elə görürəm...

Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib

Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib

Gəncə Dövlət Dram Teatrında uzun müddət davam edən fasilədən sonra  mövsüm açılışı olub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Gəncə şəhər Təşkilatının sədri Sahib İbrahimli və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrın yeni mövsümə başlaması ilə bağlı çıxış edən şəhər rəsmiləri, ictimaiyyət və mədəniyyət nümayəndələri Gəncə teatrının Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışlardan sonra bir qrup mədəniyyət xadimləri Gəncənin mədəni həyatında fəal iştirakına və teatr sənətinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə Gəncə Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsi tərəfindən  Fəxri Fərmanla təltif ediliblər.  

Daha sonra teatrsevərlərə  M. F Axundovun "Hekayəti Müsyö Jordan  və Dərviş Məstəli Şah" bir pərdəli komediyası təqdim olunub. Tamaşada xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Rəhilə Məmmədova, İlham Hüseynov, Elxan Abbasov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova çıxış ediblər.

 

 

 

Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Əməkdar memar Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb.

YAZTV xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycanın tanınmış memarı və rəssamı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, Əməkdar memar Rasim Əliyev 2021-ci il noyabrın 13-də, 87 yaşında dünyasını dəyişib.

 

Məlumat üçün bildiririk ki, Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Görkəmli memar Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!”

DTX əməliyyat keçirdi - Müasir İncəsənət Muzeyinin direktoru saxlanıldı

DTX əməliyyat keçirdi - Müasir İncəsənət Muzeyinin direktoru saxlanıldı

Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb.

YAZTV  xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

X. Abdinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılıb.

Nazirlik Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yaydı

Nazirlik Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yayıb.

 

“Qafqazinfo” xəbər verir ki, nekroloqda deyilir:

 

“Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Bu gün Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.

Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb.

Muğam sənətinin vurğunu olan xanəndə dünyanın bir çox ölkələrində milli musiqimizin təbliğində müstəsna xidmətlər göstərib. Оnun Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa, Böyük Britaniyada çıxışları milli musiqimizə geniş şöhrət gətirib.

Canəli Əkbərovun dəfn yeri açıqlandı

Canəli Əkbərov xalq musiqimizin görkəmli ifaçılarından biri idi. Böyük sənətkarımız Seyid Şuşinskidən dərs almış Canəli Əkbərovun muğamın klassik ifa tərzinin qorunub saxlanılmasında xidmətləri danılmazdır.

1976-2000-ci illərdə Canəli Əkbərov Аzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Məcnun, İbn-Səlam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Şah İsmayıl ( M.Maqomayev “Şah İsmayıl” ), Camal (Ş.Axundova “Gəlin qayası”), Azançı (F.Əmirov “Sevil”), Mir Seyid (C.Cahangirov “Xanəndənin taleyi”) kimi yaddaqalan obrazlar yaradıb.

Yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoq kimi çoxillik fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışıb. Bir çox gənc ifaçılar məhz sənətkarın köməyi ilə ilk yaradıcılıq addımlarını atıb, teatr və konsert səhnələrində öz istedadlarını nümayiş etdiriblər.

Görkəmli xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

Görkəmli sənətkar, muğam ustası Canəli Xanəli oğlu Əkbərovun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Allah rəhmət eləsin!”

 

 

“Korkut Ata” Film Festivalı Şuşada keçiriləcək

“Korkut Ata” Film Festivalı Şuşada keçiriləcək

“Korkut Ata” Türk Dünyası Film Festivalı 2023-cü ildə Şuşada keçiriləcək”.

YAZTV xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Tvitter hesabında paylaşım edib.

O qeyd edib ki, bu qərarı Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy açıqlayıb.

Gəncədə “ZƏFƏR” adlı fləşmob keçirilib

Gəncədə “ZƏFƏR” adlı fləşmob keçirilib

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr edilən “ZƏFƏR” adlı fləşmob keçirilib. Fləşmob Gəncənin Heydər Əliyev adına meydanda təşkil olunub.

Fləşmobda M.Mehdizadə adına 4 nömrəli xarici-dillər təmayüllü məktəb liseyin , 17 nömrəli və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər müharibə zamanı Vətənin keşiyində duran əsgərlərimizin və “ZƏFƏR” sözünün əksini canlandırıblar.  

Qeyd edək ki, fləşmob 1200 şagirdin iştirakı ilə reallaşıb.

Canəli Əkbərov vəfat etdi

Canəli Əkbərov vəfat etdi

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Bu barədə YAZTV-yə onun yaxınları məlumat verib.

Xalq artisti sabah dəfn olunacaq.

Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.

Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

“Çıraqqala”da aparılan bərpa-konservasiya işləri bu ilin sonuna kimi yekunlaşacaq

“Çıraqqala”da aparılan bərpa-konservasiya işləri bu ilin sonuna kimi yekunlaşacaq

2019-cu ildən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işlərinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Bu barədə  cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

Onun sözlərinə görə, tarixi abidələrin bərpası istiqamətində atılan addımlar davam etdirilir, növbəti ildə də bir sıra tarixi abidənin bərpası nəzərdə tutulur.

"Eyni zamanda, qeyd etmək istəyirik ki, bərpa-konservasiya işləri ilə yanaşı, tarixi abidələrin qorunması baxımından önəmli işlərdən olan tarixi abidələrin pasport və mühafizə zonalarının hazırlanması istiqamətində də vacib addımlar atılıb. Bu il 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir. 243 abidənin isə mühafizə zonaları müəyyənləşdirilərək təsdiq edilib. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur" - deyə, qurum rəsmisi bildirib.

Fariz Hüseynli onu da əlavə edib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2020-ci ilin noyabr ayından başlayaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilir. Əməkdaşlar tərəfindən işğalçı Ermənistan Respublikası tərəfindən mədəni irs nümunələrimizə qarşı həyata keçirilmiş dağıntı, vandallıq və mənimsəmə faktları toplanaraq səndələşdirilir.

Gəncədə ilk dəfə olaraq Muğam müsabiqəsi keçiriləcək

Gəncədə ilk dəfə olaraq Muğam müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasnın Mədəniyyət Nazirliyinin dəstəyi və Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncədə ilk dəfə “Nizami ili” çərçivəsində Muğam Müsabiqəsi  keçiriləcəkdir.  

Müsabiqənin əsas tələbləri  muğamları, ritmik muğamları, xalq və bəstəkar mahnılarını, təsnifləri, habelə Nizami Gəncəvinin qəzəllərini peşəkar səviyyədə ifa etməkdir.  İki turdan ibarət olan müsabiqənin münsiflər heyəti Azərbaycan Respublikasının görkəmli sənətkarları,  Xalq artistləri Şahnaz Haşımova, Fikrət Verdiyev, Adil Bayramov, Əməkdar artist Mahir Məmmədov, ustadlar Təvəkkül Hüseynov, Şahin Mirzəyev və Vaqif Mirzəyev olacaq.

 Muğam Müsabiqəsində iştirak etmək istəyən istedadlı şəxslər 1-10 noyabr 2021-ci il tarixlərindən etibarən F. Əmirov adına Gəncə Fövlət Filarmoniyasına sənədlərini (şəxsiyyət vəsiqəsi, 3x4 şəkil və tərcümeyi-hal)  təqdim edə və (055) 889-68-28 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, sonda qaliblər diplom və serifikatlarla təltif olunacaqlar.

Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub, vəziyyəti ağırdır - Foto

Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub, vəziyyəti ağırdır - Foto

Xalq artisti Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub.

YAZTV” oxu.az-a istinadən xəbər verir ki, 81 yaşlı xanəndə ev şəraitində müalicə asla da, vəziyyəti ağırdır. 

Qeyd edək ki, Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş muğam ustası bundan əlavə, “Əmək”, “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif edilib.