Saturday, 24 İyul 2021 17:35
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
I sinfə qəbulla bağlı müraciətlərin statistikası açıqlandı

I sinfə qəbulla bağlı müraciətlərin statistikası açıqlandı

Mayın 11-ə (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 739 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib.

Bakı şəhəri üzrə Təhsil idarəsindən YAZTV-ə verilən məlumata görə, bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.

2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla). Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin vaxtı ilə bağlı valideynlərə SMS vasitəsilə əlavə məlumat veriləcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Ali məktəblərə onlayn sənəd qəbulu gələn həftə başlayır

Ali məktəblərə onlayn sənəd qəbulu gələn həftə başlayır

 

"Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq".

YAZTV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur:

“Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.

Nazirliyin "Qaynar xətt"nə 863 zəng daxil olub

Nazirliyin "Qaynar xətt"nə 863 zəng daxil olub

6-30 aprel 2020-ci il tarixlərində 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 863 zəng daxil olub.

Təhsil Nazirliyindən YAZTV-ə verilən məlumata görə, müraciətlərin mövzusu əsasən yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik yaş böhranı dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemi, abituriyentlərdə imtahan həyəcanı, kiçik yaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçik yaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli olub.

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

Direktor vəzifəsindən azad edildi

Direktor vəzifəsindən azad edildi

AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov vəzifədən azad olunub.

Bu barədə AMEA-dan bildirilib. Məlumata görə, M.Salmanov vəzifəsindən öz xahişi ilə azad olunub.

Bildirilib ki, İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradova həvalə edilib.

 

Bu haqda qərarlar AMEA Rəyasət Heyətinin 8 may 2020-ci il tarixli onlayn iclasında qəbul olunub. (APA)

Azərbaycan təhsil infrastrukturunun inkişafı üçün 10 milyon manat ayrıldı

Azərbaycan təhsil infrastrukturunun inkişafı üçün 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

ADU-nun tələbələri kirayə pulundan azad edildi

ADU-nun tələbələri kirayə pulundan azad edildi

Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb.
 
Azərbaycan Dillər Universitetindən YAZTV-ə bildirilib ki, bununla əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən, ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.
Gömrük Akademiyasında xüsusi qaydalar qəbul olundu

Gömrük Akademiyasında xüsusi qaydalar qəbul olundu

Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə istisnasız olaraq bütün fənlərin onlayn tədrisini təmin edən Dövlət Gömrük Komitəsinin Akademiyasında onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi qaydaları ilə bağlı müzakirələr yekunlaşıb.

YAZTV xəbər verir ki, bu məqsədlə Akademiya rəisinin təşəbbüsü ilə beynəlxalq təcrübə də öyrənilərək, onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi, semestrdaxili və aralıq imtahanların təşkili ilə bağlı müvafiq strukturlar tərəfindən müxtəlif variantlar hazırlanıb. Bu variantlar geniş müzakirə edilib, Akademiyanın malik olduğu təhsilin elektron idarəetmə sisteminin verdiyi imkanlar, Akademiyanın keyfiyyət standartları və digər vacib məqamlar nəzərə alınaraq biliyin qiymətləndirilməsi ilə bağlı xüsusi qaydalar qəbul olunub.

Dövlət Gömrük Komitəsinin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə göndərilmiş 4-cü kurs tələbələrinin hesabatlarının və buraxılış işlərinin müdafiəsinin istər onlayn, istərsə də ənənəvi rejimdə təşkili üçün konkret tədbirlər planı işlənib hazırlanıb. Qəbul edilmiş qərarlarla bağlı onlayn müzakirələr yolu ilə müəllim və tələbə heyəti məlumatlandırılıb.

Eyni zamanda, onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi, eləcə də 4-cü kurs tələbələrinin təcrübələrinin davam etdirilməsi, təcrübə hesabatlarının və buraxılış işlərinin müdafiəsi qaydaları ilə bağlı təkliflər Akademiya tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə də təqdim edilib.

 

 

Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşib

Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşib

Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq əmr imzalayıb.

Məlumata görə, əmrdə deyilir:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törətə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-a qədər uzadılması nəzərə alınaraq 4-31 tarixlərində Təhsil Nazirliyi Aparatının Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının 30 faizə (rəhbər şəxsləri və onların mülahizəsinə əsasən zəruri hesab edilən əməkdaşların cəmi) qədəri işə cəlb olunsun.

2. Bu əmrin 1-ci bəndində qeyd olunan rayon və şəhərlər istisna olmaqla digər Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlara, strukturuna daxil olmayan tabeliyindəki qurumlara işə cəlb olunmalı əməkdaş sayı məhdudiyyəti tətbi q edilməsin.

3. Bu əmrin 1-ci bəndində qeyd olunan şəhər və rayonda yerləşən qurumlarda rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınsın:

3.1. öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın;

3.2. yaşı 60-dan yuxarı olan əməkdaşlar işə cəlb edilməsin;

3.3. şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilsin.

4. Nazirliyin Aparatının struktur bölmə rəhbərliyi və Nazirliyə tabe olan Bakı şəhərində yerləşən qurumların səlahiyyətli şəxsləri işə cəlb olunan əməkdaşlarının siyahısını hər gün Nazirliyin İnsan Resursları Şöbəsinə (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) təqdim etsinlər.

5. Maliyyə Şöbəsinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

6. Bu əmrin 1-ci bəndində qeyd olunan qurumların rəhbərlərinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

7. İnsan Resursları Şöbəsinə tapşırılsın ki, xüsusi karantin dövründə işə cəlb olunan əməkdaşlara cəlb olunduqları günlər üçün il ərzində əlavə istirahət günlərinin verilməsini təmin etsin.

8. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə və Təhsil Nazirliyinin rəhbər şəxslərinə tapşırılsın ki, işə cəlb olunması zəruri hesab edilməyən əməkdaşların məsafədən işləmək imkanlarını müəyyən etsinlər və bunun üçün tələb olunan şəraitin (texnoloji əlaqə platformalarının müəyyən edilməsi, onların sazlanması və s.) yaradılmasını təmin etsinlər.

9. Əmək fəaliyyətini iş yerində yerinə yetirən işçilərə münasibətdə aşağıdakılar nəzərə alınsın:

9.1. iclasların, görüşlərin və müzakirələrin fiziki ünsiyyət yaratmadan texnoloji avadanlıqlar vasitəsi ilə keçirilməsinə üstünlük verilsin;

9.2. sənədlərə vizaların toplanması halları istisna olmaqla, əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilsin;

9.3. əməkdaşların və onların üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq, öskürək, nəfəs darlığı, burun axıntısı və digər bu kimi hallar olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunmasl dərhal dayandırılsın və müvafiq tədbirlər görülsün;

9.4. əməkdaşlardan şəxsi gigiyena qaydalarına riayət olunması tələb olunsun;

9.5. əməkdaşlardan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi rejimin qaydalarına əməl olunması tələb olunsun.

10. Əmrin 1-ci bəndində qeyd olunan qurumlarda və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşların qəbulu 2020-ci il mayın 31-dək dayandırılsın.

11. 2020-ci mayın 31-dək vətəndaş müraciətlərinin qəbulu Telefon Məlumat Mərkəzi (146-1) və This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə təmin edilsin.

12. İnformasiya şöbəsi bu əmrin aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. (APA)

Prezident “Elm haqqında” və “Peşə təhsili haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident “Elm haqqında” və “Peşə təhsili haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

YAZTV xəbər verir ki, qanuna əsasən, elmi müəssisə və təşkilatın mütəxəssisi ali təhsilə, subbakalavr peşə-ixtisas dərəcəsi almış orta ixtisas və ya yüksək texniki peşə təhsilinə malik olan, elmi müəssisə və ya təşkilatda çalışan, elmi nəticələrin əldə edilməsi və həyata keçirilməsinə xidmət edən şəxsdir.

Eyni zamanda dəyişikliyə əsasən, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa 14.6-cı maddə əlavə edilib.

Belə ki, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaq.

Yerə ən yaxın qara dəlik tapıldı

Yerə ən yaxın qara dəlik tapıldı

Astronomlar, göy sferinin cənub yarımkürəsində adi gözlə görünən, üçqat ulduz sisteminə daxil olan, qara dəliklərə ən real namizəd tapıblar. Bu barədə “Astronomy and Astrophysics” jurnalında elmi məqalə dərc olunub.

YAZTV xəbər verir ki, son vaxtlara qədər Yerə ən yaxın məlum olan qara dəlik, Təkbuynuz bürcündə, bizdən üç min işıq ili məsafəsində yerləşən, rentgen mənbəyi olan qoşa A0620-00 ulduz sisteminin komponentlərindən biri hesab olunurdu. Lakin Avropa Cənub Rəsədxanasından Tomas Riviniusun rəhbərlik etdiyi astronomlar qrupu Günəşdən min işıq ili məsafəsində olan HR 6819 üçqat ulduz sistemində bizə daha yaxın qara dəlik tapıldığı haqqında məlumat veriblər. Bu ulduz sistemi aydın aysız gecədə göyün cənub yarımkürəsində yerləşən Teleskop bürcündə adi gözlə görünür.

Bu kəşf, Çilidəki La Silla Rəsədxanasında 2,2 metrlik teleskopunda quraşdırılmış FEROS spektroqrafı vasitəsilə HR 6819 ulduz sistemini tədqiqi zamanı edilmişdir. HR 6819 ulduz sistemi B3 III spektral sinfinə mənsub ulduzdan və onun ətrafında dairəvi orbit boyunca hərəkət edən görünməyən komponentdən ibarət sıx qoşa sistemdir. Bu sistem ətrafında geniş orbit boyunca Be ulduzu hərəkət edir. Sıx qoşa sistemin periodu 40 gündür. Şüa sürəti əyrisinin yarımamplitudunun 61.3 km/san olduğunu bilərək, görünən komponentin kütləsinin minimal qiyməti üçün 6.3 günəş kütləsi, görünməyən komponentin kütləsi üçün isə 4.2 günəş kütləsi alınmışdır. Görünməyən komponentin kütləsi üçün alınmış 4.2 günəş kütləsi qara dəliklər üçün xarakterik olduğu üçün bu komponentin qara dəlik olduğu hesab edilir.

Qeyd edək ki, güclü cazibə qüvvəsi səbəbindən hətta fotonun belə tərk edə bilmədiyi məkan olaraq qara dəliklərin mövcudluğu yüz ildən çox əvvəl ümumi nisbilik nəzəriyyəsi çərçivəsində proqnozlaşdırılırmışdır.

Uzun müddətdir ki, astronomların əlində qara dəliklərin mövcudluğunu sübut edən yalnız dolayı faktlar var idi: Güclü cazibə qüvvələrinin mövcudluğu, uzaq qalaktikalarda relyativist jetlərin aşkarlanması və qoşa ulduz sistemlərində parlaq akkresiya disklərinin müşahidə olunması.

Yalnız bu yaxınlarda, astronomik müşahidələrin aparılması və onlardan alınan nəticələrin işlənməsi üsullarının təkmilləşməsi nəticəsində astronomlar fəal M87 qalaktikasının nüvəsində qara dəliyin olduğunu birbaşa sübut etdilər. Bir neçə dəfə qara dəliklərin birləşməsi zamanı əmələ gələn qravitasiya dalğaları qeyd olundu. Həmçinin bizim qalaktikanın mərkəzində yerləşən ifrat kütləli qara dəliyin güclü qravitasiya sahəsində ulduzların hərəkətinin nisbilik nəzəriyyəsinə uyğunluğu müəyyən edildi.

Martın 1-də keçirilən buraxılış imtahanının yekun nəticələri açıqlanıb

Martın 1-də keçirilən buraxılış imtahanının yekun nəticələri açıqlanıb

Martın 1-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının nəticələri ilə bağlı yaradılmış Apelyasiya komissiyası məlumat yayıb.

Dövlət İmtahan Mərkəzindən YAZTV-ə verilən məlumata görə, imtahanda 40 minə yaxın şagird iştirak etmiş və onların ümumilikdə 1 000 000-dan (bir milyondan) çox tapşırıq üzrə yazı işi olub.

Qeyd olunub ki, imtahanın nəticələri aprel ayının 15-də elan olunmuş və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olub. Bundan əlavə, imtahanda istifadə olunmuş sual kitabçaları (mətnlər, tapşırıqlar) və dinləmə mətnlərinin audiofaylları DİM-in internet saytında yerləşdirilib. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən 20 gün ərzində imtahanda iştirak etmiş 39 672 nəfərdən 21 082-i öz nəticələrinə, 8484-ü isə cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxıb.

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya komissiyası fəaliyyət göstərmiş və müraciətlər araşdırılıb. Apelyasiya komissiyasına ərizə qəbulu 20-22 aprel tarixlərində onlayn şəkildə (DİM-in saytı vasitəsilə) həyata keçirilib. Apelyasiya komissiyasına 435 şagird (bütün imtahan verənlərin 1,09%-i) 1800-ə yaxın tapşırıq (bütün tapşırıqların 0,18%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 72 şagirdin (bütün imtahan verənlərin 0,18%-i,) cəmi 95 tapşırıq (bütün tapşırıqların 0,009%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 72 şagirddən 30 şagirdin işində edilən düzəlişlər onların imtahan zamanı bir tapşırığın həllini (cavabını) başqa tapşırıq üçün ayrılmış sahəyə yazmaları səbəbindən baş verib.

Qeyd edək ki, xüsusi karantin rejiminə uyğun olaraq apelyasiya prosesi də onlayn təşkil edilib. Belə ki, elektron ərizələrində “Zoom” proqramı vasitəsilə izah almaq istəyən 166 şagirdlə videobağlantı yaradılmış və yazı işləri müzakirə edilmiş, 260-dan çox şagirdlə isə seçimlərinə uyğun olaraq telefon vasitəsilə müzakirə aparılmışdır. Müzakirəyə qoşulmayan şagirdlərin də ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilib.

Dərslərin dayandırılması müddəti uzadıldı

Dərslərin dayandırılması müddəti uzadıldı

Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.