Tuesday, 27 İyul 2021 15:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Yaxın günlərdə ali məktəblərə sənəd qəbulu elan olunacaq

Yaxın günlərdə ali məktəblərə sənəd qəbulu elan olunacaq

“Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbuluna başlanılacaq”.

YAZTV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında iştirakı da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

M.Abbaszadə bildirib ki, yuxarıda qeyd olunan 5 kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün "Abituriyentin elektron ərizəsi" formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış "Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi" vasitəsilə qeydiyyatdan keçməlidirlər:

“Bu abituriyentlər verilmiş keçiddə (keçidi bura qoyuruq) “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu daxil edib “Qeydiyyata al” düyməsini basmalıdırlar.

“Qeydiyyata al” düyməsini basdıqdan sonra sistem avtomatik olaraq müvafiq dövlət orqanının məlumat bazasından vətəndaşın statusu haqqında məlumatı tapır və ekranda bu barədə bildiriş göstərilir. Abituriyent yalnız bundan sonra ödənişsiz imtahan vermək imkanına malik olur və “Abituriyentin elektron ərizəsi” formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur. Əgər müvafiq dövlət orqanının elektron bazasında vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir. Bu halda abituriyentlər müvafiq dövlət orqanına müraciət etməlidirlər”.

Bu gündən kolleclərə və rezidenturaya sənəd qəbulu başlayır

Bu gündən kolleclərə və rezidenturaya sənəd qəbulu başlayır

Bu gündən 2021/2022-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbuluna start verilir.

YAZTV-nin xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ərizələrin qəbulu iyunun 8-dək internet vasitəsilə aparılacaq: “Kolleclərə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər”.

M.Abbaszadə bildirib ki, bu gün həmçinin rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu da başlayır: “Proses iyunun 4-dək davam edəcək. Ərizə vermək üçün tələb olunan məbləğ 60 manatdır. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının iyunun 20-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyul ayında, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə sentyabr ayında keçirilməsi planlaşdırılır”.

Gələn həftə ilin ilk Ay tutulması olacaq

Gələn həftə ilin ilk Ay tutulması olacaq

Gələn həftə, mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

YAZTV-nin xəbərinə görə, tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq. (report az)

Qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçiriləcək

Qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçiriləcək

"Bu il də ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçiriləcək".

YAZTV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, imtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur, lakin koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilməmə ehtimalını nəzərə alaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur.
DİM sədri əlavə edib ki, abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər: “Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılacaq”.

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

YAZTV xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılacaq.

İmtahana hazırlıq tədbirləri çərçivəsində imtahanın idarə olunmasına cəlb olunan əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri həyata keçirilir.

İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə aprelin 30‑dan mayın 8-dək aparılıb. İmtahanda iştirak üçün 14 694 bakalavr ərizə təqdim edib. Onlardan 13530 nəfəri Azərbaycan bölməsi, 1164 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

Qəbul imtahanı Bakıda 42, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 10289, Naxçıvanda 512, Gəncədə 1120, Sumqayıtda 1071, Abşeronda 602, Mingəçevirdə 713, Lənkəranda 387 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri, 1365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün mayın 19-dan etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni;

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və bakalavr tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə mayın 25-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

"Dərs vaxtı"nın 18 may cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 18 may cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 18-nə nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Rezidenturaya qəbulun şərtləri açıqlanıb

Rezidenturaya qəbulun şərtləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbulun şərtlərini açıqlayıb.

Mərkəzdən YAZTV-yə bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2021-ci il mayın 26-dan iyunun 4-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2021-ci il mayın 26-dan iyunun 4-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2021-ci il iyunun 20-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) 2021-ci ilin iyul ayında, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə sentyabr ayında keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.

Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura» jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2021, səh. 2).

3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya təqdim etməklə qeydiyyatdan keçdikdən sonra buraxılacaqlar.

4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapıldı, komissiya yaradıldı

VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapıldı, komissiya yaradıldı

AMEA Tarix İnstitutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə (www.trims.edu.az) müvafiq komissiyalar yaradılıb.

İnstitutdan  bildirilib ki, VI sinfin Ümumi tarix dərslyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya (Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent A.Əlimirzəyev və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent T.Nəcəfli) tərəfindən həmin dərslik üzrə aşağıdakı elmi səhv və qüsurlar müəyyən olunub:

1.Dərslik layihəsinin “Mündəricat” səhifəsində Qədim Şərq sivilizasiyası bölməsində təqdim olunan illüstra­si­yaların demək olar hamısı Misirlə bağlıdır. Qədim Şərq sivilizasiyası yalnız Misirdən ibarət deyildir. Buna gərə də müəyyən dəyişiklik edilməsi vacibdir.

  1. Dərsliyin “Tarixdə il hesabı” adlanan 1-ci paraqrafında (səh. 6-da) insan cəmiyyətinin 4 tarixi dövrə ayrıldığı və hər bir tarixi dövrə uyğun inkişaf mərhələsini (ibtidai icma, quldarlıq, feodalizm və kapitalizm) keçdiyi bildirilir. Müəlliflər bu bölgünün hansı əsasa dayandığını şagirdlərə çatdır­mağa borcludurlar. Həmçinin, yaxşı olardı ki, onlar bəşəriyyətin digər inkişaf yolları barədə fikir bildirməklə şagirdlərə müqayisə aparmaq im­kanı versinlər.
  2. Səh.7. I Daranın Bisütun kitabəsindən barelyefin fraqmenti verilir, lakin şəklin altında səhvən “e.ə. III minilliyə aid epiqrafik yazı” ifadəsi yazılıb.

4.Birinci paraqrafda səh. 8-9-da təqdim olunan il hesabı cədvəlini e.ə. I minillikdən yox, e.ə. IV minlikdən başlayıb eramızın I minilliyində qur­tarmaq lazımdır. Çünki qədim tarix heç də təqdim olunduğu kimi eramızın II minilliyinə kimi davam etməmişdir.

5.“İbtidai cəmiyyət” adlanan II paraqrafda səh 10, 14-də paleolit, mezolit və neolit anlayışları verilmişdir. Yaxşı olardı ki, həmin anlayışların izahı - yunan sözü olması diqqətə çatdırılsın.

6.“İbtidai cəmiyyət” paraqrafında müəlliflər standartlarda öz əksini tapmış mühüm amili – fənlərarası əlaqəni unutmuşlar. Əgər belə olmasa idi, onlar ən azından sual və tapşırıqlarda Azərbaycanla dünyanın qədim yaşayış yerlərinin müqayisəsini aparmağı şagirdlərə çatdırardılar.

7.Səh.11-12. Homo habelis ilə (bacarıqlı) Homo Sapiens arasında (ağıllı insan) Homo erektus (düz yeriyən insan) mərhələsi yaddan çıxıb.

8.Səh.14. Tayfa təkcə eyni dildə danışan, ümumi adət-ənənəyə malik olan bir neçə qəbilənin birləşməsi deyil, o həm də vahid arxeoloji mədəniyyəti ehtiva edir.

9.“Şumerlər” yox, “Şumerlilər” yazmaq lazımdı.

10.Səh. 17-də təqdim olunan “Dövlətin sxemi”ndə nədənsə dövləti qorumalı olan əsgərlər unudulub.

  1. “Ehramlar ölkəsi” adlı 3-cü paraqrafda səh. 20-də mətndə papirusdan danışılmadığı halda papirusun izahı verilib. İzahedici mətndə papirusun qalın gövdəli, hündür olduğu qeyd olunur, lakin təqdim olunan təsvirdə bu öz təsdiqini tapmır.

12.Həmin paraqrafda səh. 21-də təqdim olunan Tutanxamonun maskasının mətnlə heç bir bağlılığı yoxdur. Səhifənin sonunda təqdim olunan illüs­trasiyanın isə adı yoxdur.

13.Səh. 22-də mətndə Aşağı Misir, Yuxarı Misir və Vahid Misir hökmdarları və onların tacları barədə heç bir məlumat verilmədiyi halda, onların taclarının təsviri təqdim olunmuşdur.

14.Səh. 23-də verilmiş illüstrasiyanın adı yoxdur.

15.Səh. 23-də Ehramların tikintisini əks etdirən illüstrasiya qoyulsa da, mətndə ümumiyyətlə ehramlar barədə heç bir məlumat verilmir.

16.“Ehramlar ölkəsi” paraqrafında müəlliflər standartlara düzgün riayət etməyiblər. Belə ki, səh. 21-də bir sual və iki tapşırıq verilsə də, digər səhifələrdə nə sual, nə də tapşırıqlar verilməmişdir.

  1. Səh. 24-də Sülalənin izahı aydın deyil. Tərcümə olunduğu aydın hiss olunur.
  2. “Misir mədəniyyəti” adlanan 4-cü paraqrafda səh. 26-da Misirdə din haq­qında bəhs olunur. Mətndə Ra Tanrısının adı çəkilməsə də, onun təsvirini əks etdirən illüstrasiya təqdim olunması nə dərəcədə doğrudur?

19.“Şumerdən başlayan tarix” adlı 4-cü paraqrafda səh. 30-31-də təsvir olunan xəritədə Assuriya yazılsa da, paytaxt kimi Aşşur qeyd olunub. Əs­lində hər ikisi Aşşur kimi yazılmalıdır.

20.Səh. 30-da son abzasda uyğunsuzluq var, fikir aydın deyil.

21.“Şumer mədəniyyəti” adlanan 5-ci paraqrafda səh. 36-da gil lövhə üzə­rində şəkli yazı nümunəsi kimi təqdim olunan illüstrasiya səh. 31-də də olduğu kimi verilib və ad göstərilməyib.

22.Səh.36. Şumer yazısında “ulduz” işarəsi “tanrı” ilə yanaşı “səma” anlamını daşıyırdı. “Cənnət” yox.

23.Səh. 38-də “Lehimləmə” anlayışının verilmiş izahı tamamilə yanlışdır. Görəsən müəlliflər iki metal əşyanı qızdırmaqla necə birləşdirə bilərlər.

24.“İki çayarasının digər dövlətləri” adlanan 5-ci paraqrafda səh. 40-41-də verilmiş xəritə olduğu kimi səh. 30-31-də verilmiş xəritənin təkrarıdır.

25.Səh.40. Babil şəhəri şumercə “Kadingir” yox, “Kadingirra” adlanırdı.

26.Müəlliflər heç bir Şumer şəhər-dövlətlərinin adlarını (məsələn Kiş, Uruk, Ur, Umma, Laqaş, Larsa, İsin və s.) çəkmirlər.

27.Həmin paraqrafda səh. 43-də təqdim olunan illüstrasiyanın adı yoxdur.

28.Səh. 44-də mətndə və xəritənin adında Aşşur dövləti yazılsa da, xəritə üzərində dövlətin adı Assuriya kimi təqdim olunub.

29.Səh. 45-də Nineva şəhəri ilə bağlı verilən tapşırıq düz deyil. Nineva şəhə­rinin təsviri verildiyi halda, şagirdlərdən yenidən onu təsvir etmək tələb olunur.

30.Müəlliflər bu paraqrafda da standartlara əməl edərək fənlərarası əlaqə ilə bağlı sual və tapşırıqlar verməyə borclu idilər. Lakin buna əməl edilməyib.

31.Səh. 46-47-də Ninevada hökmdar sarayının təsviri verildiyi halda, səh. 48-də yenidən hökmdar sarayının verilməsinə nə ehtiyac vardır.

32.“Midiya. Əhəməni” adlanan paraqrafın adında dövləti ifadəsi yazılmalıdır. Midiya “Mada” kimi qeyd olunsa daha yaxşı olar.

33.Səh.47. Yəhudi peyğəmbərinin ismi “Nahum” yox, “Naum” olub.

34.Səh.49.“Aşşurbanipal” yox, “Aşşurbanapal” yazılmalıdır.

35.Həmin paraqrafda səh. 50-də mətndə Aşşur yenə Assuriya kimi təqdim olunub.

36.Səh.50. E.ə. 672-ci ildə skiflərin və mannalıların hərbi dəstəyi ilə Madada baş verən ümumxalq hərəkatı Aşşur işğalına son qoymadı. Mada tayfa ittifaqının vahid dövlətdə birləşməsi Aşşurbanapalın ölümündən sonra (e.ə. 635) baş verib.

37.Səh.50. Manna və Urartu Mada dövlətinin tərkibinə e.ə. 615-610-cu illərdə qatılmışlar.

38.Səh.57. Əhəməni dövləti 20 yox, 24 satraplığa bölünmüşdür.

39.Səh.57. “İran mixi yazı nümunəsi” adı altında e.ə. VIII əsr Aşşur yazısının təsviri verilib.

40.“Arsak” termini “Ərsak” sözbirləşməsi ilə yanaşı, qədim İran dillərində məcazi mənada “igid”, “qəhraman” mənasında da işlənirdi; mənşəyi arşe “ayı” sözündəndir.

41.Səh. 51-də təqdim olunan xəritənin adı “Midiyanın xəritəsi” yox, Midiya dövləti olmalıdır.

42.“Ərsaklar ölkəsi” kimi təqdim olunan 6-cı paraqrafda səh. 61-də Karra döyüşündə parfiyalıların “Turan taktikası”ndan istifadə etdiyi qeyd olunsa da, bu taktika nəyi nəzərdə tutduğu aydın deyil. Buna görə də mütləq onun izahı verilməli və müvafiq tapşırıq dəyişilməlidir.

43.Səh. 62-də 3-cü abzasda “Roma dövləti ilə mübarizələr” yox, mübarizə yazılmalıdır.

44.Səh. 62-də II Mitridadın “şahlar şahı, şahənşah” titulunu qəbul etmiş ilk hökmdar olması yanlışdır.

45.Səh. 65-də peyk çəkilişi kimi təqdim olunan xəritə üzərindəki mətndə dağlarından ifadəsi “dağlarındandan” kimi verilib, düzəldilməlidir.

46.Səh. 67-də yuxarıda verilmiş iki illüstrasiyanın adı yoxdur.

47.“Tanrının döyüşçüləri” adlanan 8-ci paraqraf həcm etibarı ilə çox böyükdür (14 səhifə). Bu mövzunu şagirdlərin 1 saata mənimsəməsi mümkünsüzdür.

48.Səh. 68-69-da təqdim olunan xəritə “Qədim türklərin xəritəsi” yox, “Qədim türklərin yaşadığı ərazilər” adlanmalıdır.

49.Səh. 72-də verilmiş illüstrasiyanın adı yoxdur.

50.Səh. 75-də “Böyük Hun dövlətinin xəritəsi” verilib. Mətndə dövlətin pay­taxtı Ötükən şəhəri kimi qeyd olunsa da, xəritə üzərində nəinki paytaxt, ümumiyyətlə heç bir şəhər qeyd olunmamışdır.

51.Səh. 114-115-də İsgəndərin yürüşlərindən bəhs olunan xəritədə şəhərlərin işarəsi qoyulsa da, adları yazılmamışdır.

52.Səh. 118-də Romada plebeylərin yaşadığı 5 mərtəbəli binanın təsviri verilib. Doğrudanmı plebeylər beşmərtəbəli binada yaşayıblar.

53.Səh. 119-da patrisilərin yaşadığı birmərtəbəli evlərin təsviri verilib. Bu nə dərəcədə doğrudur.

54.Səh. 122-123-də verilmiş illüstrasiyanın adı yoxdur.

55.Səh. 130-131-də təsvir olunan “Qədim Roma xəritəsi”ndə Albaniya və Atropatena asılı ərazilər kimi təqdim olunub. Bu nə dərəcədə doğrudur.

56.Qeyd etmək lazımdır ki, dərslik layihəsində təqdim olunan xəritələrin demək olar ki, hamısında göstəricilər yoxdur. Onların qoyulmasına ehtiyac vardır.

"Təqdim olunan qüsur və səhvlər qeyd edilən dərsliyin vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Beləliklə, ən qısa zamanda yeni tipli tarix dərslikləri hazırlanmasına keçmək lazımdır. Bunun əvəzinə dərsliklər yazdırıb, sonra onlarda qüsur və ya səhvlərin müəyyən edilməsi praktikası sadəcə vaxt itkisidir və heç bir keyfiyyət dəyişikliyi yarada bilməz", - məlumatda qeyd olunub. (report az)

Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-si və 23-də keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib.

YAZTV xəbər verir ki, nəticələr mərkəzin saytında yerləşdirilib.

Nəticələr barədə https://eservices.dim.gov.az/2021/netorta/ daxil olmaqla tanış olmaq mümkündür. (publika az)

DİM builki tələbə qəbulunun şərtlərini açıqlayıb

DİM builki tələbə qəbulunun şərtlərini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb.

DİM-dən  verilən məlumata görə, müsabiqə şərtləri cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

I ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsas­larla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituri­yentlər buraxılır:

Meliorasiya mühəndisliyi;
Texnologiya müəllimliyi;
Ekologiya mühəndisliyi.

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

Aqronomluq;
Balıqçılıq;
Meşəçilik;
Şərabçılıq;
Torpaqşünaslıq və aqrokimya;
Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
Zoomühəndislik.

II ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Marketinq;
Biznesin idarə edilməsi;
Regionşünaslıq (regionlar üzrə);
Turizm bələdçiliyi;
Turizm işinin təşkili.

III ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fən­ni üzrə nisbi balı 40‑dan az olmayan abituriyentlər buraxılır;

- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olma­yan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümu­mi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Muzey, arxiv işi və abidələrin qorunması;
Sosial iş.

IV ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

- Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Ekologiya.

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150‑dən və imtahanın ikinci mərhələsi üzrə balı 50‑dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

Bağçılıq və tərəvəzçilik;
Baytarlıq təbabəti;
Bitki mühafizəsi;
Su bioehtiyatları və akvakultura.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­bi­liy­yət imtahanlarının nəticələri balla qiymət­lən­dirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən XQTİ-lər üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında top­ladığı ümumi balı əsasında aparılır. Müsabiqə şərtləri “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsa­biqə şərtləri” adlı cədvəldə verilmişdir

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər, ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

2. Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi

- qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

- qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;

- qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların[2]) sayı;

- qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini[3] nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

- qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;

- qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətlən­diri­lən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

- təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- riyaziyyat fənni üzrə imtahan balı;

- Azərbaycan dili və ya rus dili fənni üzrə üzrə imtahan balı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­biliy­yət imtahanlarının nəticələri məqbulla qiymət­ləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıl­lıqla əlavə göstəricilərdən istifadə edilir:

- təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

- riyaziyyat fənni üzrə imtahan balı;

- Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

Türkiyənin təhsil naziri Azərbaycana səfər edəcək

Türkiyənin təhsil naziri Azərbaycana səfər edəcək

Türkiyənin təhsil naziri Ziya Selçuk Azərbaycana səfər edəcək.

YAZTV xəbər verir ki, səfər mayın sonunda baş tutacaq.

Z.Selçuk Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bu gün Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır

Bu gün Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilir.

101.az xəbər verir ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

X-XI siniflər üzrə dərslər onlayn formada davam etdiriləcək.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilmişdi.